Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

Orta əsrlər İslam təbabəti xəzinəsindən: “Qara çörəkotu”

[ Sünnə / 7163 dəfə baxılıb ]   
|
 
“Ölümdən başqa elə bir xəstəlik yoxdur ki, qara zirədə ona bir çarə tapılmasın” (Muhamməd Peyğəmbər - Səhih əl-Buxari)

İslamda insan sağlamlığının mühafizəsi əsas prioritet olmaqla xəstəlikdən öncəki vəziyyətə diqqət artırılır. Orqanizmdə patoloji hal yaranmamışdan əvvəl zərərli amillərdən uzaqlaşmada tətbiq edilən metod, hazırda səhiyyənin profilaktik prinsipini özündə əks etdirir. Şərq və Qərb düşüncə tərzinin fərqindən və ziddiyətindən hasil olan nəticə təbabət elminə də təsirsiz qalmır. Texnogen Qərb təfəkkürü bu sahənin mütəxəssisini xəstədən kənarlaşdırmışdır. Aralıq vasitə kimi müasir laborator tədqiqat, müayinə metodlarının rolu güclənib. Həkimdən daha çox diaqnostik vasitələrə “inam” artıb. Digər tərəfdən Şərq təbabət fəlsəfəsindən-orqanizmə bütövlükdə yanaşma tərzindən fərqli olaraq, “dərin ixtisaslaşma” həkimi ayrı-ayrı orqan mütəxəssisinə çevirmişdir [2].

Bu vəziyyətdən çıxmaq məqsədilə Neohippokratizm tərəfdarları tərəfindən klassik təbabətin prinsiplərinə qayıtmaq, “Hippokrata qayıtmaq!”, orqanizmi bütöv bir tam halda, fərdi olaraq öyrənməyə qayıtmaq təklif olunur ki, bununla da sonralar xolistik təbabət yaranmış olur. (xolizm-bütövlük deməkdir), xəstəyə psixosomatik bir tam kimi baxmağı, elmi, ənənəvi, xalq, Şərq və antik təbabəti bir yerə yığıb vahid təlim kimi öyrənməyi təklif edirlər [9].
Elmdə insan həyatının düzgün yolunu göstərə biləcək etibarlı oriyentirlər tapmaq mümkün deyildir. Bu vəzifəni yalnız dini fəlsəfə yerinə yetirə bilər. Neotomistlərin təliminə görə, ali həqiqət yalnız vəhy və dini iman yolu ilə dərk edilir ki, elm və fəlsəfə də özünün dünyagörüşü əhəmiyyəti olan bütün prinsipal nəticələrini bu dini imanla uzlaşdırmalıdır [11].

Dünya mədəniyyətinin ən möhtəşəm abidələrindən biri olan Qurani-Kərim müsəlmanlığın dini-fəlsəfi, hüquqi qaynağı olmaqla yanaşı, həm də çox mühüm bir ədəbi-tarixi mənbədir. Quranın hələ açılmamış, dərk edilməmiş ayələri isə bu gün insan idrakına sığmayan gələcək elmi kəşflərdən xəbər verir. Həmin elmi kəşflər, ixtiralar bir-bir yerinə yetdikcə Quran ayələrinin də əsl məzmunu, mahiyyəti tədriclə anlaşılır [7].

İnsanda uyğunlaşma imkanları sonsuz deyildir. Müasir texnogen sivilizasiya insanın əmək fəalliyyətinin müxtəlif sahələrində və sosial həyatda artmaqda olan əsəb gərginliyi, psixoloji stress, ürək-damar xəstəliklərinin və s. sayının çoxalması ilə fərqlənir. “Sivilizasiya xəstəlikləri” anlayışının dövriyyə gətirilməsi çox şeyi izah edir. Təhlükəli cəhət həm də odur ki, insan çox vaxt ətraf mühitdə baş verən dəyişikliklərin ona mənfi təsirini birdən-birə və bilavasitə hiss etmir. Həmin təsir bir müddət keçdikdən sonra özünü (daha doğrusu xəstəliklərin klinik mənzərəsi fonunda-K.B.) göstərir. Bu isə onlara qarşı mübarizə tədbirlərinin vaxtında müəyyən edilməsini, qüvvələrin və imkanların səfərbər edilməsini çətinləşdirir [8]. Bu baxımdan İslam amilinin önə çəkilməsinə tələbat yaranır. “Dünya həyatının keçimi üçün məsləhət alana hirslənməmənin tövsiyyə olunması”, “sizin bədəninizdə bir ət parçası vardır ki, əgər o xəstələnsə, xəstəlik bütün bədən üzvlərinə sirayət edər; bu sizin qəlbinizdir” kimi hədislərlə, elm çağının Şərqdən doğan İslam günəşi ilə daha da aydınlaşacağına işarə olunmaqdadadır. Hədislər sanki, XX əsrdə məlum xəstəliklərin bir çoxunun etiologiyasında məhz stress faktorun üstün yer alacağını bildirməklə, qəlbə-imana köklənməyən həyat tərzinin sağlamlığa mənfi təsirinə işıq salmaqdadır. Bu anlamda İslam düşüncəsinə görə məhz maddi xəstəliklər mənəvi xəstəliklərdən nəşət olunmaqla sosial-ictimai mühitdə mövcud problemlərin əsasını qoyur.
Göründüyü kimi, elmi idrak qarşısında duran problemlər nə qədər dərin və geniş olsa da, fəlsəfi təhlil süzgəcindən keçirilməli, həlli yolları axtarılmalıdır. Artıq sosial-ictimai müstəvidə baş verən dəyişikliklərə, eləcə də insanın sağlam həyat tərzi ilə bağlı problemlərə tibbi-sosial gigiyenik və Qurani-Kərim nəqteyi-nəzərindən birgə fəlsəfi, teoloji yanaşma aktuallıq kəsb etməkdədir. Məhz həkim sosial gigiyenist və ya səhiyyə təşkilatçıları üzərinə düşən vəzifələrdən biri də tədqiqatçılıq funksiyasıdır.

Avropa alimlərinin əsərlərində [5, 13-17, 19] İslamın tədqiq olunmasının aktuallığı və ümumbəşər mədəniyyətinə İslam dəyərlərinin təsiri qərəzsiz etiraf olunmaqdadır:
“Hazırki şəraitdə xristianlar və müsəlmanlar, avropalılar və ərəblər daha çox “bir dünya” içərisinə cəlb olunduqları bir dövrdə İslamı tədqiq etmək aktualdır. XX yüzillikdə alimlərin sayəsində Qərb dünyası sakinlərinin nəzərində müsəlmanlar haqqında daha obyektiv təsəvvürlər yaranır. Lakin hələ də avropalılar bilmirlər ki, onlar İslam mədəniyyətinə nələr borcludurlar, zaman-zaman biz İslamın-bizim mədəni irsimizə göstərdiyi təsirin əhəmiyyətini gah azaldır, gah da tamamilə unuduruq. Bizim ərəb xalqı ilə eləcə də digər müsəlman xalqlarla yaxşı münasibətlərimiz vadar edir ki, onlara nə qədər borclu olduğumuzu sonadək dərk edək. Onu gizlətsək və ya inkar etsək bu yalançı təkəbbürlükdən başqa bir şey deyildir” [1, 19]. Bu baxımdan istər Şərqdə, istər Qərbdə səmavi yazılara xüsusilə Qurani-Kərimə müraciət olunaraq müasir elmlə həmahəngliyi, insan və cəmiyyətin maddi, mənəvi sağlamlığın profilaktik mühafizəsinin bəyan olunması [18] Azərbaycan Tibb Universitetində elmi ictimaiyyətin bu istiqamətdə yaradıcı fəaliyyətinin vacibliyini əks etdirir.

Xüsusilə Peyğəmbər (sallallahu aleyhi və səlləm) təbabətində yer alan; “Bu qara toxuma sarılın. Çünki onda ölümdən başqa bütün xəstəliklərin şəfası vardır” [12], “Ölümdən başqa elə bir xəstəlik yoxdur ki, qara zirədə ona bir çarə tapılmasın” [6] kimi hədislər müxtəlif əcnəbi ölkə alimlərini eksperimentlər aparmağa həvəsləndirdiyi kimi, Azərbaycan tibb ictimaiyyətinin, fitoterapiya mütəxəssislərinin bu bitkiyə diqqətini artırmalıdır.

Orta əsrlərdə Azərbaycanda tibbin inkişaf tarixinə nəzər saldıqda o dövrün gözəl nümunələrindən biri 1712 – ci ildə (hicri tarixlə 1124) Məhəmməd Yusif Şirvani tərəfindən ana dilində qələmə alınmış “Tibbnamə” diqqəti cəlb edir. Əsərdə babalarımızın müxtəlif xəstəlikləri necə müalicə etdikləri haqqında məlumatla yanaşı, nəsr dilimizin tarixinin öyrənilməsinə zəngin material verilir. “Tibbnamə”də tez-tez “Allahın köməyilə bu dərman xəstəliyi dəf edir” ifadəsinə və qara zirə bitkisi haqqında məlumata rast gəlinir. Məsələn, əsərin 24-cü səhifəsində qara çörəkotunun (zirə) dişləri ağartmasından, 132-ci səhifəsində bir sıra xəstəliklərin müalicəsində balla birlikdə istifadəsinin faydalı olacağından xəbər verilir [10]. Yeri gəlmişkən onu da qeyd edim ki, Məhəmməd Yusif Şirvani kitaba yazdığı müqəddimədə belə qeyd edir ki, “ Kefimin son dərəcə pis vaxtında bu nüsxəni (kitabı-M.C., A.F.) ələ gətirib bir neçə gün içində onun üzünü köçürtdüm ki, məndən sonra bəlkə bir adamın əlinə düşüb müsəlmanların karına gələ və mənə xeyir-dua edələr [10, 4]. Göründüyü kimi, Məhəmməd Yusif Şirvani bir müsəlman alimi kimi düzgün mövqe tutmuşdur.
Müsəlmanın mənəvi məsuliyyəti Qurani-Kərimdə belə təqdim olunur: “Peyğəmbər sizə, siz də insanlara şahid olasınız deyə, Allah həm əvvəl nazil etdiyi kitablarda, həm də bu Kitabda sizi müsəlman adlandırdı. Elə isə namaz qılın, zəkat verin və Allaha möhkəm sarılın. O sizin Himayə-darınızdır. O nə gözəl Himayədar, nə gözəl Yardımçıdır!” (əl-Həcc («Həcc») surəsi, ayə 78). “İnsanları (Xalqı-Z.B.,V.M.) Allaha tərəf çağıran, yaxşı iş görən və: “Həqiqətən, mən müsəl-manlardanam!”– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?” (Fussilət («Müfəssəl izah edilmiş») surəsi, ayə 33).
Respublikada dərman bitkilərini öyrənən müəlliflərin həkimlər, tibb işçiləri, əczaçılar, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş əsərlərinin bəzilərində [3, 4] zirənin ölkəmizdə yayılmasından, müalicəvi təsirindən az-çox bəhs olunmuşdur. Fərəhlə qeyd edim ki, həkim-terapevt Emilya Nəsirovanın ingilis dilindən tərcümə etdiyi “Qara zirə ilə təbii müalicəyə dair reseptlər” və həkim-kardioloq Nurlana Allahverdiyevanın “Qara zirənin müalicəvi sirri” adlı kiçik həcmli əsərləri istisna olmaqla geniş araşdırma aparılmamışdır. Lakin, bu dəyərli bitkinin Azərbaycan tibb ictimaiyyətinin diqqətindən kənarda qalmasına baxmayaraq, dünyanın müxtəlif ölkələrində şəfalı təsirinin aşkarlanması heyranedicidir.
Hələ bizim eranın I əsrində qüdrətli zəka sahibi yunan həkimi Klavdi Qalenin qara çörəkotunu beyin xəstəliklərində tətbiq etməsi elmə məlum idi.

Qeyd edildiyi kimi, bəzi elmi tədqiqatların nəticələri müxtəlif adlarla (“Qara zirə”, “Qara çörəkotu” [az], «Чернуха», «Чернушка», «Черный тмин» [rus.], “Black Seed” [ing.], “əl-Həbbətu-l-Bərakə”, “əl-Həbbətu-s-Səuda” [ərəb], “şoniz” [fars], “Nigella Sativa” [lat.] və s.) tanınan bu bitkinin ecazkar faydalarından xəbər verir:

Antiviral fəallıq; Tədqiqat Yaponiyanın Kyuşu Universitetinin Biorequlyasiya İnstitutunun İmmunologiya kafedrası və Kumamoto Universitetinin virusologiya şöbəsinin əməkdaşları tərəfindən aparılmışdır. Siçanda sitomeqalovirusdan (SSMV) istifadə etməklə nigella sativanın yağı tədqiq olunmuşdur. Nəticədə qara zirə yağı SSMV-na qarşı güclü antiviral aktivlik göstərmişdir.
Şişəleyhinə təsir; Xərçəngin müalicə və profilaktikasında qara zirənin effekti haqda ilk uğurlu tədqiqat ABŞ-ın Cənubi Karolina ştatında Kanser immunobioloji laboratoriyasında aparılmışdır. Nəticə: sağlam immun sistem xərçəng hüceyrələrini insan üçün təhlükə doğurmaq imkanı əldə edənədək artıq məhv edir. Qara zirə sümük iliyində yerləşən neytrofillərin fəallığını artırır, interleykin sintezini tənzimləyir. Heyvanlar üzərində tədqiqatın nəticələrinə görə qara zirə angiogenetik mənşəli aqressiv şişlər zamanı xüsusilə effektlidir.

İmmunostimulyator təsir: (Dr. Əl-Qadi, Dr. Kandil, 1986-cı il).
İltihabəleyhinə təsir: 1995-ci ildə London şəhəri, Kinq kolleci, farmakoloji tədqiqat laboratoriyasında və 1997-ci ildə Səudiyyə Ərəbistanının Riyad şəhərində aparılan araşdırmalarla aşkarlanmışdır.

Hepatoproteksiya: Səudiyyə Ərəbistanı, Dammam şəhəri, Kinq Faisal Universiteti, Tibb kollecinin farmakologiya kafedrası..
Hipoxolesterolemik təsir: 1996-cı ildə Şri – Lankanın Naturopatik təbabət institutunda tədqiqat aparılmışdır. 4 həftə ərzində xəstələrə Nigella Sativa yağı təyin edilmiş və göstəricilər aşağıdakı kimi olmuşdur:




















Nəticələr göstərir ki, Nigella Sativa ürəyin tac arteriyalarının xəstəliklərinə, son anda isə qəfləti ölümlərə səbəb olan patoloji prosesin qarşısını alır.
Bununla yanaşı digər tədqiqat 55 hiperqlikemik xəstə üzərində aparılmışdır. Xəstələrə 1 ay müddətində qara zirə yağı təyin edilmişdir. Nəticədə qara zirə yağının tədqiq edilən xəstələrin 72.7%-də hipoqlikemik effekt törətməsi aşkarlanmışdır [21].
Respublikada “Qara çörəkotu” və ondan alınan məhsulların xüsusilə ayinlərə tam riayət edənlər tərəfindən geniş istifadəsi, respondentlərin bu haqda biliklərinin “Tibbi-nəbəvi”dən formalaşdığını əks etdirir: “Bu qara zirədə samdan (yəni ölümdən) başqa hər xəstəliyə şəfa vardır” (Səhih əl-Buxari, Tibb kitabı, IV fəsil).

ƏDƏBİYYAT:
1. Aslanova R.N., İslam və mədəniyyət. Bakı, 2002. s. 17;
2. Babayev K.Ə. Müasir tibbə islam təbabətindən töhfələr (tibbi-fəlsəfi aspektlər). Əczaçılıq jurnalı, Bakı. 2008, s. 56;
3. Dəmirov İ.A., Şükürov C.Z., Azərbaycanın meyvə və tərəvəz bitkilərinin müalicə əhəmiyyəti. Bakı.: “Maarif”, 1990. s. 113-114. /192 səh;
4. Dəmirov İ.A., Hüseynov D.Y., Şükürov C.Z., Bitkilər və təbabət. Bakı, Gənclik, 1992, s. 66. /128 s.
5. Engels F. Təbiətin dialektikası. Bakı. 1966, s. 4;
6. Fərahim S., Qara zirə (Çörəkotu) və onun yağı ilə müalicə. Bakı, Furqan – 2007, s. 6;
7. Qurani-Kərim. Ərəb dilindən tərcümə edənlər: Z.M.Bünyadov, V.M.Məmmədəliyev. Bakı, “Çıraq”, 2004. s.14;
8. Sadıqov E.C. Ekoloji problemlər və onun unsan sağlamlığı ilə qarşılıqlı əlaqəsinin sosial-fəlsəfi mahiyyəti. Fəl. elm. nam. ... dis. avtoref. Bakı, 2002, s.13;
9. Çobanov R.Ə., Xudaverdiyeva H.M., Ələkbərov M.M. və başq., Sosial gigiyena və səhiyyənin təşkili. Müəllif heyəti, Bakı, 2007, s. 65;
10. Şirvani M.Y., Tibbnamə. Xalq təbabəti. Məlumat kitabı. Nətni hazırlayanlar və ön sözün müəllifləri: M.Sultanov, A.Fərzəliyev. Bakı, İşıq. 1990, 192 s.
11. Şükürov A.M. Fəlsəfə. Bakı, 2002, s. 271-272;
12. İbni Kayyım El-Cevziyye. Zadul-mead, Rahmet Peyğamberi ve devleti. Terceme ve tahkik Muzaffer Can. İstanbul: Çantaş, 1991, c. 4. s. 1921/2810 s.
13. Адам Мец. Мусульманский Ренессанс. М. Наука. 1966;
14. Бартольд В.В. Культура мусульманства. Пг, 1918;
15. Большаков О.Г. История халифата. Т. 1. Ислам и Аравии 570-633. М., 2000 с.3;
16. Вашингтон И. Жизнь Мухаммада. М., 1989;
17. Гольдциер И. Лекции об Исламе. СПб, 1912;
18. Краткое иллюстрированное руководство к познанию ислама. Перевод с английского Э.Р.Кулиев. Баку, 2000, 64 стр;
19. Уотт Moнтгомери Уильям. Влияние ислама на средневековую Европу. М. «Наука», 1976, с. 18-19;
20. Jomier J. Je commentaire coranique du Manar. P. 1954;
21. www.black-seed-europe.com; www.barakaoil.com. Tərcümə edən Nəsirova E., 2008.

Kamran Ə. Babayev
ATU-nun İctimai sağlamlıq və səhiyyənin təşkili kafedrası
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]05:09
GÜNƏŞ06:41
ZÖHR [ 4 rükət ]12:48
ƏSR [ 4 rükət ]16:15
MƏĞRİB [ 3 rükət ]18:55
İŞA [ 4 rükət ]20:21
GECƏYARI00:02
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka