Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

FİL SURƏSİ

[ Təfsir / 8576 dəfə baxılıb ]   
|
 
Fil surəsinin ikinci adı “Ələmtəra”dır. Məkkədə nazil olan surələrdəndir. Musaf sıralamasında 105-ci yerdə olsa da, nüzul sıralamasında təxminən 19-cu yerə yerləşdirilib. Qureyiş surəsi ilə mövzu yaxınlığı var və onlar sanki bir – birini tamamlayan iki surədirlər. Həm nüzul sırasında, həm də Musaf sıralamasında bir-birinin ardınca gəlirlər.

“Fil hadisəsi” Rəsulullahın (s.a.s) doğulmasından təxminən bir il öncə baş vermiş, Kəbəni dağıtmağa gələn Əbrəhənin ordusu gözlənilməz bir “hücuma” məruz qalmışdır. Əxlaqsız gücün ibrətlik aqibəti surənin əsas mövzusudur. Hər böyük gücün arxasında daha böyük bir güc olduğunu unutmamaq lazımdır. Fillər heyvanlar aləminin ən böyüyünü təmsil edirsə “əbabil quşları” heyvanlar aləminin ən kiçiyini təmsil edir. Bu kiçik quşların nizamlı və davamlı hərəkəti böyük fil ordusunun sonunu hazırladı.
Bu hadisə təfsir kitablarımızda 4 fərqli formada şərh olunur.
1. Klassik yanaşma: Əbabil quşlarının hücumu. Bir çox müfəssirlər cinsi naməlum olan quşların fil ordusunun üzərinə göydən yanar daş atdığını söyləyirlər.
2. Yoluxucu xəstəlik: O illərdə meydana gələn çiçək və ya başqa bir yoluxucu xəstəlik olduğunu düşünən müfəssirlər var.
3. Vulkanik partlayış. Bölgənin adı Nar dərəsi (atəş dərəsi) olduğu üçün burada bir partlayışın olduğunu düşünən müfəssirlərimiz də var.
4. Çox yayğın olmayan başqa bir qənaətə görə isə Əbrəhənin ordusuna yanar daşı atanlar dağlara çəkilmiş Məkkəlilər idi. Ayədə adı keçən quşlar isə leş yeyən quşlardır ki, yanar daşlardan ölənlərə hücum etmişdilər.
Doğrusunu Allah bilir.

Kəbə Allah tərəfindən insanlar üçün əmin-amanlıq bir bölgə elan olunmuş və Allah Quranında onu qoruyacağına dair söz vermişdir. Əbrəhənin ordusunda öncə də, sonra da dəfələrlə Kəbəyə hücumlar olunmuş və Kəbə bir neçə dəfə yıxılmışdır. Fil hadisəsi nə öncə, nə də ki, sonra heç bir zaman təkrarlanmamışdır. Çünki Əbrəhədən başqa heç kim Kəbəni yer üzündən yox etmək istəməmiş, Kəbəyə hücumu sadəcə Məkkənin fəth edilməsi ilə əlaqəli olmuşdur. Kəbəyə hücum edib onu dağıdanlar özləri sonradan Kəbəni bərpa etmişdilər.
Tarixə kiçik bir nəzər salaq;
1. İslamdan öncə Yəmənlilər hücum etmişlər.
2. Yezidin ordusu mancanaqlarla yıxmışdı (64/684). Daha sonra özü də bərpa etdirmişdir.
3. Abdulməlik b. Mərvan Haccacı göndərmiş o da mancanaqlarla Kəbəni yıxmışdır (73/693)
4. Qarmatilərin lideri Əbu Tahir, 318/930 ilində qətliam və qəsblə Məkkəyə girdi. Hacərüləsvədi yerindən qoparıb apardı. Həcərüləsvəd 22 il sonra geri gətirildi. Onun da davası Kəbəlilər ilə deyil, müsəlmanlarla idi.
5. Osmanlı əsgərlərinə qaşı 1081/1671 savaşan haracçı şəriflər Əbu Qubeys dağında insanları qursuna tutmuşdular.

Əbrəhə isə Kəbəni yox etməklə mərkəzi Məkkədən alıb Yəmənə aparmaq istəmiş, Kəbənin alternativi olaraq isə Yəməndə böyük bir Kilsə tikmişdir. Kəbə Allahın yer üzündə olan bir ayəsidir. Allaha qulluq simvolunu yıxmaqla Allaha qulluğu bitirmək istəyənlərə Allah Özü cavab verəcək, onları “yeyilmiş əkin yarpağına döndərcəkdir.”

Məal və Təfsir:
Rəhman və Rəhim Allahın adı ilə
1. Rəbbinin fil ordusuna nələr etdiyini gördünmü?
2. Onların hiyləsini boşa çıxartmadımı?
3. Onların üzərinə qatar-qatar uçuşan varlıqlar (Əbabil) göndərdi.
4. Onların üzərinə palçığa bənzər daşlar atırdılar.
5. Beləliklə Allah onları sanki yeyilmiş əkin yarpağına döndərdi.


Yuxarıda da qeyd etdik ki, Rəsulullah fil hadisəsini görməmişdir. Bu hadisə o doğulmadan öncə olmuşdur. Lakin Məkkədə hər kəs bu hadisəni çox yaxşı bildiyindən Rəsulullaha “Rəbbinin onlara nə etdiyini gördünmü” deyilmişdir. Hz. Aişədən gələn rəvayətlərdən də öyrənirik ki, o hadisədə Əbrəhənin ordusunun bütün əsgərləri həlak olmamış, lakin hamısı o hadisədən zərər çəkmişdilər. Və Hz. Aişə də onlardan ikisini görmüşdür. Bu hadisəni şəxsən görən Məkkəlilərə “əhlullah”, yəni “Allahın ev xalqı” deyirmişlər. Ayədə keçən “ələm təra”ifadəsi “görmədinmi?” mənasına gəlsə də burada onu “xəbərin yoxmu?”, “eşitmədinmi?” kimi də tərcümə etmək mümkündür. Ayədəki “Asabu’l fil” ifadəsi isə “fil ordusu, fil dostları” kimi tərcümə edilir. Hücum zamanı Əbrəhənin ordusunda 12 fil varmış. Və fillər Nar (atəş) bölgəsi deyilən əraziyə çatdıqda Kəbəyə yaxınlaşmaqdan imtina etmiş, yerə çöküb oturmuşdular. Ordu komandiri nə qədər etsə də filləri Kəbəyə doğru yönləndirə bilməmişdir və “fil əsabı” oradaca Allahın əzabına düçar olmuşdular.
Allah insanların qurduqları hiylələri boşa çıxaracağını (Ənfal, 18; Yunus, 21-ci), onların öz qurduqları tələlərə düşəcəklərini (Fatır, 43) ayələrində bizlərə xəbər verir. Fil ordusu yıxmağa gəldikləri məbədin üzünü görmədən özləri yıxılmağa məhkum olurlar.

Rəsulullahın zamanında “Əbabil” adlı bir quş mövcud deyildir. “tayr” (طَيْرًا) kəlməsi “uçuşan varlıq, quş, həşərat”, əbabil ifadəsi isə (أَبَابِيلَ) “qrup-qrup” deməkdir. Bu varlıqların quş olduğunu söyləyən müfəssirlərimiz hansı növ quş olduğunu bildirmirlər. Türkiyədə bu gün bu adla adlandırılan bir quş növü olsa da Rəsulullahın zamanında belə bir quş mövcud deyildir. Buna görə də bu kəlməni bəzi müfəssirlər “qrup-qrup, bölük-bölük, sürülər halında” anlamış və bunun hansısa bir quş deyil, quşlar qrupu olduğunu söyləmişdilər. Bu uşusan varlıqların quş deyil havada dolaşan bir mikrob olduğunu söyləyənlər də vardır ki, onlar bu mikrobların xəstəlik yaydığını söyləmişlər. Yuxarıdan atılan daşlar haqqında iki versiyanın olduğunu qeyd etdik. Dağlara çəkilən Məkkəlilərin atqıqları daşlar və ya Nar bölgəsində baş verən bir partlayışın gətirdiyi daşlar ola bilər.
Əgər Əbabil deyilən bir quşdursa Allah Əbrəhəyə ironik bir dərs vermişdir. Fillərlə Kəbəyə hücum edənlərə onlardan daha gücsüz görünsə də başqa bir heyvan növü ilə onlara cavab vermiş, nizamlı ordu halında quşlar göndərmişdir. Güclü heyvana qarşı “gücsüz” heyvanlar istifadə edilmiş və Allahın da dəstəyi ilə qalib gəlmişdilər. Əbabilin “qatar-qatar, bölük-bölük” anlamına gəldiyini nəzərə alsaq isə kiçik də olsa davamlı olan bir hərəkətlə qalib gəlmək mümkündür. Yəqin ki, hər biriniz çin işgəncəsi* deyilən bir əzabla insanların necə öldürüldüyünü eşitmişiniz. Əbabil quşları da eyni hərəkətlə az və sürəkli, davam edən bir hərəkətlə böyük bir orduya qalib gələ bilmişdilər.
Vulkanik bir püskürtünün lavaları olduğunu söyləyənlər də haqlı ola bilərlər. Əsas olan odur ki, orda fil ordusuna qarşı fövqəladə bir güc vardır və o fövqəladə güc QALİB gəlmişdir. Çünki Allahın da söylədiyi kimi “Rəbbinin ordularını Ondan başqa heç kim bilməz” (Müddəsir, 31) Və Allah da görünməz bir ordusu ilə Əbrəhənin hiyləsini boşa çıxarmışdır. Hadisənin necə baş verməsi nəticəni dəyişməmişdir. Hadisəyə Allah müdaxilə etmiş və düşmənlər yerlərindəcə cəzalandırılmışdılar.
Ayədəki “sərt daşlar atırdılar” cümləsindən anlayırıq ki, bu daşlar yuxarıdan atılırdı. Yuxarıda söylədiyimiz bütün versiyalar bu daşların yuxarıdan atıldığına dəlil kimi istifadə oluna bilər. Ən əsası isə “yerdəki əxlaqsız gücə” “Yuxarıdan” mütləq bir xəbərdarlıq olacaq və Allahla olanlar qalib gələcəklər.
Əbrəhənin ordusunun sonu necə oldusa bu gün də Allahın simvolunu yer üzündən silməyə çalışanların aqibəti eyni olacaq. Bu istər bir zəlzələ olsun, istər bir tufan, bəzən quraqlıq, bir vulkan və ya çox kiçik görünən bir “quş”la gələn bir bəla ola bilər.
Allah heç bir zaman Ona inanları məyus etməyəcəkdir.

Rəbbimizin rizasını qazanan, tərifini Onun verdiyi DİNi yaşayanlardan olmaq arzusu ilə...


* Günahkarın başı qırxılarır və o, bir dirəyə heç hərəkət edə bilməyəcəyi şəkildə bağlanarmış. Üstdən başına damlalar halında soyuq su damladılarmış. Damlalar bir müddət sonra çəkic təsiri etdiyindən adamın başının deşilməsinə səbəb olarmış.


Azerislam.com




Hazırladı: Həvva Səlim /azerislam.com
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]05:02
GÜNƏŞ06:45
ZÖHR [ 4 rükət ]13:39
ƏSR [ 4 rükət ]17:28
MƏĞRİB [ 3 rükət ]20:32
İŞA [ 4 rükət ]22:08
GECƏYARI00:47
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka