Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

TALAQ [1]

[ Aktual / 8687 dəfə baxılıb ]   
|
 

İnsan ictimai varlıqdır. Cəmiyyətin ən kiçik təməl daşını isə ailə formalaşdırır. Ailə nizamının sağlam təməllər üzərində sonuna qədər sürməsi hər bir cəmiyyətin arzu etdiyi bir durumdur. İslamın ideal ailə anlayışı bir evliliyin ömür boyu sürməsi və nəslin mühafizəsidir. Zərurət olmadıqca, səbəbsiz olaraq evliliyə son verilməsi tövsiyə edilmir.

Rəsulullahdan nəql edilən hədislərdə boşanmaq arzu olunmayan rüsxət olaraq xarakterizə edilmişdir: “Halallar içində Allaha xoş gəlməyən şey boşanmaqdır.” (Əbu Davud, Talaq 3), “Evlənin fəqət boşanmayın, çünki talaq zamanı ərş titrəyir”, “Evlənin lakin boşanmayın, çünki Allah tələsərək nikahlanıb, yenə də tələsərək boşananları sevməz.” (Dəyləmi, II, 51).

Hədislərdən də anlaşıldığına görə son çarə olaraq qəbul edilən boşanmaq heç bir şəkildə təşviq edilməməkdədir. Təşviq edilən “....onlarla gözəl davranın...” (Nisa, 19) məalındakı ayənin söylədiyi kimi həyat yoldaşlarının bir-biri ilə hüzurlu bir şəkildə evlilik bağlarını davam etdirmələridir. Çünki ailənin səadəti cəmiyyəti hüzurlu edəcək.

Alınan tədbirlərə və göstərilən səylərə rəğmən evliliyin davam etdirilməsinin mümkünsüz olduğu zamanda ayrılıq gündəmə gələ bilər. Bu halda katoliklərdəki kimi “Allahın birləşdirdiyini kimsə ayıra bilməz” demək məsələnin həlli deyil. İslam evliliyin davam etdirilməsi üçün ər və arvadın birlikdə əzm göstərməsini istəmiş, boşanmağı “Allahın sevmədiyini” ifadə edərək sevimsizləşdirmiş, lakin zərurət halında buna izin vermişdir.

Evlilik fərqli formalarda bitə bilər: Zövclərdən birinin ölümü, tərəflərdən biri olan kişinin tək tərəfli boşanması, nikah əhdinin səlahiyyətli şəxs tərəfindən fəshi (iftida, təfrik, ila, müalaanə və zihar nəticəsində boşanmaq) bu səbəbləri meydana gətirir.

1. Kişinin tək tərəfli iradəsi ilə gerçəkləşən ayrılma (Talaq)
Hüquqa uyğun bir şəkildə qurulmuş ər-arvad arasındakı bağın sona çatması kişinin boşanma haqqının istifadə etməsi (talaq) ilə, tərəflərin bir əvəz qarşılığında anlaşaraq ayrılması (iftida / muhalaa) və ya səlahiyyətli şəxsin qərarı (təfrik) ilə olur. Bütün bu məsələlər fiqhdə talaq başlığı altında ələ alınır.

Talağın tərifi:
Talaq lüğətdə sərbəst qalmaq, sərbəst buraxmaq, bağı boşaltmaq, tərk etmək kimi mənalara gəlir. Talaq kişinin boşanma haqqıdır (qadının boşanma haqqı isə iftidadır). Kişi xanımını bəlli şərtlərlə və fərqli şəkillərdə boşayar ki, bunun da bəlli qanunları var.

Qurana görə talaq kişinin haqqıdır. Talaqla bağlı ayələrdən də bunun şahidi oluruq. Qadının boşanma haqqına klassik qaynaqlarda Muhaləa, Qurani Kərimdə isə İftida deyilir.
Talaq mövzusu fərqli surələrdə bir çox ayələrlə nizamlanmışdır. Bu ayələr bir bütün olaraq araşdırıldığında talağın gerçəkləşdirilmə şəkli, mərhələləri, şərtləri, sayı və nəticələrinin detallı olaraq nizamlandığını görürük. Talaq kişiyə tək tərəfli olaraq tanınan bir haqq olsa da kişi onu şəxsi arzularına görə dilədiyi şəkildə, istədiyi kimi etmək haqqına sahib deyil.

a) Quran və Sünnətə uyun bir talaq

“Ey Nəbi! Qadınları boşadığınızda iddətləri içində boşayın və o iddəti sayın. Rəbbiniz Allahdan çəkinin; onları evlərindən çıxarmayın. Onlar da çıxmasınlar; Açıq bir fuhuş (zina) işləmiş olsalar bu başqa. Bunlar Allahın hədləridir. Kim Allahın hədlərini aşarsa özünə ziyan etmiş olar. Sən bilməzsən ola bilsin ki, Allah bundan sonra yeni bir hal yaradacaqdır.
Qadınlar müddətin sona gəldiklərində onları ya maruf (şəriətə uyğun) ilə tutun və ya maruf ilə ayırın. İçinizdən güvənilən iki adamı şahid tutun; şahidliyi Allah üçün yerinə yetirin. Bu sizə içinizdən Allaha və axirət gününə inananlara verilən bir nəsihətdir. Kim Allahdan çəkinərsə O ona bir çıxış yolu göstərər. Gözləmədiyi yerdən ona bir ruzi verər. Kim Allaha güvənərsə O ona yetər. Allah əmrini yerinə yetirəndir. Allah hər şey üçün bir ölçü qoymuşdur."
(Talaq, 1-3)
Ayənin sonunda Allahın hər şey kimi talaq üçün də bir ölçü, bir standart qoyduğu bəyan edilir.

Mövzumuz ilə bağlı Rəsulullahdan bir rəvayəti nəql etmək yerinə düşər:
Hz. Ömərin oğlu Abdullah xanımını heyz halında boşayır. Hz. Ömər bu halı Allahın Elçisinə (sas) soruşunca o belə demişdir:
“Söylə ona, xanımının yanına dönsün; təmizlənincəyə qədər ayrılmasın. Sonra xanımı heyz olub yenidən təmizlənincə istər evliliyə davam etsin, istərsə də münasibətə girmədən onu boşasın. Məhz iddət olan budur ki, Allah qadınları ona görə boşamağı əmr etmişdir” (Buxari, Səhih, Talaq, 1,3,44,45 və s.). Abdullah b. Ömər demişdir ki; “Rəsulullah boşanmamı doğru hesab etmədi və bu ayəni oxudur: “Ey Nəbi! Qadınlarınızı boşadığınız zaman iddətləri içində boşayın.” Yəni onları iddətlərinin başlanğıcında boşayın.” (Əbu Davud, Sünən, Talaq, 4).
Başqa sözlə ayə və onun tətbiqi mahiyyətində olan Sünnətdə boşanmaq istəyən kişi aşağıdakı şərtlərə əməl etməlidir:
1. Qadını iddət (təmiz olduğu müddət) içində boşamaq;
2. İddəti saymaq, (iddəti sayan kişidir);
3. Qadını evindən çıxarmamaq;
4. Qadının evdən çıxmaması;
5. Müddətin sonunda ya yaxşılıqla saxlamaq, ya da yaxşılıqla ayrılmaq;
6. Qadını istər boşayarkən, istər dönüş sırasında, istərsə də ayrılarkən iki şahid tutmaq;


a) İddət içində boşamaq
İddət lüğətdə “saymaq, miqdar, adət” mənalarına gəlir. İstilahda, hər hansısa bir səbəblə evliliyin sona çatması halında qadının yenidən evlənə bilməsi üçün gözləməyə məcbur olduğu müddətə iddət deyilir. İddətin, qadının hamilə olub olmadığının anlaşılaraq nəslin qarışmasının qarşısını almaq, tərəflərə düşünmək və yenidən birləşmək üçün fürsət vermək, qadın üçün yeni həyata ruhən və psixoloji olaraq hazırlanmaq, evlilik bağını yox etməmək kimi və başqa bilmədiyimiz hikməti vardır.
İddət (yəni boşanmış qadının gözləməsi vacib olan müddət) ayrılığın gerçəkləşmə şəkli və qadının bu əsnada içində olduğu hala görə dəyişkəndir. Öncəliklə səhih evlilikdə zifaf və ya səhih xəlvət olmuşsa qadının iddəti gözləməsi vacibdir. Evlilikdən sonra kişinin ölməsi halında isə zifaf və ya xəlvət şərti axtarılmadan qadın iddət gözləyir.
Quranı Kərimdə evliliyin sona çatma şəklinə və qadının bu haldakı vəziyyəti (hamilə olub olmamağı, heyz olub olmamağı və s.) görə iddət müddətləri fərqli şəkillərdə müəyyənləşdirilmişdir ki, bunlar da dördə ayrılır:
1) Evlilik boşanmaq və ya fəsih yolu ilə bitirilmiş və qadın da hamilə deyilsə, heyz görən qadın üç heyz müddəti gözləyir (Bəqərə. 228);
2) Hər hansısa bir səbəblərdən heyz olmayanlar (yaşlılıq və ya xəstəlik kimi) isə üç ay boyunca iddət gözləyirlər. (Talaq, 4);
3) Evlilik kişinin ölümü ilə bitmişsə və qadın da hamilə deyilsə iddət müdəti dörd ay on gündür. (Bəqərə, 234);
4) Evlilik nə formada bitməyindən asılı olmayaraq hamilə olan qadının iddəti uşaq doğuluncaya qədərdir; uşağın doğulması ilə qadının iddəti bitər ( Talaq, 4). İddəti gözləyən qadınların yaşayışları (nafaqa) müəyyən şərtlərlə ayrıldığı həyat yoldaşlarının boynundadır.
İddət əsas etibarı ilə qadının gözləməyə məcbur olduğu müddət olmaqla yanaşı bəzi hallarda kişinin də iddəti gözləməsi vacibdir. Belə ki, kişinin boşandığı qadının bacısı, xalası, bibisi, qardaşının və ya bacısının qızı ilə evlənmək istəməsi halında, boşadığı qadının iddətini tamamlamasını gözləməlidir. Eyni şəkildə dörd qadınla evli olan kişi də onlardan birini boşadığı təqdirdə başqa bir qadınla evlənmək istərsə boşadığı qadının iddətini tamamalamasını gözləyir.
Talaq surəsinin ilk ayəsində “qadınları boşamaq istədiyinizdə onları iddətləri içində boşayın” buyrulur. Bunda məqsəd qadınların heyz halında olmayıb təmiz halda ikən, iddət gözləyəcəkləri şərtlərdə, yəni cinsəl münasibətdə olmadan boşayın deməkdir.
Qadın boşandığı zaman iddət müddətini ərinin evində keçirir. Qadın bu müddətdə əri ilə eyni evi paylaşır, lakin onunla cinsi münasibətdə olmur. İddət heyz görən qadın üçün üç təmizlik müddətidir (Bəqərə, 228). Heyz halında boşanmaq doğru olmadığı üçün belə bir qadının əri ilə münasibətə olmadan keçirdiyi müddətin cəmi üç adət, üç təmizlik müddəti olur. Bu da təxminən üç aydır.

Heyz -Təmizlik - Heyz - Təmizlik - Heyz - Təmizlik

Heyzdən kəsilən, heyz görməyən və ya hamilə olan qadınların iddəti ilə bağlı olaraq belə buyurulmuşdu:
“Heyzdən kəsilmiş olanlar haqqında şübhəyə düşsəniz iddətləri üç aydır; heyz görməyənlər də (hansısa bir xəstəlik səbəbi ilə) eləcə. Hamilə olanların müddətləri uşaq doğulunca bitir. Kim Allahdan çəkinərsə Allah onun işini asanlaşdırar.” (Talaq, 4)
Kişi bu halda olan həyat yoldaşını hər zaman boşaya bilər. Onun iddəti boşanma anından etibarən başlayır.

b)Şahidin olması
Boşanmanın şahidlərin hüzurunda olması şərtdir. Allah, Talaq surəsi 2-ci ayədə belə buyurur: “İçinizdən güvənilən iki adamı şahid tutun; şahidliyi Allah üçün yerinə yetirin.”
Ayələrə baxsaq boşanmanın hər bir mərhələsində şahidlərin vacibliyini görərik. Bunlardan birincisi boşanmanın gerçəkləşdiyi andır. Bu andan etibarən müsəlmanlara yüklənən bir vəzifə var. Allah belə buyurur:
"Ər və arvadın münasibətlərinin pozulmasından qorxursunuzsa kişinin ailəsindən bir hakim və qadının ailəsindən bir hakim göndərin; münasibəti düzəlmək istəsələr Allah aralarını düzəldər. Allah bilir və işin əslindən xəbərdardır." (Nisa, 35)
Boşanmağın şahidlər qarşısında gerçəkləşməsi halında həm müsəlmanlar vəziyyətdən xəbərdar olub ailəni qorumaq üçün bir fürsət əldə edir, həm də boşanmanın gerçəkləşməsi halında toplumu vəziyyətdən xəbərdar edir, həm də tərəflərin və uşaqların haqlarının pozulmasının qarşısını almaq imkanları olur.
İddət müddəti içində kişi iddətin bitməsini gözləmədən xanımına geri dönə bilər: “Kişilər münasibəti düzəltmək istəsələr onlara iddət içində dönməyə daha çox haqq sahibidirlər” (Bəqərə, 228)
İddət içində dönmək münasibəti düzəltmək şərtinə bağlı olduğuna görə bu haqda kişinin niyyətinin araşdırılmasına və vəziyyətin təsbitinə ehtiyac vardır. Pis niyyətli olduğu təsbit edilərsə dönməsinə imkan verilməz. Ona görə də bu mərhələnin şahidlərlə təsbiti vacibdir.
Müddətin sonunda dönmək də gözəl niyyət şərtinə bağlanmışdır. Buna görə o mərhələ də şahidlərlə təsbit edilməlidir. Allah belə buyurur:
“Qadınlar müddətin sona gəldiklərində onları ya maruf ilə tutun və ya maruf ilə sərbəst buraxın. Onları zərərə uğradıb haqlarına təcavüz etmək üçün tutmayın. Bunu edən özünə ziyan edər. Allahın ayələrini xəfifə almayın. Allahın üzərinizdəki nemətini düşünün. O, endirdiyi Kitab və doğru bilgi ilə sizə xəbərdarlıq edir. Allahdan çəkinin. Bilin ki, Allah hər şeyi bilir.” (Bəqərə, 231)
Kişinin xanımına müddətin sonunda gözəl niyyətlə döndüyünün və ondan gözəlliklə ayrıldığının da şahidlərlə təsbiti vacibdir. Allah belə buyurub: "Qadınları müddətlərinin sonuna gəldiklərində onları ya maruf ilə tutun və ya maruf ilə ayırın." (Talaq, 2)
Deməli talağın bütün mərhələlərinin şahidlərlə təsbiti şərtdir. Buradakı hər bir şahid həm hadisəni təsbitdə, həm də məhkəmədə şahidlik edə biləcək keyfiyyətdə olmalıdır. Buna görə ağıllı, həddi buluğa çatmış, lal və kor olmayan, adil kimsələrdən şahid tutulmalıdır.

c) İddəti saymaq
Talaq surəsinin 1-ci ayəsində iddəti saymaq vəzifəsi kişiyə verilib:
“Ey Nəbi! Qadınları boşadığınızda iddətləri içində boşayın və sayın.” Heyz olan qadın, iddəti saymaqla mükəlləf olan kişidir. Bu əmir onun bir müddət xanımı ilə yaxından maraqlanmasını təmin edir. Əgər iddəti saymazsa dönüş imkanı var ikən müddətin vaxtını unudaraq haqqını itirər. Qadın iddəti barəsində ərinə doğru məlumat verməlidir. Allah belə buyuru: “Allahın rəhimlərdə (bətn) yaratdığını gizləmələri o qadınlara halal olmaz.” (Bəqərə, 228). Heyz olduğu halda olmadım deyirsə də günah qazanır.

d) Qadının evdən çıxarılmaması və çıxmaması
Talaq surəsi 1-ci ayədə qadının iddət müddəti içində evdən çıxması və ya çıxarılması qadağan edilərək belə buyurulmuşdur: “Onları evdən çıxarmayın və onlar da çıxmasınlar; açıq aydın bir fuhuş işləmiş olmaları istisna.”
Burada sözü gedən ev, kişinin evi olmasına rəğmən qadının evi deyilmişdir. Deməli ki, iddət müddəti içində qadın o evi öz evi kimi istifadə edəcək. Ev qadının olsaydı onun oradan çıxarılmasından və çıxmasından söz belə gedə bilməzdi.
Qadın evdən çıxar və ya çıxarılarsa onları barışdırmaqla vəzifələndirilən hakimlərin işləri çətinləşər. Bundan başqa başqalarının yanında bir-birinin eyibini açaraq arada yaranan soyuqluğun artmasına səbəb olarlar.
Bir də təxminən üç ay müddətində eyni dam altında münasibətə girmədən yaşayan ər-arvad arasındakı narazılıq yumuşala bilər və boşanmağa yol açan səbəblər ortadan qalxar. Talaq surəsinin 1-ci ayəsinin sonunda “Bəlkə Allah bunun ardınca yeni bir vəziyyət yaradar” buyurulması bunu göstərir.

e) Kişinin xanımının yanına geri dönməsi
Kişinin xanımına geri dönməsi kişinin gözəl niyyətinə bağlıdır. Allah belə buyurur: “Əgər kişilər münasibəti düzəltmək istəyərlərsə, qadınlara iddət içində dönməyə daha çox haqq sahibidirlər” (Bəqərə, 228) yəni iddət sonunda dönə biləcəklərinə görə iddət içində də dönə bilərlər.

f) Yuxarıdakı şərtlərlə gerçəkləşdirilən talaqın sayı
Allah belə buyurur:
“O talaq iki dəfə olur. Hər birindən sonra qadını ya yaxşılıqla tutmaq, ya da gözəlliklə ayırmaq gərəkdir. Onlara verdiklərinizdən bir şey almağınız sizə halal olmaz. Zövclər Allahın qoyduğu hədlər çərçivəsində davrana bilməyəcəklərindən qorxarlarsa bu başqa. Allahın qoyduğu hədlərdə davrana bilməyəcəklərindən siz də qorxsanız qadının fidyə verib özünü qurtarmasında heç biri üçün günah yoxdur. Bunlar Allahın qoyduğu hədlərdir; onları aşmayın. Kim Allahın qoyduğu həddi aşarsa məhz onlar zalımlar olar.” (Bəqərə, 229)
Ayədəki “O talaq iki dəfə olur” hökmü, Allahın ölçüsünü müəyyənləşdirdiyi yuxarıdakı talağın ən çox iki dəfə ola biləcəyini göstərir.
“...Bunlar Allahın qoyduğu hədlərdir; onları aşmayın. Kim Allahın qoyduğu həddi aşarsa məhz onlar zalımlar olar” hökmü isə bu ölçüyə uymayan talaqların keçərsiz olduğunu göstərir.
Şərtə və ya bəlli bir zamanın gəlməsinə bağlanan talaq növləri də bu ölçüyə uymadığından keçərsizdir. Üçüncü boşanmada yuxarıdakı qanunlar keçərsiz olur. Allah belə buyurur:
“Kişi üçüncü dəfə boşanarsa artıq bu qadın ona halal olmaz. Qadın (başqası ilə) evlənib ondan da boşanarsa bu başqa; Allahın qoyduğu hədlərdə duracaqları qənaətinə vararlarsa bir-birilərinə dönmələrində bir günah yoxdur. Bunlar Allahın hədləridir. Allah bunları bilən bir topluluq üçün açıqlamaqdadır.” (Bəqərə, 230)
Talağın üçlə məhdudlaşdırılması fitrətə də uyar. Çünki istənilməyən bir işdən sonra ən çox iki dəfə üzür qəbul edilər, üçüncüsündə isə qəbul olunmaz.

Allah ailə fərdlərinə bir addım atarkən bunun ciddiliyini düşünərək atmalarını tövsiyə edir. Ani verilmiş bir qərar daha sonra geri dönməni mümkünsüz edə biləcəyi kimi, evlilik bağlarının da bir anda boşaldılmasının da qarşısını alır. Talaq, evlilik qədər ciddi bir məsələdir və bunu dilə gətirmək üçün düşünmək və evliliyin davam etdirilməsinin həqiqətən də mümkünsüz olduğu qənaətinə gəlincə boşanmaq lazımdır. Hər anlaşılmamazlıq zamanı "talaq" kəlməsini dilə gətirmək, yuxarıdakı şərtləri nəzərə almadan boşandığını söyləmək insanın qeyri ciddiliyindən xəbər verir. Evlənmək qədər boşanmaq da düşünülərək verilən bir qərar nəticəsində olmalıdır.


ARDI VAR
Sərvət Bayandır. İslam hüququ. ixtisarla
Hazırladı: Əlif/azerislam.com
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:17
GÜNƏŞ07:53
ZÖHR [ 4 rükət ]12:35
ƏSR [ 4 rükət ]14:57
MƏĞRİB [ 3 rükət ]17:15
İŞA [ 4 rükət ]18:47
GECƏYARI23:46
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka