Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

Müsəlman ölkələrindəki dövlətdaxili münaqişələrin qarşısının alınmasında dini maarifləndirmənin rolu

[ Aktual / 4637 dəfə baxılıb ]   
|
 
Müasir dünyada cərəyan edən siyasi prosseslərin yerli, hətta regional səviyyədə müzakirə edilməsi düzgün deyil. Onlar dünyanın tamamilə haqlı olaraq nəticəsi çətin təsəvvür edilən neokolonializm adlandırılan yeni qlobal bölüşdürülməsinin bir hissəsidir. Tarixin hazırki mərhələsində silahlı qarşıdurma ilə müşayiət olunan dövlətdaxili münaqişələr dünyanın aparıcı dövlətlərinin qloballaşma obyekti kimi baxdıqları ölkələrin səciyyəvi xüsusiyyətidir.

Bu ölkələrdəki zamanın tələbindən irəli gələn dəyişikliklər bəzən destruktiv xarakter daşıyır. Milli dövlətin zəifləməsi və elitar qrupların kosmopolitliyi (milli simasını itirməsi) fonunda dini və etnik eyniləşdirmə prosesləri güclənir, bu da əlverişli şərait olduqda mütləq ekstremist hərəkatlara çevrilir.

Lakin “ikili standart” siyasətinin hökmranlığı şəraitində onlar eyni dərəcədə qiymətləndirilmirlər. Bir halda ekstremistlər insan hüquqları uğrunda mübarizələr və milli azadlıq hərəkatı kimi şərəfli ada layiq görülür, digər halda isə dini fundamentalistlər və terrorçular kimi qiymətləndirilirlər. Qloballaşmanın hərəkətverici qüvvələri dini faktordan çox vaxt çevik geosiyasi alət kimi istifadə edirlər. Bu xüsusilə unikal geostrateji mövqe tutan, böyük təbii ehtiyatlara malik və yüksək pasionarlıq vəziyyətində olan müsəlman dünyasında tez-tez baş verir. Həm də baxmayaraq ki, bu məkanda baş verən dövlətdaxili və dövlətlərarası münaqişələrin çoxunda dini amil birinci dərəcəli əhəmiyyət kəsb etmir, o bu münasibətlərə mütləq olaraq xüsusi gərginlik vermişdir.

Buna Sudan və Nigeriyada, Bosniya və Kəşmirdə baş verən silahlı qarşıdurmaları misal gətirmək kifayətdir. Yalnız bəzi hallarda dindən gərginliyin azaldılmasında istifadə edilməsinə cəhd göstərilmişdir. Bir sıra müsəlman ölkələrində məhz dini radikalizm dövlətdaxili münaqişələrə səbəb olmuş, həm də radikalların səyləri həmişə müvəffəqiyətsizliyə uğramamışdır. Belə ki, İranda 1979-cu ildə baş vermiş İslam inqilabı ölkədə ruhani rejiminin qurulması ilə başa çatmışdır. Lakin onlar, keçən əsrin 90-cı illlərində Əlcəzairdə islam nicat cəbhəsinin müvəffəqiyətsizliyə uğradığı hadisələrdə olduğu kimi, tez-tez məğlubiyətə uğramışlar. Bəs dini dözümlülük və plüralizm fikirlərinin ənənəvi olaraq üstünlük təşkil etdiyi müsəlman dünyasında dini radikallığın yüksəlməsinin, güclənməsinin səbəbi nədir? Biz şüurlu olaraq islam fundamentalizmindən danışmırıq, belə ki, problemin düzgün qiymətləndirilməsi üçün düzgün anlayışlar bazasından istifadə etmək vacibdir. Bizim fikrimizcə, “islam fundamentalizmi” termininin işlədilməsi diskussiyaya qabaqcadan siyasi rəng verə bilər və bu təkcə müsəlman tədqiqatçıları tərəfindən deyil, həm də bir sıra qərb tədqiqatçıları tərəfindən birmənalı qarşılanmır.

Məsələn, P.M.Qreqoriusun fikrinə görə, “İslam fundamentalizmi” anlayışı mövcud deyildir. O yazır: “Xristian fundamentalistləri fəxr edirdilər ki, onları belə adlandırırlar. İslamda isə özünü açıq-aydın fundamentalist adlandıran bir hərəkat yoxdur. İslam fundamentalizmi daha çox Qərb kütləvi informasiya vasitələrinin yaradıcılıq məhsuludur. Artıq Qərb cəmiyyətində kommunizm düşmən rolunu oynamağa yaramadığından KİV bu cəmiyyətin yeni düşmənini müəyyənləşdirmək istədi. Belə ki, ikinci minilliyin sonunda bir kabus - islam fundamentalizmi adlandırılan bir şeyin düşünülmüş bir versiyası meydana gəldi”.

Digər bir tərəfdən müsəlman ruhaniləri arasında tez-tez fəlsəfi dünyagörüşü səpkisində yazılan fundamentalizmə (təməlçiliyə) müsbət münasibət bəslənməsi nəzərə çarpır. Fundamentalizmə Heydər Camal maraqlı tərif verir: ”Həyatın vəhylə əhatə olunmayan və Allahı etiraf etməkdən mənən azad olan heç bir sahəsinin olmadığına inam deməkdir”. Bununla əlaqədar olaraq, biz müsəlman dünyasındakı konkret tarixi şəraitdən asılı olaraq, müxtəlif səbəblərdən irəli gələn radikallıqdan danışmağı üstün tuturuq. Buna baxmayaraq, bəzi amillər əksər müsəlman dövlətləri üçün ümumidir. Radikallıq hər şeydən əvvəl müsəlman dünyasının Qərb ekspansiyası nəticəsində düşdüyü bu gün də davam edən və yalnız formasını dəyişən dərin böhrana özünəməxsus reaksiyasıdır. İslam xadimlərinin islamı ictimai həyatın bir haşiyə elementinə çevirmək səyləri kimi qiymətləndirilən açıq-aşkar unifikasiya (vahid şəklə salmaq) cəhdləri vəziyyəti xüsusilə ağırlaşdırdı. Bununla əlaqədar olaraq, bir sıra tədqiqatçılar qeyd edirlər ki, islam dini-siyasi təşkilatları “islamın keçmişini əks etdirməkdən daha çox qloballaşdırmanın məhsulundan ibarətdirlər”.

“Sürətli müasirləşdirilmə” şəraitində həllini tapa bilməyən sosial problemlər də radikallığın yayılmasında kiçik rol oynamamışdır. Müsəlman dünyasında həmişə yoxsullar və ehtiyacı olan insanlar olmuşdur, lakin qapalı cəmiyyət şəraitində onlar yoxsulluğu çatışmamazlıq deyil, ictimai həyatın norması kimi hesab etmişlər. Açıq cəmiyyət şəraitində bu insanlar öz hüquqlarının tapdalandığını daha yaxşı başa düşməyə başladılar, bu da şəxsi dünyagörüşünün əsasında mövcud vəziyyəti dəyişdirmək istəyinə çevrildi.
Qeyd etmək lazımdır ki, əhalinin kütləvi savadsızlığı (elə din məsələlərində də) radikalların mövqelərinin güclənməsinə gətirib çıxarır. Belə ki, Dünya Bankının verdiyi məlumata görə, Əlcəzairdə 1990-cı ildə (islamçıların daha populyar olduqları bir dövrdə) yetkin əhalinin 42,6%-i savadsız idi. Yetkin qadınlar arasında isə savadsızlıq dərəcəsi daha yüksək - 54,5% idi.

Obyektiv səbəblər sırasında müxtəlif qüvvələrin islamı səfərbəredici bir ideologiyaya çevirmək cəhdlərini də qeyd etmək zəruridir. Bəziləri bu faktordan “idarə olunan konfliktlər”in yaradılmasında istifadə edirlər. Digərləri isə dünya islam nizamını qlobal miqyasda tətbiq etmək ümidilə yaşayırlar. Məsələn, 1991-ci il may seçkilərinin nəticələrinin ləğv edilməsinə gətirib çıxarmış Əlcəzair böhranının kəskinləşməsinəcən İranın dini liderləri öz inqilablarını bu ölkəyə ixrac etmək üçün əvəlcədən hazırlıq görürdülər. Hesabat sənədinə görə, 1990-cı ilin fevralında Tehran Əlcəzairə inqilabi qvardiyanın təxminən 100-ə yaxın nümayəndəsini və ərəbdilli tələbələri göndərmişdir. Bununla yanaşı, Tehran özlərinin silahlı qanadının mövcudluğu ilə öyünən və bilavasitə Qumdakı dini mərkəzlə bağlı olan fundamentalistlərin seçkiqabağı kompaniyada iştiraklarına 3 mln. dollar ayrılmışdı.

Bu şəraitdə dünyəvi hökumətlər bir qayda olaraq eyni səhvi buraxırlar. Onlar əhalinin dinə meyllərini təhlükə mənbəyi kimi qəbul edərək, dini maarifləndirməyə və dini mədəniyyət səviyyəsinin yüksəldilməsinə diqqət yetirmir, əksinə, islamçıların tez-tez hüquqlarını məhdudlaşdıraraq, onların fəaliyyətini məhdudlaşdırmağa çalışırlar.

Nəhayət, radikallığın yayılmasının ən vacib şərtlərindən biri də mötədil islam mövqeyinin zəifliyidir. Misal üçün, Tunisdə üləmaların mövqeyinin süqutu fonunda dini düşüncəni müstəmləkəçilik və dünyəvi islahatçı Həbib bin Əli Burcibanın hakimiyyəti dövrlərinə yönəltmiş İslam Dirçəliş Partiyası populyarlıq qazanır. İslamçı fəallar dövlətin arxa durduğu üləmalara da azadlığın və demokratiyanın bərpası uğrundakı mübarizədə həll olunmalı eyni problemin bir hissəsi kimi baxırlar.O fakt daha əlamətdardır ki, “dirçəlişçilər”in lideri Rəşid Qanuçi üləmalardan deyildir. O sadə bir fermer ailəsində anadan olmuş və Quranı öz atasından öyrənmişdi. İslam hərəkatının liderlərindən yalnız birini şeyx Əbdülfəttah Murunu üləma kimi xarakterizə etmək olar.
Kütlələrin ənənəvi dini liderlərə (yeri gəlmişkən onlar mötədil baxışlarla həmişə razılaşmırlar) inanmalarının səbəblərindən biri də onların islam təliminin mahiyyətini nə nəzəri, nə də praktiki cəhətdən insanlara çatdırmağa qadir olmaması idi. Eyni zamanda bu işlərin öhdəsindən gələ bilən mötədil din xadimləri həmişə dövlətin dəstəyini ala bilmir və yetərli fəallıq göstərmirlər. Rus islamşünası Aleksey Malaşenko çox düzgün qeyd edir ki, məhz müsəlman dünyasının siyasi cəhətdən daha fəal hissəsi olan islamçılar bu din haqqında ictimai rəy formalaşdırırlar. “Digər din nümayəndələrinin çoxlarının gözündə bugünkü islamı “islamçılar”, o cümlədən ben Ladenin silahdaşları və eləcə də Səddam Hüseyn (onun özü dini radikalizmə qarşı mübarizə aparırdısa da, Qərb ictimai fikrində o, müsəlman ekstremisti kimi qəbul olunur) təmsil edirlər. Maraqlıdır ki, amerikalıların 44%-i islamın güya insanları zorakılığa sövq etdiyi fikrindədirlər”. Bu təbii ki, ictimai fikrin manipulyasiyası ilə məşğul olan siyasətçilərin fəaliyyətinin nəticəsi kimi qiymətləndirilməlidir.

Sadalanan amillər ümumilikdə onu göstərir ki, islam dəyərləri çox vaxt siyasi alverçiliyin alətinə çevrilir və bununla da cəmiyyət, xüsusilə gənc nəsil onları öyrənmək imkanlarından məhrum olur. Eyni zamanda İslam dini ekstremistliyin qarşısının alınması, dözümlülük mədəniyyətinin tərbiyə edilməsi və dinlərarası dialoq məsələlərinin qaydaya salınmasında böyük rol oynayan barışıq potensialına və geniş üfiqi əlaqələr şəbəkəsinə malikdir. Bu işlərdə islam dəyərlərinin öyrənilməsinə yönəldilən dini maarifləndirmə, Quran təlimi əsasında dini dözümlülüyün öyrədilməsi, digər din nümayəndələri haqqında düzgün təsəvvür yaradılması, mömin insanların ictimai həyatın müxtəlif sahələrinə cəlb edilməsi əhəmiyyətli rol oynamalıdır. Dini maarifləndirmə proqramı daha effektiv və çox cəhətli olmalıdır ki, insanların dini informasiyaya olan ehtiyacını tam ödəsin. R.Əliyev belə hesab edir ki, dinin əsaslarının ümumtəhsil məktəblərində keçirilməsi dünyəvi dövlət quruluşuna xələl gətirmir. Əksinə, o, uşaqların və yeniyetmələrin dini normalar haqqında məlumatları xarici missionerlərdən, yaxud öz ölkələrində və xaricdə onlardan dərs almış insanlardan deyil, öz müəllimlərindən öyrənmələrini normal hesab edir.

Lakin, F.N.Kozıryovun bildirdiyi kimi, nə dindarlıq özlüyündə, nə də dini təhsil dini dözümlülüyün qarantı ola bilməz. O yazır: “Aydındır ki, dini təhsil dini düşmənçilik xəstəliyinin müalicəsinə xidmət etdiyi kimi, onun necə və nə məqsədlə həyata keçirilməsi şəraitindən asılı olaraq, bu xəstəliyin güclənməsi alətinə də çevrilə bilər”.

Bununla əlaqədar olaraq, müsəlman ölkələrində dini maarifləndirməyə xüsusi diqqət vermək lazımdır və onun bir neçə əsas məqsədi olmalıdır.
1.İnsanın Allahla, ətraf mühitlə və həmçinin öz-özü ilə düzgün münasibətlərinin qurulması vasitəsilə mənəvi cəhətdən nəcibləşdirilməsindən ibarət İslam dininin həqiqi mənasının aydınlaşdırılması. Müəllifi olduğum “Quran və qloballaşma: humanist idealar axtarışında” (Bakı, 2005) kitabda göstərilən kimi, Quran ayələrində və hədislərdə qlobal problemlərin mürəkkəb yaranma sistemi haqqında mətnlərə kifayət qədər yer ayrılır. İslam onlarda eyni bir prosesin-ictimai həyatın təbii harmoniyasının pozulmasının izini görür. Bizim fikrimizcə, dini maarifləndirmə, dini meylli insanların yaradıcı enerjisinin sivilizasiya böhranını və qlobal problemlərin həllinə yönəldilməsinə kömək etməlidir.

2. Şüurun kütləvi surətdə virtuallaşdırılması və texnoloji inqilabların nailiyyətlərinin həyata keçirilməsi şəraitində xüsusilə vacib olan elmi, ictimai fikrin inkişafının yönəldilməsinə və tənzimlənməsinə qadir olan yüksək əxlaqi-etik İslam dəyərlərinin qorunması və möhkəmləndirilməsi. İslam insanlar üçün həyatın mənasını açır və onlara onların rəhbər tutmalı olduqları etik kod verir. O insanlara öz təhtəlşüur imkanlarına nəzər salmaq və onların aşkar və gizli olanlarla ayrı-ayrı şəxsiyyətlər, cəmiyyət və kainatla olan əlaqəsinin müxtəlif ölçülərini görməkdə kömək edir. İslam insanlığı sabit cəmiyyətin, tərəqqinin, təhlükəsizliyin və dinc-yanaşı yaşamanın əsasları ilə təmin edir. Bu din ailə institutunu qoruyur, ədalət, müstəqillik, fərdi və kollektiv məsuliyyət, etiqad və fikir azadlığı, bütün insanların mənşə, maraq və tale baxımından ümumiliyi və birliyi prinsiplərini müdafiə edir. Məhz bu cür dünyagörüşü müasir materialist cəmiyyətin xəstəliklərini müalicə edə və onun doğurduğu təhlükələlərin qarşısını ala bilər.

3. İslam çərçivəsində digər din nümayəndələrinə qarşı dini dözümlülüyün, fikir müxtəlifliyinin, həmçinin irqindən, dini və etnik mənsubiyyətindən asılı olmayaraq, insana hörmətin tərbiyə edilməsi. Maarifləndirmə proqramının bu tərkib hissəsi özündə həmçinin digər dinlər və dünyagörüşü konsepsiyaları ilə tanışlığı da nəzərdə tutur ki, bunun da qapalı cəmiyyətləri saxlamağın əməli olaraq mümkün olmadığı indiki şəraitdə müstəsna əhəmiyyəti var. Tədqiqatçılar qeyd etdikləri kimi, dini dözümlülük və dialoq mədəniyyəti tərbiyəsi mədəni və dini ənənəyə zərər yetirmir. “Müasir beynəlxalq dinlərarası təhsil təcrübəsi onu göstərir ki, müxtəlif dini etiqadlara malik uşaqlara birlikdə dini təhsil verərkən dini məsələlərə pedaqoji cəhətdən ölçülüb-bişilmiş müraciət şagirdlərdə milli və dini mənsubiyyət hissini yuyub aparmır, əksinə möhkəmləndirir. Burada ən vacibi odur ki, bu qüvvətlənmə təcridolunma və özünü ətrafdakılara qarşı qoymaq əsasında deyil, qarşılıqlı hörmət və vətəndaşlıq zəminində olur”.

4. Müsbət ənənənin və liberal novasiyanın sintezinə və həmçinin müsəlman cəmiyyətlərinin qloballaşdırılmış birliyə tam inteqrasiyasına mane olan yalançı dini ənənəni aradan qaldırmaq. Heç vaxt müqəddəs kitablara əsaslanmayan və bəzən heç bir ağlabatan izaha uyğun gəlməyən yalançı ənənənin müsəlman cəmiyyətinin mütərəqqi ruhlu insanları tərəfindən qəbul olunması mümkün deyil və ona görə də məhz o tez-tez müsəlmanlar arasında narazılığa səbəb olur, bu da radikalların fəaliyyətinə əlverişli şərait yaradır.

5. Vətəndaşlıq mədəniyyəti, ürəyiyanan şəxsiyyət tipi formalaşdırmaq və ictimai həyatın bütün sahələrində qarşılıqlı münasibətin “müqaviləli” tipinin kök salması məqsədilə müsəlman təfəkküründə reformasiya etmək. Bu məqsədin əldə olunması əvvəlki məsələnin həlli ilə sıx bağlıdır, belə ki, islahat aparmaq öz ənənənəsinə tənqidi yanaşmanı tələb edir. Bizim fikrimizcə, dini təfəkkürün bərpası cəhdləri müvəffəqiyyət gətirməyəcək, belə ki, qloballaşma dövründə cəmiyyət təfəkkürü formasını o qədər tez dəyişir ki, bu restavrasiya zamanın tələbinə cavab verə bilmir. Bununla yanaşı, etiraf etmək lazımdır ki, müsəlman dünyasının intelektual ehtiyatlarına uyğun şərait yaradıldıqca islahatların həyata keçirilməsi mümkün olmayacaq. Bugünkü gündə bu şəraitin olmaması bütün müsəlman sivilizasiyasının ən başlıca problemlərindən biridir.

Yuxarıda deyilənlərə yekun vuraraq, elə zənn etmək olar ki, düzgün dini maarifləndirmə islamın siyasiləşdirilməsi prosesini dayandırmağa və dini radikalların mövqeyini kifayət qədər zəiflətməyə qadirdir. Lakin müsəlman dünyası Qərbdə bərabərhüquqlu tərəfdaş kimi qəbul edilməyincə, müsəlmanlarla qarşılıqlı münasibətlər “ikili standart” əsasında qurulduqca o, gözlənilən nəticəni verməyəcək. Amerika tədqiqatçısı Karolin Flüyer-Lobanın etiraf etdiyi kimi, Qərbdəki mühafizəkar müşahidəçələrin bir hissəsi ondan narahatdır ki, soyuq müharibəyə son qoyulacağı təqdirdə kommunizm təhlükəsi öz yerini islam təhlükəsinə verə bilər. Demək olar ki, onların bu ehtimalı özünü doğrultdu. Onların fikrincə, baxmayaraq ki, Qərbin sakinləri “islam dirçəlişinin təhlükəsindən”, onun gətirəcəyi gerilikdən tam əminliklə danışırlar, onlar hələ indiyə qədər islam və müsəlmanlar haqqında təməli olaraq heç nə bilmirlər.

Buna görə də dini maarifləndirmə müsəlman ölkələrindəki konfliktlərin sosial, iqtisadi və digər səbəblərin aradan qaldırılması proqramının ayrılmaz bir hissəsi olmalıdır. İslamın da elə xristianlıq və buddizmdə olduğu kimi, hətta qloballaşma şəraitində belə öz mövqelərini qoruyub saxlamağa və möhkəmləndirməyə kifayət edən ideolji və sosial bazası vardır. Bizim fikrimizcə, mənəviyyatla instiktin hökmranlığı arasında qarşıdurma kəskinləşdikcə əxlaqi bir dünyagörüşü sistemi nizamlayıcı və mədəniyyət yaradan amil olan dinə ehtiyac daha güclü hiss olunmağa başlayacaq. Qloballaşma dövründə dinin hansı səviyyədə - mötədil, yaxud radikal olacağı bu problemə yanaşmanın konstruktivlik dərəcəsindən asılıdır.


Elmir QULİYEV-İlahiyyatçı, Fəlsəfə Üzrə Fəlsəfə Doktoru /Azerislam.com

Diqqət! Materiallardan istifadə etdikdə AZERİSLAM.com - a istinad vacibdir.
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:23
GÜNƏŞ07:58
ZÖHR [ 4 rükət ]12:53
ƏSR [ 4 rükət ]15:27
MƏĞRİB [ 3 rükət ]17:47
İŞA [ 4 rükət ]19:17
GECƏYARI00:05
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka