Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

FATİHƏ SURƏSİ

[ Təfsir / 22503 dəfə baxılıb ]   
|
 





Fatihə Quranın həm ön sözü, həm də xülasəsidir. “Özünü açan” və ya “Başqa bir şeyi açan” mənasına gələn adını Rəsulullahın Fatihatu’l Kitab (Kitabın Girişi) tərifindən alır. Bundan başqa səhih rəvayətlərdə bizə qədər gələn daha üç adı mövcuddur: Əs-Səb’l-Məsani (Təkrarlanan yeddi), Ümmü’l Qur’an (Quranın anası) və Ümmü’l Kitab (Kitabın Anası). Birinci adı Rəsulullahın bir təfsiridir (Buxari, Təfsir 1) və Qurandan ilham alınaraq qoyulmuşdur (Hicr, 87). Son iki adı isə bu surənin Quranın əvəzsiz bir xülasəsi olduğuna bir işarədir.
Fatihə surəsi ilk nazil olan tam surədir. Ondan öncə bir çox surələrin ayələri nazil olmuşdur, lakin tam surə halında nazil olan ilk surə məhz Fatihə olmuşdur. Rəsulullah onu “Quranın ön sözü” adlandırmış və Musaf sıralamasında ilk sıraya yerləşdirmişdir.
Quranın xülasəsi olan Fatihə “həmd”i Allaha aid edərək sözə başlayır. Allahın bir neçə isim və sifətini dilə gətirərək ibadətin Yalnız Ona xas qılınmasının vacibliyinə xüsusi vurğu vurur.
Fatihə Allah-insan münasibətlərinin kodlarının açarıdır. Fatihədə Allahdan insana enən rəhmət və vəhiy, insandan Allaha çıxan dua və ibadət dilə gətirilir.
Fatihə Allahın varlığına inanan hər kəsin üzərində ittifaq edə biləcəyi möhtəşəm qanunları ehtiva edir.
Fatihə bizə kimdən örnək almağı, kimlərdən isə olmamağı öyrədən bir surədir. Nemət verilənlərlə yanaşı, azanların və çaşanların da bir yolu olduğunu öyrənirik. Sirata’l mustəqim (doğru yol) istədikdən sonra başqa bir yolun olduğunu bildiyimizi dilə gətirir və o yolda olmaq istəmədiyimizi gündə ən azı 17 dəfə söyləyirik. Nafilə namazları da nəzərə alsaq bu itəyimiz gündə 40 dəfəyə qədər yüksəlir. Fatihədə bu istəyimizi dilə gətirdikdən sonra sanki Allah da bizə azanların və çaşanların yolunu daha yaxşı öyrənə bilməyimiz üçün Fatihənin həmən ardınca Bəqərə və Ali İmran surələrini ərməğan edir. Biri azanların, digəri isə çaşanların yoluna işıq salır.

Fatihə Allahla insan arasında sözləşmədir. İlk üç ayə Allahı tanıdan bir səna, son üç ayə insanı tanıdan bir duadır. Ortadakı ayə sözləşmənin özüdür. Fatihədən sonra söylədiyimiz “Amin” kəlməsi isə bu sözləşmənin altına atılan imzadır.
Rəsulullah bir hədisində “Fatihəsiz namaz olmaz” [1] deyərək Fatihənin dəyərini dilə gətirmişdir. Fatihədən söz gedən hər yerdə istiazədən də söz edilir.

İstiazə nədir?
İstiazə, “Şeytandan Allaha sığınmaq” deməkdir. Bunun acılımı olan Əuzu billahi minə’ş şeytanir’r racim cümləsi isə “Qovulmuş şeytandan Allaha sığınıram” deməkdir. Qiraətsiz namaz olmadığı kimi Fatihəsiz qiraət də yetərli deyil. İstiazə olmadan isə Fatihə əskik sayılır. Bir birini tamamlayan bu ifadələri bir bütün olaraq qəbul etmək lazımdır. Vücud orqanlarını pislikdən təmizləmək namazın şərti qəbul edildiyi kimi, mənəvi kirlik olan şeytan vəsvəsəsindən uzaq durmaq üçün də istiazə məcburidir. Su və dəstəmaz orqanları təmizlədiyi kimi istiazə də niyyəti təmizləyir. Nəhl surəsinin 98-ci ayəsində “Quran oxuduğun zaman qovulmuş şeytandan Allaha sığın” əmrinə görə Quranın bütün ayələrini oxumağa istiazə ilə, yəni “Allaha sığınmaq”la başlamaq lazımdır.

MƏAL VƏ TƏFSİR
Rəhman və Rəhim Allahın adı ilə
1. Həmd bütün aləmlərin Rəbbi Allaha məxsusdur.
2. O, Rəhmandır, Rəhimdir.
3. O, hesab (din) günün hakimidir (sahibidir).
4. (Rəbbimiz) Biz yalnız Sənə qulluq edir və yalnız Səndən yardım istəyirik.
5. Bizi doğru yola yönəlt.
6. Nemət verdiklərinin yoluna.
7. Qəzəbə düçar olanların və azanların yoluna deyil.

Bəsmələ, yəni “Rəhman və Rəhim olan Allahın adı ilə” – “Bismillahirrahmanirrəhim” kəlməsinin Fatihənin ilk ayəsi olub olmadığı üləmamız tərəfindən ixtilaf mövzusu olmuşdur. Surənin yeddi ayə olmasında heç bir ixtilaf yoxdur. İlk ayənin Bəsmələ olduğunu düşünənlər sonuncu ayələri, yəni “Nemət verdiklərinin yoluna, qəzəbə düçar olanların və azanların yoluna deyil” ayəsini bütöv bir ayə olaraq oxumuşlar. Bəsmələni Fatihənin ayəsi olaraq qəbul etməyən üləma isə son ayəni ikiyə bölərək yeddiliyi tamamlamışlar. Bəsmələni Fatihədən bir ayə hesab etməyən üləmamız buna görə səsli namazlarda bəsmələni səsli oxumazlar. [2] Darakutni bir suala cavab verərkən bəsmələnin açıqdan oxunacağına dair səhih bir hədis olmadığını söyləmişdir (İbn Teymiyyə, Təfsir).
Bəsmələ, Ələq surəsinin ilk ayəsində yer alan “bismi rəbbikə” tamamlamasının, başqa sözlə İlahi vəhyin ilk əmrinin açıq cümləyə çevrilmiş şəklidir. Bəsmələnin insanlıqla yaşıd olduğunu Quranda Nuh və Süleyman peyğəmbərlərin dilindən (Hud, 41, Nəml, 30) də öyrənirik.
Bəsmələ, quluq siyahısının altına atılan imzadır.
Bəsmələ, bir işi Allahla və Allahlı etməkdir.
Bəsmələ, bir işin Allah adına, Allah adı ilə, Onun verdiyi güc və təmin etdiyi imkanla, sadəcə Onun rizası və xətri üçün, işə Onun adını qatmaq duyğusunu dilə gətirmənin vəsiləsidir. Qısacası Bəsmələ, Allahı daim yadda saxlamanın və hər işə Allahı şahid tutmanın ən gözəl ifadəsidir.
Bir işə başlayarkən niyyətin önəmi nədirsə, Bəsmələnin də önəmi odur. Bəsmələ, həyatı bilincli yaşamaqdır.
Bəsmələ, əməllə əlaqəlidir. Çünki Bəsmələ çəkmək bir işə başlamağın elanıdır: Allahı işin içinə daxil edərək Onun izni ilə, Onun adı ilə, Onun yardımı ilə, Onun dəstəyi ilə bir işə başlamağın elanı...

Şeytandan uzaq olduğunu istiazə ilə söyləməyən, Bəsmələ ilə Allahın yardımını cəlb edə bilməz.
Bəsmələnin fəzilətini qəbul edənlər bəzi rəvayətlər nəql etmişlər: Hərf sayının 19 olması və Müddəsir surəsinin 30-cu ayəsindəki cəhənnəm görəvlilərinin sayının da 19 olaraq bildirilməsini əsas alaraq Bəsmələnin “atəşdən qoruyucu” özəlliyinə diqqət çəkilmişlər. Bundan başqa Bəsmələ ilə başlanılmayan hər önəmli işin nəticəsinin mənfi olacağını da söyləmişlər (Əhməd b. Hanbəl, II, 359)
Bəsmələni “Rəhman və Rəhim olan Allahın adı ilə” şəklində tərcümə etmək mümkün olduğu kimi “Rəhman və Rəhim Allah adına” şəklində də tərcümə etmək mümkündür. Bundan başqa “Rəhman və Rəhim olan Allahın eşqinə” tərcüməsi də cümlənin başındakı “bə” hərfinin “səbəbiyət” anlamına uyğundur. Bu ifadə ilə insanlar bir işə Allahın adı ilə başladıqlarını söylədikləri kimi, o işdə Allahın rizasını gözlədiklərini də ifadə etmiş olurlar.

Allah (اللَّهِ) kəlməsi Allahın özəl ismidir. Bu kəlmənin kökü haqqında fərqli iddiallar irəli sürülmüşdür. Bu kəlmənin heç bir kəlmədən və ya kökdən törədilmədiyini qəbul edənlərin görüşü bizim tərəfimizdən də daha doğru hesab edilir. Allah kəlməsi tərcümə edilməz. Allah kəlməsi hərflərinin fərqli sayda oxunması halında da Allahı anladan özəl bir kəlmədir. Lillah, ilah, ləhu, hu və s. şəkildə oxunuşların hamısında nəticə yenə də Allahla bağlı bir mənaya varır.
Rəhman və Rəhim sifətləri mərhəmətin nişanəsidir. الرَّحِيمِ الرَّحْمَٰنِ Allah ilahi vəhyinin ilk surəsində (Musaf sıralamasında) Özünü bu iki sifəti ilə tanıdır. Mərhəmət edə bilmək üçün ilk öncə mərhəmətin sahibi olmaq lazımdır; Allah da Özünü bu şəkildə tanıdır. Biri digərindən törədilən bu sifətlər haqqında fərqli görüşlər vardır; Rəhman, “qullardan və ya başqa varlıqlardan bənzərinin çıxması düşünülməyən nemətləri verən”; Rəhim isə “bənzərlərini qullarında gerçəkləşdirə biləcəyi nemətləri verən” mənasına gəldiyini söyləyənlər vardır. Buna görə də Rəhman, Allahdan başqasına isim olaraq verilməz, Rəhim isə verilə bilər (Razi). Allahın Rəhman olması əzələ (başlanğıcının olmamasına), Rəhim isə ölümsüzlüyünə görədir. Buna görə yaradılanlar Allahın Rəhman olmasına görə başlanğıcdakı rəhmətindən, Rəhim olması ilə də nəticədə meydana gələcək mərhəmətindən doğan nemətlər içində böyüyər və ondan faydalanarlar. Bunu vurğulamaq məqsədi ilə Allah üçün “Dünyanın Rəhmanı, axirətin Rəhimi” deyilmişdir. Əslində isə Allah həm dünyanın, həm də axirətin Rəhmanıdır, Rəhimidir.
Həyatın ən rahat dönəmi insanın doğumundan öncəsinə aiddir. Allahın: “Ən güclü, ən sağlam yer” (Muminun, 13; Mursəlat, 21) ifadəsinin istifadə edildiyi bu yer “ana rəhmi”dir, yəni bizim dilimizdə “ana bətni”. Ana rəhmindəki sıcaqlıq və qorunaqlıq insan həyatı üçün tam bir mükəmməllik ərz edir. İnsanın ən rahat və mühafizəli yeri olan rahim/erham (rəhim/rəhimlər) ilə Allahın bu surədə zikr etdiyi Rəhman və Rəhim sifətləri eyni kökdən, yəni “mərhəmət”dən törədilib. Allahın bir ananın övladına bəslədiyi şəfqətin qat-qat artığını qullarına bəslədiyinə kimsə şübhə etməz.
Allahı mərhəməti ilə tanımağımız və tanıtmağımız üçün O Özünü bu iki sifətlə bizlərə tanıdır.

Fatihə surəsinin ilk ayəsi Həmdi Allaha aid edərək sözə başlayır. “Həmd” qavramı Fatihənin, başqa sözlə desək Quranın ilk mövzusudur. Həmd sadəcə Allaha aiddir. Həmd “övmək” mənasına gələn bir kəlmədir. Və Ərəb dilində mədh ilə həmd arasında fərq vardır. Mədh canlı, cansız hər varlığa, yaxşılıqdan əvvəl də, sonra da edilə bildiyi halda, bəzən də qadağan olunur. Həmd isə sadəcə canlı varlıqlara olunur.
Həmd ilə şükür arasında fərqə gəlincə isə həmd insanın özünə və ya başqasına yaxşılıq edildiyi halda olunur, şükür isə insanın sadəcə özünə olunan yaxşılıqlar üçün edilir. Bəzi görüşlərə görə Həmd dəf edilən bəlalar üçün, şükür isə verilən nemətlər üçün edilir. Buna görə Fatihənin ilk ayəsinin acılımı “Yaxşılıq mənə çatsa da, çatmasa da, yaxşılığı görsəm də, görməsəm də, mənə aid olsa da, olmasa da Sənə həmd olsun, ya Rəbbim” kimi anlaşılmalıdır. Ayədə əhmədu “həmd edərim” deyilməyib də əl-həmdu (الْحَمْدُ) “həmd” deyilməsinin səbəbi bu ifadənin daha çox məna ethiva etməsindəndir. İnsan həmd etsə də, etməsə də başqa varlıqlar hər zaman Allahı həmd və təsbih edirlər. Həmd, Allahın haqqıdır; həqiqi həmd sadəcə Ona layiqdir. Bütün zamanlarda, bütün məkanlarda, hər varlığın həmdi tamamilə Allaha məxsusdur. Rəsulullah bir hədisində: “Mən Səni layiqi ilə tərif edə bilməsəm də, Sən Özün Özünü tərif etdiyin kimisən” (Müslim, Salat, 222) deyərək insanın Allahı həmddən aciz olduğunu dilə gətirmişdir.
“Aləmlərin Rəbbi” ifadəsindəki Rəbb (رَبِّ) kəlməsi Quranda ilah, sahib, əfəndi, idarəçi, tərbiyə edən kimi bir çox mənalara gəlir. “Aləmlərin Rəbbi”ni Quran belə təfsir edir: “O, göylərin, yerin və bunlar arasındakı hər şeyin Rəbbidir” (Şuara, 24). Yəni bütün bir varlığın, kainatın və içindəkilərin Rəbbi. Fatihə surəsinin bu ayəsində Rəbb kəlməsi Allahın hər bir yaradılanın sahibi olduğunu, onları yetişdirdiyini, yaratdığını, tərbiyə etdiyini, onları sahibsiz buraxmadığını ifadə edir. Aləmlərin Rəbbi olması Onun bütün aləmlərə sahib olması, onları mühafizə etməsi, onları yönləndirməsi və tərbiyə etməsi anlamına gəlir.
Daha sonra gələn iki sifəti; Rəhman və Rəhim olması haqqında Bəsmələnin acılımda qısa məlumat vermişdik.

Allahın Fatihədə Özünü tanıtdığı beşinci sifəti Malik və ya Məlik olmasıdır. Oxunuş fərqinə görə Allahın bu sifəti ya Din günün Sahibi, ya da din günün Hakimi anlamına gəlir. Allah, Fatihənin bu ilk qurub ayələrində xatırlatdığı sifətlərini hesab günü ilə əlaqələndirərək insanda axirət şüurunu formalaşdırır. Allah istər o günün sahibi olsun, istər hakimi, fərq etməz. O gün Allah qullarını hesaba çəkəcək. “O gün bütünü ilə Allaha aiddir” (İnfitar 17-19). O gün axirətdə yaşanacaq bir gündür və bu gün söz haqqı Allahdadır.
“Din günü” Qurana görə “heç bir insanın bir başqa insana əsla yardım etməyəcəyi gündür” (İnfitar. 19)
Allah Fatihə surəsinin bu üç ayəsində özünü “Rəhman, Rəhim, Rəbb və Malik/Məlik” olaraq tanıtmışdır. Həmdə layiq olmaq üçün bütün yaradılmışların sahibi olmaq, mərhəməti ilə onları ehtiva etmək, hesab günün yeganə sahibi olmaq gərəkdir.
Bütün bu sifət və isimlərin tanınmasından sonra ayələrin insana aid hissəsi başlayır. Allahı bu sifətlərlə tanıyan insan ilk əvvəl Ona söz verir, and içir, sonra duasını dilə gətirir. Bundan sonrakı ayələr “Qulluq və Tövhid” elanıdır. “Sadəcə Sənə qulluq edərik” deyə sözə başlayan insan, necə bir Allaha qulluq etdiyini idrak edən biri olmalıdır. Ayə “Biz” deyə sözə başlayır və bu söz insanlıq adına dilə gətirilir. Bu kəlmə ilə insanın iradəsi ortaya qoyulur: Biz Yalnız Sənə ibadət edərik. Ayənin “biz” deyə sözə başlaması insanda “biz” təsəvvürün doğru formalaşmasını təmin edir. Yardım edənin həqiqətən də sadəcə Allah olduğunu bilənlər, yalnız Ondan yardım istəyərlər. “Biz” deyə sözə başlayanlar camaat olmaq əxlaqını özlərində formalaşdıran insanlardır. O insanlar ki, Əsr surəsində biri-birilərini haqqa və səbrə dəvət edərlər. O kimsələr ki, haqqın və səbrin nə olduğunu bilərlər. Onların “biz” deməsi, “mən” eqosunu öldürür. Biz adına sözə başlamaq fərdə yönəlik deyil, topluma yönəlikdir. Bu ayə müsəlmanlara sadəcə özlərini deyil, başqalarını da düşünərək yaşamağı öyrədir. Ayədəki “biz” ifadəsindəki məqsəd çox güman ki, insandır. Lakin mesajın cahanşümül boyutunu düşünsək canlı-cansız bütün varlıqların Allaha qul olduqlarını söyləməliyik. İnsan, “Mən cinləri və insanları sadəcə Mənə qulluq etsinlər deyə yaratdım” (Zariyat, 56) deyən Allaha söz verərək qulluğu Ona təhsis edəcəyinə söz verir. Qulluğun yalnız Allaha aid olduğunu idrak edənlər isə yardımı da sadəcə Ondan istəyərlər. Müsəlman, Rad surəsinin 14-cü ayəsində ifadə edildiyi kimi “Allahdan başqasından yardım istəməyin əbəs iş” olduğunu anlayan insandır. Müsəlman hər namazında Allaha verdiyi Tövhid sözünün arxasında duran insandır. Fatihənin bu ayəsi dua etmədən öncə fədakarlığın məcburi olduğunu dilə gətirir. Fatır surəsinin 10-cu ayəsində olduğu kimi “Allaha sadəcə gözəl sözlər yüksələr, o sözləri yüksəldən şey isə saleh əməldir” ayəsinin də ifadə etdiyi həqiqət əməlin vacibliyinə, yəni qulluğa diqqət çəkir.
Allaha söz verən “biz”lər bundan sonra duamızı dilə gətiririk: “Bizi doğru yola yönəlt!” Bu ayə hidayət üçün edilən duadır. Bu dua ilə anlayırıq ki, Hidayət tələb edilən / istənilən bir şeydir. İnsan Allahdan tək bir şey istəyəcəksə bu heç şübhəsiz ki, hidayət olmalıdır. Musaf sıralamasında bu hidayət tələb etməyin cavabı Fatihədən həmən sonra gələn Bəqərə surəsində verilmişdir: “Bu kitab, müttəqilər üçün bir hidayətdir” Hidayəti tələb edən tələb etdiyinin formulasını əlində tutmuş, o formula Quran deyilən Kitabda ölümsüzləşdirilmişdir.
Hidayət, bir varlığın yaradılış məqsədinə uyğun həyat sürməsidir. Canlı-cansız, görə bildiyimiz və ya bilmədiyimiz nə varsa hər birinin yardılış məqsədi vardır. Allah “Biz göyləri, yeri və ikisinin arasında olanları oyun olsun deyə yaratmadıq. Onları bir məqsəd üçün yaratdıq; lakin insanların çoxu bu həqiqəti bilmirlər” (Duhan, 38-39) deyir.
Qurani Kərim hidayəti istəyənə veriləcəyini bəyan edir. Allah istəyənə hidayət verər, istəməyəni isə azğınlıqda tərk edər (İbrahim, 4). Rəsulullah belə sevdiyinə hidayət edə bilməz (Bəqərə, 272, Qasas, 56). İman edənə (Təğabun, 11), haqqa yönələnə (Rad, 27) hidayət verilər. Çünki hidayət bir istəyin nəticəsidir (Həcc, 16). Fatihə surəsinin bu ayəsi ilə Allah bizə “Ondan hidayət istəməyin dua şəklini” öyrədir.
Ayədə keçən siratal-mustaqim deyilən "doğru yol" Alahın hüdudlarını təyin etdiyi yoldur, yəni Quranın yolu. Allah bu yolun bütün hüdudlarını bəlli etmişdir. Yeməyimizdən tutmuş, geyinməyimizə, evliliyimizdən tutmuş boşanmağımıza, baxışımızdan tutmuş səs tonumuza qədər hər şey İlahi qanunlar çərçivəsində müəyyənləşdirilmişdir. Allah “iman edənlərin və doğru yolda olanların hidayətini artıracağını” (Kəhf, 13; Məryəm, 76; Muhəmməd, 17) bəyan edərək hidayət üzrə və müttəqi olsa belə hər insanın Quranın rəhbərliyinə möhtac olduğunu dilə gətirir. Quran doğruya aparan yeganə yoldur. Buna görə də bizdən axirətdə “İslamdan başqa din qəbul olunmayacaq” Çünki “doğru yol” nemət verilənlərin yoludur.
Qəzəbə düçar olanlar və azanlar kimdir? Nisa surəsinin 69-cu ayəsində sayılan dörd qrup haqqı, istiqaməti və doğrunu təmsil edir. Qalanlar isə “qəzəbə düçar olanlar və azanlardır.” Allah bu ayədə “qəzəbə düçar olanların və azanların” ismini verməmiş, şəxsləri deyil “yolun” təhlükəli olduğunu bəyan edir. Yəni ayədə keçib getməkdə olanlar deyil, indi və gələcəkdə də qəzəbə düçar olan və azanların yolunu təqib edənlərin olacağını, möminin bu yoldan uzaq durması üçün Allaha yönəlməsi gərəkdiyini, bunun üçün hər gün Ona söz verərək, qulluğu Ona xas qılmalı olduğunu bəyan edir.



[1] Əbu’l Hüseyn Müslim b. Haccac, əl-Cami’u’s- Səhih, İstanbul, 1992, Salat, 34,36,38 və s.
[2] Nəzərə alsaq ki, ayələrin nömrələnməsi təxminən Hicri 150-ci ilə təsadüf edir, o zaman belə bir ixtilafın olması normal qarşılana bilər. Məhz buna görə də Bəsrə, Məkkə, Mədinə və Küfə məktəbləri arasında ayələrin nömrələnməsində kiçik də olsa fərqlər vardır. Əlimizdəki Quran nüsxələrinin bir çoxu Küfə qiraət məktəbinə görə olduğu üçün orada Bəsmələ Fatihənin birinci ayəsi olaraq qeyd edilmişdir.
“Bəsmələ Fatihədəndir yoxsa yox?” sualına üləmamız dörd fərqli cavab vermişdir. 1) Bəsmələ Fatihədən bir ayədir. 2) Bəsmələ, Fatihədən bir ayə deyil, müstəqil bir ayədir. 3) Bəsmələ nə Fatihədən bir ayədir, nə də müstəqil bir ayə. 4) Bəsmələ, Qurandan iktibasdır. Nəml surəsindən iktibasla surələri bir-birindən ayırmaq üçün qoyulmuşdur. Bu cavablardan hansının mütləq doğru olduğunu Allah bilir.

Azerislam.com




Hazırladı: Həvva Səlim
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]05:45
GÜNƏŞ07:16
ZÖHR [ 4 rükət ]12:54
ƏSR [ 4 rükət ]16:01
MƏĞRİB [ 3 rükət ]18:31
İŞA [ 4 rükət ]19:57
GECƏYARI00:08
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka