Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

TÖVHİDİN DAŞIYICILARI-4. XABBAB İbn ƏRAT

[ Islam tarixi / 6922 dəfə baxılıb ]     
|
 
Möhtərəm oxucularımız! Bu günkü yazımızda silərə Rəsulullah (s.a.s-in) böyük imtahanlardan keçərək səbr və mərdlik nümunəsinə çevrilən bir səhabəsi haqqında danışmaq istəyirik. Bu səhabə Xabbab İbn Ərat İbn Cəndələ ət-Təmimidir (r. a).

Hələ uşaq ikən Cahiliyyə dövrü Ərəblərində adət halını almış qəbilə basqınlarının qurbanı olmuşdu. Bir basqın nəticəsində əsir olaraq ələ keçirilmiş, kölələşdirilmiş, əldən ələ düşmüş, son olaraq bir qul bazarında satışa çıxarılmış və Xuzaa qəbiləsinin nümayəndəsi olan Məkkəli Ummu Ənmar binti Siba adlı qadın tərəfindən satın alınmışdı. Məkkə ilə tanışlığı da elə buradan başlamışdı. Sahibəsi Ummu Ənmar onu Məkkədəki bir dəmirçixanada qılınc düzəldən bir ustaya şagird olaraq vermişdi. Xabbab İbn Ərat qısa zamanda qılınc düzəltmək sənətinə yiyələnmiş və hələ yeniyetmə yaşlarında Məkkənin ən yaxşı qılınclarını düzəldən bir usta kimi məşhurlaşmışdı. Məkkə xalqı onun düzəltdiyi qılıncları əldə etmək üçün bir-birilərilə yarışırdılar. Çünki gözəl əl qabiliyyəti ilə bərabər Xabbab eyni zamanda təmiz qəlbə sahib idi. O etibarlı, səmimi, doğru və dürüst, yazıb oxumağı bildiyinə görə ağıllı və bilikli biri kimi tanınırdı.

Gənc Xabbab bir tərəfdən dəmirçilik işini görərəkən, digər tərəfdən yaşadığı şirk üzərinə qurulmuş cəmiyyətin, cahiliyyənin və cahilliyin ağır nəticələrini ürək ağrısı ilə müşahidə edirdi. Fitrətinə qoyulmuş saflıq və paklıq, yaşadığı mühitin bataqlığa qərq olmuş müşrik zehniyyətindən nə zaman qurtulacağını düşünməyə məcbur edirdi. Şirkdən və şirkin məntiqi nəticəsi olan cəhalət və zəlalətin qaranlığından necə və nə zaman xilas olacağının dərin təfəkkürünü edirdi. Xabbabın intizarı uzun çəkmədi. Onu qaranlıqdan aydınlığa çıxaracaq bir nurla rastlaşdı. Məkkənin Qureyş qəbiləsinin Bəni Haşim qolundan olan Muhamməd İbn Abdullah (s.a.s-in) yanına gedərək onun İslama, tövhidə dəvətini dinlədi. Tək çarə, yeganə çıxış yolu, qurtuluşu və xilası Rəsulullah (s.a.s-in) dəvətində gördü, ona əlini uzatdı və Allahdan başqa ilah, tanrı, ibadətə layiq məbud olmadığına, Muhammədin də Allahın bəndəsi və elçisi olduğuna şahidlik edərək ixlaslı muvahhid müsəlman oldu, 15 yaşında ikən ilk müsəlmanların siyahısında yer aldı.

Dünyadan istədiyini almışdı artıq, imanın bərəkətini və ləzzətini yaşayırdı. O artıq dünyadan heç bir şey istəmirdi, heç bir şey ummurdu, amma dünya ondan əlini çəkmirdi, dünyanın ondan istədikləri var idi. Əbədi axirət mükafatına gedən yolda dünya və dünyadakılar ona maneə olmağa başladılar. Müsəlman olduğunu gizlətməyən Xabbab (r.a), İslama və müsəlmanlara düşmən olan müşriklərin qəzəbinə düçar oldu. İslam tarixində ən ağır işgəncələrə məruz qalan azadlı kölə səhabələrdən biri idi Xabbab İbn Ərat (r.a).
Müşrik sahibəsi Ummu Ənmar Xabbabın müsəlman olduğunu eşidincə hirsini cilovlaya bilmədi və Xabbabın İslamdan çıxması üçün Ummu Ənmar qardaşı Siba İbn Abduluzza ilə bərabər əlindən gələni etdi. Müsəlman olduğuna qane olduqları ilk anda müşriklər onun üzərinə tökülüşüb Xabbabı huşu gedənə qədər döydülər. Xabbabın şirki və şirkin simvolları olan bütləri inkar edərək tək olan Allahı qəbul etməsi və nəyin bahasına olursa olsun İslamda qalması müşrikləri daha çox hiddətləndirdi. Müşriklər himayədarsız, kimsəsiz və müdafiəsiz bir kölə olan Xabbab İbn Ərat (r.a-ha) zülm, işgəncə, əzab və əziyyət etməyə başladılar.

Tarixi qaynaqlardakı rəvayətlərə görə Xabbabın müşrik sahibəsi Ummu Ənmar öz dəmirçixanasında Xabbab (r.anhı) İslamdan döndərmək üçün ocaqda qızdırdığı dəmirlə onun başını və digər bədən üzvlərini dağlayarmış. Müşriklər kölə olan himayədarsız Xabbab İbn Əratin çılpak vücudunu tikanlar içində sürüyərmişlər. Bəzən də müşrik düşmənləri Məkkənin günorta istisində ona dəmirdən zireh geyindirər, onu qızmar günəşin altında saxlayardılar. Bəzən də Xabbaba zərrə qədər su verməyərək paltarı soyulmuş vəziyyətdə onu isti qumun üzərində əli-qolu bağlı tərk edərdilər. Xabbabın belinə ocaqda qızdırılmış daşları qoyar, belinin yağları əriyincəyə qədər ona işgəncə edərmişlər. Bununla kifayətlənməyən müşriklər bir ocaq qalayar, odun köz olunca beli üstündə Xabbabı yanan közün üstünə yatırar, ayaqları ilə Xabbabın sinəsinin üstünə basar, köz sonüncəyə və yer soyuyuncaya qədər onu bu şəkildə saxlayardılar. Xabbab İbn Ərat (r.a) deyir ki: -Bir dəfə atıldığım ocağın közdən çıxan alovunu mənim belimin yanan ətindən axan su və dərisinin yağı söndürmüşdü. Səhabələr illər sonra belə Xababbın belindəki yanıq izlərinin şahidi omuşdular. Bu yanıq izləri vəfat edincəyə qədər Xabbabın bədənində öz varlıqlarını yumurta boyda olan oyuqlar şəklində qorumuşdular. Əlhəmdulillah bütün işgəncə və zülmlərə baxmayaraq Xabbab İbn Ərat (r.a) İslamda sabit qalmışdı, Allah və Rəsulunu inkar etməmişdi və onun bu mətanəti müşriklərin belə hiddət və təəccübünə səbəb olmuşdur.

Xabbab İbn Ərat (r.a) İslamı gözəl yaşamaqla bərabər onu təbliğ etməkdən də geri qalmırdı. Erkən dövrdə İslamı qəbul edən bir neçə səhabə ilə bərabər Ömər İbn əl-Xattab (r.a), onun bacısı və ailəsinin İslamı qəbul etməsində Xabbab (r.a) mühüm rol oynamışdı. Xabbabın bu fəallığı isə müşrikləri ona qarşı daha sərt davranmağa məcbur edirdi. Müşriklər ona işgəncə və zülm etməklə qalmır, İslamı inkar etməsi üçün digər vasitələrdən də istifadə edirdilər. Hər zamankı kimi bu vasitələrin başında iqtisadi münasibətlər gəlirdi. Məsələn, bir dəfə Qurani-Kərimdə haqqında “əl-əbtər” deyə bəhs edilən As İbn Vail adlı inadkar müşrikdən satdığı malının qarşılığında alacağını istəməyə gedən Xabbab İbn Ərat (r.a) bu müşrikin “Muhammədi inkar etmədikcə sənə olan borcumu qaytarmayacağam” sözlərilə qarşı-qarşıya qalmışdı. Xabbab (r.a) isə “Mən hər bir şeyimdən vaz keçərəm, amma ölüncəyə qədər və öldükdən sonra dirilincəyə qədər Muhammədi rədd və inkar etmərəm” cavabını vermişdi. Bunun üzərinə As İbn Vail məhz əsil müşrikə yaraşır şəkildə Xabbabı lağa qoyarcasına “Mən öldükdən sonra diriləcəyəmmi?” sualını vermiş və “Əgər belə bir şey olacaqsa səbr elə, dirildilib malıma və övladıma yenidən qovuşduğum o gün sənə olan borcumu da ödəyərəm” demişdi. Bu hadisə ilə əlaqəli nazil olan Qurani-Kərimin Məryəm surəsinin 77-80-ci ayələrində Allah Təala bu düşüncədə olanların şiddətli işgəncə və əzaba düçar olacaqlarını qeyd etmişdir.

Rəsulullah (s.a.s), müşriklərin bu və digər dözülməz işgəncələrindən hər mənada acınacaqlı bir vəziyyətə düşən Xabbabın yanına gedər, ona təskinlik verər və “Allahım Xabbaba yardım et” deyərək onun üçün dua edərmiş. Bir dəfə yenə dözülməz işgəncəyə məruz qalan Xabbab İbn Ərat (r.a) ağrı-acılar içində Kəbəyə gəlmiş, Kəbənin kölgəsində oturmuş Rəsulullah (s.a.s-ə) öz çıxılmaz vəziyyətini danışmış, onun bu işgəncələrdən qurtulması üçün dua etməsini istəmişdi. Rəsulullah (s.a.s) bu sözləri eşidən kimi üzü qıpqırmızı olmuş vəziyyətdə ayağa qalxmış və həm ibrət həm də müjdə dolu cavabı ilə belə demişdi: “Sizdən əvvəlki ümmətlər arasında elə insanlar var idi ki, onlar dəmir daraqlarla daranar, bütün dəriləri, ətləri soyularaq sümüklərindən sıyrılardı, lakin bu işgəncələr onları dinlərindən döndərməzdi. Mişar onların başının saç ayırımına qoyulur və təpələrindən iki parçaya bölünürdü, lakin bu da o insanları dinlərindən döndərmirdi. Allah, əlbəttə ki, mütləq bu dini, (İslamı) tamamlayacaq və bütün dinlərdən üstün edəcəkdir. Sənadan tək başına səfərə çıxan adam Hadramövtə qədər içində Allah qorxusundan başqa heç bir qorxu olmadan gedə biləcəkdir. Lakin siz tələsirsiniz.” “Allah dinini, nurunu tamamlayacaqdır, lakin siz tələsirsiniz”

Bütün bu işgəncələrə məcbur edilərkən heç bir zaman bu durumundan şikayətçi olmayan Xabbab İbn Ərat (r.a), çəkdiyi işgəncələri reklam edərək insanların rəğbətini qazanmağa çalışmamış, mükafatı yalnız və yalnız Allahdan istəyərək təxminən 25 yaşında ikən Məkkədən Mədinəyə hicrət etmişdi. Rəsulullah (s.a.s) Mədinədə Xabbabı Cəbr İbn Atik (r.a) ilə qardaş etdi. Bu şəkildə Xabbab İbn Ərat (r.a) Mədinəli ənsarın nəzarətində uzun zaman məhrum qaldığı azadlığın və Allaha hürriyyət havası içində ibadət etməyin feyz və bərəkətini, Rəsulullah (s.a.s-ə) yaxın olmağın xoşbəxtliyini yaşadı. Rəsulullah (s.a.s-lə) bərabər Bədir və Uhud başda olmaqla bütün döyüşlərdə iştirak etdi, böyük qəhrəmanlıqlar göstərdi. Uhud döyüşündə Allah Təala Xabbaba, Məkkədə ona ağır işgəncələr verən sahibəsi Ummu Ənmarın qardaşı Siba İbn Abduluzzanın Hz. Həmzə tərəfindən qətl edilmiş murdar cəsədini görmək şərəfinə də nail etdi. Zühd və təqvası ilə müsəlmanlar arasında böyük hörmət qazanan Xabbab İbn Ərat (r.a-ın) həyatı uzun və bərəkətli olmuşdur.

İlk dörd raşidi xəlifələr dövründə də nümunəvi müsəlman həyatı yaşayan Xabbab İbn Ərat (r.a) bu dövrlərdə baş verən siyasi qalmaqallarda yer almamağa çalışmışdır. Birinci Raşidi Xəlifə Hz. Əbu Bəkir (r.a-ın) vəfatından sonra ikinci Raşidi Xəlifə Hz. Ömər (r.a-dan) icazə alaraq Kufəyə cihad üçün getmişdir. Həyatının son zamanlarında kasıbçılıqdan qurtulmuş və Allah Təala ona zənginlik qismət etmişdir. Xəyalından belə keçirmədiyi qızıl və gümüş sahibi olmuşdu. Lakin o pulunu, sahib olduğu mal dövlətini Allah yolunda xərclədi. Qeyd edilən rəvayətlərə görə Xabbab İbn Ərat (r.a) pullarını gizlətməmiş, onları bağlı qıfıllar arxasında saxlamamışdı, onları evində hər kəsin bildiyi, xüsusilədə möhtacların, kasıbların bildiyi və rahatca gəlib ehtiyaclarına görə götürə biləcəkləri bir yerə qoymuşdu. Möhtaclar onun evinə gələr, soruşmadan və icazə istəmədən istədikləri qədər pul alıb gedərmişlər. Bütün bunlara baxmayaraq Xabbab İbn Ərat (r.a) bu pullara, sahib olduğu mal dövlətə görə hesaba çəkilməkdən və əzaba düçar olacağından qorxardı. Rəvayət edilir ki, ölüm yatağında olan Xabbabın yanına gələn dostlarına o belə demişdi:
“Burada 80. 000 dirhəm var. Vallahi indiyə qədər onları gizlətmədim. Məndən istəyən heç kimə yox demədim, hər kəsə bu malımdan pay verməyə çalışdım.

Bu şəkildə zühd və təqvasını ortaya qoyan yaşlı Xabbab (r.a) İslamın ilk illərində dünyasını dəyişmədiyinə heyfslənmiş və ağlamişdı. Nə üçün ağlayırsan Ey Xabbab? Belə cavab verdi: Dedi ki:
“Biz Rəsulullah (s.a.s-lə) savabını Allahdan diləyərək hicrət etdik, Allahın yanında bir mükafata haqq qazandıq. Ağlayıram, çünki mənim dostlarımdan bəziləri bu mükafatı bu dünyada almadan dünyalarını dəyişdilər, bu dünyadan köçüb getdilər, bu dünyanın naz-nemətlərinə, əcrlərinə nail ola bilmədilər. Musab İbn Umeyr bunlardan biri idi. Həmzə İbn Abdulmuttalib bunlardan biri idi. Bizlərdən bəziləri isə meyvələrin bar verdiyini gördü və onları topladı. İslamın zəfər dolu illərini gördü və müsəlman olduğuna görə dünya nemətlərindən istifadə etdi, mən isə qaldım və etdiyim əməllərin qarşılığı olmasından qorxduğum bu pullara, bu var dövlətə qovuşdum.” Yanında onun üçün hazırlanan kəfənə baxan Xabbab (r.a) Uhud döyüşündə şəhid olan dostlarını xatırlayırdı. Mənə hazırlanan bu kəfəndən biz Uhudda Musaba, Həmzəyə, Abdullaha tapa bilməmişdik. Mən bol və geniş kəfən içində dünyamı dəyişirəm düşüncəsilə heyfslənir və ağlayırdı.

Həyatı böyük imtahanlarla keçən Xabbab İbn Ərat (r.a) həyatının sonunda da böyük imtahana tabe tutuldu. Böyük olmaq belədir. Böyüklər ağır imtahanlara tabe tutular və yalnız böyüklər bu imtahanlardan alnı açıq, üzü ağ keçərlər. Xəbbab İbn Ərat (r.a) da son imtahandan alnı-açıq üzü ağ keçənlərdən idi. Hicrətin 37-ci ilində (miladi 657-ci ildə) həyatının sonuna yaxın o, ağır xəstəliyə tutulmaqla imtahan edildi. Bu imathandan da müvəffəqiyyətlə keçdi. Övladlarına, onu Kufə xaricində bir yerə dəfn edilməsini vəsiyyət etdi və Kufə xaricinə dəfn edilməsi durumunda Hz. Peyğəmbərin səhabəsi oraya dəfn edildi deyə digər insanların ölülərini onun ətrafına dəfn edəcəyini dedi. Altmış üç yaşında yaşlı bir insan ikən və acılar içində qıvranarkən ölümü ilə bir sünnəti ehya etməsini düşünməsi onun Rəsulullah (s.a.s-in) sünnəsinə də nə dərəcədə bağlı olduğunun bariz nümunəsidir.

Xabbab İbn Əratın (r.a) dəfnindən bir müddət sonra dördüncü Raşidi xəlifə Hz. Əli (r.a və kərraməllahu vachəh) bir yürüşdən qayıdarkən Kufə xaricində yeddi qəbir görmüş, bunların kimə aid olduğunu soruşmüşdu? Ətrafındakılar da bunun Xabbab İbn Əratın qəbri olduğunu söyləyincə Hz. Əli (r.a və kərraməllahu vachəh) onun cənazı namazını qılmiş və belə demişdi: “Allah Təala Xabbaba rəhmət eləsin. O istəyərək və böyük coşğunluqla müsəlman oldu, Allahın əmrinə itaət edərək hicrət etdi, həyatı boyu mücahid olaraq yaşadı, bədəninə edilən işgəncələr və xəstəliklərlə imtahan edildi. Allah Təala gözəl əməllər edənlərin əməllərini, əcrlərini əsla boşa çıxartmaz. Xabbabın qəbrinə yaxınlaşan Hz. Əli belə dua etdi: “Ey mömin və müsəlmanlar diyarı: Allahın salamı sizin üzərinizə olsun. Siz bizdən əvvəl yerlərinizə çatdınız, bizlər də inşallah qısa zamanda sizlərə qatılacağıq. Allahım onları bağışla, onlara məğfirət eylə. Bizi və onları əff eylə. Axirəti düşünüb onun üçün əməl edən, az ilə kifayətlənib Allahdan razı olan qullara müjdələr olsun. Axirəti düşünüb onun üçün əməl edən, az ilə kifayətlənib Allahdan razı olan və mənə səbrlə qulaq asan siz dəyərli camaatımıza müjdələr olsun. Allah sizlərdən razı olsun. AMİN...

Ey Allahın bəndələri! Həqiqətən, Allah ədalətli olmağı, yaxşılıq etməyi, qohumlara (haqqını) verməyi buyurar, zina etməyi, pis işlər görməyi və zülm etməyi isə qadağan edir. (Allah) sizə düşünüb ibrət alasınız deyə, belə öyüd-nəsihət verir! İndi isə buyurun, iqamə gətirin, namaza qalxın ki, Allah Təala sizə rəhm eləsin, onun rəhməti və bərəkəti üzərinizə olsun.

İlahiyyat üzrə fəlsəfə doktoru,
Bakı şəhəri Yasamal rayonu İlahiyyat məscidinin naib imamı,
“Elm Yurdu” Sosial Araşdırmalar İctimai Birliyinin Sədri,
Elşad MAHMUDOV.
|
    
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:17
GÜNƏŞ07:53
ZÖHR [ 4 rükət ]12:35
ƏSR [ 4 rükət ]14:57
MƏĞRİB [ 3 rükət ]17:15
İŞA [ 4 rükət ]18:47
GECƏYARI23:46
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka