Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

İSRA VƏ MERAC HADİSƏLƏRİ

[ Islam tarixi / 5978 dəfə baxılıb ]   
|
 
“İslam tarixinin, xüsusi ilə siyərin* ən mübahisəli mövzusu hansıdır?” şəklində bir sual versək heç tərəddüd etmədən İsra və Merac hadisələridir deyə bilərik. Bu barədə olan məşhur mübahisələrlə yanaşı bir-birinə zidd olan fərqli rəvayətlərin olması da buna dəlildir. Biz burada bu rəvayətlərə yer vermək niyyətində deyilik. Lakin bununla yanaşı bu iki hadisəni də ayrı-ayrılıqda araşdırmaq istəyirik. Çünki bunlar ikisi fərqli hadisələrdir. Öncəliklə Quranda keçən İsra hadisəsinin nə olduğunu, Məscidi Aqsa məsələsini, daha sonra İsra hadisəsini əlimizdəki dəlillərdən çıxış edərək izah edib qənaətimizi söyləmək istəyirik. Bundan sonra Merac hadisəsini rəvayətlərdən çıxış edərək dəyərləndirmək niyyətindəyik.

İsra hadisəsinin zamanı və Meracla bağlılığı
İsra və Merac hadisəsi anladılarkən ilk olaraq gətirilən dəlil İsra surəsinin birinci ayəsidir: “Bəzi ayələrimizi göstərmək üçün qulunu bir gecə Məscidi Haramdan ətrafını mübarək qıldığımız Məscidi Aqsaya aparan Allahın şanı ucadır. O, doğurdan da eşidəndir, görəndir!”
Bu ayənin izahında Muhəmmədin [sas] bir gecə Məkkədən Qüdsə, oradan da göylərə aparıldığı söylənilir. Yəni Muhəmmədin [sas] Məkkədən Qüdsə getməsinə İsra, oradan göylərə çıxmasına isə Merac deyilir. İsra və Merac hadisəsinin bir-birindən ayıraraq birinin Quranda bəhs edilən dünyadakı Məkkə - Qüds yolçuluğu olduğu, digərinin isə Qüdsdən göylərə olan yolçuluq olub hədislərdə anladıldığı söylənilmişdir. Başqa sözlə desək İsranı inkar etmək küfr olduğu halda Meracı inkar etmək küfr hesab edilməmişdir. Hamidullah da, “Quranın sadəcə İsradan bəhs edib, Meracdan bəhs etməməsi məntiqli deyil” deyir.

İsra, “gecə yürüyüşü” deməkdir. Adından da bəlli olduğu kimi yürüyüşdür, “uçurma” deyil. Hadisənin zamanı da olduqca ixtilaflıdır. Ravilərin çoxu hadisənin Məkkə dönəmində olduğunu söyləsə də, bəziləri vəhyin ilk illərində, bəziləri də 5-ci və ya 10-cu ildə Əbu Talibin ölümündən sonra olduğundan bəhs edirlər. Bəlazuri, hadisənin hicrətdən bir il əvvəl olduğunu**, bəziləri də bir neçə dəfə təkrarlandığını söyləyirlər***. Bu barədə gələn rəvayətlər o qədər fərqlidir ki, hətta Buxari Merac hadisəsinin risalətdən öncə olduğunu söyləyir. [Buxari, Mənaqib, 24; Tövhid, 38]
İsra və Merac hadisələrinin eyni gecədə, yoxsa fərqli gecələrdə olduğuna dair ixtilaflar var. İlk siyər tarixçilərimizdən olan Musa b. Ukbə İsra hadisəsindən sadəcə bir kəlmə, - hadisənin hicrətdən öncə olduğunu, - söyləyir, lakin Merac hadisəsindən heç söhbət açmır. [bax: Məğazi əsəri]
Buxari, Merac hadisəsini danışdığı hədisdə İsraya və o gecə Qüdsə gedildiyinə dair heç bir məlumat verməməklə yanaşı, İsra hadisəsinin başqa bir hadisə olduğunu qəbul edərək bu barədə başqa “bab”da söhbət açır və Hz. Peyğəmbərin Qüdsə getməsindən [Şibli, II, 433-434], oradakı namazdan və Məscidi Aqsadan bəhs etmir [Buxari, Bədil – Halq, 6]. Bir çox tarixçılərimiz də bu hadisədən ayrı – ayrılıqda bəhs edirlər. Bizcə ilk öncə İsra hadisəsini araşdırmaq lazımdır ki, bu da Rəsulullahın gecə vaxtı Məscidi – Aqsaya getməsidir.

Məscidi Aqsa
Günümüzdə Məscidi-Aqsa deyildiyi zaman Qüdsdəki müsəlmanların ilk qibləsi olan məscid ağla gəlir. Müsəlmanlar ilk qiblələri olduğu üçün təbii və haqlı olaraq Qüdsə hörmət edirlər. Bəqərə surəsindən də öyrəndiyimizə görə bura ilk qibləmizdir və haqqında ayə olmayan mövzularda Əhli-Kitaba tabe olunduğundan müsəlmanlar qiblə olaraq Qüdsə yönəlmişlər.
Quranın İsra surəsində Rəsulullahın bir gecə Məscidi Haramdan Məscidi Aqsaya aparılmasından bəhs edilir. Məscidi Haramın Məkkədəki Kəbə olduğu ayələrlə sabit olduğundan onun haradan yola çıxdığı məlum olur. Lakin aparıldığı yer barəsində bəzi problemlər mövcuddur. Aparıldığı yer Qüdsdə idimi?

Quranda Məscidi Aqsa haqqında sadəcə bir ayə var. Alimlər bu ifadəni Qüdsdəki məscid olaraq izah etsələr də əldə heç bir dəlil yoxdur. Bundan başqa Məscidi Aqsa üçün “Ən uzaq məscid” ifadəsi işlədildiyini nəzərə alsaq və eləcə də Rum surəsindəki bir ayədə Qüdsdən bəhs edildiyi halda “yaxın yer” ifadəsinin işlədilməsinin üzərində düşünülməlidir: “Rumlar ən yaxın yerdə məğlub oldular [Rum, 2]. Nəticə olaraq Qurandan Məscidi Aqsanın yeri barəsində dəqiq bir məlumat öyrənə bilmirik.

Yəhudilərin Məscidi Ulya dedikləri yerə Ərəblər Beytul-Maqdis deyirdilər. Ərəb şerində də bu şəkildə istifadə olunurdu. Hədislərə baxıldığı zaman da bu barədə dəqiq bir ifadə yoxdur. Hz. Peyğəmbərdən gələn hədislərdə Qüdsdəki məscid Məscidi Aqsa olaraq deyil, Beytul Maqdis olaraq istifadə olunub. Hətta merac hədislərində belə ora Məscidi Aqsa deyil, Məscidi Maqdis olaraq anılmışdır. [İbn İshaq, 463]

Məscidi Aqsa ifadəsinin keçdiyi çox az sayda hədis var ki, bunların da heç biri merac hədisləri deyil. Buxaridə keçən rəvayətlərə baxaq: “Namaz və ibadət üçün heç bir məscidə səfər edilməsi doğru deyil. [Əlavə savab umaraq] Yalnız üç məscidə səfər edilir – Məscidi Haram, Məscidi Rəsul və Məscidi Aqsa [Buxari, Fadus Salah, 1,6]. Buxaridə eyni kitabın iki yerində keçən bu hədisin ikisi də Kazaə b. Haruş adlı ravidən nəql edilmişdir. Bu şəxsin kim olduğunu Buxaridəki ikinci rəvayətin sənədində aydın olur. Sənəddə keçdiyinə görə bu şəxs Əməvilərin məşhur Kufə valisi Ziyad b. Əbihin [və ya Əbu Sufyan da deyilir] köləsidir. Bildiyimiz kimi Ziyad və ailəsi Əməvi tərəfdarı bir ailədir. Belə ki, Ziyad Əməvilər adına Kufə və Basrada önəmli vəzifələri icra edərkən oğlu Ubeydullah Kərbəlada Hz. Hüseynin qətl edilməsini əmr edən Kufə valisi idi. Buxarının rəvayətini nəql etdiyi ravi məhz bu ailənin köləsidir. O kölənin Abdulməlik b. Mərvanın köləsi olduğuna dair başqa məlumatlar da var. Zəhəbi onun “sağlam və güvənilən biri olmadığını” söyləyir. Buxaridəki bu rəvayətin belə bir insandan gəlməsi düşündürücüdür.

Yenə bu rəvayəti nəql edən İbn Şihab əz-Zuhri də Əməvi tərəfdarı bir şəxs olub, yardım üçün Şama getdiyi qaynaqlarımızda nəql edilir. Yaqubi: Əməvi xəlifəsi Abdulməlikin Kəbəni əlində tutan rəqibi Abdullah b. Zübeyr ilə mücadilə etdiyi ərəfələrdə Şam bölgəsinin hacıları üçün Kəbənin yerinə Məscidi Aqsanı təklif etdiyi, hacı yasaqladığını və Şam xalqını Kəbədə təvaf etdikləri kimi Qüdsdə təvaf etməyə məcbur edildiklərini, bunun üzərinə xalqın Abdulməlikə “Allahın fərzi olan hacı niyə yasaqlayırsan?” şəklindəki etirazlarına Abdulməlikin yuxarıda nəql etdiyimiz üç məscid hədisini nəql edərək “Baxın, Qüdüs! Məkkə yerinə bura həcc üçün gələ bilərsiniz!” şəklində cavab verdiyini nəql edirlər. [Yaqubi, II, 178]

Bunlar Abdullah b. Zubeyrə qarşı mücadilə edən Əməvilərin Məkkə və Mədinə kimi iki önəmli şəhəri və bu şəhərlərdəki iki önəmli məscidi əlində tutmasından dolayı İbn Zubeyrə qarşı Qüdsü ön plana çıxarmaq əzmi olub və Beytul Maqdis ifadəsinin Məscidi Aqsaya çevrildiyinin dəlilidir. Buxarı də bab başlığını Beytul Maqdis olaraq qeyd etdiyi halda rəvayətdə Məscidi Aqsa olaraq istifadə etməsi isə başqa bir problemdir.

Hədis qaynaqlarındakı Məscidi Aqsa ifadəsi ilə bağlı rəvayətlərin bir qisminin zəif və içində təzadların olmasından dolayı hamısını burada təhlil etmədik. Sadəcə Buxaridə keçən rəvayətlə yetindik. Bəlkə də bu problemlərdən qaynaqlanaraq İslam rəvayət kültüründə Məscidi Aqsanın dünyada olmadığı, göydə bir məscid olduğu və Hz. Peyğəmbərin də orada peyğəmbərlərlə namaz qıldığı şəklində rəvayətlər də vardır.

Rəsulullah dönəmində burada [Qüdsdə] məscid olmadığı və hicrətdən təxminən yarım əsr sonra burda məscid tikildiyi də tarixi bir faktdır. Mövzunun daha yaxşı anlaşılması üçün səhabə dönəmində bunun necə anlaşıldığına baxmaq lazımdır.
O dövrün Ərəb toplumu Məscidi Aqsa deyilincə nəyi anlayırdı? Sualı cavablanarsa məsələ aydın olacaq. Bir də səhabənin o dövrdəki qənaətlərini və Qüdsü fəth etdikdən sonra Məscidi Aqsa barəsindəki davranışlarını da bilmək lazımdır.

Qüdsün Hz. Ömər dönəmində sülh müqaviləsi ilə təslim edildiyi məlumdur. Bəzi rəvayətlərdə onun şəxsən Qüdsə gedib müqaviləni orada imzaladığı, bəzilərində isə Qüdsə girməyib ona yaxın Cabiyə deyilən ərazidə imzaladığı bildirilir. Onun Qüdsə getdiyini anladan rəvayətlərdə isə ətraflı bir məlumat yoxdur. Qüdsün fəthi və müqavilə barəsində ixtilafların olduğunu söyləyən Yaqubi, xəlifənin şəhəri sülhlə təslim aldığından bəhs etsə də Məscidi Aqsa ilə bağlı heç bir məlumat vermir. Əksinə xəlifənin xalqla imzaladığı əhdnamədə onların kilsələrinə [Məscidi Aqsa deyilən yer o zaman kilsə idi] toxunmayacağını və işğal edilib məscidə çevirməyəcəyini söz verir. Bəlazuri isə, fəth hadisəsindən bəhs etdiyi halda Məscidi Aqsadan heç bəhs etmir. Tabəridə keçən bir rəvayətdə Hz. Ömərin bir yeri təmizləyib orada namaz qıldığından bəhs edilsə də buranın Məscidi Aqsa olduğu haqqında heç nə danışılmır və hətta harada namaz qıldığına dair də dəqiq bir məlumat vermir. Halbuki əgər Quranda belə bir məsciddən bəhs edildisə xəlifə və səhabənin böyük bir arzu ilə oraya getmək istəməsindən də söz edilməli idi. İlk dönəmin tarix kitablarında məlumatlar hamısı bu və buna bənzər şəkildədir və heç bir tarixçimiz Məscidi Aqsanın Qüdsdə olduğuna dair məlumat vermir.
Nəticə olaraq, səhabənin istər fəth, istərsə də fəth sonrası “ilk qibləmiz Məscidi Aqsa buradır” deyərək təzim etdiklərinə, hansısa məscidə xüsusi önəm verdiklərinə və ya Məscidi Aqsanı tapmaq, yerini müəyyənləşdirmək üçün bir tədqiqat apardıqlarına, əzm göstərdiklərinə dair heç bir məlumat qaynaqlarımızda yoxdur. Məsələnin bu tərəfi maraqlıdır. Belə ki, Hz. Ömərin bir kilsəyə getdiyi, namaz vaxtı olunca müsəlmanlar kilsəni məscidə çevirərlər qorxusu ilə oradan çıxıb onun qapısının yanında bir yerdə namaz qıldığı, onların kilsələrinə toxunmadığı və onun namaz qıldığı yerin hələ də məscid olaraq istifadə edildiyi məlumdur. Lakin xəlifənin Məscidi Aqsanı niyə axtarıb tapmağa əzm göstərmədiyini düşünmək gərəkdir. Elə bir yer olsa və Hz. Ömər də bunu bilsə onu mütləq tapardı.
Müsəlmanlar fəth etdikləri bir şəhərdə Quranda bəhs edilən, Hz. Peyğəmbərin Meraca yüksəldiyi və peyğəmbərlərə namaz qıldırdığı Məscidi Aqsanı nə üçün axtarıb tapmadılar? Nədən bu məsciddə namaz qılmaq üçün əzm göstərmədilər? Və ya Abdulməlik dönəminə qədər burada Məscidi Aqsanı niyə bərpa etmədilər?

Səhabənin belə bir işi etməməyinin sadəcə bir səbəbi ola bilər. Şübhəsiz ki, onlar buradakı kilsəni Məscidi Aqsa hesab etmirdilər. Bundan başqa səhabədən Hz. Peyğəmbərin Qüdsə gəldiyinə dair məlumatları rədd etdiyi haqqında bilgilər də mövcuddur [İbn Kəsir, II, 474]. Onlarda belə bir ehtimal olsaydı bu kilsəni əski halına çevirər və məscid edərdilər və ya ən azından imkanı olan gedib oranı ziyatət edərdi.

Qüdsdəki tikilinin Məscidi Aqsa olaraq qəbul edilməsi və belə bir məscidin ortaya çıxması hicrətdən təxminən 50 il sonrakı siyasi mücadilələrin nəticəsidir. O zamana qədər belə bir tikili Qüdsdə mövcud deyildir. Bu tikilinin tarixi haqqında İbn Kəsir böyük bir açıqlama vermişdir və onun rəvayətindən də anlayırıq ki, bu tikilini Abdulməlik böyük bir sərvət xərcləyək tikdirmiş və insanları Kəbədən uzaqlaşdıraraq bura cəlb etməyə çalışmışdır.
Bura qədər anlatdıqlarımızdan çıxardığımız nəticə budur ki, istər Peyğəmbər dönəmində, istərsə də səhabə dönəmində Məscidi Aqsa ifadəsi ilə Qüdsdəki tikili nəzərdə tutulmamışdır. Hz. Peyğəmbər o gün olmayan bu məscidə getməmişdir. Mirac gecəsi bu məscidə gəlib Peyğəmbərlərə namaz qıldırdığı rəvayəti daha sonra Əməvilər tərəfindən uydurulmuşdur. Tarixi sənədlərdən də buranın Məscidi Aqsa olaraq adlandırılması Abdulməlik dövrünə təsadüf etdiyi aydın olur. Yəni Rəsulullahın gecə Qüdsə səfəri daha sonra Əməvilər tərəfindən uydurulmuşdur.
Bütün bunlardan sonra Məscidi Aqsanın əslində harada olduğunu araşdırmaq lazımdır. Quranın onun belə bir yerə getdiyini söylədiyi açıq dəlildir. Onun hara olduğunu aydınlaşdırmaq üçün ilk siyər qaynaqlarımıza baxaq: Məğazinin müəllifi Vakidi [H.207] Hz. Peyğəmbərin Məkkə ətrafındakı Ciranəyə zilkadənin son beş günündə gedib orada on üç gecə qaldıqdan sonra qarşı tərəfdə olan Məscidi Aqsaya gedib orada ihrama girdiyini, onun namazgahının Ciranədəki Məscidi Aqsa olduğunu; Məscidi Ədna [Yaxın Məscid] adını daşıyan məscidi isə qureyişli bir insanın tikdirdiyini, Rəsulullahın Ciranə vadisini ihramsız keçmədiyini nəql edir. [Məğazi, III, 958]

Klassik qaynaqlarımızdan Əhbaru Məkkənin müəllifi Əzraki isə [H. 212] Məkkədəki məscid siyahısını sayarkən belə deyir: “Mücahidlə birlikdə Ciranədə vadinin arxa tərəfində ihrama girmiş olan Muhəmməd ibn Tarık Hz Peyğəmbərin də burada ihrama girdiyini söyləmiş və demişdir ki: “Mən Ciranədə birlikdə ihrama girdiyim Mücahid mənə dedi ki: Məscidi Aqsa vadinin ö biri tərəfində Peyğəmbərin namaz qıldığı yerdir. Bu Məscid Ədna [Yaxın məscid] isə Qureyişli bir adam tərəfindən tikilib” [s. 207]
Bu ifadələrdən aydın olur ki; Hz Peyəmbər və müsəlmanlar Məkkə dönəmində qadağan olduğu illərdə gizlicə ibadət etmək üçün dağ başlarına, vadilərə gedirdilər. Bəzən uzaqlaşıb uzun müddət gəlmirdilər. Bu dövrlərdə dəyişik yerlərdə namaz qılmağı adət halına gətirdikləri məscid yerləri var idi. Qaynaqlarımız bu məscidlərdən bəhs edir. Bu məscidlərdən ən uzaqda olanına da “ən uzaq məscid” Məscidi Aqsa deyildi. Səhabənin uzaqlaşaraq namaz qıldıqları bu məscidlər hicrətdən sonra ehtiyac olmadığı üçün tərk edildi. Məscidi Aqsa da bu şəkildə tərk edilib yalnız təbərrükən ziyarət edildi. Hz. Peyğəmbər Hicrətin 8-ci ilində Məkkə yaxınlarında bu yerdə ihrama girdi. [Bayram, 47]
Nəticə olaraq, Rəsulullahın bir gecə Məkkə yaxınlarındakı Məscidi Aqsa adı verdikləri məscidə getməsi hadisəni möcüzəvi rəvayətlərlə bəziyərək təhrif edildi və bir birindən ayrı olan iki hadisəni, - İsra və Merac, - birləşdirildi. Quranda İsra surəsinin birinci ayəsinin Meracla əlaqəsinin olmadığı kimi, İsra hadisəsinin də maddi bir yürüyüş olub Məkkədə olduğunu düşünürük. Ayədəki ətrafı mübarək qılınan yer də Məkkənin ərazisidir.



ARDI VAR
• Rəsulullahın həyatından bəhs edən tarix
** İbn Kəsr, II, 470
*** Bəlaruzi, I, 295
Qaynaq: Mehmet Azimli Siyeri farklı okumak
Əlif /azerislam.com
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]05:21
GÜNƏŞ06:58
ZÖHR [ 4 rükət ]13:44
ƏSR [ 4 rükət ]17:29
MƏĞRİB [ 3 rükət ]20:27
İŞA [ 4 rükət ]22:00
GECƏYARI00:54
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka