Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

Təmizliyin Əhəmiyyəti - 1

[ Sünnə / 6598 dəfə baxılıb ]   
|
 
Allah pak olanları (özlərini cismən təmizləyənləri,
mənəvi qüsurlardan, çirkinliklərdən qorumağa çalışanları) sevər!
(Qurani-Kərim, Tövbə, 9/108)


Təmizlik (pak olmaq) imanın yarısıdır.
Muhamməd Peyğəmbər (sallallahu aleyhi və səlləm)
(Müslim, Təmizlənmə kitabı 534).

İslam dininin çox önəm verdiyi məsələlərdən biri də təmizlik, insanın maddi və mənəvi paklığı məsələsidir. Bu əhəmiyyətinə görədir ki, təmizlik günümüzdə ən aktual məsələlərdən biridir. İnsanların təmizliyə son dərəcə riayət etməməsi bir çox epidemik xəstəliklərə və problemlərə yol açır.

Bədənin və ruhun maddi və mənəvi kirlərdən təmizlənməsini və yaradılışdakı paklığın qorunmasını ifadə edən təmizlik, Uca Yaradanın qoyduğu qanunların, nizamın və fitri prinsiplərin başında gəlir. Təmizlik İslam dinində daha çox “təharət” sözü ilə ifadə edilir. “Təharət” lüğətdə “pislikləri tərk etmə” və “onlardan uzaq durma”, dini terminologiyada isə namaza mane olan hadəs və nəcasətdən təmizlənmə, günah və haramlardan uzaq olma, əxlaqi təmizlik və iffət deməkdir. İslam insanı Allahın min bir adının təcəlli etdiyi ayna, Onun yer üzərindəki xəlifəsi, məxluqatın ən şərəflisi olaraq təsvir edir. Bəşəriyyətin hələ təmizliyin tam olaraq nə olduğunu bilmədiyi bir dövrdə İslam dininin maddi və mənəvi təmizlik üzərində qurulan inanc sistemi, insanlığın əsrlərlə nail ola bilmədiyi təmizlik üfüqlərini işıqlandırmış və buna da davam edir. Bu baxımdan İslam dininin təmizliyə verdiyi əhəmiyyətə heç bir din və mədəniyyətdə rast gəlmək mümkün deyil.

İnancımızda təmizlik dinin təməli, imanın yarısı qəbul edilir. Qurani-Kərimin bir çox ayəsində, Rəsulullahın (sallallahu aleyhi və səlləm) hədislərində və örnək həyatında təmizliyin önəmi və lazımlılığı üzərində israrla durulmuşdur. Allah Təalə Quranda buyurur: “Şübhəsiz yaxşı təmizlənən və Rəbbinin adını zikr edib namaz qılan umduğuna nail olmuşdur” (Əla, 87/13, 14), başqa bir ayədə isə: “Allah (günahından) tövbə edənləri, (təmiz və) pak olanları sevər! (əl-Bəqərə, 2/222)” buyurur. Peyğəmbərimiz də bu xüsusda belə demişdir: “Allah təmizdir, təmizlənənləri sevər (Tirmizi, Ədəb: 41)”, “Namazın açarı təmizlikdir (Əhməd İbn Hənbəl, III, 340: Tirmizi, Təmizlik 3)”. Bu və bənzəri ayə və hədislər təmizliksiz dini həyatın, dindarlığın mümkün olmayacağını möminlərin vicdanına yerləşdirməyə çalışmışdır.

İslam alimləri insanın daxili və xarici aləmini nəzərə alaraq təmizliyi 4 dərəcəyə bölmüşdür:

Birinci dərəcə: Dəstəmaz, qüsl, geyim və namaz qılınacaq yerin təmizliyi ilə yanaşı, bədəndə dırnaq və bədən tükləri kimi artıqların aradan qaldırılmasını ehtiva edən xarici nəcasət və kirdən təmizlənməsidir.

İkinci dərəcə: Bədən üzvlərinin yalan, qeybət, haram yemək, əmanətə xəyanət, zina və buna bənzər günahlardan təmizlənməsidir. Bu hər möminin əhəmiyyət verməsi vacib olan mənəvi təmizlənmədir.

Üçüncü dərəcə: Qəlbin qısqanclıq, riya, təkəbbür, hərislik, düşmənçilik və buna bənzər xəstəliklərin aradan qaldırılmasını ehtiva edən çirkabdan təmizlənməsidir. Bu çirkin xislətlər təmizlənincə onun yerini təvazökarlıq, qənaət, tövbə, səbir, qorxu, ümid və buna bənzər gözəlliklər tutar.

Dördüncü dərəcə: Qəlbin Allahdan qeyri hər şeydən təmizlənməsini ehtiva edən sirrin masəvadan (Allahdan başqa hər şey) pak olmasıdır.Qəlbi masəvadan təmizləmək imanın yarısıdır. Belə bir maddi və mənəvi təmizliklə Allahın hüzuruna çıxan möminin namazı onun meracıdır və bu merac onu hər cür günahdan, haram və məkruh şeylərdən uzaqlaşdırır, insanın əhatəsində mənəvi bir zireh meydana gətirir və imanını zərərlərdən qoruyur.

Təmizliyin növləri
Təmizlik maddi təmizlik, hökmi kirlilikdən təmizlik və mənəvi təmizlik olaraq üç bölümdə qruplaşdırılır.

Maddi təmizlik: Bədən, geyim, qida və ətraf mühit təmizliyini ehtiva edən gözlə görünən çirkab və pisliklərdən təmizlənmədir. Bu “nəcasətdən təharət” adlandırılır.

Mənəvi təmizlik: Müsəlmanın niyyətinin, qəlbinin, düşüncəsinin, ağlının, dilinin ,münasibətlərinin, qazancının, nəslinin və ən əsası da inancının təmizliyini ehtiva edən təmizlikdir. Günahlar qəlbə bulaşan mənəvi kirlərdir və təmizlənməlidir. Riya, yalan, qeybət kimi neçə-neçə çirkab var ki, bunlar müsəlmanın əxlaqını və niyyətini kirlədirlər. Bunlardan ixlas və gözəl əxlaqla təmizlənmək lazımdır.

Hökmü kirlilikdən təmizlik: Dəstəmazsızlıq halından təmizlənməkdir. “Hadəsdən təharət” adlandırılır. Qüsl, dəstəmaz və bu ikisi mümkün olmasa, təyəmmüm hadəsdən təmizlənmə yollarıdır.

Maddi təmizlik
Bədən təmizliyi: bədənimizə aid bəzi qisimlərin təmizlik və baxımı ilə yanaşı paltar, corab və ayaqqabıların təmizliyini də əhatə edir. Həzrət Peyğəmbər (aleyhissalam) heç olmasa həftədə bir dəfə bədənin tamamilə yuyulmasını və hər cür kir, qoxudan təmizlənməsini tövsiyə etmiş və: “Hər müsəlmanın üzərində, yeddi gündə bir yuyunmaq Allahın haqqıdır”-(Buxari, 896, 897: Müslim 2000) buyurmuşdur.

Əl və üz təmizliyi: Çirkli səthlərə sürtünən və toxunan əllərin yuyulmadıqları müddətdə bir mikrob yuvasına çevriləcəyini hamı bilməlidir. Yeməkdən əvvəl və sonra, oyandıqdan sonra, yemək hazırlayarkən, heyvanlara toxunduqdan sonra, körpə qulluğundan əvvəl və sonra, diş, ağız və göz təmizliyi etmədən əvvəl, çirkli, tozlu bir işi bitirdikdən sonra, çöldən evə və işə gəldikdən sonra əllər yuyulmalıdır. Hər gün dəfələrlə alınan dəstəmazla yanaşı əllərimizi davamlı təmiz saxlayan, ayaqyolundan çıxanda əlləri yumağı fərz edən İslam dinində əl təmizliyinə böyük əhəmiyyət verilmişdir. Peyğəmbərimizin (aleyhissalam) mövzu ilə əlaqəli bəyanlarından bir neçəsi;
“Əllərində ət və yağ qoxusu olduğu halda yatan bir kimsə, xəstəliyə mübtəla və heyvanlar və həşəratdan bir zərərə düçar olarsa, özündən başqasını qınamasın.”
(Tirmizi, Yemək kitabı 53/1859-cu hədis: əl-Beyhaqi, Şuabul-İman, 5/2018)

“Yeməyin bərəkəti yeməkdən əvvəl və sonra əlləri yumaqdır.”
(Tirmizi, Təharət 24: Əbu Davud 3761: Əhməd İbn Hənbəl, 5/441)

“Yuxadan oyandığınız vaxt əllərinizi üç dəfə yumadıqca başqa bir qabın içinə salmayın. Çünki əllərinizin haralarda gecələmiş olduğunu bilə bilməzsiniz.”
(Tirmizi, Təharət 24, Əbu Davud, Təharət 104, 105: Nəsai, Təharət 162)

Sağ və sol əllərin istifadə qaydası: Rəsuli-Əkrəmin pak sünnəsinin təmizlik xüsusundakı həssasiyyətinin bir başqa təzahürü sağ və sol əllərin edəcəyi işlərdə özünü göstərir. Beləki, ayaqqabı, paltar geyinmə, saç darama, təmizlik vs. bütün işlərdə “sağdan başlamağı”bir prinsip olaraq görən Rəsulullah (sallallahu aleyhin və səlləm) pisliklərin təmizlənməsi, zərurət halında təmiz olmayan bir şeyə toxunma kimi kirlədici işlərin daima sol əllə edilməsini, yeməyə başlamaq, qidaya toxunmaq kimi təmiz olması lazım olan işlərin daima sağ əllə edilməsini əmr etməkdədir.

Ağız, dil və diş təmizliyi: Rəsulullah (sallallahu aleyhin və səlləm) ağız və diş sağlamlığı mövzusundakı həssaslığı diqqət çəkicidir. Peyğəmbərimiz (aleyhissalam) fərz və nafilə namazları nəzərə alınarsa, gündə beş-on dəfə misvakdan istifadə etməyi tövsiyə etmişdir. Misvak Allah Rəsulunun (sallallahu aleyhin və səlləm) istifadə etdiyi, xoş qoxulu və əraq adlı meyvəsiz bir ağacın budaqlarından kəsilib edilən bir növ diş fırçasıdır. Peyğəmbərimiz (aleyhissalam) fərz namazlardan başqa, zuha (quşluq) namazı qılar və hər namazdan əvvəl dəstəmaz alarkən, mütləq misvakdan istifadə edərdi. Bundan başqa ağız təmizliyini yalnız maddi təmizlik olaraq düşünməmək lazımdır. Bir mömin ağzının, dilinin, dişlərinin maddi təmizliyi qədər bu əzalarının mənəvi təmizliyinə də əhəmiyyət verməlidir. Dilimizdən yalan, küfr, pis söz, dedi-qodu, böhtan kimi günah gətirən sözlərin çıxmaması, bunların yerinə zikr, təsbeh, təkbir kimi mübarək və gözəl sözlərin deyilməsi, boğazımızdan aşağıya haram loxmanın keçməməsi, ağzımızın maddi təmizliyindən əhəmiyyətlidir və hər müsəlmanda bunlar vəhdət təşkil etməlidir.

Göz, burun və qulaq təmizliyi: Gözlərin yuyulması göz damarlarına gümrahlıq verir, göz iltihabına meyli azaldır, göz kənarlarında yığılan çirkləri təmizləyir, gözə qədər yayılmış mikrobları uzaqlaşdırır, görmə itiliyini artırır. Burun içini təmizləmə, havanın ağ ciyərlərə daha təmiz daxil olmasına müsbət təsir göstərir. Əlavə olaraq nəfəs almağı asanlaşdırır, sinusidlərin açılaraq rahat boşalmasını təmin edir. Hava isidici sistemin daha nizamlı və təsirli işinə kömək edir. Qulaq çömçəsinin təmizliyində də bənzər mülahizələrdən bəhs edilə bilər.
Lakin İbn Sabirə (r.a.) Rəsulullaha (sallallahu aleyhin və səlləm):
“Ey Allahın Rəsulu, mənə dəstəmazı başa sal” dedikdə, Peyğəmbər (aleyhissalam): “Dəstəmazı tam al, barmaqlarının arasını ovxala, oruclu deyilsənsə, burnuna suyu yaxşıca çək”, buyurmuş və yuxudan oyanınca buruna üç dəfə su alınıb fınxırılmasını tövsiyə etmişdir.(Əbu Davud,Təharət 55)
Qulaq təmizliyində qulaq arxasının təmizliyi unudulmamalıdır. Qulaq içinə hər hansı bir cisim soxulmamalıdır.

Ayaq təmizliyi: Ayaqlar hər gün corab və ayaqqabı içində tərlədiyi üçün, təmizlik qaydalarının tətbiq olunması əhəmiyyət daşıyır. Ayaqlar müntəzəm olaraq yuyulmalıdır.Ayaq dırnaqları vaxtaşırı kəsilməlidir.

Dırnaq təmizliyi: Əl dırnaqları vaxtaşırı qısa və dairəvi şəkildə kəsilməlidir. Ancaq dırnaq batmasının qarşısını almaq üçün ayaq dırnaqlarının düz kəsilməsi tövsiyə olunur.

Saç, saqqal, bığ təmizliyi: Bəzi infeksiya daşıyıcıları və parazitlər, çirkli saçlara, saç dərisinə asan yerləşdiyi üçün saçların təmizliyi sağlamlığa təsir edir. Rəsulullah (sallallahu aleyhin və səlləm): “Kimin saçı varsa, ona qulluq etsin!” (Əbu Davud, 4163) buyurur. Müsəlman kişilərin saqqal saxlamaları Peyğəmbərimizin sünnələrindən biridir. Sünnəyə uyğun olan saqqalın uzunluğunun bir tutam olması, ondan artıq hissəsinin isə kəsilməsidir. Rəsulullah (sallallahu aleyhin və səlləm) sahabələrinə, bığların dodaq üzərinə sallanan uc hissələrinin qısaldılmasını tövsiyə etmişdir.

Qoltuq altı və ədəb yerlərindəki tüklərin təmizliyi: Qoltuq altındakı və ədəb yerlərindəki tüklü dəridə tər vəziləri nisbətən daha çoxdur. Qoltuq altındakı və ədəb yerlərindəki tüklərin 10-15 gündə bir dəfə çox uzanmalarına imkan vermədən təmizlənməsi lazımdır. Bu bütün peyğəmbərlərin şəriətlərində mövcud olan bir təmizlikdir.

Rəsulullah (sallallahu aleyhin və səlləm) buyurmuşdur ki, “On şey fitrətdəndir: bığın kəsilməsi, saqqalın uzadılması, misvak istifadə etmək, buruna su çəkib təmizləmək, ağzı su ilə yaxalamaq, dırnaqları kəsmək, barmaq oynaqlarını yumaq, qoltuq altı tüklərini kəsmək, aşağı nahiyələri təraş etmək və su ilə təharətlənmək.” (Müslim 261, Əbu Davud 53: Tirmizi, 2757)


Yazının 2-ci hissəsi

Pəri ƏLƏSKƏROVA, İlahiyyatcı/Azerislam.com
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]05:56
GÜNƏŞ07:29
ZÖHR [ 4 rükət ]12:26
ƏSR [ 4 rükət ]15:01
MƏĞRİB [ 3 rükət ]17:22
İŞA [ 4 rükət ]18:51
GECƏYARI23:39
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka