Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

BURUC SURƏSİ

[ Təfsir / 7620 dəfə baxılıb ]   
|
 

















Bu surə, “bürclər” (əl-buruc) mənasına gələn adını ilk ayəsindən alır. Səhabədən gələn rəvayətlərdə ilk ayənin tamamı ilə adlandırılır. Musaflarda, hədis və təfsir kitablarında Buruc adı ilə yer alır. Məkkə surələrindəndir. Məzmunundan da göründüyü kimi möminlərə edilən işgəncənin başladığı bir zaman kəsiyində nazil olmuşdur. Nübuvətin 4-cü və ya 5-ci ilində nazil olduğu təxmin edilir. Bu surə, əl-Mufassalu’t Tival deyilən “qısa surələrin qismən uzun olanları”nın sonuncusudur.

Surənin əsas mövzusu inanca qarşı aparılan mütəşəkkil təzyiqdir. Nə qədər təcavüzkar olursa olsun gücün sözünün sözün gücünə qalib gəlməyəcəyi fikri surənin ana fikridir. Heç bir zalımın atəşi imanı yandıra bilməz. İmanın izzəti hər bir əzaba, işgəncəyə qalib gələcək. İmana atəş çuxuru qazanlar bunun cəzasını axirətdəki atəş çuxurunda (cəhənnəm – çuxur deməkdir) çəkəcəklər. Sadəcə Allaha inandıqları üçün atəşdə yandırılanlar haqqını zamanı gəlincə Allah alacaq, zalımlardan bunun hesabını soruşacaqdır.

Müfəssirlərimiz surənin ilk bölümünü tarixi rəvayətlər işığında şərh etmişdilər. Lakin surə imanı yandırmağa cəhd edən bütün zamanların zalımlarını, tövbə edib peşman olmadıqları təqdirdə cəhənnəmlə girəcəklərini bəyan edir (10). Bununla yanaşı inanca hücumu tərk edib yaxşılığa yönənənləri də cənnətlə müjdələyir (11). Bu ayələr Allahın mərhəmətinin böyüklüyünə dəlalət edir. Bu mərhəmətin arxasındakı əsas amil də Allahın “həm sevən, həm də sevilməyi istəyən” mənasına gələn əl-Vədud ismidir.
“O, ən çox sevən və ən çox da sevilməyi haqq edən bir bağışlayıcıdır” (14)

MƏAL VƏ TƏFSİR
Rəhman və Rəhim Allahın adı ilə

1. Bürclərlə dolu olan göy üzü şahid olsun, (və ya and olsun)
2. Vəd edilən gün şahid olsun,
3. Şahidlik edən və haqqında şahidlik edilən şahid olsun.
4. Qəhr olsun xəndək əhli!
5. O atəş (xəndəkləri) ağzına qədər doldurulub alovlandırılmışdır.
6. O zaman onlar atəşin üstündə oturmuşdular;
7. Möminlərə etdikləri başlarına gəlmişdi.
8. O (zalımlar) başqa bir səbəblə deyil, sadəcə ucalıqda tayı bərabəri olmayan və həmdə layiq olan Allaha imanda israr etdikləri üçün onlardan intiqam aldılar.
9. O Allah ki, göylərin və yerin hakimiyyəti sadəcə Ona aiddir; Allah hər şeyə şahiddir.
10. Mömin kişi və mömin qadınlara işgəncə verib və sonra da etdiklərindən peşman olub tövbə etməyənlərə yandırıcı atəş və cəhənnəm əzabı vardır.
11. Şübhəsiz ki, iman edən və Allahın razı olacağı işləri görənləri altında çaylar axan cənnətlər gözləyəcəkdir: məhz bu, böyük bir uğurdur.
12. Şübhəsiz ki, Rəbbinin intiqamı çox şiddətlidir;
13. Çünki O, bəli Odur yoxdan var edən və yaratmağı davamlı təkrar edən də yenə Odur.
14. Və bağışlayan, sevən və sevilməyə layiq olan da odur.
15. Ən şərəfli məqamın sahibidir;
16. Dilədiyi hər şeyi edə biləndir.
17. Məlum orduların hadisəsindən xəbərin varmı?
18.Firon və Səmud qövmünün (ordularından)?
19. Təəssüf ki, inkarçılar yalanlamaqda israr etmişlər;
20. Allah da onları heç düşünmədikləri yerdən (arxadan) onları əhatə etmişdir.
21. Bu şanlı – şərəfli bir xitabdır;
22. Levh-i Mahfuzda qorunma altına alınmışdır.

Allah ilk üç ayədə dörd şeyi bizə şahid tutur və ya başqa biri oxunuşla onlara and içir. İlk ayədəki əs-səma kəlməsi “yüksəklik” mənasındakı kosmos boşluğunu və böyük ehtimalla bütün ulduz və planetləri ehtiva edir. Ayənin səma kəlməsindən sonra gələn zati'l buruc (ذات البرخ ) ifadəsi də bu mənanı təsdiq edir. Bürclərlə nəyin nəzərdə tutulduğu mübahisə mövzusu olmuşdur:
1. Buruc (الْبُرُوجِ) kəlməsi cəm formasındadır və “ulduzlar”, “köşklər”, “qum və yağmur”, “günəş və ayın mənzilləri”, “atlar”, və “gözəl varlıqlar” kimi mənalara gəlir. Zaməhşəri onların 12 bürc və ya göyün qapıları olduğunu, dünyadakı köşklərə bənzədilərək göyün də köşkləri olduğunu dilə gətirir. Elmalılı onun “görünən şey” mənasından çıxış edərək hər baxanın gözünə çarpacaq şəkildə görünən “yüksək köşk, qalaların yüksək yerləri” olduğunu dilə gətirir və bu mənasını əsas alaraq məqsədin göydəki ulduzlar və ya ulduz yığını və ya 12 bürc (zodiak) olduğunu bəyan edir.
əl-Buruc kəlməsi Quranda fel olaraq “açılıb-saçılmaq, özünü göstərmək” (ən-Nur, 60: Əhzab, 33) isim olaraq cəm formasında “köşklər” (Nisa, 78) mənasında işlədilir. Bu surədə, eləcə də Hicr, 15 və Furqaan, 61-də isə bu kəlmə “bürclər, ulduzlar” mənasında istifadə edilib.
2. “Vəd edilən gün şahid olsun” və ya “vəd edilən günə and olsun” ayəsindəki gün haqqında bütün üləmamız ittifaq edirlər. Ayədə keçən "vəd edilən gün" ifadəsi mömin kafirdən ayrılacağı, möminin qəlbinin hüzurla dolacağı, kafirin isə təhdid edildiyi qiyamət günüdür. Əbu Hureyrəyə aid olan bir hədisdə Rəsulullah (sas) vəd edilən günün qiyamət günü olduğunu bəyan etmişdir (Tirmizi, Təfsiru’l Quran) yəni bu ifadələr məhşər gününün bəyanıdır. Çünki mühakimə olunmanın yeri və zamanı məhşərdir.
Bu ifadədə məqsədin sistemin yıxılması anlamında qiyamətin qopması olduğu da bəyan edilir (Razi bu fikrin Kaffala aid olduğunu dilə gətirir). Bu da doğru ola bilər. Çünki ilk ayəni göyün mükafat yeri olmasından söz edildiyini qəbul etsək, bunun möminlərə bir təsəlli olacağı, ikinci ayədə də kafirlərin təhdid edildikləri qiyamətin nəzərdə tutulduğunu söyləyərək iki ayə arasında bir bağ qurmuş olarıq.
3. Şahid və Məşhud. O gündə şahidlik edənə və haqqında şahidlik edilənə and olsun. Ayədəki “şahid” (وَشَاهِدٍ) kəlməsi “şahidlik edən”, Məşhud (وَمَشْهُودٍ) kəlməsi isə haqqında şahidlik edilən deməkdir. Bu ayədəki kəlmələrin nələri ehtiva etdiyi barəsində fərqli görüşlər var. Şahiddən məqsəd “Cümə günü”, “insan”, “Muhəmməd (sas)”, “Qurban bayramı”, məşhuddan məqsəd isə “Ərəfə günü”, “qiyamət günü”, “Cümə günü” olduğu söylənilmişdir. Bu ayədə nəzərdə tutulan şahidlin qiyamət günü/məhşərlə əlaqəli olduğu aydındır. Şahid, “Allah şahid olaraq yetər” (Nisa, 79; Ənam, 19) mənasındakı ayələrdə də olduğu kimi həm Allahdır, həm də “Biz səni ancaq şahid olaraq göndərdik” (Əhzab, 45; Nisa, 41) ayətindəki Rəsulullahdır (sas). Bundan başqa “Yanlarında olduğum müddətcə hallarına şahidəm” (Maidə, 117) ayəsində adı keçən Hz. İsadır, həm də “Beləcə sizi digər insanlara şahid olasınız deyə şahidlər etdik” (Bəqərə, 143) ayəsində adı keçən bütün möminlərdir. “O gün insana hesab sorucu olaraq özü kifayətdir” (İsra, 14) ayəsinin söylədiyi kimi hər bir insandır. Həm də “O gün onlara dilləri, əlləri və ayaqları etdikləri haqqında şahidlik edəcəkdir” (Nur, 24) ayəsində olduğu kimi əzalarımızdır. Bütün bunlarla yanaşı Qaf, 21 və Fəcr, 22-ci ayədəki “mələk”lərin şahidliyi ilə Nisa surəsi 41-ci ayədə “hər ümmətin peyğəmbəri”nin şahidliyi də bu şahidliklərdəndir.
Məşhud haqqında üləmanın çoxu Hud, 103 və Məryəm 37-ci ayələri nəzərə alaraq “qiyamət günü” olaraq qəbul etmişlər. Yəni qiyamətdə şahidlik edilənlər. Başqa sözlə şahidi “tanık” (görən), məşhudu isə şübhəli (sanık) olaraq qəbul etməliyik. Əks halda şahid ilə məşhud arasında məna fərqi itər.
4-5. Bu ayələr haqqında tarixi bir rəvayət nəql edilir. Hadisənin baş verdiyi məkan və zaman haqqında fərqli versiyalar olsa da hamısı bir nöqtədə birləşir. Zalım bir iqtidar hakimiyyəti altında olan möminləri məhz Allaha iman etdiklərinə görə, - qadın, uşaq, qoca, cavan demədən, - bir xəndək qazaraq orada yandırtmış və bu zülmü törədənlər xəndəyin kənarında oturub möminlərin yanmasını seyr etmişlər.
Ayədə keçən qutilə (قُتِلَ) feli əslində öldürüldü mənasına gəlir. Məqsəd atəşə atdırılma işinin gerçəkləşdirildiyini bəyan etməkdir. Bu halda ayə “Xəndəyə atılanlar öldürüldü, şəhid edildi” şəklində anlaşılır. Bu felli "quttilə" şəkilində oxuyub öldürülmə işlərini iqtidar tərəfindən əmri altındakı insanlara etdirildiyi ifadə edilmiş ola bilər. Başqa bir ehtimal görə isə kəlmə yenə "quttilə" şəkilində oxunaraq “bunu edənlər də öldürüldü” mənasında anlamaq da mümkündür.
Lakin müfəssirlərimizin çoxu bu kəlməni “öldürmək” mənasında deyil, lənət mənasında olduğunu söyləmişdilər ki, bizə görə də doğru olan belə oxumaqdır. Yəni bu halda məna “qəhr olsun” şəklində oxunur. Tərcümanul Quran ləqəbli səhabəmiz İbn Abbasdan gələn bir rəvayətə görə Qurandakı bütün qutilə felləri “lənət olsun” deməkdir.
Buradakı əshabu’l uhdud (أَصْحَابُ الْأُخْدُودِ) ifadəsini “atəşə atılanlar” şəklində mənalandırsaq onların kimlikləri haqqında çox şey söyləməyə ehtiyac yoxdur. Quranda əshabu’nar tamamlanması bir çox yerdə “cəhənnəm əhli, cəhənnəmliklər” olaraq istifadə edilmişdir. Buruc surəsində isə “dünyada ikən atəşə atılanlar” mənasına gəlir. Məqsəd əlbəttə cəhənnəm atəşi deyil; çünki 8-ci ayədə onları “imanlarına görə öldürdürülənlər” olduğu açıqca ifadə edilib.
Uhdud yer üzündəki “yarıq, çuxur, xəndək” mənasındakı hadd kəlməsindən törədilmişdir. Bu işləri edənlərin kimliyi ayədə açıq şəkildə zikr edilmədiyinə görə mesaj cahanşümüldür. Kimlikləri haqqında fərqli rəvayətlər olsa da biz burada onları zikr etməyəcəyik. Razının də qeyd etdiyi kimi bu hadisənin bir dəfədən çox yaşanması mümkündür. Yəni fərqli zaman və məkanlarda eyni hadisənin yaşanması mümkündür. Çünki hər dönəmin öz Fironu, öz Nemrudu var və onlar möminlərə zülm verməyi adət halına gətiriblər. Çünki eyni hadisələri günümüzün müsəlmanları da yaşayır; məsələn yaxın keçmişdə Bosniyada, günümüzdə Arakanda olanları yada salmaq kifayətdir. Günümüzdə baş verən bu vəhşilikləri canlı yayınla anında izləmək mümkündür. Təəssüf ki, hələ də “insan haqları”nı qoruduğunu iddia edən bir çox qurum və lider ölkələr bu vəhşətlərə susaraq reaksiya verir və bir növ o atəş xəndəyinin kənarında oturub yananları seyr edirlər. Eynilə əshabul Uhdud kimi...
Surənin girişində də nüzul zamanının möminlərin işgəncə gördüyü illər olduğunu söyləmişdik. Bu ayələrlə möminlərə təsəlli verilir, zülm edənlərin axirətdə mütləq ağır bir zülmə uğrayacaqları dilə gətirilir. Surədə sözü gedən Uhdud sahibləri etdiklərinin əvəzini dünyada və axirətdə gördükləri kimi Məkkə müdrikləri də etdiklərinin əvəzini görəcəkləri mesajı verilir. Başqa sözlə hər zalım bu ayənin müxatibidir. Onlara verilən cəza sadəcə bu dünya ilə kifayətlənməyəcək, eyni zamanda axirətdə də davam etdiriləcək.
6 - 7. Atəşin kənarında oturub seyr etmələri isə işin ən acınacaqlı tərəfidir. Möminləri yandırmaqla yetinməmiş və özləri də qazdıqları çuxurun kənarında oturub onların yanmasını seyr etmişlər. Bu ayə ümumi olaraq belə anlaşılmışdır. Lakin fərqli bir yanmasa hadisəyə başqa bir məna da qazandırır. Möminləri yandırarkən özləri atəş çuxurunda oturmuşdular, - ki, bu cəhənnəm çuxurudur, - o anda bundan xəbərləri yox idi. Yəni başqa sözlə desək, bunu edənlər öz atəşlərini seyr edirdilər, lakin həqiqətdən xəbərləri yox idi. “Onlar yanarkən yandıqlarının (və ya yanacaqlarının) fərqində deyildilər. Onlar, əslində imanı yandırmağa çalışmaqla əbədi həyatda özlərini yandıracaqlarını dilə gətirmişlər. Onların möminlərə etdikləri öz başlarına gəlmişdi. Çünki cəhənnəm, inkar edən insan xislətindədir. “doydunmu deyiləndə varsa yenə ver” deyən cəhənnəm doyumsuzdur, eynilə gözü heç bir zaman dünyadan doymayan kafi kimi...
Kaaria surəsinin 9-cu ayəsində cəhənnəmin başqa bir adı “haviyə” keçir ki, bu da uçurum deməkdir. Məryəm surəsində 59-da isə cəhənnəm anlamında ğayy ifadəsi istifadə edilmişdir ki, bu da üləma tərəfindən “cəhənnəmdə bir çuxurun adı” olaraq qəbul olunub. Başqa sözlə uhdud kəlməsi “çuxur” mənasında “cəhənnəm” anlamına da gəlir. Bundan başqa cəhənnəm məqam olaraq aşağıda bir yer olduğu üçün (Nisa, 145; Əraf, 50) və oraya atılmaqdan söz edildiyi ayələrlə sabitdir (Furqaan, 13; Mülk, 8)
8-ci ayədə "insanları atəşə atıb yandıran, sonra da ətrafında oturaraq olanları seyr edənlərin" bu işi nə üçün etdikləri bəyan edilir: İman. Yəni “inkarçıların intiqamı”nın səbəbi möminlərin sadəcə Allaha iman etmələri göstərilir. Deməli bu məzlum insanların zalımlara qarşı feli bir davranışı, hücumu və ya hansısa bir mübahisəyə təşviqləri olmamışdır; onlara heç bir cismani və maddi ziyan da vurmamışlar. Yeganə “günahları” Allaha iman etmək idi. Bu ayələrdən də anlayırıq ki, iman etmək bədəl tələb edən bir işdir. Sıxıntıları könül xoşluğu ilə qəbul etməli, ilahi riza uğuruna bəzi fədakarlıqlara qatlanmaq lazımdır. Quranın da söylədiyi kimi: “Sizdən öncəkilər sınandıqları kimi sınanmadan cənnətə girəcəyinizimi sandınız?” (Bəqərə, 214). Cənnət ucuz deyil və "iman etdim" demək imtahana hazıram deməkdir. Tarixdə olduğu kimi bu gün də, sabah da haqqı seçənlər bənzər sıxıntılarla qarşılaşacaqlar. Lakin bu imtahanı layiqi ilə verən, Allahdan ümidini kəsməyənləri də Allah mükafatlandıracaq. Allah Ona iman edənləri yalnız buraxmayacaq. Bu imtahanı sadəcə Allahın bir sınağı olaraq qəbul edənlər uğur qazanacaqlar.

Çuxur/xəndək qazanlara qarşı Allahın dörd sifəti
əl-Əziz.
əl-Əziz (الْعَزِيزِ) kəlməsi “güclü, üstün, məğlub olmağı əngəlləyən güc” mənalarına gəlir və bir çox ayədə “Allahın sifəti” olaraq istifadə edilir. Buruc surəsi 8-ci ayədə Əl-Əziz sifətinin istifadə edilməsi əsl güc və qüdrətin sahibinin Cənab-ı Haqq olduğunu bəyan etmək, Ondan başqa üstün heç bir varlığın olmadığını, olmasının mümkünsüzlüyünü xatırlatmaq, izzət və şərəfi Onun yanında axtaranların heç bir zaman məğlub edilməyəcəklərini elan etməkdir. Beləcə möminləri bu dünyada yandıranların onlardan daha böyük bir gücün hüzuruna çıxardılacaqları və Ona hesab verəcəkləri bəyan edilməkdədir.
əl-Həmd
Ayədəki əl-Həmd (الْحَمِيدِ) sifəti Allahın tərifə layiq yeganə varlıq olduğunu ifadə edən bir kəlmədir. Həmd haqqında geniş məlumatı Fatihə surəsini işləyəndə yazdığımıza görə burada bu haqda danışmayacağıq.
Kainat Allahı həmdə proqramlaşmışkən bəzi nankorların bu proqramı tanımayıb insanlara əziyyət vermələrinin nəticəsi cəhənnəm əzabıdır.
əl-Malik
Buruc surəsi 9-cu ayədə Allah Özünü göylərin və yer üzünün sahibi (لَهُ مُلْكُ) olaraq tanıdır. Burda əl-Malik kəlməsi keçməmiş, sadəcə bu kəlmə lahu mülk şəklində istifadə edilmişdir. Bu sahibliyin Allahın əl-Malik sifətinin başqa bir ifadəsi olduğu dəqiqdir. Bu surədə yer alan ayədə: “Allah göylərin və yer üzünün sahibi”dir cümləsi atəş çuxuru içində insanları yandıranların əslində onlara aid olmayan bir aləmdə hökmranlıq etmək cəsarətlərini deşifrə edir. Onlar da, yandırdıqları insanlar da, istifadə etdikləri yanğın maddəsi də, qazdıqları çuxur da, olduqları məkan da hamısı Allaha məxsusdur. Və Onlar Allaha aid olan bir yerdə “Allahlıq” etdiklərinə görə qınanırlar. Allahın verdiyi cana qıyaraq Allahın insana verdiyi yaşamaq haqqına təcavüz edirlər.
əş-Şəhid
Şahid, şəhid, şüheda və şəhadət kimi kəlmələr eyni kökdən törədilən kəlmələrdir və varlıqlar üçün “şahid olmaq” mənasını verir. Onlar atəşə atdıqları insanlara baxıb seyr edirdilər. Məhz etdiklərinə qarşılıq olaraq da Allah da onlara baxaraq etdiklərini onlara qiyamət günü bir-bir xəbər verəcəyini bildirir. Şahid olmaq, məsələni bir yerə qeyd etdirmənin və zamanı gəlincə onu üzə çıxarmağın bir mərhələsidir. Allah hər zaman bütün olanlara şahiddir.

İnsanları atəş çuxuruna atmaqla onlara əziyyət verənlərin sonu cəhənnəm çuxurunda əziyyətə məruz qalmalarıdır. Çünki bütün nəticələr səbəbə bağlıdır. Bu ayədə haqqında danışılan hadisənin sadəcə bir zamana bağlı olmadığı şübhəsizdir. Elə olsa idi Allah dəqiq bir ad verər, tarixdə yaşanmış bir hadisənin məkan və zamanını bildirərdi. Allah isə onları əshab’ı uhdud adlandıraraq mesajın cahanşümüllüyünə diqqət çəkir. Bütün zamanların və bütün məkanların əshab’ı uhdud olanlarının aqibəti eyni olacaq. Ayədəki “tövbə də etmədilər” şəklindəki ikinci cümlə bu işi edənlərin tövbə etməmələri ilə bağlıdır. İnsanlara bu cür işgəncə edənlərin ikinci günahı tövbə etməmələri olaraq dilə gətirir. Tövbə günahda israr etməməkdir. Tövbə insanın yanlışını anlayaraq Allah yönəlməsidir. (tövbə və istiğfar arasındakı fərq üçün saytımızda olan http://www.azerislam.com/?lngs=aze&cats=1&ids=1778 məqaləni oxuya bilərsiniz)
Əgər xəndək sahibləri tövbə edib Allaha yönəlmiş olsaydılar şübhəsiz ki, Allah onları axirətdə bu günahlarına görə cəzalandırmazdı.
Möminlərə əziyyət edib tövbə etməyənlərə cəhənnəm əzabı və yandırıcı əzab var. Burada iki ayrı əzabdan söz edilir. Bəzi müfəssirlərimiz bu iki əzabın ilkini “cəhənnəm əzabı”, digərini isə “dünyadakı əzab” olaraq şərh edirlər. Digər müfəssirlərimiz isə bu iki əzabın da axirətdə yaşanacağı qənaətindədirlər. Cəhənnəm və atəş iki fərqli əzabdır.
11-ci ayə böyük xilası təmin edən şeylərin nələr olduğunu bəyan edir: iman və saleh əməl. Iman, inanılması vacib olan bütün dəyərlərə inanmaq, inanılan dəyərlərə güvənmək, güvəndə olmaq, ətrafdakılara güvən vermək deməkdir. Imansız edilən heç bir əməl “saleh əməl” sayıla bilməz. “Saleh əməl” bir pisliyin yerini yaxşılığa buraxmasına vəsilə olan işlərdir; sadəcə edənə deyil, çevrəyə də xeyri olan əməldir. Buruc surəsində haqqında danışılan iman əhli fədakarlığın ən böyüyünü işləmiş, Allah yolunda can fəda etmiş, yanmaları bahasına olsa belə imanlarından vaz keçməmişdilər. Məsələ sadəcə iman etməkdə olsaydı imanı qəlblərində gizləyər və yanılmaqdan xilas olardılar. Onlar isə imanlarını bəyan edərək yanılmağı tərcih etdilər ki, bizlərə də örnək olsunlar. Onların yaşadıqları bizə nümunədir.
12-16. Allah yaxşı və pislərin axirətdə nələrlə qarşılaşacaqlarını xəbər verdikdən sonra əzabından heç kimin xilas olmayacağını da bəyan edir. Allah Rəbdir və qullarını tərbiyə edir. İstəyən bu dünyada yanar, istəyən axirətdə. Seçim insanın əlindədir. Və insanı günahlarına məhkum etmir. Tövbə qapısı daima açıqdır. Yanlışını anlayan tövbə edərək Allaha yönələ bilər. Çünki O, bağışlayandır, Sevəndir, Ərşin sahibidir, Ucadır. Dilədiyini edə bilən yeganə varlıqdır.
Başqa varlıqlar bir şeyi edərkən fərqli vasitələrə möhtac olduqları halda Allahın belə bir ehtiyacı yoxdur. İnsanlar əməllərindən hesaba çəkiləcəkləri halda Allah hesab çəkəndir. Allah bir şeyin olmasını dilədiyi zaman sadəcə “Ol!” deyər...” (Ali-İmran, 59; Məryəm, 35; Yasin, 82) İnsanlar nə qədər xəta işləsələr də Allah onları bağışlaya bilər. Yetər ki, qullar günahlarında israr etməsinlər. Yetər ki, qullar tövbə edərək Ona yönəlsinlər.
17-20. Burda həqiqəti yalanlayan iki qövmün misalı xatırladılır. Firon iqtidarda azğınlığa misaldır, Səmud qovmu nemətdə naşükürlüyə. Birincisi azmış mütəşəkkil gücə, digəri azğın topluma örnəkdir. Birincisi inanca dövlət təzyiqini, ikincisi inanca ictimai təzyiqi təmsil edir. Bu ayələr də bütün inkarçıları eyni aqibətin gözlədiyini bəyan edir. İstər bu dünyada bir Firon ol, istər Səmud kimi bir qovum ol. İnkar edib, yalanlamağın cəzanın səbəbidir. Ayədə qissəsi anladılan hər iki qovum dünyada fəci həkildə halak olmuş, lakin cəzaları bununla bitməmişdir. Uhdud əsabı kimi onlar da axirətdə etdiklərinin əvəzini ödəyəcək, əbədi olaraq cəhənnəm atəşində yanacaqlar. Surənin əvəllində baş verən tarixi hadisənin yeri və məkanı bəlli olmasa da surənin sonundakı bu iki misal tarixdən bizlərə çox yaxşı tanış olan iki qissədir. Allah qullarına gözlə görə biləcəkləri bir misalla dərs verir.
21-22. Şahlı-şərəfli xitab. Məcid sifəti termin olaraq həm “özündə şərəfli olan”, həm də həyatını onunla inşa edənə “şərəf və qürur verən” mənalarını ehtiva edir. Onun Məcid olduğu dilə gətirildikdən sonra ilahi mühafizə altında olduğu da bəyan edilir. Ayədəki levh (لَوْحٍ) kəlməsi “lövhə”, mahfuz (مَحْفُوظٍ) kəlməsi isə “qorunmuş” deməkdir. Bu ifadə üləma tərəfindən “qorunmuş, mühafizə altına alınmış lövhə” mənasına gəlir. Bu ifadə Quranın maddi bir lövhədə qeyd olunduğundan daha çox məcazi olaraq qorunmuşluğunu, təhrifdən uzaqlığını bəyan edir. Vaqiə 77-79-cu ayələrdə də bəyan edildiyi kimi Quran dəyərli bir xitabdır və sağlam mühafizə altındadır.


Azerislam.com




Hazırladı: Həvva Səlim
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]04:06
GÜNƏŞ06:10
ZÖHR [ 4 rükət ]13:43
ƏSR [ 4 rükət ]17:43
MƏĞRİB [ 3 rükət ]21:15
İŞA [ 4 rükət ]23:11
GECƏYARI00:40
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka