Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

TİN SURƏSİ

[ Təfsir / 6551 dəfə baxılıb ]   
|
 






















Surə kəlmə olaraq əncir / əncir ağacı mənasına gələn ət-Tin adını ilk ayəsindən alır. Tirmizinin kitabında eyni adla, Buxarinin kitabında isə və’t-tin adı ilə zikr olunur. Məkkə surələrindəndir. İlk tərtiblərin hamısında Buruc və Qureyş surələrinin arasına yerləşdirilmişdir. Buna görə deyə bilərik ki, surə təxminən Nübuvətin 4-cü ilində nazil olmuşdur. Musaf sıralamasında 95-ci surə olsa da nüzul sıralamasında təxminən 28-ci surədir.

Surə, insanlığın vicdanının ilahi vəhy tərəfindən hərəkətə keçirildiyi dörd bölgəni dolayısı ilə şahid tutaraq sözə başlayır. Bunlar:
1) Əncir, əncir ağacı və ya səhra ənciri: Hz. İbrahimin vəhy aldığı mübarək bölgəni simvollaşdırır. Hz. Nuh və Hz. Musa da eyni bölgədə vəhy almışdılar (Ənbiya, 71; Əraf, 137)
2) Zeytun dağı, zeytun və ya zeytun ağacı: Süleyman məbədinin üzərində inşa edildiyi dağı və Hz. İsanın vəhy aldığı mübarək və müqəddəs qılınmış bölgəni simvollaşdırır (Maidə, 21).Hz. İbrahim də vaxtı ilə o bölgədə vəhy almışdır (İsra, 1)
3) Sina dağı: Hz. Musanın vəhy aldığı mübarək və iki dəfə müqəddəs qılınmış bölgədir (Qasas, 30; Taha, 12; Nazirat, 61)
4) Əmin bölgə: Hz. Məhəmmədin vəhy aldığı mübarək bölgədir (Ali-İmran, 96). Adları zikr olunaraq and içilən bu bölgələrin hamısı Quranda “mübarək” və “müqəddəs” olaraq zikr edilir. Onların bərəkət və müqəddəslikləri özlərindən deyil, o bölgədə vəhyin nazil olmasındadır. “Şərəfu’l –məkan bi’l məkin” – yəni “yerin şərəfi o yerdə yerləşənin şərəfindən qaynaqlanır.” Bu bölgələrə and içilməsinin səbəbi də müxatibinin zehnini maddi olandan mənəvi olana yönəltmək üçündür. Başqa sözlə: Ey muxatab! Endiyi torpağa belə bərəkət qatan vəhy sənin həyatına nazil olarsa nələr etməz?!

Bu cahanşümül xitabın ardından söz, yer üzünün ruhu olan insana gətirilir. Bu həqiqəti sadəcə insanı yaradan verə bilər: "Doğrusu biz insanı ən gözəl şəkildə yaratmış, sonra onu başlanğıc nöqtəsinin ən dibinə göndərmişik." (4-5)

MƏAL VƏ TƏFSİR
Rəhman və Rəhim Allahın adı ilə
1. Əncir ağacı və zeytun (diyarı) şahiddir!
2. Ulu Sina Dağı şahiddir!
3. Bu güvənilən bölgə şahiddir;
4. Doğrusu biz insanı ən gözəl şəkildə yaratmış,
5. Sonra onu başlanğıc nöqtəsinin ən dibinə gətirdik.
6. Ancaq (təkamül yolçuluğunda) imanda səbat edən və o imanla uyumlu hərəkət (saleh əməl) edənləri bərəkətli (bitməyən) bir mükafat gözləyir.
7. Elə isə (ey insan): bütün bu həqiqətlərdən sonra sənə Hesab Gününü yalanladan nədir?
8. İndi (söylə ey insan): “Allah hökm verənlərin ən üstünü deyilmi?”


Allah Quranda müxtəlif varlıqları xatırladaraq onlara and içir, onları şahid tutur, onların önəminə vurğu vurur. Bu surədə isə bəzi məkanlara diqqətləri yönəldir.
Hz. İbrahimdən bəri dünyada ad qoyub getmiş bütün peyğəmbərlər Şərq bölgəsində yaşamışlar. Quranı Kərimdə onlardan bəhs edilməsi Quranın ilk müxatibləri olan Ərəblərin onlar haqqında bəlli bir məlumata sahib olmalarından da qaynaqlanır. Təbii ki, dünyanın başqa bölgələrinə də peyğəmbərlər göndərilmişdir. Çünki Allah heç bir qovmu peyğəmbərsiz buraxmamış; hər ümmətə və ya hər bölgəyə mesajını çatdıracaq elçilər göndərmişdi (Yunus, 47; Rad, 7; Nahl, 36; Fatr, 24) Lakin Ərəb toplumunnun Quranda adı zikr olunan peyğəmbərlər haqqında bəzi məlumatları var idi. Və Quran onların yanlış bildiklərini düzəldərək, bu peyğəmbərlər haqqında daha doğru və bizə lazımlı məlumatları verir.

1-3. Tin və zeytun nədir?
وَالتِّينِ وَالزَّيْتُونِ “Tin və zeytun şahid olsun” Surənin ilk ayələrində Allah ət-tin və əz-zeytun kəlmələrindən istifadə edərək Hz. İbrahimin vəhy aldığı, Hz. İsanın doğulduğu və yaşadığı şəhərlərə diqqəti çəkilir. Klassik təfsirlərdə bu iki kəlmə “əncir” və “zeytun” meyvələri şəklində anlaşılmışdır. Lakin ayələrin bir-biri ilə bağının olduğunu nəzərə alaraq sözü gedən kəlmələri meyvə olaraq deyil, bölgə şəklində anlamaq daha doğru olar. Çünki ardınca gələn digər 2 ayədə məhz iki bölgənin adı zikr olunur. Meyvə və bölgə arasında bir bağ qurmaq mümkün olmadığına görə biz də bir çox müfəssirlərimiz kimi bunların da bir bölgə olduğu qənaətindəyik. Bu baxımdan Tin və Zeytun Hz. İsa və Hz. İbrahimlə bağlı olmalıdır. Vəhyin insanlıqla qovuşduğu yerlərdən olmaq baxımdan bu məkanlar ətrafı bərəkətli qılınan iki yer olmalıdır.

وَطُورِ سِينِينَ “Sina Dağı şahid olsun” Bu ayədə də Allah Hz Musa ilə danışdığı dağı şahid gətirir. Sina dağı da insanlığın ilahi bilgilərdən xəbərdar edildiyi müqəddəs yerlərdəndir. Bu səbəblə Hira kimi Sina da bizim nəzərimizdə dəyərli məkanlardır. Çünki ilahi aydınlığın bir ünvanı da Sina dağıdır.

وَهَٰذَا الْبَلَدِ الْأَمِينِ “Bu əmin bölgə şahid olsun” Bu ayədə Allah Rəsulullahın risalətlə şərəfləndirlildiyi Məkkəyə and içir, onu şahid tutur. Məkkənin güvənilən bir yer olduğunu başqa ayələrdən də öyrənirik (Bəqərə, 125; Maidə, 97; İbrahim, 37; Ənkabut, 67; Qasas, 57). Onun əmin bölgə olmasının səbəbi isə İbrahimin duasıdır.

4-5. “Biz insanı ən gözəl biçimdə yaratdıq” (أَحْسَنِ تَقْوِيمٍ). Bu ayəyə “Biz insanı ən gözəl şəkildə/biçimdə yaradırıq” şəklində geniş zaman anlamı vermək yaratma işinin davamlılığını ifadə etmək baxımından çox önəmlidir. İlk 3 ayədəki şahidliklər bu cümlənin önəmini vurğulamaq üçündür. O bölgələr şahid tutularaq insanın yaradılışının ən gözəl biçimdə olduğu dilə gətirilmişdir . Çünki həqiqətə də insan bədən və ruh olaraq ən gözəl biçimdə yaradılmışdır.
İnfitar surəsinin 6-8 ayələrdə də Allah insanı yaratdığını, ona yaradılış məqsədinə uyğun şəkil verdiyini, ölçülü bir varlıq halına gətirdiyini və həm fiziki, həm də ruhsal özəlliklərini və ya orqanlarını bir-birinə uyğun hala gətirdiyini ifadə edir. Kəhf surəsi 37-də insanın turab “torpaq” və nütfə “ziğot” mərhələlərindən sonra bir insan şəklinə salındığı bəyan edilir, Muminun surəsi 14-də isə bu mərhələlər yaşanarkən ona ruh üflənib başqa bir yaradılışa və quruluşa sahib olduğu ifadə edilir.

“Sonra onu başlanğıc nöqtəsinin ən dibinə (أَسْفَلَ سَافِلِينَ) gətirdik.” Və ya klassik təfsirə görə “Onu aşağıların ən aşağılısına endirmişik”. Bu mənada “aşağıların ən aşağılısı” ya cəhənnəm, ya da qocalıqla gələn düşkünlükdür. Bu halda ayəni bir neçə şəkildə anlamaq mümkündür:
1. Bundan öncəki ayədə əl-insan kəlməsi bütün insanları ehtiva etdiyi üçün hər insan ən gözəl biçimdə yaradılmışdır. Bu yaradılış davam etdiyi müddətdə yerini yavaş-yavaş ərzəl-i ömür deyilən “ömrün ən sıxıntılı dönəmi”nə verir (Nahl, 70; Həcc, 5). Ayədə sözü gedən əsfəli safilin ömrün bu mərhələsinin ismi olur. Bu halda ayəni belə şərh edə bilərik: “Hər insan üçün əsfələ safilin dönəmi mümkündür; xüsusi ilə iman edib yaxşı işlər görənlər üçün bu dönəmdə ediləcək fədakarlıqlar, birməyən mükafatın gəlməsini təmin edəcək; onlar üçün ömürlərinin irəli zamanları bir itki deyil, qazancın davam etdiyi zaman kəsiyidir.”
2. Öncəki ayədə sözü gedən əl-insan kəlməsi bütün insanları ehtiva etmiş olsa da burada əsfəli safilin dönəmi gözəl biçimdə yaradılmış olmasına rəğmən bunun gərəyini yerinə yetirməyən “nankor insan” da ola bilər. Bu halda əsfəli salihin axirətdə kafirlərin və münafiqlərin gedəcəyi “cəhənnəm”dir. Allah cəzalandırma baxımından heç kimə zülm etməz, heç kimi aşağıların aşağılısına çevirməz.
3. Quran ayələri “səbəb-nəticə” bağı ilə dəyərləndirildiyi zaman doğru anlaşılır. Bu halda buradakı “aşağıların ən aşağılısına endirilmək” bir nəticədir. Səbəb isə Əraf, 179; İsra, 63; Sad, 85 kimi ayələrdə bildirildiyi kimi insanın seçimi, xətası, qərarları və yanlış davranışlarıdır.
4. Bizim tərcüməmiz isə bir az təkamül prosesinə bağlıdır. Bizə görə ayənin vermək istədiyi mesaj: Biz insanı potensial olaraq çox üstün keyfiyyətlərlə təchiz etdik və onlardan istifadə etdiyində məxluqatın zirvəsi ola biləcək qabiliyyətdə yaratdıq; lakin bu uca məqama əzim və səyi ilə yüksələ bilməsi üçün onu təkamül yolçuluğunun başladığı nöqtəyə qoyduq və yolu ona göstərdik. Bundan sonrası insanın əzminə bağlıdır. Çünki bir öncəki ayədə Allah, insanı ən gözəl şəkildə yaratdığını söylərir. Belə olduğu təqdirdə, ən gözəl bir şəkildə yaratdığını niyə "aşağıların ən aşalısı" etsin ki? Bundan başqa bizim qənaətimiz görə ayədə keçən riddət (رَدَدْنَاهُ) kəlməsindən törənən rədədnəhu kəlməsinə bağlıdır. Çünki riddət başlama nöqtəsi deməkdir. Burada irtədnəhu deyil, rədədnəhu gəlib. İkincisi bir öncəki ayədə keçən "təqvim" kəlməsi tədricilik ifadə edir. Yəni mərhələ-mərhələ o nöqtəyə yetişir. İnsanı ən gözəl şəkildə yaratdıq dediyi zaman yaradılmanın tədriciliyi nəzərdə tutulur. Üçüncü bir səbəb isə ayədə keçən "riddət" kəlməsi Allaha istinad edilib. Halbuki günah Allaha deyil, qula istinad edilir. Allah biz onu riddət məqamına gətirdik deyirsə, burada ağla pis bir şey gələ bilməz. Burada ən doğru məal başlama nöqtəsidir.
Doğrusunu Allah bilir.

6. Əməlsiz iman kifayət deyil. “İman edib saleh əməl işləyənlər xaric” Buradakı istisna eyni ilə Əsr surəsində olduğu kimi zərər və ziyanda qalmanın bir “qədər” olmadığını, bundan iradə ilə xilas olmanın yolunun açıq olduğunu göstərir. Bu istisna cümlələri insanlıq üçün böyük bir ümid və çıxış yoludur; istəyən bundan istifadə edəcəkdir.
Ayədəki “iman edib yaxşı işlər görənlər” ifadəsi iman ilə saleh əməlin birliyini göstərir. İmanın təsdiqi üçün saleh əməl mütləqdir. Xilas üçün “iman və saleh əməl” bərabərliyi vacibdir.
Saleh əməl, bir pisliyin yerini yaxşılığa buraxmasına vəsilə olan işlərdir. Əsr surəsində də qeyd etdiyimiz kimi saleh əməl cəmiyyətə, topluma faydalı olan, sadəcə edəninə deyil, çevrəsinə də yararlı olan əməllərdir. Bundan çıxış edərək deyə bilərik ki, imanın ictimai bir funksiyası var. Qurandakı bu ifadələr buna dəlildir. Əgər bir yaxşılıq imanlı bir şəkildə edilmişsə və fərdə yönəlikdirsə ona “ibadət” və ya hasənat” deyilir. Əgər sözü gedən davranış ictimai ölçülüdürsə buna da “saleh əməl” adı verilir. İman olmadan edilən bu davranışlara bu üç addan heç biri verilə bilməz.

7-8. Ey inkarçı insan; artıq sənə dini (hesabı və ya hesab gününü) yalanladan nədir? Allah, hökm verənlərin ən üstünü deyilmi?
Allah, ən gözəl şəkildə yaratdığı insanı, öz iradəsi ilə şəri seçməsini, bunun nəticəsində də aşağıların ən aşağılısına endirilməsini zikr edincə, bunun səbəblərindən birini də burada gündəmə gətirir: Hesab gününü unutmaq. Bundan sonra isə Özünün hökm verən olduğunu xatırladır.

Dini yalanlamaq. Din kəlməsi nə deməkdir? Din kəlməsi ərəbcə d-y-n kökündə məsdər və ya isimdir. Cevhəri, dinin “adət, durum; cəza, mükafat; itaət” şəklində mənalarını olduğunu söyləyir və termin olaraq dinin bu son “itaət” mənasından gəldiyini bildirir. İbn Manzur bunlara “hesab” və “İslam” mənalarını da əlavə etmişdir. İsfahani kəlmənin sadəcə “itaət” və “cəza” mənasını qeyd edərək bu kəlmənin “şəriət” mənasında da istifadə edildiyini bildirmişdir.
Din kəlməsi Quranda “İslam (dini)” (Fəth, 28 və s.), “Tövhid” (Ali İmran, 19 və s.), “hesab, cəza və qarşılıq” (Fatihə, 4; Hicr, 35 və s), “hökm, qanun, hüquq” (Yusuf, 76; Nur, 2), “yol” (Ənam, 161), “borc” (Bəqərə, 282) və s. mənalarda istifadə edilmişdir.
Dini yalanlamaq hesabdan qaçmaq təşəbbüsüdür. Bizə görə bu “inkarçı insandır” çünki din kəlməsinin “hesab və qarşılıq” mənası da var. Bu halda sözü gedən yalanlama axirətdəki hesab ehtimalıdır. Çünki bir sonrakı ayədə Allahın hökm verməsi sadəcə dünya ilə məhdudlaşmır, eyni zamanda axirəti də ehtiva edir.
Ən gözəl biçimdə yaradılmasına rəğmən əgər insan Allahı inkar edib, Onun göndərdiyi dini və ya axirətdəki hesabı yalanlayırsa bu dəfə axirətdə Allahın hökm verən sifəti ilə baş-başa qalacağı ona xatırladılır. Əbu Davud və Tirmizinin rəvayət etdiklərinə görə Rəsulullah bu son ayəni oxuyanların “Bəli, əlbəttə mən də buna şahidlik edənlərdənəm” demələrini istəmişdir (Əbu Davud, Salat, 150; Tirmizi, Təfsiru Surə-i Tin)


Azerislam.com




Hazırladı: Həvva Səlim
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:24
GÜNƏŞ07:59
ZÖHR [ 4 rükət ]12:52
ƏSR [ 4 rükət ]15:25
MƏĞRİB [ 3 rükət ]17:44
İŞA [ 4 rükət ]19:15
GECƏYARI00:04
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka