Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

MƏDƏNİYYƏTİMİZDƏ ELMİN YERİ

[ Elm / 4106 dəfə baxılıb ]   
|
 
Elm insan həyatında ən mühüm vasitələrdən biridir. Allah Təalanın bizə vermiş olduğu bu nemət sağlam düşüncəmizin, doğru mübarizə şəklimizin, sarsılmaz əqidəmizin təşəkkülündə əsas rol oynayır. Bu əhəmiyyətinə görədir ki, Allah Təala Qurani-Kərimdəki ilk vəhyi "oxu" əmri ilə başlamışdır. Rasulullaha (sallallahu aleyhi və səlləm) ilk nazil olan ayələr buna dəlalət edir:

''1. (Ya Peyğəmbər! Qur’ani-Kərimi bütün məxluqatı) yoxdan yaradan Rəbbinin adı ilə (bismillah deyərək) oxu! 2. O, insanı laxtalanmış qandan yaratdı. 3. (Ya Peyğəmbər!) Oxu! Sənin Rəbbin ən böyük kərəm sahibidir! 4. O Rəbbin ki, qələmlə (yazmağı) öyrətdi. 5. (O Rəbbin ki) insana bilmədiklərini öyrətdi." (Alaq 96/1-5)

Ayələrdən göründüyü kimi rəbbimiz tövhidin pozulmasının, insanlar arasında zina və faiz kimi bir çox pisliklərin yayılmış olduğu bir şəraitdə "oxu" əmri ilə insanları haramları halaldan, pisi yaxşıdan ayırmağa çağırmışdır. Allahın adı ilə oxumaq və oxuyaraq yaradılışımızın fərqinə varmaq, varlığımızı dərk edərək üzərimizdə olan haqq sahiblərinə haqqlarını vermək mühüm məsələlərdən biridir. Məhz bu baxımdan, bəs dinimizdə elm dedikdə nə nəzərdə tutulur? Elmlər dini və dünyəvi olaraq bölünməlidir mi? Bu gün müsəlmanlar hansı elmləri öyrənməlidirlər? və bu kimi suallara Allahın izni ilə cavab verməyə çalışacağıq...

İslam aləminin qızıl əsrlərinə baxdıqda alimlərimizin mühəddis, müfəssir, filosof olması ilə yanaşı həm də təbabət, riyaziyyat, astronomiya və digər elmləri də öyrəndiklərini görürük. Bu belə bir nəticəyə gəlməyə imkan verir ki, əvvəlki dövrlərdə alimlərimiz dini və dünyəvi elm deyə elmləri ayırmazdılar. Yəni elmləri Allahın adı ilə və Allah rizası üçün öyrənərdilər. Əsl olan öyrənilən elmin hansı yöndə istifadə olunmasıdır. Yəni bir müsəlman öyrəndiyi fəlsəfə ilə Allahın yoxluğunu ortaya qoymağa çalışanlara qarşı mübarizə apararsa, bir astronomiya alimi öyrəndiyini ulduzların kəşfi, kainatdakı möhtəşəmliyi və ya digər möcüzəvi hesablamaları ortaya qoymağa çalışarsa, bir kimyagər yiyələndiyi elmlə maddələrdəki kimyəvi mürəkkəbliyi tanrının da nələrə qadir olduğuna gətirib çıxararsa əlbəttə Allah rizası üçün vaxtını və elmini sərf edər. Dini və dünyəvi elm ayrılması isə planlı şəkildə dini dövlətdən ayırmağı, müsəlmanları isə yalnız məscidlərə və mədrəsələrə bağlamaqdan başqa bir şeyi güdmürdü. Çox heyf bu məqsədi güdənlər də məqsədlərinə nail oldular!!! Bu gün İslam dünyası verən əl deyil, alan əl funksiyasındadır. Rasulullahın (sallallahu aleyhi və səlləm) da buyurduğu kimi "Verən əl alan əldən üstündür" hədisi dilənçiyə verilən pul misalı olmaqla bərabər, bu gün istehsal edən ölkələrin, həmin istehsal olunan malları alan ölkələrə verdikləri mallar üçün də uyğundur. Nə qədər ki, müsəlmanlar Avropa, ABŞ-dan, Yaponiyadan, Çindən və digər ölkələrdən müxtəlif məhsulları alaraq hazıra nazir olacaqsa, almaqda asılı olduğumuz kimi, siyasətimizdə də asılı olacağıq. Bu inkişafı əldə etmək üçün isə Allahın əmrlərinə tam təslimiyyətlə boyun əyərək, onun ayələrini və peyğəmbərimizin hədislərini doğru anlayıb, hər bir sahədə tətbiq etmək lazımdır!!! Böyük İslam alimi İma Qəzzali (rahiməhullah) öz dövründə müsəlmanların fiqhi öyrənməsini qadağan etmişdir. Xüsusilə qadınlara təbabəti öyrənməyi təşviq etmişdir. Alimin belə bir təşviqi fiqhin ehtiyac olmayan elm olmasına görə deyil, müsəlmanların ancaq buna meyl etməsindən və müsəlman qadınların yəhudi həkimlərin yanında müalicə almasından qaynaqlanırdı! Eyni hadisə günümüzə də daşınmalıdır. Çünki hamımızın hər bir sahəni mükəmməl bilməyə ehtiyacmız yoxdur, ehtiyac öz sahəmizdə mahir olub, o məharəti həyatda tətbiq etməyimizlə əlaqəlidir...

Peyğəmbərimizdən də elmin və alimin dəyəri barəsində bir çox hədislər rəvayət olunmuşdur. Bunlardan biri "Kim elm tələbi ilə evdən çıxarsa o, evinə qayıdana kimi Allah yolundadır " (Tirmizi, Elm) hədisidir. Hədisdən göründüyü kimi elm tələbəsi elm yolunda Allah üçün axtarışlar edərsə, o axtarışı səbəbi ilə Allah yolundadır. Bəzi müasir İslam alimləri "Əshabı Suffanı" İslam tarixində ilk universitetə bənzədir. İlk təhsil ocağı kimi peyğəmbərimiz buradakı əshabələri döyüşlərə aparmaz, elm tələbəsi kimi yetişdirərək qövmlərə dəvət, insanlara İslamı öyrətmək üçün göndərərdi. Bundan əlavə Rasulullah (sallallahu aleyhi və səlləm) kadr məsələlərinə da xüsusi yer ayıraraq yetişmiş kadrları yaşlarına görə deyil bilik və iş bacarıqlarına görə qiymətləndirər və yönləndirərdi. Bir sözlə Allah Təalanın əmrinə uyğun olaraq əmanəti sahibinə verərdi:

"Allah sizə əmanətləri öz sahiblərinə qaytarmanızı və insanlar arasında hökm etdiyiniz zaman ədalətlə hökm etmənizi əmr edir. Həqiqətən, Allahın bununla (belə bir tapşırıqla) sizə verdiyi öyüd necə də gözəldir! Əlbəttə, Allah (hər şeyi) eşidəndir, görəndir! " (Nisa 4 / 58)

İslamda elmin təriflərindən biri də belədir: "Elm yaşanarsa elmdir, əgər yaşanmazsa sadəcə yük kimidir!". Bu təsnif elmin də üzərimizdə haqqının olduğunu ortaya qoyur. Allah Təala Qurani Kərimdə buyurduğu kimi:"Tövrata əməl etməyə mükəlləf olduqdan sonra ona əməl etməyənlər (Tövrata yükləndikdən sonra onu daşımayanlar, Tövrata iman gətirdikdən, onu oxuyub öyrəndikdən sonra hökmlərini lazımınca yerinə yetirməyənlər) belində çoxlu kitab daşıyan (lakin onların içində nə yazıldığını bilməyən, onlardan faydalanmağı bacarmayan) ulağa bənzərlər. Allahın ayələrini yalan sayanlar barədə çəkilən məsəl necə də pisdir! Allah zalım (kafir) qövmü doğru yola yönəltməz!" (Cuma 62/5)

Bir çox ayəni tarixə bağlayıb, həmin insanlara aid olduğunu iddia edib, onların yalnız yəhudiləri ehtiva etdiyini iddia etməyək. Doğrudur yəhudilər Tövrat göndərildikdən sonra ona əməl etmədiklərinə görə "kitab yüklü ulaq" adlandırılır, amma, biz də Qurani-Kərim göndərildikdən sonra ona əməl etməsək nəyə bənzədiləcəyimizin fərqinə varmalıyıq! Bu mənada elm də əgər oxunaraq, öyrənilərək həyata keçirilmədən qalarsa, yükdən başqa bir şey olmaz və yük sahibinə xeyir vermədiyi kimi heç kəsə də xeyir verməz...Necə ki, xüsusilə də böyüklərimiz arasında yayılan "dediyimi et, etdiyimi etmə" anlayışına çevrilər.

Elm alimlərin ölümü ilə ortadan qalxar. Rasulullah (sallallahu aleyhi və səlləm) hədislərin birində belə buyurur "Allah Təala elmi insanların hafizələrindən silib unutdurmaq yolu ilə deyil, ancaq alimləri öldürüb ortadan qaldırmaq sürəti ilə alar. Nəticədə ortada heç bir alim qalmaz və insanlar bir qisim cahilləri özlərinə lider seçərlər. Onlara bəzi məsələlər soruşular, onlar da bilmədikləri halda fətva verərlər .Nəticədə həm özləri azar, həm də insanları azdırarlar." (Buxari Elm 34, Muslim Elm) Hədisdən gördüyümüz kimi Rasulullah (sallallahu aleyhi və səlləm) alimin dəyərini belə ifadə edərək, alimsiz dövrün gələcəyini və bu vaxt insanların elmsiz alimlərin idarəçiliyə gətiriləcəyindən 14 əsr bundan əvvəl danışmışdır. Bu gün də başımıza gələn bir çox faciə, müsibətlərin bundan qaynaqlandığının fərqinə varmaq məncə çətin deyil!!! Bundan başqa xüsusilə xalqımız arasında məşhur olan bir hədis üzərində durmaq istərdim:

"Bir saat elm oxumaq, 60 il ibadətdən üstündür" hədisindən danışsaq, bunu iki şəkildə izah etmək olar! Bir tərəf hədisin bir saat elmin 60 il ibadətdən üstün olduğunu iddia edərək ibadəti tərk edir və "ancaq oxumaq lazımdır " çünki elm ibadətdən üstündür iddiasını ortaya atır. Əslində isə hədisdə keçən 60 il ibadət nafilə ibadət barəsindədir. Yəni fərz namaz, oruc, zəkat və digər ibadətlərin yerini heç bir şey verə bilməz!!! Burada nəzərdə tutulan Allah yolunda elmə sərf olunan vaxtın sünnət olan və nafilə ibadətlərə sərf olunacaq vaxtdan nə qədər fəzilətli olduğunu bildirməkdir. Digər tərəf isə bu hədisin əsilsiz olduğunu iddia edərək boş şeydir və ya o bir saat elm ancaq Quran və hədisləri oxumaqdan ibarətdir düşüncəsini ortaya qoyur. Doğrudur İslam dünyasını ilk yüksəldən Qurani-kərim və Peyğəməbərimizin pak sünnəsi olduğu kimi son yüksəldən də bu iki əmanət olacaq inşallah. Amma unutmayaq ki, Qurani Kərim və hədis kitabları bir siyasət, informatika, kimya, fizika, müasir texnologiyaları əhatə edən kitablar deyil insanları hidayətə, doğru yola götürən və insanlara sağlam düşüncəni aşılayaraq sağlam mübarizəni, gözəl əxlaqı, pak əqidəni öyrədən kitablardır, mənəvi dəyərlərdir... Əslində bir saat elm Allah rizası üçün sərf edilərək öyrənilən və yaşanan hər bir elm ola bilər. Ölülərimizə bağışladığımız, tərcüməsini başa düşmədiyimiz, mənasının fərqinə varmadığımız və bu şəkildə həyata tətbiq etmədiyimiz bir saatlıq Quran oxunuşu, üzərində düşünmədən və təfəkkür etmədən oxuduğumuz peyğəmbər kəlamları o bir saatı dərk edərək Allahın razılığını qazanacaq, ümmətə və müsəlmanlara xeyir verəcək bir kimyəvi, bioloji, fiziki kəşfə sərf olunacaq vaxtdan hər halda üstün ola bilməz. Yenə də ən doğrusunu Allah bilir...

Elmdən danışarkən elm əhlinin də vəsflərindən danışmalıyıq. Elm əhli "ağac bar verərkən başını aşağı əydiyi kimi" elmləndikcə də başını aşağı əyərək, daha təvazökar olmalı, təkəbbürə varmalı deyil. Çünki böyüklük, təkəbbür yalnız Allaha yaraşar. Çünki onun əbədi və əzəli elmi və mülkü hər şeyi əhatə etmişdir. Bizim elmimiz isə məhdud olub ən qısa müddətdə baş verənləri əhatə edir. Gələcəyə bağlı düşüncə və qərarlarımız isə zənnlərdən başqa bir şey deyil. Bu mənada dinimizdə məzhəb alimlərinin dilindən onların təvazökarlığına dair misallara baxaq. Böyük islam alimi İmam Əbu Hənifə (rahiməhullah) belə buyurmuşdur:

"Bu Numan İbn Sabitin (Əbu Hənifənin) rəyidir. Çıxara bildiyimiz rəylərin ən gözəli budur. Kim bundan daha gözəlini irəli sürərsə doğruya daha yaxın olan odur". Alimin sözündən də görünür ki, onun məzhəb davası, fikir təəssübkeşliyi və ya insanları ancaq mən dediyim doğrudur deyə çağırışı yoxdur!!!

Məşhur İslam alimi İmam Şafiinin (rahiməhullah) həyatda ən çox istifadə etdiyi söz "bilmirəm" sözü idi. Onun bilmirəm sözü isə bilməməzliyindən deyil, suallara verəcəyi cavabdan daşıyacağı məsuliyyətdən qaynaqlanırdı. Haqqında 40 nəfər elm əhli razılıq verəndən sonra insanlara şəri məsələlərdə fətvalar vermişdir.
Yenə tanınmış İslam alimlərindən olan İmam Cəfər əs-Sadiq (rahiməhullah) "Düşünmədən əməl edən insan xırman ulağına bənzər" deyir. İmam Cəfərin sözündən də aydın olur ki, o, özü də kor-koranə təqlidə, dindəki təəssübkeşliyə qarşı çıxır. Düşünmədən əməl edən insanı isə xırmanda fırlanan və düşünməyə belə vaxtı olmayan ulağa bənzədir!

İslamın yetişdirdiyi ən böyük şəxsiyyətlərdən biri olan İmam Malik isə "Mən bir bəşərəm. Bəzən xəta, bəzən də doğru qərar verərəm. Bu səbəblə mənim rəy və ictihadımı tədqiq edin. Kitab və sünnəyə uyğun görsəniz qəbul edin, uyğun olmazsa rədd edin".
İslamla şərəflənmiş alimin öz fikirlərinə verdiyi dəyər bu şəkildə olmalıdır. Çünki elm əhli elmin haqqını verərək, hər zaman rəbbi qarşısında aciz olduğunu bilməlidir. Bu acizlik onu qürurlanmamağa, təkəbbürə varmamağa sövq etməlidir!

Gətirilən misallardan çıxaracağımız nəticə məzhəb alimlərinin etmədiyi məzhəb davasını etməmək, bizə qoyulan mirasa sahib çıxmaq, 5-10 kitab oxuduqdan sonra təkəbbürə vararaq böyük alimlərə, səhabələrə, tanınmış şəxsiyyətlərə dil uzadıb lənət etməmək, onları təhqir etməməkdir və elmimiz artdıqca qürurlanmamaqdır...


Sənan ƏZİMOV-İlahiyyatçı / AZERISLAM.COM

Diqqət! Materiallardan istifadə etdikdə AZERİSLAM.com - a istinad vacibdir.
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]04:32
GÜNƏŞ06:26
ZÖHR [ 4 rükət ]13:47
ƏSR [ 4 rükət ]17:44
MƏĞRİB [ 3 rükət ]21:07
İŞA [ 4 rükət ]22:55
GECƏYARI00:49
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka