Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

ƏLƏQ SURƏSİ

[ Təfsir / 7393 dəfə baxılıb ]   
|
 
Ələq surəsi nüzul sıralamasında üləmanın tamamının ittifaqı ilə ilk surə olsa da, Musaf sıralamasında 96-cı sıraya yerləşdirilib. Surə adını ikinci ayəsindən alır. Ələq, insanın müstəsna yaradılışına aid olduqda “əlaqə, münasibət, sevgi” mənasına, embrioloji mərhələlərə aid edildikdə isə “ana bətninə düşmüş cənin ilk halı, hücrə” mənasına gəlir.

Həqiqi mənada insanlığın dönüş nöqtəsi olan Quran vəhyinin ilk nazil olan bu ayələri surənin girişini təşkil edir. Hz. Aişə və Əbu Musanın rəvayətlərinə istinad edərək deyə bilərik ki, vəhy, Məkkədə “arayış” mənasına gələn Hira mağarasında düşüncə çiləsi çəkən Abdullah oğlu Məhəmmədə (sas) Fil hadisəsindən təxminən 1 il sonra (qaynaqlarımızda bu ixtilaflı bir mövzudur. Bəzi rəvayətlərdə hətta 40 il sonra deyilir.) bir Ramazan gecəsində endirilən bu surənin ilk beş ayəsi ilə başlayıb. Beyraki, vəhy başlamadan öncəki röyalar silsiləsinin hicrətdən 13 il öncə Rəbiuləvvəl ayında başladığını və altı ay sürdüyünü nəql edir. Bu tarixin miladi qarşılığı 610-cu ilin fevral ayıdır. Altı ay sonrası eyni ilin avqust ayına təsadüf edir. Vəhyin doğuluşunu Rəsulullahın doğuluşu ilə eyni günə, - Bazar ertəsi, - təsadüf etdiyini Rəsulullahın nə üçün o gün oruc tutduğuna dair verdiyi cavabdan öyrənirik.
Bu barədəki səhih rəvayətlərin xülasəsi belədir: 40 yaşına yaxın Məhəmmədə (sas) yalnızlıq sevdirildi. Hira dağındakı eyni adlı mağarada yalnızlığa, təfəkkürə və ibadətə [1] meyl etdi. Bir gecə anidən vəhy mələyi gəldi və “OXU!” dedi. “Mənim oxumağım mümkün deyil!” deyə cavab verdi, çünki o zamana qədər oxuyub-yaza bilmirdi (Ənkabut, 48). Rəsulullah belə nəql edir: “Mələk məni elə sıxdı ki, gücüm tükəndi.” Eyni şey 3 dəfə təkrarlandı [2] üçüncüdən sonra bu surənin ilk beş ayəsi nazil oldu. “Oxu” əmrinin yazılı vərəqlərdə olması ehtimalını Mövdudi kimi bəzi üləmamız dəstəkləyir. Mövdudi deyir ki: “Rəsulullah, “Rəbb kimdir?” sualını vermir. Deməli o, Allahı Rəbb olaraq tanıyırdı. Elə onun üçün də “Rəbbim kimdir?” deməmişdir. Oxuya bilmirəm, demişdir. Oxuya bilmirəm deməsi üçün isə ona yazılı vərəqin verilməsi lazımdır ki, oxuya bilmədiyini bəyan etsin.” Biz Mövdudinin bu fikri ilə razılaşmırıq və səbəbini daha sonra ayənin təfsirində açıqlayacağıq.

23 illik vəhy tədrisinin ilk kəlməsi “oxu!”dur. Bu bir növ “et!” əmridir və hər əmr bir növ insanı yenidən inşa etməkdir. Yəni məqsəd vəhyin müxatiblərinin inşa edilməsidir. İlk beş ayənin mövzusu insanın öyrənmə qabiliyyətidir. Vəhy ilk ayəsindən etibarən elmə, insanın öyrənmə qabiliyyətinə və vasitələrinə diqqət çəkir. Bu, insanın ən böyük probleminin doğru bilgini əldə etmək və çatdırmaqla bağlı təlim və tərbiyə, təhsil və tədris prosesi olduğunu göstərir. Quran, həqiqəti öyrənməyin yolu və üsuluna diqqət çəkir: Rəbbinin adı ilə oxu. Çünki insana bilmədiklərini öyrədən məhz Odur.

“Oxumaq”la bağlı ilk ayələrdə kainatın oxunması, Allahın comərdliyi və insanın bilgiləndirildiyi mövzuları işlənir. Bəzi insanların azğınlaşdığını və Allahın hesab günündə onlardan hesab soracağı, cəzalandıracağı isə daha sonrakı ayələrdə ifadə edilir. Surənin son ayəsində, insanları azdırmağa çalışanlara itaət edilməməsi, səcdə ilə Allaha və cənnətə yaxınlaşılması əmr edilməkdədir.
“Oxu!” deyə başlayan bu surə axirətdə “oxudunmu?” sualını da gündəmə gətirəcək. Allahın ilk əmrinə tabe oldunmu? Oxumağa haradan və necə başladın?...

MƏAL VƏ TƏFSİR
Rəhman və Rəhim Allahın adı ilə
1. Oxu, yaradan Rəbbin adına; 2. O, insanı ələqdən (sevgi və əlaqədən; qan laxtasından) yaratdı.
3. Oxu! Çünki Rəbbin sonsuz kərəm sahibidir; 4. O, insana (bilgini) qələmlə (yazmağı) öyrətdi; 5. O insana bilmədiklərini öyrətdi.
6. Bəli, bəli, insan mütləq azar; 7. Öz-özünə yetdiyini sandığında!
8. Halbuki insanın Rəbbinə dönüşü mütləqdir.
9. Amma, bu əngəl olmağa çalışana bax; 10. İbadətə qalxan bir qula! 11. (Və sən ey ibadətə əngəl olan!) Onun hidayət üzrə olduğuna dair ehtimal vermədinmi (heç düşündünmü)? 12. Yaxud məsuliyyətə (təqvaya) çağırırdısa? 13. Düşündünmü heç, əgər o həqiqəti yalanlasa və Allaha arxa dönsə, 14. Allahın onu gördüyünü bilməzmi?
15. Yox! Əgər o buna son qoymasa, (Biz onun) kəkilindən yapışacağıq; 16. Saxtakar və bir o qədər də günahkar kəkilindən; 17. Haydı o, öz tərəfdarlarını çağırsın, 18. Biz də zəbaniləri çağıracağıq.
19. Xeyir! O (azğın) insana uyma; indi (Rəbbinə) səcdə et və Ona yaxınlaşmağa cəhd et!


Ələq surəsi Ramazan ayının son on günündə Qədir gecəsində nazil olub. Rəsulullah Məkkədəki əxlaqsızlıqlardan xəbərdar olsa da məsələnin həlli yolunu bilmirdi. Çünki Ənkabut surəsinin 45-ci və ya Şura surəsinin 52-ci ayələrin də ifadə etdiyi kimi ilahi kitabı, yəni Tövratı, İncili bilmirdi. Qəssas surəsinin 86-cı ayəsində bildirildiyi kimi isə ona “kitab” veriləcəyini ummurdu. Ələq surəsinin ilk ayələri problemin həllinə İlahi cavabdır.

Məkkədə “müvahidlər” deyilən və Hz. İbrahimdən qaldığı bilinən “həniflik” inancına mənsub olanlardan biri də Rəsulullah idi. O, Məkkənin bu halından sıxıldığında Hiraya çıxaraq Rəbbini təfəkkür edərdi. Buna “təhannus” adı verilir. Bütpərəst Məkkə toplumunun halından olduqca rahatsız olan Məhəmməd (sas) problemin həllini bilməsə də ümidsizliyə qapılmır, həlli yollarını tapa biləcəyi ümidi ilə Hirada yalnızlığa çəkilərək təfəkkür edirdi. Və bir Ramazan gecəsində axtardığı çarəni taparaq ilahi vəhylə qovuşdu. Rəbbi ona “oxu!” deyə ilk əmrini verdi. İlk əmrin “oxu” ilə başlaması bu dinin ilk şərtinin “oxumaq” olduğunu açıqca bəyan edir.

1.1. İslam dinin hansı dəyərlərə önəm verdiyi bu ilk vəhylə gündəmə gəlir.
a) Vəhyin ilk ayələrində iqra (اقْرَأْ) “qiraət et, oxu” əmrinin yer alması diqqətə layiqdir. Bəzi müfəssirlərə görə bu həm də başqa bir mənada anlaşılaraq “çatdır, təbliğ et” əmridir. Bizim qənaətimizə görə isə bu ayədə üçüncü şəxsə yönəlik bir ifadə yoxdur. Hər şey “O və sən” arasında gerçəkləşir.
b) İlk əmir “oxu” olduğuna görə bəlkə də məhşərdəki ilk sual da “oxudunmu?” olacaq. Buna görə də sözü gedən əmrə ciddi yanaşmaq və əmrə tabe olmaq lazımdır.
c) Quran vəhyi əslində İlahi bir məktəbin dərs proqramıdır və bu proqramın ilk mövzusu “oxumaq” olaraq müəyyənləşdirilib. Ayədə iqra əmrinin nəyi ehtiva etdiyi zikr edilməyib. Deməli bu əmrə tabe olaraq Quran vəhyləri ilə yanaşı oxunması mümkün olan hər bir şeyin, - kainatın, insanın, hadisələrin, - oxunması müxatiblərdən tələb olunur. Yəni oxu əmri oxumanın bütün mənalarını ehtiva edir. Bu ayə Allahdan uzaq bir elmi, elm anlayışını kökündən rədd edir.
d) Ayədəki “oxu” əmrinin utlu/tilavət şəkilində deyil iqra/qiraət şəkilində gəlməsi də çox maraqlıdır. Ayədəki mətn yazılı bir mətni oxumaq və ya bəlli kəlmələri təkrarlamaq deyil. Çünki cumhurun da qənaətinə görə vəhy yazılı olaraq gəlməyib; həm də vəhyin gəlişi gündüz deyil gecə idi. Buna görə də ayədə nəzərdə tutulan oxumaq “düşünmək, öyrənmək və ibrət almaq üçün müşahidə etmək” şəklində bir oxumaqdır. Qiraət, əslində ağlın və ya zehnin oxumasıdır. Tilavət dilin, tərtil isə qəlbin oxumasıdır. Bu üç oxumaq forması Quranın fərqli ayələri ilə əmrləşdirilib.

1.2. İlk ayədə yer alan bismi Rəbbikə (بِاسْمِ رَبِّكَ) ifadəsinin də bir çox mənaları var.
a) İfadənin başında gələn hərfi əgər bağlayıcıdırsa (ilsaq) məna “Yaradan Rəbbinin adı ilə oxu” şəklini alır; cumhurun qəbul etdiyi məna budur. Buna görə də oxunacaq şeylərin Allahın adı ilə oxunub bu hərəkətin ibadətə çevrilməsi təmin edilir.
b) hərfi əgər and mənasındadırsa tərcümə “Yaradan Rəbbinin adına and içirəm, oxu!” şəklində olacaq. Bu ehtimal Cəbrayılın (as) “oxu” əmrini təkrarladığı rəvayətlə də dəstəklənir. İlk dəfə bir mələklə qarşılaşan Rəsulun tərəddüd etməsi, təəccüblənməsi mümkündür. Lakin bizim qənaətimizə görə ayənin bu şəkildə oxunması doğru deyildir. Allah daha doğrusunu bilir.
c) “səbəbiyyət” olaraq alınarsa bu dəfə məna “Yaradan Rəbbinin adı eşqinə, oxu!” şəklini alır. “Yaradan Rəbbinin adı səbəbi ilə, Onun xətrinə, Onun eşqinə; oxumanı Rəbbin üçün et” mənası Rəsulullahın Allahı tanıdığı və ona yönəldiyi həqiqəti ilə üst-üstə düşür. Hənif olması da buna misaldır.
d) Zəif bir qənaət hesab etsək də Razinin təsbiti bizə görə olduqca maraqlıdır: bismi Rəbbikə ifadəsindəki hərfi əgər “zaid” olarsa, mesaj yaradılanlarda Allahı tapmaq, Onu düşünmək halını alır.
e) Bizim daha doğru hesab etdiyimiz məna “Yaradan Rəbbin adına oxu” şəklindədir. İlk muxatab üçün dolayı olaraq “vəhyi Allah adına təbliğ et”, digər muxatablar üçün də “Təbliğ olunanı Allah adına al və oxu” mənasıdır. Varlığı Allah adına oxumaq əzmi onu Allaha istinad edərək anlamaq əzmidir. Lakin oxumaq hər şeydən əvvəl zehində olanı dilə gətirməkdir.

1.3. İlk ayənin sonundakı əlləzi xəlaqə (الَّذِي خَلَقَ) “yaradan, yaradıcı” ifadəsi oxunacaq şeyin bütün yaradılmışlar olduğunu, başqa bir sözlə desək “kainatın ayələri” olduğunu göstərməkdədir. Ayədəki xəlaqə felinin gəlməsi məqsədin başda Quran vəhyi olmaq üzrə bütün yaradılanlar olduğunu bəyan edir. “İlk ayədəki oxumaq kainat ayələridir” deməyimizin səbəbi ikinci ayədir. Orada insanın ələqdən yaradıldığı bildirilir. Deməli oxumaya kainat kitabının ilk mövzusu olan insandan başlanılacaq; “insan kitabının” yaradılış mərhələsi ələ alınacaq, beləcə insan kitabı “oxunduqdan” sonra digər kitablara keçiləcək. Casiyə surəsinin 17-ci ayəsindən də anlayırıq ki, ayələr, başqa bir sözlə kitablar iki növdür: Birincisi vəhy edilən və oxunan “tənzili” ayələr və ya kitablardır ki, bütün peyğəmbərlərin aldığı və təbliğ etdiyi vəhylər bu kitabları meydana gətirir. İkincisi də təbiət qanunları mənasında “təqvini” ayələr və ya kitablardır ki, onlar da Allahın kainata yazdığı təbiət qanunları və ya ayələridir. Bu iki kitaba “insan kitabı”nı və “ibrətli qissələri"ni də əlavə edə bilərik.

2. İnsan ələqdən (عَلَقٍ) yaradılmışdır. Ələq və əlaqa maddi olaraq “embrion və hücrə”, mənəvi olaraq da “sevgi-münasibət və əlaqə” mmənasına gəlir.
a) Bir çox müfəssirin qənaətinə görə burada nəzərdə tutulan ələq sadəcə embrionla bağlıdır. Elmalı və Atəşin də söylədiyi kimi bu kəlmə, “yapışıb qalmaq, asılı olan, qan laxtası, qırmızı qan, zəli” kimi mənalara gəlir. Ələq kəlməsi, eynilə bir zəli kimi insanın ana rəhminı yapışıb asıldığı mənasında “embrion” deməkdir. İnsanın embrion halından öncəsi haqqında da Quranda məlumat verilir ki, bu da nütfə halıdır. Embrion halı nütfədən sonrakı mərhələdir. Bu mərhələdə insan ana bətnində asılı qalaraq qanla bəslənilir.
b) Bizim qənaətimizə görə doğru olan ikincidir, yəni əlaqə. Çünki bu ayələr insanın embrioloji quruluşunu deyil mənəvi tərəfini gündəmə gətirir. Ayənin başında gələn əl-insan kəlməsinə görə buradakı “ələq” sadəcə insan soyuna aid bir şey olmalıdır. Halbuki embrioloji mənada ələq (embrion, hücrə) digər məməli canlılara da aid olan bir xüsusiyyətdir. İbn Faris ələqin tərifini əl-əlaqanı əl-hubu’l lazım li’l-qalb (qəlb üçün lazım olan sevgi) olaraq bəyan edir. İnsanın ana bətnindəki embrioloji inkişaf mərhələsini ələ alan Həcc, 5; Muminun, 14; Mumin, 67; Qiyamət, 37-dən fərqli olaraq bu ayə embriolojidən daha çox ontolojidir.

3-5. Vəhyin ilk cümlələri arasında iki dəfə yer alan iqra əmri oxumanın və bir şeylər öyrənə bilməyin “təkrar”la mümkün olduğuna dəlildir.
Oxu! Qələmlə yazmağı öyrədən və insana bilmədiklərini bildirən Rəbbin ən böyük kərəm sahibidir. Ayədəki əl-əkram (الْأَكْرَمُ) kəlməsi “ən səxavətli, ən comərd”, alləmə feli (عَلَّمَ) “öyrətmək”, ya’ləm (يَعْلَمْ) feli isə “bilmək” deməkdir.
Əl-Əkrəm: Heç bir qarşılıq almadan və gözləmədən hədsiz çox verən deməkdir. Başqa bir sözlə desək insan Allaha borclu olaraq doğular, buna görə də din “borcluluq idrakı”dır. Bu ayəyə qədər Rəbb, Yaradan (əlləzi xələqə), əlləzi alləmə kimi sifətlərdən sonra Allahın Əkrəm sifəti gəlir.
Ayədəki qələm simvoldur; həm bilginin qeyd olunması, həm də öyrənmə vasitələrini simvollaşdırır. Məqsəd bilgiyə çatmaq üçün bütün vasitələrdən istifadə edilməsinin öyrənilməsidir. Hələ ilk ayələrdən “şifahi mədəniyyətdən yazılı mədəniyyətə keç!” işarəsini alan Rəsul mesajı aldığını, anladığını vəhyi yazdıraraq isbat edir. Qələm yazını təmsil edir. Söz uçucu, yazı isə qalıcıdır.
Allah, Bəqərə surəsinin 31-ci ayəsində Adəmə lazım olan hər şeyin ismini ona bildirdiyini bəyan edir. Bundan başqa Rəhman surəsi 1-4 ayələrdə Allahın insanlara ilahi mesajı öyrətdiyini və insana özünü ifadə edə bilmək qabiliyyətini verdiyini bildirir. Məhz bütün bunlar Allahın insanoğluna ikramının (kərəm) bir hissəsidir.
İnsanoğlu bilgini sadəcə Allahdan almalı, Ondan aldığı bilgiyə güvənməlidir. Çünki insanın ilk yaradılışından etibarən Allah onu bilgisiz buraxmamış, əşyanın həqiqətindən tutmuş (əşyanın ismi onun funksiyasını bildirir) düşmənin xislətinə qədər, yemək və geyinmək əxlaqından tutmuş baxmaq və danışmaq ədəbinə qədər, evlilikdən boşanmaya, mehirdən mirasa qədər, xülasə insana lazım olan hər şey haqqında bilgi Allah tərəfindən verilmiş və bu bilgini əldə etməyin üsulu və yolu da öyrədilmişdir: Yaradan Rəbbinin adı ilə oxu, çünki insanı yaradan Odur, biliyin qaynağı da Ondadır. O sadəcə yaratmamış, həm də yaradılış məqsədini də açıqlayaraq sənə kimsədən öyrənə bilməyəcəyin ən böyük elmi vermişdir...
Allah, həm fitrətimizə bilgini qoydu, həm vəhiy (zikr) ilə fitrətə qoyduğu bilgini xatırlatdı, həm də bilmədiklərimizi öyrətdi.

6-8. Bəli, insan özü-özünə yetdiyini sananda mütləq azar. Halbuki dönüş sadəcə və sadəcə Rəbbinədir.
Ayədə keçən kəlla (bəli kimi tərcümə etdiyimiz) kəlməsini dilçilərimiz fərqli tərcümə etmişlər. Bəsrəlilərə görə “yox, xeyir, əsla”, Kisaiyə görə “həqiqətən də, həqiqət budur ki”, Saləbə görə “elə deyilmi?”, Fərraya görə “bəli, şübhəsiz ki” mənalarına gəlir. Bizim qənaətimizə görə bu kəlmə yerinə görə bu mənalarda biri və ya bir neçəsini ehtiva edir. Biz tərcümədə də bunu əsas almış və öncəki və sonrakı ayələrdəki mesajlardan çıxış edərək kəlla kəlməsini tərcümə etmişik. Əgər bir mövzuda söhbət yeni başlamışsa və onu rədd edib qarşı çıxan yoxdursa sözə başlayarkən “xeyir, əsla” deməyə ehtiyac yoxdur. Kəlla ilə başlayan bir cümlənin çox önəmli bir həqiqətə işarət edəcəyi, bu xitabdan hər kəsin yararlanması və dərs çıxarmasının vacibliyi üzərində bir vurğu vurulduğu aydındır.

Bu ayələrdə Allah, oxumanın önəmini bildirdikdən və müəllimin də Özü olduğunu bəyan etdikdən sonra insanın azğınlaşa bilmə özəlliyinə diqqət çəkərək səbəbini bəyan edir: öz-özünə yetdiyini sandığında. Allahın “oxu əmrinə tabe olmayan, Onun Rəbb olmasına etibar etməyən, yaradılışının necəliyi və nə üçünü haqqında düşünməyən, Allahın comərtliyini göz ardı edən və Onun həqiqi öyrədici olduğunu inkar edənlər”, başqa sözlə axirətə inanmayıb təkəbbürlənənlər nəticədə azacaqlar. Surənin 6-8-ci ayələri ilk beş ayəndəki təməl əsasları inkar etmənin, onları görməməzlikdən gəlmənin nəticəsidir.
Allah insanın azğınlaşmasının mümkünlüyüni bəyan etdikdən sonra bunun necə gerçəkləşəcəyinin xəbərini də verir: nankor insan azar.
İlk beş ayədən sonrakı ayə qrupunun nüzul səbəbi olaraq Əbu Cəhlin Rəsulullahın (sas) namaz qılmasına mane olduğunu və Allahın da bu ayələrlə ona xəbərdarlıq etdiyi versiyası təfsir kitablarımızda yer alıb. Bir sözlə azğınlaşan insanın da “Əbu Cəhl” olduğu anlaşılır. Bu barədəki rəvayətlər ayənin mesajına uyğundur. Lakin bununla yanaşı ayənin nüzul səbəbinin özəl olması mesajın ümumi olmasına mane olmur. Burada sözü gedən azğın insan “Əbu Cəhil”ləşən bütün insanları ehtiva edir. Çünki azğınlaşmanın səbəbi özü-özünü yetərli görməkdir. Özünü yetərli görmək “səbəb”, azğınlaşmaq isə “nəticədir”. Bu bölümün son ayəsi bütün insanlara dönüşün Allaha olacağı və hesab sorulacağı həqiqətini bəyan edir. Bu dünyada azğınlaşan insan axirətdəki nəticəyə hazır olmalıdır.

9-14. Surənin 9-12-ci ayələrində ibadət edənə əngəl olanın psixologiyası gündəmə gətirilir. Allaha qulluq sərbəstdir və əngəllənməməlidir.
Ayədəki əraəytə (أَرَأَيْتَ) kəlməsi əslində “gördünmü?” mənasına gəlir, lakin ayə Rəsulullahın həyatındakı bir hadisə ilə əlaqəli olduğu üçün mesaj hadisənin görülməsi ilə deyil, o hadisə haqqında düşünülməsi ilə bağlıdır. Burada məqsəd cavabı gözlənilən bir sual vermək deyil, muxatabın diqqətini ibadəti əngəlləyənlərə çəkməkdir. Ayədəki əlləzi yənha (الَّذِي يَنْهَىٰ) ifadəsi əslində əngəlləməyi özünə peşə edən, alışqanlıq halına gətirən, insanların xeyir əməl və ya ibadət etmələrinə mane olmağa çalışan insanı xarakterizə edir. Ayədə bu işi edənin kimliyindən və ya adından söz edilmir. Deməli ibadət edənə mane olan hər kəs bu xitabın müxatibidir.
Allah sorğu-suala ibadəti əngəllənən insandan başlayaraq hadisənin anlaşılmasını müxatiblərindən istəyir.
a) Ayədəki sualın kimə yönəlik olması barəsində iki ehtimal var:
1. Əbu Cəhlin şəxsində ibadətə əngəl olan hər kəsə aiddir. Hidayət üzrə olan və təqvanı əmr edən də ilk öncə Rəsulullah, daha sonra onun missiyasının təqibçiləridir.
2. Ayənin müxatibi Rəsulullah da ola bilər. Bu halda ayə belə oxunur: “Ey Məhəmməd! İbadətə qalxan qula mane olan bu adam, yəni Əbu Cəhil də hidayət üzrə olsa və təqvanı əmr etsə daha gözəl olmazmı?” Hər iki versiyanı da doğru hesab etmək mümkündür. Lakin bizim qənaətimizə görə birinci variant daha doğrudur.

Burada namaza/ibadətə mane olmaq dedikdə əsl məqsəd dinin sosial həyata müdaxiləsinə mane olmaqdır. Yəni sosial həyatı Allahda qoparmaq, Allahın müdaxiləsini yasaqlamaq. Namazın əsl məqsədi sadəcə insanın özünün “təmizlənməsi” deyil, eyni zamanda cəmiyyətə də “yaxşılığı əmr edib, pislikdən çəkindirmək”, cəmiyyəti də pisliklərdən “təmizləməkdir”. Öz pisliyini yaymaq üçün hidayət üzrə olaraq təqvaya çağıran birinə mane olmaq hansı dövrdə yaşamasından asılı olmayaraq “Əbu Cəhillik”dir.

15-18. Yox! Əgər o buna son qoymasa, (Biz onun) kəkilindən yapışacağıq; 16. Saxtakar və bir o qədər də günahkar kəkilindən; 17. Haydı o, öz tərəfdarlarını çağırsın, 18. Biz də zəbaniləri çağıracağıq.
Buradakı kəlla kəlməsi “yox, artıq vaz keçsin” kimi tərcümə oluna bilər. Bu halda ayənin ümumi mesajı: Əbu Cəhillik edənlər artıq əməllərindən vaz keçsinlər, çünki əks halda şiddətli bir əzabla cəzalandırılacaqlar. Kəkilindən yapışmaqda məqsəd insanın əzab üçün yaxalanıb cəzalandırılmasıdır. Bu ifadə, Ərəblərin istifadə etdiyi cəzalandırma kəlməsidir ki, dilimizdə qarşılığı “burnunu ovacağıq” və ya “burnunu yerə sürtəcəyik” kimi anlaşılmalıdır. Çünki bir insanın kəkilindən yapışaraq yerə yıxmaq onun qürurunun qırılması, alçaldılması mənasına gəlir.
Əzab verilməsinin səbəbi yalançılıq və xətada isrardır. Hər yalançı və xətasında israr edən mütləq cəzalandırılacaq. Təbii ki, ayədə keçən “saxtakar və günahkar kəkilindən” ifadəsi məcazi mənadadır. Yəni günahkar olan insandır, kəkili deyil. Yəni əsil simasını gizlədiyi, “maska” kimi istifadə etdiyi kəkilindən yapışaraq onu cəzalandıracağıq.
Allah, azğınlıq edənlərə, insanları tövhiddən uzaqlaşdırmağa çalışanlara meydan oxuyaraq onların “tərəfdar toplamaq cəhdlərinə” cavab verir. Onlar nə qədər çox olurlarsa olsunlar, yenə Bizim hüzurumuza gətiriləcəklər və Biz də qarşılarına zəbaniləri çıxaracağıq. Zəbani, təfsirlərimizdə “şiddətli, qüvvətli, məğlubedilməz mələklər” olaraq xarakterizə edilib. “Cəhənnəm mühafizəçiləri” olaraq istifadə olunan zəbani kəlməsi zabin, zəbinə, zibniyyə və ya zibniy kəlməsinin cəm formasıdır. Klassik Ərəb dilində bu kəlmə “qolu qüvvətli” mənasında istifadə edilmiş; son dərəcə təcavüzkar və əlindən kimsənin xilas olmadığı insanlar zəbani olaraq xarakterizə edilmişdir (Lisan və Kurtubi). Tahrim surəsinin 6-cı ayəsində onların Allahın vəzifələndirdiyi mələklər olduğu ifadə edilir. Bu halda onların “qorxunc, çirkin” deyil, “güclü, qüvvətli” varlıqlar olduğu anlaşılır.

19-cu ayənin mesajı 6-cı ayədən sonrakılara bir yekundur: Azğınlara itaətsizlik, Allaha yaxınlıq. Ayə bizlərdən tam bir təslimiyyət tələb edir. Səcdə də təslimiyyəti simvollaşdırır. Çünki “Qulun Allaha ən yaxın olduğu an, səcdə anıdır” (Müslim, Salt, 215) hədisindən də anlaşıldığı kimi səcdə Allaha yaxınlaşmanın gerçəkləşdiyi bir ibadətdir.


[1] Hz. Aişə burada "tahanus" kəlməsini istifadə etmişdir. İmam Zuhri bunu "taabbûd" olaraq açıqlayır. Bu, Rəsulullahın eda etdiyi bir növ ibadətdir. Çünki Allah ona hələ ki, necə ibadət edəcəyini öyrətməmişdir.
[1] Buxari, Bəd’u’l-Vəhy, 1:1, Müslim, İman, 1:73

Azerislam.com




Hazırladı: Həvva Səlim
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]04:06
GÜNƏŞ06:10
ZÖHR [ 4 rükət ]13:43
ƏSR [ 4 rükət ]17:43
MƏĞRİB [ 3 rükət ]21:15
İŞA [ 4 rükət ]23:11
GECƏYARI00:40
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka