Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

ZƏLZƏLƏ SURƏSİ

[ Təfsir / 7275 dəfə baxılıb ]   
|
 
Surə “Zəlzələ” mənasına gələn adını ilk ayəsindən alır. Musaflarda və ilk tərtib kitablarında Zəlzələ adı ilə yanaşı Zilzal adı ilə də anılmışdır. Buxari və Tirmizidə yer alan rəvayətlərdən surənin səhabənin dilindəki adının “iza zulzillət” olduğunu öyrənirik. Musaf sıralamasında 99 surə olsa da nüzul sıralamasında təxminən 31-ci yerə yerləşdirilib.

Məkkədə nazil olan surələrdəndir. Mövzusu və üslubu buna dəlildir. İbn Məsud, İbn Abbas, Mücahid, Katadə və Dahhaq kimi müfəssirlərimiz də onun Məkkə surələrindən olduğunu söyləmişlər. Mədinədə nazil olduğunu söyləyənlər Əbu Said əl-Hudri hadisəsinə istinad etmişlər. Bu səhabə Rəsulullaha “Böyük və kiçik hər etdiyimi görəcəyəmmi?” deyə sual vermiş, Rəsulullahın “Bəli” cavabından çox üzülərək “Vay mənim halıma!” demişdir. Rəsulullah onu Maidə surəsinin 9-cu ayəsi ilə təsəlli etmişdir: “Allah, inanan və saleh əməl işləyənlərin günahlarını bağışlayacağını və möhtəşəm bir mükafata qovuşacaqlarını vəd etmişdir” (İbn Əbi Hatim). Halbuki bu rəvayət surənin nüzul səbəbinə dəlil ola bilməz. Bu hadisəni sadəcə o səhabənin sözü gedən ayəni Mədinədə oxuyub anladığına və Quranın davamlı olaraq insanın daxili dünyasına xitab etdiyinə dəlil olaraq qəbul etmək daha doğrudur. Nazil olduğu zamanı təyin etmək çətin olsa da təxminən Nübuvətin 4-cü ilinə aid edə bilərik. Surə Kufə məktəbinə görə 8 ayədir. 6-cı ayəni iki ayə hesab edən cumhurun (çoxluğun) görüşünə görə isə 9 ayədir. [1]
Surənin vermək istədiyi əsas mesaj: “Ey insan! Allahdan heç bir şeyi gizləyə bilməzsən! Yer üzünü param-parça edib altını üstünə çevirən Allahı aldada bilməzsən! Yer üzünü danışdırıb ona həqiqəti söylədən Allahın gücünü düşün! Əgər bunu düşünsən anlayarsan ki: “Kim zərrə qədər yaxşılıq edərsə onu görəcəkdir. Kim də zərrə qədər pislik eləsə onu görəcək.” (7-8)

Musaf sıralamasında Beyyinə surəsindən sonra gələn Zəlzələ surəsi sanki o surənin son cümləsinə cavab verir. “Biz nə zaman mükafata qovuşacağıq” deyə sual vermək istəyənlərə cavab olaraq “Yer üzü özünə xas sarsıntı ilə sarsıldığı zaman” deyilir.

MƏAL VƏ TƏFSİRİ
Rəhman və Rəhimli Allahın adı ilə
1. Yer üzü (anidən) qorxunc bir zəlzələ ilə sarsıldığı zaman,
2. Bütün maddi və mənəvi yükünü çıxartdığı zaman,
3. İnsan: “Buna nə olub?” deyəcəyi zaman,
4. Məhz o dəhşət günü, yer üzü dilə gəlib (şahid olduqlarını) bir-bir xəbər verəcək;
5. Çünki sənin Rəbbin ona (da əmrini) vəhy etmişdir.
6. Məhz o dəhşət günü bütün insanlar etdiklərinin onlara göstərilməsi üçün (pərişan və üzgün bir halda) qrup-qrup toplanacaqlar.
7. Kim zərrə qədər yaxşılıq etmişsə onu görəcək;
8. Kim zərrə qədər pislik etmişsə onu görəcək.


Surənin ilk ayələri qiyamət və ondan sonrasını ehtiva edir. Ayə bəlli bir bölgədə deyil bütün yer kürəsində baş verəcək bir zəlzələdən xəbər verir. Yer üzünün eyni anda şiddətli bir sarsıntı ilə sarsılması hadisənin böyüklüyünü, dəhşətini göstərir. Rixter şkalasının ölçməkdə aciz qalacağı bu zəlzələ yer üzünü tamamən dəyişdirəcək; "Orda nə bir çuxur, nə də bir dağ görərsiniz". Çünki məhşər üçün toplanılma yeri də məhz yer üzüdür. Belə ki, ayələr bizə “orada yaşayacaq, orada öləcək və orada dirildiləcəksiniz” (Əraf, 25) mesajını verərəkən dirilmə yerinin də yer üzü olduğuna diqqət çəkir. Bunun üçün yer üzündə dəyişim (qiyamət) və dönüşüm (məhşər üçün yeni şəkil) baş verməlidir. Bu dəyişim və dönüşüm elə bir şiddətlə baş verəcək ki, Həcc surəsində bildirildiyi kimi “əmzikli qadını uşağını unudacaq, hamilə olanlar uşaq salacaqlar. İnsanlar (içmədən) sərxoş olmuş kimi olacaqlar” (Həcc, 1-2).

“Torpaq bütün maddi və mənəvi yükünü boşaldacağı zaman” ayəsi bir çox müfəssirlərimiz tərəfindən fərqli şərh olunmuşdur. Cumhurun rəyinə görə buradakı əskalə (أَثْقَالَهَا) kəlməsi İnfitar surəsində olduğu kimi qəbirlərdə olanlardır. Dirildilmə sonrası yer üzünün bayıra atdığı yük insanların məhşər üçün yenidən şəkilləndiriləcək bədənləridir. Zərrələrə ayrılmış, atomlara bölünmüş, çürümüş, torpaq olmuş, yanıb külə dönmüş, suda və ya quruda heyvanlara yem olmuş olsalar da məhşər üçün bütün insanlar dirildiləcəklər.
Əskalə kəlməsinə fərqli məna vermək də mümkündür. Bu halda Yer üzü qiyamət günü içindəki bütün xəzinələri boşaldacaq. Qiyamət günü yer kürəsi içərisində saxladığı maddi və mənəvi hər şeyi çıxarıb ortaya tökəcək və beləcə gizli heç nə qalmayacaq. Başqa bir sözlə desək, torpağın gizləmə özəlliyi məhşərə qədər sürəcək. Bizim qənaətimizə görə də ayə belə oxunmalıdır.
Bu ayədəki dəyişiklik isə Sura ikinci dəfə üfürülən zaman olacaq. Birinci üfürlümə ilə yer üzü mehvərindən oynayacaq bir şəkildə dəyişiləcək və indiki yaşamını itirəcək. İkinci üfürülmə ilə yenidən məhşər üçün yaşanılacaq hala gətiriləcək.

İnsan: “Buna nə olub?” deyəcəyi zaman. İlk iki ayədə qiyamətin şiddəti və məhşərin ilk görüntüləri (yerin içini boşaltması) barədə məlumat verildi. Bundan sonra bu hadisələrə insanın reaksiyasının necəliyi gündəmə gəlir. Hadisə o qədər dəhşətlidir ki, insanın ağlına “Kim etdi?” deyə bir sual gəlməyəcək. Çünki cavabını bilir. Bənzər bir ayə Yasin surəsində keçir: “ Nəhayət Sura (ikinci dəfə) üfürüldüyü zaman bir də görəcəksən ki, onlar qəbirlərindən (qalxaraq) Rəblərinə tərəf axışacaqlar; və “Vay bizim halımıza! Bizi yatdığımız yerdən kim qaldırıb oyandırdı? Bu Rəhmanın vəd etdiyi (qiyamət və məhşərdir); rəsullar (deməli) həqiqəti söyləmişlər” deyərlər.” (Yasin, 51-52). Bəli insanların bir çoxu həqiqəti məhz bu zaman öyrənəcək və etiraf edəcəklər. Lakin bu zaman olunan etirafın heç bir xeyri yoxdur. Çünki yer üzü artıq funkiyasını bitirmiş və yeni həyat başlamışdı. Bu həyatın isə adı məşhərdir və buradan cənnət və cəhənnəm yolçuluğu başlayır. Hər kəsin əməlinin qarşılığını alacağı gün beləcə gəlib çatmış olacaq.

Məhz o dəhşət günü, yer üzü dilə gəlib (şahid olduqlarını) bir-bir xəbər verəcək. Bu ayələrdə axirət gününün özəl bir halından xəbər verir: Yer dilə gəlib danışacaq. Yer üzü məhşərdə xəbərlərini bir-bir anladacaq. Çünki sənin Rəbbin ona (da əmrini) vəhy etmişdir. Bəli, axirət hadisəsi alışdığımız hər şeyin fərqli tərəflərini də bizə göstərəcək. Cansız hesab etdiklərimiz orada dilə gəlib bizdən danışacaqlar. Yer danışacaq, göy danışacaq, Günəş, ay, ulduzlar... şahid olduqlarını bir-bir xəbər verəcəklər. Cəhənnəm də susmayacaq. O da danışacaq və “Doldunmu?” sualına “Varsa yenə ver!” deyə (Qaf, 30) cavab verəcək. Allahın vəhyi sayəsində hər şey dilə gələcək, bütün sirlər açılacaq.
Məhz o dəhşət günü bütün insanlar etdiklərinin onlara göstərilməsi üçün pərişan və üzgün bir halda qrup-qrup toplanacaqlar.
Məhşər üçün qrup-qrup toplanılsa da Quranın verdiyi mesajlardan anlayırıq ki, sorğulanma fərdi şəkildə olacaq:
“Hamısı Rəbbinin hüzuruna sıra-sıra çıxarılacaqdır. And olsun ki, sizi ilk dəfə yaratdığımız şəkildə Bizə gələcəksiniz...” (Kəhf, 48)
“And olsun ki, sizi ilk dəfə yaratdığımız kimi tək-tək Bizə gələcəksiniz və (dünyada) sizə verdiyimiz şeyləri arxanızda buraxacaqsınız...” (Ənam, 94)

"Kim zərrə qədər yaxşılıq etmişsə onu görəcək; Kim zərrə qədər pislik etmişsə onu görəcək." Surənin bu son ayələri insanoğlunun etdiyi heç bir şeyin gizli qalmayacağını və hər şeyin açıqca ortaya çıxarılacağını ifadə edir. Ali İmran surəsinin 5 –ci ayəsində “Yer üzündə və göylərdə heç bir şeyin Allahdan gizli qalmayacağı” bəyan edilərkən Bəqərə, 284-cü ayədə “qəlblərdəki düşüncələri dilə gətirsələr də, saxlasalar da Allahın insanları buna görə hesaba çəkəcəyi” bildirilir. Yəni heç bir şey Allahdan gizli deyil. Axirətdə bəzi gerçəklərin üstündən pərdə qalxacaq və biz əməllərimizin şahidi olacağıq. Fəsadlarını, gerçək səbəblərini, bir çox şeyin bizə bəlli olmayan iç üzünü məhz orada görəcəyik.

Surənin bu son iki ayəsi mükafat və cəza ilə bağlı deyil. “onu görəcəklər” mənasına gələn yərahu (يَرَهُ) kəlməsi yuczə bihi (əvəzini görəcək) və ya yuhasəb aləyhi (onunla mühakimə olunacaq) mənasında anlaşılmamalıdır. Çünki öncəki ayədə “əməlləri onlara göstərilmək üçün” ora gəldikləri açıqca bildirilir (İsra, 49-la müqaisə et). Daha sonra hesab, ondan sonra mükafat və cəza gəlir. Əgər bu ayələri mükafat və cəza olaraq anlasaq, o zaman “Rəhmətim hər şeyi ehtiva etmişdir” (Əraf, 156), “Kim (İlahi məhkəməyə) bir yaxşılıqla gələrsə etdiyinin on qatını qazanacaqdır” (Ənam, 160) kimi bir çox ayələri doğru anlaya bilmərik. Burda sadəcə əməllərin göstərilməsindən söz gedir. Allah diləsə, günahları bağışlayacaqdır (Nisa, 48, Əraf, 33, Nəcm, 32 və s.) kimi ayələr Allahın rəhmətinin böyüklüyünə dəlildir. Başqa bir ayədə Allah yaxşılıq edənin etdiyinin qarşılığını artıqlaması ilə görəcəyini, pislik edənə isə eynisini veriləcəyini bəyan edir. Yəni bu ayələr insan əməllərinin hamısının qeyd edildiyini bəyan edir. İlahi məhkəmədə hər kəs nə etdiyini, nə üçün etdiyini görəcək və inkar etmək üçün heç bir bəhanəsi olmayacaqdır.



[1] Nəzərə alsaq ki, ayələrin nömrələnməsi təxminən Hicri 150-ci ilə təsadüf edir. Məhz buna görə də Bəsrə, Məkkə, Mədinə və Küfə məktəbləri arasında ayələrin nömrələnməsində kiçik də olsa fərqlər mövcuddur. Əlimizdəki Quran nüsxələrinin bir çoxu Küfə qiraət məktəbinə görə olduğu üçün biz onun nömrələnməsini əsas almışıq.


Azerislam.com




Hazırladı: Həvva Səlim
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:24
GÜNƏŞ07:59
ZÖHR [ 4 rükət ]12:52
ƏSR [ 4 rükət ]15:25
MƏĞRİB [ 3 rükət ]17:44
İŞA [ 4 rükət ]19:15
GECƏYARI00:04
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka