Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

QURAN VƏ BEŞ ƏSAS KƏLMƏ

[ Müqəddəs quran / 9547 dəfə baxılıb ]   
|
 
"Gələr kəm sözlə başa çox bəlalar.
Dəf edər məqbul söz neçə qəzalar."


Quranı öyrənmək və öyrətmək metodunda beş vacib kəlmə ilə qarşılaşırıq:
Rəhmət, Hidayət, Rəbb, Ehsan və Qavlün Leyyinün, yəni yumuşaq, sərt olmayan söz.

Öyrənmək məqsədi ilə bu beş kəlməni araşdırdığımız zaman hər birinin bir məqamda birləşdiyini görürük: gözəllik, mərhəmət və yumuşaqlıqla öyrətmək, razı salmaq, yaxşılıq etmək, gözəl əməl.

Quran yumuşaqlıqla insanları haqqa dəvət edir. Şirin, diqqət çəkici, təşviq edici bir dildən istifadə edir. Əmr və qadağaların, hökmlərin tətbiq olunmasını müxatibindən incə bir üslubla tələb edir. Qəlbə xitab edən kəlmələrdən istifadə edir, təsiredici nümunələr təqdim edir, qəlbləri hərəkətə keçirən nəticələrdən xəbər verir. Müxatiblərini tədricən vəhyin məsləhət bildiyi həyata hazırlamağa çalışır.

Bunu xüsusən bu beş kəlmənin istifadəsində görə bilərik.

1. Rəhmət və Təlim

Quran, Rəhman və Rəhim olan, aləmləri rəhməti ilə nizama salan, onları rəhməti ilə yönləndirən və idarə edən Rəbbimiz tərəfindən göndərilən rəhmət/mərhəmət qaynağı bir kitabdır.

Rəhmət; mərhəmətə layiq olan birinə yaxşılıq (ehsan) etmək mövzusunda üzüntü duymaq və şəfqət göstərməkdir.
Rəhmət; mərhəmət edilənə əfv edib, lütf göstərmək üçün incə bir qəlbə sahib olmaq və ona qarşı duyulan mərhəmət hissidir. (İbni Manzur, Lisanu`l-Ərəb, 6/125)

Rəhmət kəlməsi, bağışlamaq, yazığı gəlmək və yaxşılıq etmək mənalarına gəlir. (Firuzabadi, Kamusu`l-Muhit, s.1111)

Rəhmət kəlməsi; sevgi, eşq, şəfqət, riqqət (incəlik), canı yanmaq, ehsan (yaxşılıq) etmək və nemət vermək kimi mərhəmətlə bağlı bütün ifadələri özündə birləşdirir. Bu mənada Rəbbimizin qulları üzərində ən çox istifadə etdiyi xüsusiyyəti rəhmətidir.

Allahın qəzəblənməsi və ya cəza verməsi bir şərtə bağlı olduğu halda, - yəni insanlar inkar edib, üsyan edərlərsə, - rəhmət sifəti heç bir şərtə bağlı deyil. Allahın rəhməti bütün yaradılmışlar haqqında eynidir. (H.K. İslamın Əsas Kəlmələri, s. 523)

Quranı öyrənmək metodunun əsası rəhmətdir desək yanılmarıq.
Rəhmət sözü Quranda on altı yerdə Quranın adı və sifəti olaraq istifadə olunub. Quran, Allahın qullarına ehsanı, lütfü və neməti olduğu üçün “rəhmət” olaraq isimləndirilib. (Çəlik, M. Quran, Quranı tərif edir, s. 253)

Quran ümumi olaraq bütün insanlara, özəl olaraq isə möminlərə rəhmət mənbəyidir.
"Ey insanlar! Sizə Rəbbinizdən bir öyüd, qəlblərdəkinə bir şəfa, möminlər üçün bir hidayət və rəhmət gəlmişdir." (Yunus, 58)

"Həqiqətən onlara, inananlar üçün yol göstərici və rəhmət olaraq, elm üzrə açıqladığımız bir kitab gətirdik." (Əraf, 52)

"Yaxud "Bizə də bir kitab nazil olsaydı, onlardan daha çox doğru yolda olardıq" - deməyəsiniz deyə (Quranı endirdik). Budur, sizə də Rəbbinizdən açıq bir dəlil, hidayət və rəhmət gəldi. Allahın ayələrini yalanlayıb onlardan üz çevirəndən daha zalım kim ola bilər? Ayələrimizdən üz çevirənləri, üz çevirdikləri üçün əzabın ən pisi ilə cəzalandıracağıq." (Ənam, 157)

Quranın özü haqqında “rəhmət vurğusu” insan qazanmaqla bağlıdır. Yaradan, qulların pislik etmələrindən razı olmadığı kimi onların əzabı qazanmalarını da istəmir. (Zumər, 7; Muhəmməd, 28; Beyyinə, 8)
Belə ki, rəhmət Peyğəmbəri (sas) də insanların bəzilərinin vəhyə inanmadığı üçün çox üzülür, kədərindən az qala özünü həlak edirdi. (Kəhf, 6)

Rəhman olan Allaha iman edən, rəhmət Peyğəmbərinə ümmət olan, həyatını rəhmət olan Kitabla inşa edən möminlər də bu imanla rəhmət əxlaqı qazanırlar. İşlərində, münasibətlərində, hörmət və sevgilərində mərhəmətli olurlar. Mərhəmətlərinə görə haqq və hüquqa hörmət göstərirlər. Mərhəmətlərinə görə bütün insanların hidayət olunmalarını, azğınlıqdan xilas olmalarını, cəhənnəmdən uzaq qalmalarını arzu edirlər.
Ona görə Quran insanları yumuşaq bir dillə, təşviq edici bir üslubla “həqiqətə” dəvət edir. İnsanların qəlblərinə xitab edir. İdraklarına yönəlir, zəkalarına vurğu vurur, vicdani cövhərini xatırladır, insanlıq sifətinə (fitrət) işarət edir.
Bütün bunlar insanların Allahdan gələn haqqı könüldən mənimsəmələrini, onları bir əxlaqa çevirmələrini və bunu səmimi bir sevgi ilə etmələrini təmin etmək üçündür.
Hədəfdə insan və onun xoşbəxtliyi, yəni onun xeyrinə olan şeylər vardır.

Peyğəmbər (sas) də eynilə Quran kimi insanları gözəl bir üslubla, yumuşaq bir dillə, razı salan dəlillərlə İslama dəvət edirdi. Bütün peyğəmbərlik həyatı boyunca da hidayətə varanlarla yumuşaq davranmışdı.
Maruf (dində gözəl olan) bir şeyə təşviq edərkən də, munkər (dində pis qəbul olunan) bir şeyi əngəlləməyə çalışarkən də istifadə etdiyi üslub yumuşaq, inandırıcı və qəlbləri fəth edən idi.
Peyğəmbər bunu Allahdan bir rəhmətlə edirdi. Elə özü də rəhmət peyğəmbəri idi.

"Allahdan bir rəhmət ilə onlarla yumuşaq rəftar etdin. Lakin qaba, qatı ürəkli olsaydın heç şübhəsiz ki, ətrafından dağılıb gedərdilər. Bu halda onları bağışla; bağışlanmaları üçün dua et; (ümumi) işlərdə onlarla məsləhətləş. Artıq, qərarını verdiyin zaman da Allaha təvəkkül et, Ona arxayın olub inan. Çünki Allah təvəkkül edənləri, Ona sığınanları sevər." (Ali İmran, 159)

Bu ayədə, müəllimlər, İslamı başqalarına çatdırmaq üçün əzm göstərən dəvətçilər, valideynlər üçün mükəmməl bir örnək vardır.
Əslində Peyğəmbərin etdikləri rəhmət olan vəhyin praktik olaraq həyata tətbiqindən başqa bir şey deyil. Vəhy, insanı mərhəmətlə tərbiyə etmək, doğru yolu göstərmək, yüksək hədəflərə yönəltmək istəyir.


Ardı var

Hüseyn K. Ece

Hazırladı: Xəzər Rzazadə (oxucumuz)
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]05:20
GÜNƏŞ06:57
ZÖHR [ 4 rükət ]13:44
ƏSR [ 4 rükət ]17:30
MƏĞRİB [ 3 rükət ]20:29
İŞA [ 4 rükət ]22:02
GECƏYARI00:54
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka