Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

KÖLƏLİK

[ Müxtəlif / 3484 dəfə baxılıb ]   
|
 
Kölə; azad olmayan, başqa birinə bağlı olan, bir insanın başqa birisinin malı ve mülkü, hüqüqi, iqtisadi və sosial cəhətdən azad insanlardan fərqli və aşağı mərtəbədə qəbul edilən adam, əsir kimi mənalara gəlir. Başqa birinin malı və mülkü olan adama kölə, məmluk, qul, bəndə və əsir, qadın kölə üçün cariyə, kölə və cariyə sahibinə isə ağa və ya mövla deyilmişdir.

Köləlik birdən birə ortaya çıxmış bir şey deyildir. Köləliyin tarixi insanliğin bilinən tarixi qədər qədimdir desək yanılmarıq. Bəziləri köləlik sisteminə qarşı çıxarkən bəziləri də bu sistemi müdafiə etmiş və köləliyin vacibliyi və zəruriliyini müdafiə etmişlərdir. Aristotel köləni; bir əşya kimi canlı bir alətə bənzətmiş və onun ağasına qeydsiz şərtsiz təslim olmasını istəmişdir. Kölələr heyvanlara bənzədilərək ağıl və muhakəmədən uzaq hesab edilmişlərdir. Aristotel güclünün zəifə hökm etməsinin təbii olduğunu vurğulamışdır. Tarixi mənbələrdən əldə olunan məlumatlar diqqətə alindığı zaman tarixin bir çox səhifəsində görürük ki, insanlar təbəqələrə bölünmüş, güclülər zəifləri əzmiş, borc müqabilində və ya hər hansı bir səbəbə görə insanlar kölə olmağa sövq edilmiş, ağır cəzalara məhkum edilmiş və ağır işlərdə işlədilmişlərdir.

İslam dini köləliyi tamamilə qadağan etməmiş və ya edə bilməmişdir. İslam digər kölələşdirmə usullarını qadağan etmiş, sadəcə müharibə şəraitində əldə edilmiş əsirlərin kölələşdirilməsinə icazə vermişdir. Ancaq bunu da təşviq edici mahiyyətdə etməmişdir.
İslam dini köləliyi tam olaraq qadağan edə bilməzdi, çünki həm cahiliyyə cəmiyyətində və həm də dünyanın bir çox yerində cəmiyyətin böyük bir qismini kölələr təşkil edirdi. Onların sərbəst buraxılması həm cəmiyyət, həm də elə kölələrin özləri üçün böyük bir təhlükə ola bilər və cəmiyyətdə nizam intizamin pozulmasına gətirib çıxara bilər, onlarin işsiz qalmalarina və bir çoxunun da tələf olmasina səbəb ola bilərdi. Əsrlər boyu bu sistemə alışmış olan bu cəmiyyət birdən-birə başı boş buraxıldığı təqdirdə çoxu savadsiz olan bu kölələr cəmiyyətə alışa bilməyəcək və bəlkə də təkrar geri dönəcəklərdi. Daha əvvəl də qeyd etdiyimiz kimi İslamda sadəcə muharibə şəraitində əldə olunmuş əsirlərin kölələşdirilməsinə icazə verilmişdir.

İslama görəgörə köləlik mövzusunu incələyən alimlərdən biri;
“İslam, əsirləri öldürməyi, dövlətin əlində tutmağı, onları ömür boyu toplama düşərgələrində ölümə tərk etmək yerinə: onlar üçün ən ağır şərt olan kölələşdirmə variantını seçim etmişdir. Elə bu vəziyyətdə İslamın problemi həlli yolları bu əsirləri müsəlmanlar arasında fərd-fərd paylamaq və onlara ictimai həyatda qanuni müəyyən bir mövqe qazandırmaqdır” (Baran, s. 304-305) deyərək köləliyin o günkü şərtlərdə məqbul görünə biləcəyini demişdir.

Bəlkə də belə bir sual ortaya çıxa bilər; uca yaradıcı olan Allah Təalanın insanları azad olaraq yaratdığı və üstünlüyün yalnız təqvada olduğunu deyən İslam dini köləliyi də qadağan etməməliydimi?

İslam dini içki, zina, qumar və donuz əti kimi bir çox qadağaları edərkən ortaya qoyduğu tədricilik prinsipini bu mövzuda da tətbiq etmək məcburiyyətində idi. İslamın gəldiyi dönəmdə cahiliyyə ərəblərinin və o cümlədən İslamı yeni qəbul edən müsəlmanların birdən çox kölələri və cariyələri mövcud idi. Bundan başqa muharibələrdə əldə olunan əsirlər ya öldürüləcək və ya kölə ediləcək, ya da azad edələcək idi ki, bu da sonra onların bir güc toplayaraq yenidən hücüm etmək təhlükəsini meydana çixaracaqdı. Bilindiyi kimi o dövrdə əsirləri tutmaq üçün böyük həbsxanalar olmadığı üçün əsirlər qənimət şəklində paylaşdırılırdı. Göründüyü kimi bu ancaq zərurətdən başqa bir şey deyildir. Qurani-Kərim, bütün insanların eyni kökdən gəldiklərini, azad və eyni haqlara sahib olduqlarını ifadə etmişdir. (ən-Nisa 4/1, əl-Bəqərə 2/213, ən-Nəml 27/62). İnsanların aciz vəziyyətdə olan bu kölələrə mərhəmətli olması və onların köləlikdən qurtulması üçün kölə sahiblərinə bəzi tövsiyələr etmiş, problemlər meydana gəldiyi zaman onlara qarşı bəzi sanksiyalar nəzərdə tutmuş və bunu sistematik hala gətirmişdir. Qurani-Kərimdə kölələr ilə əlaqəli ayələrin əksəriyyəti onlarin azad edilməsi ilə əlaqəlidir. (əl-Bəqərə 2/177)

Qurani-Kərimdə, and, (əl-Maidə 5/89) zihar (əl-Mücadələ 58/3) və səhvən adam öldürmək (ən-Nisa 4/92) kimi cinayətləri edənlərin cəza olaraq və ya doğruya çatmaq məqsədilə əsir statusunda olan cariyə və kölələri azadlığa qovuşdurması üzərində durulmuşdur. Bundan başqa müqavilə bağlayaraq azadlığa qovuşmaq istəyən əsirlərə kömək edilməsi məsələsi də Qurani-Kərimdə yer almlışdır. (Nur 24/33)

Qurani-Kərimdə kölə və cariyələrə yaxşılıq və gözəlliklə rəftar edilməsi tövsiyə edilir. (“Əlinizin altındakilərə yaxşı davranın...” ən-Nisa 4/3) Ayrıca kölələrə ruzilərinin tam və əksiksiz verilməsi nəsihət edilir. (ən-Nəhl 16/76)

İslam Peyğambəri (sallallahu aleyhi və səlləm) də kölələrə yaxşı davranılmasını emr etmiş və onların haqlarina diqqət etmək nöqtəsində Allahdan qorxmağı və onların haqlarına riayət edilməsini istəmişdir. Rəsulullah, kölə sahibi olan insanlara da kölələrə xitab edərkən istifadə edəcəkləri nəzakətli üslubun necə olması üzərində durmuşdur: ''sizdən heç biriniz onlara köləm, nökərim deyə xitab etməsin. Hamınız Allahın qullarısınız. Qadınlarınız da hər biri Allahın qullarıdır. Onlara xitab edəcək olan kimsə; oğulum, qızım, igidim, dəyə səslənsin.” (Müslim, Əlfaz, 13)

Marur bin Süveyd deyir ki:
Mən, Əbu Zəri üzərində qiymətli bir paltar ilə gördüm. Eyni paltardan köləsi də geyinmişdi. Ona bunun səbəbini soruşdum. Əbu Zər isə cavab olaraq, Rəsulullah zamanında bir adamı anasından ötəri ayıbladığını, bu səbəblə Peyğambərimizin belə buyurduğunu söylədi:
" Sən, özündə Cahiliyyə xasiyyəti olan bir adamsan. Onlar sizin xidmətçiləriniz və eyni zamanda qardaşlarınızdır. Allah onları sizin himayənizə vermişdir. Kimin himayəsində bir qardaşı varsa, öz yediyindən ona yedirsin, geydiyindən də geydirsin. Onlara öhdəsindən gələ bilməyəcəkləri şeyləri yükləməyin. Əgər yükləyəcək olsanız onlara kömək edin."(Baxari, ltq,15;Müslim, Əymən, 40)

Rəsulullah kölələrin döyülməsini və onlara işgəncələr verəlməsini də qəti şəkildə qadağan etmişdir. Mövzu ilə əlaqəli bir hədisdə belə buyurulur:
“Kim işləmədiyi bir günaha görə cəzalandırmaq məqsədilə köləsini döyər və ya səbəbsiz yerə yumuruqlarsa, bunun kəffarəti o köləni azad etməsidir.” (Müslim, Əyman,30)

Başqa bir hədisdə isə belə deyilir: “Kim bir köləni azad edərsə,onun hər üzvünə qarşılıq azad edənin bir üzvünü Allah (c.c) cəhənnəm atəşindən xilas edər…” (Buxari, Kəffarət 6. Müslim, ltq,22-23)
Rəsulullah bütün kölələrini müxtəlif vəsilələrlə azad etmişdir. Azad edilmiş kölələrə məvali deyilirdi. Kölə mənşəli olmaları səbəbilə cahiliyyə dövründə məvali ilə azad olanlar arasında da bir mövqe fərqi var idi. Rəsulullah bu fərqi ortadan qaldırmaq məqsədi ilə azad etdiyi köləsi Zeydi bibisi Ümeymənin qızı Zeynəb binti Cahş ilə evləndirmişdir. (İbn Həcər, əl-İsabə, I, 564)

Həzrət Peyğəmbər məvaliyə dövlət idarələrində vəzifə də vermişdir. Necə ki Zeyd ilə oğlu Üsaməni müxtəlif zamanlarda ordu sərkərdəsi olaraq təyin etmişdir. (Buxari, Əshabun-Nəbi, 17. əl-İsabə, I, 564) Digər tərəfdən Həzrət Əbu Bəkirin azadlısı Bilalı-Həbəşi, Peyğəmbərimizə müəzzinlik etmə vəzifəsini yerinə yetirməklə bərabər. (İbn Sad, 1, 246) çox vaxt beytul-mala nəzarət etmək, (İbn Həcər, əl-İsabə, I, 165) Mədinəyə gələn elçiləri qarşılamaq və onlara xidmət etmək kimi vəzifələridə ifa etmişdir. (İbn Sad, I, 294, 298, 323)

Rəsulullah vəfatı əsnasında belə kölələri unutmamış və onlar haqqında səhabələrinə bu tövsiyələri etmişdir:
“Namaza, xususilə namaza diqqət edin. Əlinizin altında olanlar (kölə və cariyələr) haqqında da Allahdan qorxun.” (Əbu Davud, Ədəb, 123-124)

İslamın iki təməl qaynağı olan Quran və Sunnə incələndiyi vaxt köləliyin açıq bir şəkildə qadağan olunduğu görünməsə də bu mənbələrdə hər bir fürsətdə kölə azad etməyi təşviq edən, həvəsləndirən və köləyə sahib olmağı çətinləşdirən çox açıq ayələrin, əmr və tövsiyələrin olduğunu rahat bir bir şəkildə görmək mümkündür. Mövzunu İslam aləmində zərbi-məsəl halına gəlmiş bu cümlə ilə tamamlamaq yerində olardı:
“İslamda kölə almaq, kölə olmaqdır.”


Pərvin CAVADOV-İlahiyyatçı

Diqqət! Materiallardan istifadə etdikdə AZERİSLAM.com - a istinad vacibdir.
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:31
GÜNƏŞ08:00
ZÖHR [ 4 rükət ]13:25
ƏSR [ 4 rükət ]16:22
MƏĞRİB [ 3 rükət ]18:49
İŞA [ 4 rükət ]20:14
GECƏYARI00:40
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka