Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

DİNLƏRARASI DİALOQA QURAN MÖVQEYİNDƏN YANAŞMA

[ Aktual / 3326 dəfə baxılıb ]   
|
 
Son illərdə beynəlxalq terrorizm və dini ekstremizm gurultusu, etnik təmizlənmənin artması, həmçinin milli dövlətlərin zəifləməsi fonunda təcavüzkar separatçı hərəkatların fəallaşması “tarixin sonu” barədə ideyaya inamı azaltmışdır. Mədəniyyətlərin vahid şəklə salınmasına, bazar münasibətlərinin və Qərb modelli açıq cəmiyyət dəyərlərinin hər yerdə yayılmasına çoxsaylı cəhdlər ənənəvi dəyərlərin simasında ciddi maneəyə rast gəldilər. Bu ənənəvi dəyərlər bəzən qeyri-iradi olaraq demokratiyanın özünün və liberalizmin prinsipləri ilə kəskin ziddiyətlər təşkil edir. Rusiya tədqiqatçısı M. Delyagin bu Qərb layihəsini “dünyagörüşün idxalı” adlandırmışdır. Bu isə təfəkkürdə və əməllərdə nisbi məsuliyyətsizliyin və özbaşınalığın formalaşmasına səbəb olur ki, bu da nəticədə ümumi hərc-mərcliyə gətirib çıxarır.

İnkişaf etməkdə olan ölkələrə liberal dəyərlərin zorla qəbul etdirilməsi, nəinki varlı və kasıb qütblər arasındakı məsafənin azalmasına imkan yaratdı, həmçinin qütbləşmə prosesini kəskinləşdirdi. Bu qlobal uyğunsuzluğun müxtəlif tərəflərində olan xalqları bir-birindən nəinki iqtisadi cəhətdən inkişaf etmiş Şimalın elmi-texnoloji üstünlüyü, habelə ümumiyyətlə əməyə və həyatın özünə münasibətdəki böyük fərqlər ayırırdı. Bununla yanaşı, sosialist blokunun dağılmasından sonra tam hökmranlıq perspektivi “güclülər” üçün olduqca cəlbedici oldu.

Bir çox ekspertlərin fikrincə, obyektiv qloballaşma prosesləri kosmopolitik ideallarla birləşmiş transmilli elitanın maraqlarının xidmətinə verilmiş, bu da biososial problemləri daha da kəskinləşdirmiş və onların həllini çətinləşdirmişdir. Ekoloji, demoqrafik və sosial proseslər siyasətçilərin və siyasi texnoloqların günahı ucbatından insanlıq üçün seçim imkanı qoymayaraq gözlənilməz bir xarakter almış, daha da böyüyən böhranın aradan qaldırılması yalnız dünya birliyinin bütün üzvlərinin sıx əməkdaşlığı sayəsində mümkün olmuşdur.

Hazırda bu yolda hər bir fərdə müasir dünyanın tərkib hissələrinin bütövlüyünü və bu vaxtadək görünməmiş qarşılıqlı asılılığını praktikada dərk etməyə ciddi maneə olan amil qlobal təfəkkürün çatışmazlığıdır. Bu cür təfəkkür prosesinin formalaşmasında din müsbət rol oynamalıdır. Çünki o, nəhəng həyat dəyərləri arsenalına və insan fəaliyyətinin səciyyəsini müəyyənləşdirən ideallara malikdir. Bu ideallar həm də tam mənalı həyat yaşamaq üçün zəruridir.

Əlbəttə, sivilizasiyalararası təfriqədə məhz dini günahlandıran tədqiqatçılar da vardır. Buna baxmayaraq, bizim fikrimizcə, dini sahə hazırki sivilizasiya böhranının dərk olunması üçün böyük potensiala malikdir.

Lakin bu potensialın reallaşdırılması yalnız o zaman mümkündür ki, kütlələrin dini şüuru dağıdıcılıq və qarşıdurmadansa, daha çox yaradıcılığa və dialoqa yönəldilmiş olsun. Bu yöndə təkcə dialoq mədəniyyətinin yayılması və tədrisi deyil, həmçinin özlüyündə dini maarifçilik xüsusi əhəmiyyət kəsb edir. Dinlərarası dialoqun tarixinin yüz və hətta min illər olmasına baxmayaraq, onun indiki “məcburi” aktiv mərhələsi başlanğıcı təxminən keçən yüzilliyin 80-ci illərinin sonundan qoyulan nisbətən yeni hadisədir.

Dinlərarası dialoqun mahiyyəti və xarakterinin transformasiyasının başlıca səbəblərindən biri beynəlxalq qayda-qanunun dəyişilməsi, həmçinin bütövlükdə bəşəriyyətin dini irsi ilə bağlı olan yeni mədəni, etnik və tarixi reallıqların meydana gəlməsi olmuşdur.

Qeyd etmək lazımdır ki, dinlərarası dialoq bütün çətinliyinə və çoxmənalılığına baxmayaraq, bir çox xalqlara sakitləşdirici təsir edərək təsəlli verə bilər. Mövcud qlobal hədələrin dəyişkənliyi nöqteyi-nəzərindən o, tədricən daha çox əhəmiyyət kəsb edir. Bu gün müxtəlif dinlərin və etiqadların bir çox tərəfdarları bunu başa düşürlər. Onlar öz müqəddəs kitablarında və təlimlərində yeni sivilizasiyalararası “körpülər”in qurulmasının açarını axtarıb tapırlar.

Dini mətnlərin ardıcıl öyrənilməsi göstərir ki, demək olar ki, bütün dinlərdə dialoqun aparılmasına imkan verən müddəalar vardır. Bu mənada İslam dini də istisna deyil və Qurani-Kərimin səhifələrində digər dini baxışların və dünyagörüşlərin tərəfdarı olan şəxslərə qarşı dözümlülük tərbiyə edilməsinə xüsusi yer ayrılır. Fərqli düşüncəyə qarşı dözümlülüyə çağırış Quranda müxtəlif formalarda ifadə edilir. Bəzi ayələrdə qeyd olunur ki, din könüllü səciyyə daşıyır və məcburiyyəti qəbul etmir: «Dində məcburiyyət (zorakılıq) yoxdur» (əl-Bəqərə 2/256)*; «De: “Haqq rəbbinizdəndir. Kim istəyir inansın, kim də istəyir inanmasın (kafir olsun)”» (Kəhf 18/29).

Digər ayələrdə xatırlanır ki, müsəlmanlar başqa din tərəfdarlarının haqsızlıqlarına məruz qalacaqlar, lakin bu haqsızlıqları alicənablıqla bağışlamaq lazımdır: “(Ey möminlər!) Kitab əhlindən bir çoxu həqiqət onlara bəlli olduqdan sonra belə, təbiətlərindəki həsəd (paxıllıq) üzündən sizi, iman gətirmiş olduğunuz halda, yenidən küfrə sövq etmək istərlər. Allahın əmri gəlincəyə qədər (hələlik) həmin şəxsləri əfv edin və onları qınamayın (onlardan üz çevirməyin)” (əl-Bəqərə 2/109).

Quranın bəzi yerlərində digər din tərəfdarlarının bir sıra tərifəlayiq keyfiyyətləri sadalanır: “(Ya Rəsulum!) Yəhudiləri və müşrikləri iman gətirənlərin ən pis düşməni, “Biz xristianlarıq”- deyənləri isə onların ən yaxın dostu görəcəksən. Bu onların (möminlərin) içində (bilikli, abid) keşiş və rahiblərin olması və onların özlərini yuxarı tutmalarına görədir” (əl-Maidə, 5/82); “Kitab əhlindən elə kəslər vardır ki, əgər onlara bir qintar (çoxlu) əmanət verərsənsə, onu tamamilə sənə qaytararlar” (Ali-İmran, 3/75).

Bununla yanaşı, Quran müsəlmanlara, onlardan sığınacaq istəyənlərə, hətta islama etiqad etməyən şəxsə belə, rədd cavabı verməməyi əmr edir: “Əgər (basqına uğrayan) müşriklərdən biri səndən aman istəsə, ona aman ver ki, Allah kəlamını (Quranı) dinləsin. Sonra (islamı qəbul etmədiyi təqdirdə) onu əmin olduğu (müşriklərin yaşadığı) yerə çatdır”(Quran, ət-Tövbə 9/6).

Nəhayət, islamda başqa dinlərə qarşı dözümlülüyün təzahürlərindən biri yəhudi və xristian qadınlarla evlənməyə, həmçinin Kitab əhli tərəfindən kəsilmiş heyvanların ətini yeməyə icazə verilməsidir: “Bu gün pak nemətlər sizə halal edilmişdir Kitab əhlinin yeməkləri sizə, sizin yeməkləriniz isə kitab əhlinə halaldır. Möminlərin, həmçinin sizdən əvvəl kitab verilmişlərin (yəhudilərin və xaçpərəstlərin) azad və ismətli (özlərini zinadan və nəfslərini haram şeylərdən qoruyan) qadınları mehrlərini verdiyiniz, namuslu olub zina etmədiyiniz və aşna saxladığınız təqdirdə (evlənmək üçün) sizə halaldır”(Quran, əl-Maidə 5/5).

Müsəlman alimləri qeyd edirlər ki, islama etiqad etməyənlərə haqsızlıq etmək, həmçinin onların ləyaqətinə, əmlakına və ya həyatına qəsd qadağandır. Quranda və Sünnədə olan göstərişlər bütövlükdə cəmiyyətdə sülhün təmin olunmasına, müxtəlif mədəniyyətlər və sivilizasiyalar arasında dialoqun qurulmasına, həmçinin istənilən səviyyəli sosiumda sabit vəziyyəti pozan bütün amillərin aradan qaldırılmasına yönəldilmişdir. Qurana görə, millətlər və mədəniyyətlər arasındakı dialoq müxtəlif xalqların və tayfaların yaranmasının başlıca məqsədlərindən biridir: “Ey insanlar! Biz sizi bir kişi və bir qadından (Adəm və Həvvadan) yaratdıq. Sonra bir-birinizi tanıyasınız (kimliyinizi biləsiniz) deyə, sizi xalqlara və qəbilələrə ayırdıq” (əl-Hucurat, 49/13).

Dini mətnlərin ardıcıl öyrənilməsi bizi dinlər və mədəniyyətlər arasındakı dialoqa əsaslanmalı olan bəzi prinsiplərin dərk edilməsinə gətirib çıxarır.

Birincisi, biz öz seçim azadlığımızı qəbul ediriksə, digər fərdlərin də azadlığını qəbul etməliyik, axı islam dini məcburiyyəti, onun istənilən təzahür formasında pisləyir.

İkincisi, dialoq iştirakçıları arasındakı münasibətlər ədalət prinsipi əsasında qurulmalıdır: “Allah din yolunda sizinlə vuruşmayan və sizi yurdunuzdan çıxartmayan kimsələrə yaxşılıq etməyi və onlarla ədalətlə rəftar etməyi sizə qadağan etməz” (əl-Mumtəhənə, 60/8).

Üçüncüsü, İslam insanı həmsöhbətə onun şəxsiyyətindən asılı olmayaraq, hörmət etməyə çağırır. Başqasının fikrinə hörmət etmək Quran təliminin universallığının təzahürlərindən biridir (Quran, ən-Nəhl 16/125).

Dördüncüsü, konstruktiv dialoqun həyata keçirilməsi məqsədi ilə dinlər qarşılıqlı dərk üçün əlverişli olan sosial münasibətlərə daxil olmalıdırlar (əl-Hucurat, 49/13). Qarşılıqlı anlaşmanın əldə edilməsi tərəflərin və opponentlərin dəyərlər səmtini düzgün müəyyən etdikləri zaman mümkündür və yad dəyərlər bizim üçün ən mühüm olan öz dəyərimizdən daha çox fərqləndikcə onları təsəvvür vasitəsilə dərk etmək bizə daha çətin olur.

Nəhayət, beşincisi, müsbət nəticələrin əldə edilməsi üçün dinlərarası dialoq bəşəriyyət qarşısında duran ən mühüm vəzifələrin həllinə yönəldilməlidir. Mədəniyyətlərarası fərqlərin silinib getməsini və ya dinlərin birləşdirilməsini dialoqun məqsədləri kimi elan etmək mənasız və hətta təhlükəlidir.

Müsəlman tədqiqatçısı İ. İbrahimin fikrincə, dialoqun mahiyyəti ondan ibarət olmalıdır ki, onun bütün iştirakçıları hər yerdə təzahür edən cinayətlərə və nöqsanlara qarşı mübarizədə bir-birlərinə kömək etsinlər. Müəllif onlara sosial ədalətsizliyi, başlı-başına buraxılmış materializmi və mənəvi pozğunluğu, hərbi, siyasi, iqtisadi və mədəni müstəmləkəçiliyi, irqlər və millətlərarası toqquşmaları, vətəndaş müharibələrini və genosidləri, geriliyi, xəstəlikləri, insan hüquqlarına etinasızlığı, ətraf mühitin çirklənməsini, terrorizmi, ekstremizmi və s. aid edir.

Dinlərarası rəqabət, professor R. Y. Əliyevin qeyd etdiyi kimi insanlara şəxsiyyətin hərtərəfli təkmilləşdirilməsi və onun qara qüvvələrin xofundan azad mənəvi tərəqqiyə, insanları Allaha yaxınlaşdıran hər şeyə aparan daha düzgün yol göstərmək cəhdinə əsaslanmalıdır.

Dinlərarası dialoqun konseptual əsaslarının işlənib hazırlanması mürəkkəb və uzun prosesdir. O, dünyanın tez dəyişən sosial-siyasi mənzərəsi və yeni sivilizasiya çağırışları ilə bir qədər mürəkkəbləşir. Belə şəraitdə müxtəlif dinlər arasında tolerantlığı qəbul etməyin və əməkdaşlığın zəngin ənənələrinə malik olan regionların təcrübəsi böyük əhəmiyyət kəsb edir. Bu regionlardan biri, əsrlər boyu sivilizasiyaların, mədəniyyətlərin və dinlərin qovşağında olmuş Azərbaycandır. Belə regionlar dialoqun əsaslarının nəzəri cəhətdən işlənməsi və əməli tətbiqi üçün istiqamətləndirici rolunda çıxış edə bilərlər. Planetin mədəni rənga-rəngliyinin saxlanması və dünya sivilizasiyasının gələcəyi bu dialoqun uğurlu həyata keçirilməsindən asılıdır.

Elmir QULİYEV-Fəlsəfə Üzrə Fəlsəfə doktoru, İlahiyyatçı – Teoloq / AZERISLAM.com

* - Quran ayələrindən tərcümələr: Z. Bünyadov və V. Məmmədəliyevin tərcüməsindən verilir.

Diqqət! Materiallardan istifadə etdikdə AZERİSLAM.com - a istinad vacibdir.
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]05:17
GÜNƏŞ06:55
ZÖHR [ 4 rükət ]13:44
ƏSR [ 4 rükət ]17:31
MƏĞRİB [ 3 rükət ]20:32
İŞA [ 4 rükət ]22:06
GECƏYARI00:54
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka