Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

HUMƏZƏ SURƏSİ

[ Təfsir / 7979 dəfə baxılıb ]   
|
 













Məkkədə risalətin ilk illərində endirilən və 9 ayədən ibarət olan Huməzə surəsi, rəsmi sıralamada 104, nüzul sırasında isə təxminən 34-cü surədir. İlk tərtiblərdə Qiyamət surəsi ilə Mursəlat surələrinin arasına yerləşdirilmişdir.
Bu surədə, Əsr surəsində sözü gedən "ziyana uğrama"nın bir misalı olaraq insanları lağa qoyanların, mallarının onları əbədi yaşadacağı zənni ilə mal toplayıb yığanların son gedəcəkləri yerin Hutəmə atəşi olacağı bəyan edilir.

Huməzə surəsi, insanların həmcinslərinə qarşı ədəbsizcə davranmağının psixoloji təhlilini verir. Təhqiri, lağa qoymağı, iftira atmağı, qeybət etməyi, qüsur və ayıb axtarmağı əxlaqsızlıq sayıb rədd edən bu surə, bütün bu xəstəlik tavrlarının təməlinə “özündən razılığı” yerləşdirir.

Bu surənin Məkkə surələri arasındakı “qardaşı” Qələm surəsi, Mədinə surələri arasındakı təfsiri Hucurat surəsidir.
Surənin ana mövzusu əxlaqdır. Surə, təkəbbürlü tipin psixoanalizini verir. Surədə “mal”, əslində təqvadan başqa başqalarından daha çox sahib olduğumuz hər şeyi təmsil edir. Həddən artıq “sərvət sahibi” olduğu üçün özünü bəyənərək o sərvətə sahib olmayanları xor görüb, onları təhqir edən, haqlarını istismar edib hüquqlarını pozan, izzət və şərəflərini lağa qoyan hər kəs “yazıqlar olsun” deyilən “huməzə və luməzə” qruplarına daxil olur. Onlar böyük bir əzaba məhkum edilərək alçalışın ən dibinə yuvarlanacaqlar. İftira və böhtana məruz qalan insanın ürəyi yanıb yaxıldığı kimi bu günahın cəzası olan hutəmə də mücrimin (günahı həyat tərzi edən) ürəyindən yüksələcəkdir (7). Yəni xəyanət etdiyi fitrəti, səsini boğduğu vicdanı, arzularının əlinə verdiyi şüuru və pisliyə yönəltdiyi təhtəlşüuru Allahdan məhrum buraxılmağın acısı ilə onu yandıran cəhənnəmə çevriləcək.

"Bu davranış, Allahı nə üçün bu qədər qəzəbləndirir?" deyə soruşsanız cavabı açıqdır: Bu davranış özünü Allah yerinə qoymaqdır. Çünki insanların əməl dəftərlərini Allah tutar, xəta və qüsurlarını O qeyd edər. Başqalarının xətalarını və ayıblarını axtaran, Allahın işinə qarışmış və həddini aşmışdır.

MƏAL VƏ TƏFSİR
Rəhman və Rəhim Allahın adı ilə
1. Gizli-açıq, arxadan-öndən davamlı iftira atıb, qara yaxan, başqalarında eyib, qüsur axtaran hər kəsin vay halına (yazıqlar olsun)!
2. O, mal yığan və onu (dönə-dönə) sayan tipdir; 3. Və elə zənn edər ki, malı onu əbədi yaşadacaqdır.
4. Xeyir, əksinə o, qırıb tökən, iliklərə işləyən bir atəşin (hutəmə) dibinə yuvarlanacaq; 5. Sən haradan biləsən ki, o hutəmə nədir? 6. O, Allahın qaladığı oddur. 7. O, elə bir atəşdir ki, ürəkləri yandırıb yaxar:
8. Məhz o atəş onların üzünə qapanıb kilidlənəcəkdir. 9. Uzadılmış sütunlarla (bağlanacaqlar).


Surənin ilk ayələrindən də anladığımız kimi Allah, malın əbədi yaşadacağı zənni ilə sərvət toplamağı və insanları lağa qoymağı şiddətlə rədd edir.

وَيْلٌ لِكُلِّ هُمَزَةٍ لُمَزَةٍ (insanları) lağa qoyan, (qaş – göz hərəkətləri ilə) onları təhqir edərək əylənməyi adət halına gətirən insanların vay halına! Bu ayədəki üç kəlməni açıqlamaq vacibdir:

1) Ayədəki (وَيْلٌ) vəyl kəlməsi, “yazıqlar olsun”, “vay halına” deməkdir. Bu halda kəlmə, “şiddətli şər, hüzün, həlak və ağrı-acı verici əzab” mənalarını da ehtiva edir. Bəzi alimlər “Vəyl, dibində kafirlərin bir müddət gözlədikləri cəhənnəmdəki bir vadidir” hədisini (Əhməd b. Hanbəl, III,75) dəlil göstərərək Rəsulullahın (sas) bu kəlməni cəhənnəmdə bir vadinin adı olaraq zikr etdiyini söyləmişdilər.

2) Huməzə (هُمَزَةٍ) kəlməsi, “ayıblamaq, əli ilə çimdikləmək, dürtmək, başa qaxmaq, dişləmək, qırmaq və yerə vurmaq” kimi mənalara gəlir. Bu mənalardan çıxış edərək deyə bilərik ki, huməzə, “qanmazlığı adət və sənət halına gətirən, istər əl, istərsə də dil ilə, maddi və ya mənəvi, başqalarını lağa qoyub incidən dedi-qoduçular üçün istifadə olunur.

3) Luməzə (لُمَزَةٍ) isə “mizraq saplamaq kimi pisləmək, ayıblamaq, qaş-gözlə işarə edərək, əylənərək birini digərinə göstərmək” mənalarına gəlir. Bu mənalardan çıxış edərək isə deyə bilərik ki, sözü gedən kəlmə “davamlı olaraq hər kəsi ayıblayan, başqalarında qüsur axtararaq əylənməni adətləşdirmiş, özündən razı tiplər” deməkdir. Hucurat surəsi 11-ci ayədə keçən ləmz kəlməsi də “pisləmək” mənasına gəlir.

Razının də söylədiyi kimi həmz, “iftira atmaq, qeybət etmək, əl-qol hərəkətləri ilə üzə qarşı açıqca ayıblamaq, insanlara ləqəb qoyaraq qaş-göz hərəkətləri ilə önündəkini əsəbləşdirmək” deməkdir. Ləmz isə “eyib, qüsur axtarmaq, dil ilə incitmək, arxadan qaş-gözlə hərəkət etmək” mənalarına gəlir. Hər iki kəlmənin də ortaq nöqtəsi: “insanların şərəf və heysiyyətlərini lağa qoymaq, ayıblarını açmaq”dır. Huməzə-luməzə kəlmələri, “Gizli-açıq, arxadan-öndən davamlı iftira atıb, qara yaxan, eyib, başqalarında qüsur axtaran” tip deməkdir. Qurandakı bütün mənalarını göz önündə tutaraq və Mücahidlə Katadənin də söylədiyi kimi huməzə "insanların qiyabında danışaraq onların ətini yeyən", luməzə "insanların üzlərinə qarşı onları ayıblayan" deməkdir. Bu kəlmələrin İbn Zeydin dilindəki tərifi: "huməzə-insanları əli ilə əzən, luməzə -insanları dili ilə incidən, ayıblayan"dır. Abdullah b. Abbas hər iki kəlməni "dostların arasını pozan, başqalarının qüsurlarını tapmağa çalışanlar" olaraq xarakterizə edir. Mustafa İslamoğlu "əl-həmzin üzə görə, əl-ləmzin də başqasının arxasınca qara yaxmaq, iftira atmaq, ayıblamaq" olduğunu söyləyir. Bütün bu açıqlamalar əslində iftiranın, ayıblamağın, qara yaxmağın çox böyük fitnələrə qapı açdığını və ziyana uğramağın təməl daşlarından biri olduğuna diqqəti çəkir.
Kəlmələrin burada ismi olaraq həmmaz və ləmmaz formasında gəlmədiyinin səbəbi də aydındır: Günahkarı deyil, günahı hədəf almaq üçün.

Məkkə dönəmində müsəlmanların inancları ilə bağlı yaşanan təcrübə, əvvəlcə laqeydlik, ciddi qəbul etməmək şəkilində idisə, daha sonra bu hal lağa qoymağa, rahatsız etməyə çevrilmişdi. Qələm surəsi 11-ci ayədə Rəsulullahın (sas) arxası ilə danışan, onu lağa qoyan heç kimə itaət edilməməsi əmr edilərkən, belə davrananların sonunun hüsran olacağı da bəyan edilməkdədir.
Quranda müsəlmanların bir-biriləri ilə alay etmələri Hucurat 11-də qadağan olunduğu kimi, Bəqərə 13-də də müsəlmanlarla alay edən, inananları səfil, dəyərsiz olaraq görənlər qınanmaqdadır. Lağa qoymaq/alay etmək İblislikdir. Çünki bunu ilk dəfə o etmişdir. Adəmi bəyənmədiyi üçün, İlahi əmrə boyun əyməmiş, nəticədə hüzurdan qovulmuşdu.

Mal toplayıb onu təkrar-təkrar saymaq da aldanmaqdır. Ayədəki cəm'aaddədə feli isə saymaq deməkdir. Bu ayədə bu cür əxlaqi pozğunluq "mal toplayıb onu təkrar-təkrar saymaq" olaraq gündəmə gətirilir.
a) "Toplamaq, yığmaq" mənasına gələn cəmə'a bəzi qiraət alimləri tərəfindən cəmmə'a şəkilində oxunmuşdur. Bu halda kəlmənin mənası "malı, halal haram demədən toplamaq" şəklini alır. Malını toplayan bu insanların, topladıqlarını davamlı saymaları, onu daha da çoxaltma duyğusunun nəticəsidir.
b) Ayədəki addədə feli "təkrar-təkrar saymaq" mənası ilə yanaşı "malını özünə qalxan etmək" mənasına da gəlir. Əgər bu sevgi dünya malına qarşı ifrat bir ehtirasa çevrilərsə sözü gedən əməl bu insanın bu dünyaya tapdığını və bu həyatdan başqa bir aləmə inanmadığını da göstərir. Çünki arxası ilə gələn ayə bizim bu fikrimizi dəstəkləyir.
Dünya da, malı da əbədi deyil. İnsan qazandığı malının onu əbədi yasadacağını zənn edərək bir gün bu həyatın və sahib olduğu əmanətlərin hesabının ondan soruşulacağına inanmazsa məhz o zaman ətrafdakılara xor baxar, onları təhqir edər və ya onları lağa qoyar.
Şeytanın fantaziyası zəif və bəsit olduğu üçün heç bir zaman dəyişmir. Adəmi nə ilə (əbədilik və mükəmməllik və ya sahiblik duyğusu) aldadıb cənnətdən qovdurmuşsa adəmoğlunu da eyni şeylərlə aldadıb cənnətə gedən yolunun üstünə "daş döşəyir." Bu ayələrdən də şeytanın "malın səni əbədi yaşadacaq" vəsvəsəsinin təzahürünü görürük. Əbədi yaşamayacağını "bilən" insan mala və sərvətə bu qədər düşkün olmaz. Biz bunu bilirik, deməyin. Planlarınıza baxın. Neçə il bundan sonranı planlaşdırmısınız? Əgər bir il sonra nə edəcəyinizin planını tutmusunuzsa demək ki, Şeytan sizə də o vəsvəsəni verib. Bir an sonra nə olacağını bilməyən bizlər xəyallarımızda 100 il sonranın planlarını qururuqsa demək ki, adəmoğlunun aldadıldığı "əbədilik" tələsinə bizlər də düşmüşük.

Bu üç ayənin nüzul səbəbi olaraq fərqli isimlər və bənzər hadisələr zikr edilir. Əlbəttə ki, ayədə isim zikr edilməməsi hətta ilk ayədə kull "hər kəs" kəlməsinin istifadə olunması mesajın cahanşümüllüyünə işarədir.
Xeyir, xeyir! O insan mütləq Hutəməyə atılacaqdır. Hutmənin nə olduğunu sən haradan biləsən? (Hutəmə), Allahın (yandıqca) qalxıb ürəkləri dağlayan tutuşdurulmuş atəşidir. O, uzadılmış sütunlarla onların üzərinə qapadılıb kilidlənəcəkdir.
Surənin bu ayələrində, insanlara lağ edib, malının onu əbədi yaşadacağını zənn edənlərin aldanışı gündəmə gətirilir və atılacaqları atəş haqqında can alan ifadələr işlədilir.
Hutəmə: lağ etməyin və mala tapmağın nəticəsidir. Allah, sadəcə bu surədə "hutəmə" adlı bir atəşdən söz edir. Onun fövqəladə mənasının olduğunu da verdiyi sualla ortaya qoyur. Bir öncəki ayədə "malı onu dünyada sonsuzadək yaşadacağını" sanan insanların bu zənlərinin yanlış oldu kəlla əvəzliyi ilə "xeyir bu anlayış yanlışdır" mesajı verilməkdədir. Bu cür zənn edənlər Hutəmə cəhənnəminə atılacaqlar.
Allah, Rəsulullahın belə dirayətlə Hutəmənin nə olduğunu bilmədiyini, bilməsinin mümkünsüzlüyünü dilə gətirir. "Onun nə olduğunu sən haradan biləsən?" buyuraraq sözü gedən kəlmənin mənasını Özü açıqlayır: Hutəmə ürəklərə işləyən atəşdir.
Hutəmə, "əzmək, çör-çöp halına gətirmək" mənaları ilə birlikdə düşünüldüyündə onun "alovlandırılmış bir atəş olduğu" və "ürəklərə işlədiyi" anlaşılmaqdadır. Buradan da anlayırıq ki, bu atəş sirayət etmədiyi heç bir yer buraxmayacaq, insanı can evindən, ürəyindən yandıracaq...

Bu ifadələr, Hutəmə deyilən atəşin dəhşəti haqqında insanları bilgiləndirməyi və ona görə tədbir alaraq yaşamağı öyrətməyi qarşısına məqsəd qoyub. Ayədəki feli bu atəşin çöldən deyil, içəridən çölə yüksələcəyini, içəridən yanıb çölü də yandıracağını ifadə edir. (Hutəmə) əmanət edilən fitrətin, basdırılan vicdanın, üstü örtülən şüurun, ehtirasa tabe edilən təhtəlşüurun və duyğuların, özlərini Allahdan məhrum edənlərdən intiqam almaq üçün alovlandırdığı atəşdir.

Bu atəşin verəcəyi acı və iztirab qəlbin mərkəzinə işləyəcək, yəni insanın iç dünyasını yandıraraq ona çox pis təsir edəcək. Bu cəzanın səbəbi: Bu insanlar başqalarını lağa qoyaraq onlarıtəhqir edərək qəlblərini qırdılar, onları çox üzdülər, ürəklərini daladılar. Ona görə də bu cəzaya layiq olacaqlar. Cəzanın növü və ağırlığı işlənən günahın növü və ağırlığına uyğun olacaq. Günaha tay bir cəza veriləcək.

O, uzadılmış sütunlara onların üzərinə qapadılıb kilidlənəcək. Ayədəki (مُؤْصَدَةٌ) mu'sadəh kəlməsi "kilidlənmiş", (عَمَدٍ) aməd kəlməsi isə "dirəklər", (مُمَدَّدَةٍ) muməddədəh kəlməsi isə "uzadılmış, uzun" deməkdir.
Bu ifadələrdən də anlaşılacağı kimi Hutəmə, içinə girənlərin bir daha çölə çıxa bilməyəcəyi atəşdir. Musadə kəlməsi "möhkəm bağlanmış" demək olduğu üçün bu halda Hutəmədən çıxış olmayacağı bəyan edilir. Zatən, Allah cəhənnəmdə ölüm olmayacağını və oradan çıxmaq istəyənlərin çıxarılmayacağını fərqli ayələrdə dilə gətirilir. "Uzadılmış sütunlar" kəlməsi də eyni şəkildə cəhənnəmdən çıxış olmayacağını və oranın bağlı bir yer olduğunu dilə gətirir. İnsanların qürurunu qırıb, haqlarını qəsb edənlər hətta vicdanlara qandal vurmağa çalışanlar orada sütunlara bağlanacaqlar. Kəhf surəsinin 29-cu ayəsi də cəhənnəmin divarlarının içindəkiləri hər tərəfdən əhatə etdiyini bəyan edir.
Rəbbim bizləri bu dünyada bu cür əxlaqi düşüklüklərdən, axirətdə də Hutəmə atəşindən mühafizə etsin.

Azerislam.com




Hazırladı: Həvva Səlim
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]05:00
GÜNƏŞ06:33
ZÖHR [ 4 rükət ]12:46
ƏSR [ 4 rükət ]16:17
MƏĞRİB [ 3 rükət ]19:00
İŞA [ 4 rükət ]20:27
GECƏYARI00:00
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka