Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

ƏSR SURƏSİ

[ Təfsir / 7681 dəfə baxılıb ]   
|
 

Əsr surəsi Quranı Kərimin ən qısa üç surəsindən biridir. Adını ilk ayəsindən alır. Buxari surəni Və’l-əsr şəklində zikr edir.
Həcm etibarı ilə qısa olsa da dərin mənası olan surələrdən biridir. İmam Şafi bu surə haqqında: “Əgər Quran sadəcə bu surədən ibarət olsaydı insanlıq üçün yenə də yetərdi” deyir.
Abdullah b. Husyan Əsr surəsi ilə bağlı çox maraqlı bir rəvayət nəql edir: “Allah Rəsulunun səhabələri bir-biriləri ilə görüşüb ayrıldıqlarında əsr surəsini oxuyardılar” (Təbarəni) Səhabənin “Quran oxumaq” dediklərində nəyi nəzərdə tutduqlarını düşünürsək deyə bilərik ki, səhabələr bir-birlərinə haqqı və səbri tövsiyə etmədən ayrılmazlarmış. Hədisi mənası ilə deyil kəlməsi ilə anlayan günümüzün müsəlmanları təəssüf ki, bu rəvayəti də kəlməsi ilə anlamış və ayrılarkən bir-birlərinə “əsr surəsini” oxumağı vərdiş halına gətirmişlər.

Surə insanın səadətini və fəlakətini öz əlləri ilə hazırladığını bəyan edir. Allah əsrə and içərək bizə ilahi bir həqiqəti bildirir: “Şübhəsiz ki, insanoğlu ziyandadır” və bu xəbərdarlıqdan sonra ziyandan xilas olanların kimlər olduğunu da xatırladır. Ziyandan xilas olmağın dörd şərti var: İman etmək, saleh əməl işləmək; haqqı və səbri tövsiyə etmək. Başqa sözlə desək: inanmaq, yaşamaq, paylaşmaq, dirənmək. İlki Allahın, ikincisi həyatın, üçüncüsü insaniyyətin, dördüncüsü həqiqətin haqqıdır. İlk ikisi fərdi, son ikisi ictimai məsuliyyətlə əlaqəlidir. Birincisi əqidəvi, qalanları əməlidir. İnsanoğlunun xilası bu dörd keyfiyyətə bağlıdır. Əks halda insan ziyandadır.

Üç ayədən ibarət olan bu qısa surədə İslamın insanlıq üçün məsləhət bildiyi mükəmməl bir həyat yolu təklif olunur. İmana istinad edən düşüncənin əsas mərhələləri bütün böyüklüyünü içinə alacaq formada və bütün həqiqəti ilə birlikdə ən açıq və ən dəqiq bir şəkildə ön plana çıxarılır. Bu surə qısa cümlələrlə İslam konstitusiyasını bəyan edir, müsəlman ümmətinin vəzifələrini dilə gətirir. Zaman baxımından bütün əsrlərdə, insanlıq tarixi boyunca bütün zamanlarda qazanc gətirə bilən yeganə bir yol var. Nicata çatdıran yeganə bir sistem. Bu sistem əsr surəsinin hüdudlarını bəlli etdiyi sistemdir. Bu sistemdən başqa bütün sistemlər, bu yoldan başqa bütün yollar insanı ziyana/hüsrana aparır.

Məal və Təfsiri
Rəhman və Rəhim Allahın adı ilə
1. Əsrə and olsun ki! (Və ya əsr şahid olsun!)
2. Əlbəttə insanoğlu ziyandadır/hüsrandadır.
3. Ancaq Allaha inanıb güvənənlər, saleh əməl işləyənlər və bir-birilərinə haqqı və səbri tövsiyə edənlər müstəsna.


1. Əsr nədir?
Surənin ilk kəlməsi olan vəl-əsr (وَالْعَصْرِ) “axıb gedən zaman, əsr vaxtı (namaz), gecə-gündüz, dan yerinin ağarması, məğriblə-işa arası, insan topluluğu, nəsil, yağış, həbs etmək, qadağan qoymaq, vergi vermək, sıxıb suyunu çıxartmaq” kimi bir çox mənalara gəlir.
Zaman mənası ilə istifadə edildiyində “çağdaş zaman, 80 və ya 100 illik zaman dilimi” olaraq karn kəlməsi ilə eyni mənaya gəlir. Əsr ilə bağlı “Hz. Peyğəmbərin yaşadığı, peyğəmbər olaraq vəzifələndirildiyi zaman, əsr namazı, axır zaman” şərhləri də müfəssirlərimiz tərəfindən irəli sürülmüşdür.
Əsr kəlməsi dəhrdən fərqlidir. Dəhr, əvvəli axırı olmayan zamanın adıdır, əsr isə əvvəli sonu bəlli olan, daha çox ortalama “bir insan ömrünü meydana gətirən zaman dilimi”nə deyilir. İnsanın keyfiyyətini ortaya çıxardığı üçün üç nəslin ömrü olan 100 ilə əsr deyilir.
Yuxarıdakı iki ayəni birlikdə oxusaq alacağımız mesaj böyükdür: “Axıb getməkdə olan zamana and olsun ki, bunun fərqinə varmayan insan əlbəttə ki, ziyandadır”

2. İnsanoğlu ziyandadır.
Ayədəki hüsr (خُسْرٍ) kəlməsi zərər, ziyan, itki deməkdir. İnsanın ziyanda olmasının səbəbi zamanın boş-boşuna axıb getməsi və ömrünü boş işlərlə tükətməsidir.
Ayədəki əl-insan (الْإِنْسَانَ) “insanoğlu” mənasına gələ bilər. Bu halda ayə bütün insanlara xitab etmiş olur. Ayənin mesajı isə “insanın potensial olaraq ziyana düşə biləcək şəkildə yaradıldığı” şəklini alır. Şəms surəsinin 8-ci ayəsində ifadə edildiyi kimi insanın fucr və təqva özəlliyi var. Təqvanı tərk edib fucra yatırım qoyan şəxs həm dünyada, həm də axirətdə ziyanda olacaqdır.
Əl-insan kəlməsi “bəlli insanlar” mənasın da gələ bilər ki, buradakı əl artikli “müəyyənlik” mənasını verir. Ayənin mesajı isə “axıb gedən zamanı nəzərə almayan insanlar” şəklini alır. Bu insanlar ömürlərini boş işlərlə keçirdikləri üçün axirətdə hüsranda olduqlarını anlayacaqlar.
Ayənin həm dünya, həm də axirət üçün bir fəlakət xəbərçisi olan yönü də vardır. Buna görə vəhyin qanunlarını nəzərə almayanları dünyada dar, sıxıntılı bir həyat gözləyir. (Taha, 100, və 124). Vəhydən uzaq yaşayanlar şeytanın dostlarıdır (Zuhruf, 36).

3. Ziyandan xilas olmağın yolu.
2-ci ayədə sözü gedən ziyandan xilas olmağın yolunu da Allah maddələr halında sıralayır.
“İman edib saleh əməl işləyənlər” istisna cümləsi ilə bu dində ümidsizliyə yer olmadığı göstərilir. Bu ifadə eyni zamanda ziyanda olmağın və ya ziyanda qalmağın bir "qədər" olmadığını da ortaya qoyur. Çünki insan iradəsi bu durumdan çıxa bilməyin ən əsas qərar nöqtəsidir.
İman nədir? Yaradıcıya güvənmək, Ona təslim olmaq, Ona etibar etmək, Onun qoyduğu qanunlara əməl etmək... İman, keçici, kiçik və məhdud imkanları olan insan deyilən varlığın əzəli, əbədi, hüdudsuz təmələ bağlanmasıdır. Bu qaynağa bağlandığına görə də o qaynaqdan gələn qanunlara tabe olmalıdır. Bu bağlılıq insana güc və tükənməz azadlıq verir. Yeganə ilaha qulluq etməsi insanı digər varlıqlara qulluğun bəsitliyindən xilas edir. Onu ucaldır, ona dəyər qatır. Ona bütün qullarla bərabər/eşit bir səviyyədə olmaq şüurunu qazandırır. Bu dində ayrı-seçkilik yoxdur. İman edənləri eyni aqibət gözləyir. Birinin rəsul və nəbi olması onun sadəcə məsuliyyətini artırır, imatahanını artırır. Allah nəbi və rəsullarına nəyi vəd etmişsə iman edənlərin hər birinə onu vəd etmişdir. İmanında ixlaslı olan hər bir qul nəbi və rəsulların cənnətdəki məqamına qovuşa biləcək, onlarla eyni cənnəti paylaşacaqlar.
Nicata çatmağın əsas şərti ikidir: İman və onun üzərində bina edilən saleh əməl. Ziyandan xilas olmağın yolu imanı əmələ çevirməkdir. Saleh əməl yoxdursa inanc “iman” olaraq adlandırılmaz, iman yoxdursa davranışlar “saleh əməl” ola bilməz. Bu ikisi ayrılmaz bir parçadırlar. İmandan yoxsul əməl, əməldən yoxsul iman bu günün müsəlmanlarının ən böyük bəlasıdır.
İman, “inanılması lazım olan bütün dəyərlərə inanmaq, inanılan dəyərlərə güvənmək, güvəndə olmaq və çevrəyə güvən vermək” deməkdir. Bu dörd mənaya sahib imanın təbii nəticəsi bu ayədə “saleh əməl, haqqı tövsiyə və səbri tövsiyə” olaraq müəyyənləşdirilib.

İmandan yoxsul olan bir davranış “ibadət” və ya “həsənat” adını ala bilməyəcəyi kimi, onlara “saleh əməl” də deyilməz. Buna görə bir davranışın saleh əməl olaraq dəyərləndirilməsi üçün onun Allaha inanaraq olunması əsas şərtdir.
Ziyana uğramamanın “iman”la bərabər ikinci şərti “saleh əməl”dir. Saleh əməl bir insanın iman iddiasının sadəcə qəlblərdə və dillərdə qalmadığını, hisslərinə, ağlına və bütün davranışlarına yayıldığını göstərməsi deməkdir. Bu mənada saleh əməl islah edici fəaliyyətlər olaraq dəyərləndirilməlidir. Yəni saleh əməl pis gedən işlərin düzəldilməsi, islah edilməsidir. Saleh əməl, iman iddiasının praktik fəaliyyət sahələrinə və ya cəmiyyətin yaralarına məlhəmə çevrilməsidir. Fərdin sadəcə Allaha yönəlik davranışları, bir əmrin yerinə yetirilməsi “ibadət” və ya “həsənat”dırsa, cəmiyyətə yönəlik bir yanlışın düzəldilməsi və ya islahı isə “saleh əməl”dir. Saleh əməl bütün xeyirli işlərin ortaq adıdır.

4. Saleh əməl nədir?
Bu sualın cavabı ayənin içindədir; haqqı və səbri tövsiyə etmək. Bir əməlin içində haqq, səbir və tövsiyə varsa, tövsiyə olunan haqdırsa, səbirdirsə deməli bu əməl saleh əməldir.
Ziyandan xilas olmağın üçüncü şərti “insanların bir-birilərinə haqqı və səbri tövsiyə etmələridir”. Burda tövsiyə edilən ilk dəyər “haqdır” Haqq, batilin ziddidir. Haqqa yönəlmək, iman, əməl və sözlərini hər zaman Haqqa yönləndirmək deməkdir. Haqqa aparmayan hər şey batildir, sonu hüsrandır. Ziyan olmayacaq iman və əməl də yalnız Haqqa iman və Haqq yolunda çalışmaqdır.”

Əl-Haqq Allahın adlarından biridir. Bu halda tövsiyə olunacaq ilk dəyər əlbəttə ki, uca Allahdır. Burada insanlara, imanlarına şahid tutduqları Allahı davranışlarına da şahid tutmaları məsləhət görülür. Haqq yolda və Haqqın yolunda fədakarlıq etmələri üçün qarşılıqlı olaraq bir-birilərinə tövsiyə verməyin önəmi vurğulanır. Söylənmək istənilən şey insanların bütün davranışlarında bir-birlərinə Allahı xatırlatmalarının önəmidir. Beləcə müsəlmanın gündəlik həyatında, həyatının hər sahəsində Allah olacaq, hər bir müsəlman Allahlı həyat yaşayacaqdır. Ayədəki “bir-birinə tövsiyə etmələri” cümləsi də tövsiyənin qarşılıqlı olmasını gündəmə gətirir. Bir-birimizə güzgü olaq, unutduğumuz zaman bir-birimizə haqqı, Allahı xatırladaq.

Əl-Haqq kəlməsinin başqa bir mənası isə Qurandır. Yunus surəsi 108-ci ayədə Quranın adlarından biri Haqq olaraq keçir. Bu halda “haqqı tövsiyə etmək” insanların bir-birinə Quranı tövsiyə etmələri, Quranın mesajını xatırlatmaları, həyata Quran işığından baxılmasının əhəmiyyəti vurğulanır. Çünki ən gözəl öyüd Qurandır (Nəhl, 125). Allaha dəvətin yolu Qurandan keçdiyi kimi, Quranı anlatmaq da Uca Allah tərəfindən cihadın ən böyüyü olaraq elan edilməkdədir (Furqan, 52). Keçib gedən ömrün ziyana dönüşməməsinin ən qısa yolu Quran işığı ilə aydınlanmaqdan keçir.
Müsəlmanlar davamlı olaraq bir-birilərinə haqqı tövsiyə edərkən haqqın gerçəkləşməsinə də yardımçı olurlar.

Ziyana uğramamağın dördüncü şərti isə “qarşılıqlı olaraq səbri tövsiyə etmək”dir. Səbir insanın hər sıxıntıya boyun bükməsi olaraq anlaşılmışsa da bu yanlış anlaşılmadır. Səbir bəzən “sinə gərmək”, bəzən “dayanmaq”, bəzən “inandığı həqiqətlə sədaqətlə sarılmaq”, bəzən isə “haqda dirənməkdir”. Haqqı tövsiyə etməyin bədəli vardır, bu bədəli ödəmək lazım olduğunda səbri tövsiyə edirlər. Bu, səbrin tərifini də verir: səbir, haqq və həqiqət üzərində dirənmək, yanlışları islah etməkdən vaz keçməməkdir.
Ziyana uğramamaq üçün iman etmək, bununla yanaşı saleh əməl işləmək, haqqı və səbri tövsiyə etmək sön dərəcə önəmlidir. Yalnız iman edib saleh əməl işləmək insanı “yaxşı” edər, haqqı və səbri tövsiyə etmək isə insanı “aktiv yaxşı” edər. Xilasın açarı aktiv yaxşıların əlindədir.
Əsr surəsinin son ayəsi cəmiyyətin islahının sadəcə əmr və qadağalarla deyil, iman və saleh əməl sahiblərinin haqqı və haqda dirənməyi tövsiyə etmələri ilə gerçəkləşəcək.
Xilas olmaq üçün sadəcə inanmaq kifayət deyil, islah edici əməllər işləmək, haqqı və səbri tövsiyə etmək lazımdır. Bunu etməyən heç bir fərd və ya toplum istərsə mömin olsun hüsrandan xilas ola bilməyəcəkdir. (Ənfal, 25)


Azerislam.com




Hazırladı: Həvva Səlim
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]05:45
GÜNƏŞ07:16
ZÖHR [ 4 rükət ]12:54
ƏSR [ 4 rükət ]16:01
MƏĞRİB [ 3 rükət ]18:31
İŞA [ 4 rükət ]19:57
GECƏYARI00:08
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka