Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

GÖYDƏN 3 ALMA DÜŞDÜ

[ Hekayə / 11184 dəfə baxılıb ]   
|
 
Bir zamanlar “Biri varmış, biri yoxmuş”la başlayardı bütün nağıllar. Varlardan danışar, yoxlardan heç söz açmazdı. Nağılın sonunda o nağıla inananlar üçün bir də alma payı var idi: nağılı danışan, almanı kimə istəsə ona da verirdi...
Nağılların sonu həmişə yaxşı qurtarardı. Qardaşların quyuya saldıqları Məlikməmməd quyudan çıxar və onları bağışlayardı, Cırtdan divi öldürərdi, keçələ 40 gün, 40 gecə toy edərdilər... Qəhrəmanlara xoşbəxt sonluq, bizə də üç almadan biri düşərdi.

Böyüdük...
Nağıllarla böyüyüb gerçəklərlə üz-üzə qaldıq...
Quyuya salınan qardaşlar daha oradan çıxa bilmədi. Artıq quyunun ağzı möhürlənmiş, üstünə də böyük bir dəyirman daşı qoyulmuşdu. Cırtdanın da artıq divə gücü çatmırdı. Çünki divin canı əlində olan quşu Məlikməmmədləri quyuya salan qardaşlar çoxdan uçurmuşdular. Keçələ artıq qız verən də yox idi ki, toy eləsin. Bütün bunlar belə olunca biz də almasız qalmışdıq. Nə nağıl danışan var idi, nə nağıla inanan. İndi gerçəkləri danışırdılar, nağılın əvvəllər heç danışılmayan hissəsini: Biri yoxmuş...

Biri yoxmuş...
Keçmiş zamanlarda, çox qədimlərdə bir ata varmış. İndi daha yoxdur.
Çox, çox qədim zamanlarda bir də ana varmış... İndi o da yoxdur.
Onlar olmayınca övladları da olmamış...
Heç kim olmayınca 'biri varmış, biri yoxmuş'la başlayan nağıllar yarımçıq qalmışdı...

Bir kənd vardı: Xocalı... Daha yoxdur.
Bir şəhər vardı... Yox, şəhərlər çox idi: Şuşa, Laçın, Kəlbəcər, Zəngilan... Daha onlar da yoxdurlar.
Onlar daha yoxdurlar... Ona görə onların əvvəllər olduqları yerlərdə daha alma ağacı da bitmir. Göydən yerə "üç alma" da düşmür. Çünki bir zamanlar göydən ora mərmi düşüb. Göyün üzü deşilib, yerin bağrı yarılıb. Daha alma bitmir, o torpaqlarda.

Məlikməmmədin quyuda bağrı çatlayır. Çırtdan çoxdan böyüyüb və divi öldürə bilməyəcəyini artıq anlayıb.
Çünki divin dostları, Məlikməmmədin qardaşlarıdır. Cırtdan min divlə vuruşub qalıb gələ bilərdi, amma Məlikməmmədin qardaşlarına qalib gələ bilmir.
Çünki onlara heç bir zaman düşmən gözü ilə baxmayıb, onlara həmişə güvənib. Onu aldadanların onlar olduğuna da inanmır...
Keçəl bəxtiqara qalıb: sevgilisini divlər qaçırıb. Heç toy da etməyiblər. Elə belə vağzalısız, toysuz, düyünsüz aparıblar.

Belə həqiqətə qulaq asandan sonra düşünürsən ki, nə yaxşı göyün üzü deşilib, torpaq alma bitirmir. Yoxsa göydən düşən alma başıma dəyərdi.
Biri yoxmuş...
Almalar daha yoxdur. Olmadıqları üçün də daha düşmürlər. Çünki artıq lap çoxdan, çox – çox qədimdən Nyutonun başına düşən alma ilə yerin cazibə qüvvəsi kəşf edilib. İndi bizim başımıza düşsə də heç nə kəşf edə bilməyəcəyik. Sadəcə başımızdan olacağıq. Axı bir zamanlar var olanlar indi yoxdur...
Başımız əvvəllər var idi...

Kənd yox, şəhər yox, ata yox, ana yox... Almanı əkən, əkib becərən yoxdur.

Yenə nağıllar danışılanda “biri varmış, biri yoxmuş” deyə başlayır. Amma sonu hələ ki, xoşbəxt sonluqla bitmir.
"Biri yoxmuş"la bitir... O yoxlara o qədər alışmışıq ki, nağılın əvvəlini unutmağa başlamışıq. Çünki nağılın əvvəlini xatırlayanlar da artıq yoxdurlar. Yox olurlar...


P.S. Biri olacaq... Gedib o kəndin qisasını alacaq. O kənddə alma ağacı əkəcək. Sonra Məlikməmmədi quyudan çıxaracaq, divin canını tutub Cırtdanın əlinə verəcək, keçəlin sevgilisini tapacaq...
Bizə də üç almadan birini verəcək. O biri görən nə vaxt gələcək? Könlümə alma yemək düşüb...


Rüzgar Kəskin
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]05:50
GÜNƏŞ07:20
ZÖHR [ 4 rükət ]12:54
ƏSR [ 4 rükət ]15:59
MƏĞRİB [ 3 rükət ]18:28
İŞA [ 4 rükət ]19:53
GECƏYARI00:09
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka