Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

TÖVHİDİN DAŞIYICILARI-3

[ Islam tarixi / 7630 dəfə baxılıb ]     
|
 
İlk müsəlmanlar və məruz qaldıqları işgəncələr-1.

Möhtərəm müsəlmanlar! Mənsubu olduğumuz İslam dinimizin əsası olan “lə iləhə illəllah-Muhammədun Rasulullah” və ya “əşhədu ən lə iləhə illəllah və əşhədu ənnə Muhammədər-Rasulullah” həqiqətini tam mənası ilə dərk edib hər hansı bir tərəddüt keçirmədən qəbul etmək, bu həqiqətə hər hansi bir batili, bidəti və ya xurafatı qarışdırmadan saf və sağlam tövhid düşüncəsinə sahib olmaq həqiqi müsəlman üçün çox mühüm məsələdir. Saf və sağlam tövhid düşüncəsinə sahib olan müsəlman ümumilikdə tövhid həqiqətini, mənsub olduğu dini, həyat tərzini, mədəniyyəti, əxlaqı və tövhidin bütün prinsiplərini özünün həyat nizamına çevirməlidir. Müsəlman istisnasız olaraq həyatının bütün sahələrində tövhidi yaşamaq, yaşatmaq, tətbiq və təbliğ etmək və ümumilikdə həyatını bu istiqamətdə qurmalıdır. Bir müsəlmanın həyatını tövhid prinsipləri üzrə qurması mühüm məsələ olmaqla bərabər əksər hallarda qarşıya çıxan çətinliklər, ciddi maneələr, maddi və mənəvi tərəfi olan böyük imtahanlarla müşayət olunan bir prossesdir.

Lakin bu maneə və çətinliklərin heç biri aşılmaz deyildir. Bu maneələri və çətinlikləri aşması üçün müsəlman güclü iman, sağlam əqidə, sarsılmaz iradə, ixlaslı əməl, böyük təslimiyyət, təmiz niyyət, mənfəətə dayanmayan səmimiyyət və tükənməz səbrə sahib olmalıdır. Necə ki bunu biz müsəlmanlara Allah Təala Qurani-Kərimdə öyrədir. Necə ki bu dəyərləri bizə Rəsulullah (s.a.s) öz həyatında nümunə göstərir. Necə ki bunları biz Rəsulullah (s.a.s-in) fədakar səhabələrindən öyrənirik. Bəzən bizlər, əksər müasir dövrdə yaşayan müsəlmanlar ümumi olaraq ələ aldığımız zaman qarşımıza bir çətinlik, bir maneə çıxan kimi tövhidə, İslama, Allaha, Qurana, Rəsulullah (s.a.s-ə) aid dəyərləri unuduruq. Hətta bəzən elə olur ki, bu dəyərlərdən rahat bir şəkildə vaz keçə bilirik. Özümüzü düşdüyümüz vəziyyətdən çıxartmaq üçün, özümüzə haqq qazandırmaq üçün əksər hallarda İslamın qayda qanunlarından yan keçirik, onlara riayət etmirik, halal və haramlara diqqət etmirik, nəfsimizə tabe oluruq, dünyamızı düşünürük, amma axirətimizi düşünmürük. Halbu ki bu və bənzəri hallarda biz müsəlmanlar olaraq Allaha tabe olmalı, ona təvəkkül etməli, onun razılığı istiqamətində həyatımzı qurmalı, problemlərimizi yalnız və yalnız Allahın razılığı istiqamətində həll etməliyik. Axirəti və bizi axirətdə Allah Təalanın əbədi mükafatı olan cənnəti düşünməliyik. Necə ki bunu Rəsulullah (s.a.s-in) səhabələri edirdilər.

Səhabələr qarşılarına çıxan hər məsələdə, maneyə, sıxıntı, çətinlik və ya asanlıqda Allahın razılığını düşünürdülər. Onlar bu məsələlərdə böyük fədakarlıqlar edirdilər. Xüsusilə də Peyğəmbərliyin Məkkə dövründə, İslamın nazil oduğunun ilk illərində Rəsulullah (s.a.s) və onun İslamı qəbul edən ilk səhabələri böyük çətinliklər və imtahanlar qarşısında olmuşlar. Vəhyin ilk nazil olduğu dövrdə Məkkəli Qureyş müşrikləri İslama düşmənçilik edirdilər, ümumiyyətlə Məkkədə müsəlmanam demək çox çətin və həyati bir məsələ idi. Mən müsəlmanam, İslamı qəbul etdim, Allah və Rəsuluna tabe oldum deyən hər kəsə müşriklər zülm, işgəncə, əzab və əziyyət edirdilər. Müsəlman səhabələr açıq şəkildə və bir camaat olaraq ibadət edə bilmirdilər. Namaz qılacaqları zaman Məkkənin gizli vadilərinə, dağ aralarına, kimsəsiz yerlərinə gedər və ya yalnız başına evlərində gizlincə namaz qılardılar. Çox vaxt tövhidi qəbul etdiklərini, müsəlman olduqlarını, namaz qıldıqlarını öz qövm və qəbilələrindən gizlədərdilər. Qurani-Kərimi gizli oxuyardılar. İslamı gizli təbliğ edərdilər. İnsanları İslama açıq şəkildə dəvət etmək müsəlmanlar üçün imkansız idi. Çünki müşriklərin müsəlmanları görən gözləri yox idi və onları ibadət etməyə, İslamı təbliğ etməyə qoymurdular.

İslamın ilk nazil olduğu bu dövrdə hələ zəif olan müsəlmanlara işgəncə etmək, onları döymək, söymək, öldürmək, təhqir etmək, həbs etmək, ac-susuz qoymaq və bu şəkildə müsəlmanları dinlərindən, İslamdan döndərmək hər cür güc və hakimiyyətə sahib olan müşriklər üçün ən başlıca məsələlər arasında yer alırdı. Xüsusilə də müdafiəsiz kölələrinin və cariyələrinin müsəlman olduqlarını müşriklər heç bir şəkildə qəbul edə bilmirdilər. İlk müsəlmanlardan olan Zinnira ər-Rumiyyə adlı kölə qadın (r.anha) müşrik sahibləri tərəfindən döyülər, hər cür işgəncəyə məruz qalar, dəfələrlə boğazı sıxılaraq boğulma təhlükəsi ilə baş-başa qalardı. O qədər işgəncə edilmişdi ki ona, növbəti dəfə şirkin fironu Əbu Cəhlin işgəncəsindən sonra gözləri bir müddət kor olmuşdu. Lakin Zinnira (r.anha) müşriklərin bütün təzyiqlərinə baxmayaraq İslamı inkar etməmişdi, imanında sabit qalmış, Allah da onun gözlərini yenidən nurlandırmışdı.

Zinniranın qızı ilk müsəlman cariyə qadın səhabələrdən olan Ummu Ubeys (r.anha), anası kimi ağır işgəncələrə məruz qalmış, müşrik Əsvəd İbn Abd Yağusun bütün işgəncələrinə baxmayaraq o da İslamdan üz döndərməmişdi. Nəhdiyyə adlı bir başqa müsəlman kölə qadın (r.anha) qızı ilə bərabər Allah yolunda işgəncəyə məruz qalanlar arasında idi. Sahibəsinin bütün işgəncələrinə baxmayaraq İslamda sabit qədəm oldu (Allah onlardan razı olsun). Lubeynə (r.anha-da) eyni işgəncələrə məruz qalmışdı. Sahibi tərəfindən o qədər döyülərdi ki, görənlər onun öldüyünü zənn edərdilər. Amma nəyin bahasına olursa olsun, əlhəmdulillah İslamdan üz çevirməmiş, Allahı inkar etməmişdi.

Bir başqa müsəlman kişi kölə Amir İbn Fuheyra (r.a) müşriklər tərəfindən nə danışdığı başa düşülməyincəyə qədər döyülər və təhqir edilərdi. Əbu Fukehyə (r.a) çilpaq, ayağından zəncirlə bağlanaraq günortanın dəhşətli istisində səhranın ortasında yerə uzadılaraq sinəsinə böyük bir daş, bir qaya parçası qoyulardı, huşu gedərdi, dili ağzından çölə çıxardı, öldüyünü zənn edərdilər, özünə gəlir-gəlməz bütləri qəbul etməsini ondan istəyən müşriklərə Allahı qəbul etdiyini və İslamdan dönməyəcəyini söyləmişdi. Bu şəkildə hər hansı bir qövm, tayfa və ya qəbilənin mühafizəsi altında və kimsənin himayədarlığında olmayan ilk müsəlmanları dinlərindən döndərmək üçün Məkkəli Qureyş müşriklərinin etdikləri bütün əzab, əziyyət və işgəncələr müsəlmanları İslamdan döndərməmiş və ilk müsəlmanlar dinlərində sabit qədəm olmuşlar.

Bunun nümunələri İslam tarixində çoxdur. Başda Rəsulullah (s.a.s.) və digər səhabələr hamısı bu ağır imtahanlardan keçmişlər və inşallah bu ibrətamiz hadisələr haqqında gələcək xütbələrimizdə də siz dəyərli camaatımıza məlumatlar verəcəyik. Nəyə görə? Çünki bu hadisələrdə bizim hər birimiz üçün böyük ibrətlər var. İslamı yaşadıqları zaman qarşılaşdıqları çətinlik və maneələri şikayət edən ibadət əhli olan müsəlmanlara biz hər zaman ümumilikdə Allahın göndərdiyi peyğəmbərlərin həyatını, onların apardığı tövhid mübarizəsini, xüsusilədə Rəsulullah (s.a.s-in) və onun fədakar səhabələrinin ibrətamiz həyatını oxumağı və öyrənməyi tövsiyə edirik. Vallahi bunları oxuyub, görüb ibrət aldığımız zaman öz həyatımızda qarşılaşdığımız çətinlikləri dilə gətirməkdən belə adam utanır.

Əksər hallarda iqtisadi və sosial-məişət zəminində həyatındakı maddi – mənəvi çətinlikləri, problemləri şikayət edən müsəlman bacı-qardaşlarımıza müraciət edərək demək istəyirik ki, həyatımızdakı bu və digər bütün çətinliklər müvəqqətidir, imtahandır və bu imtahandan alnı açıq, üzü ağ çıxmaq lazımdır. Hər halımıza şükr etməliyik. İlk müsəlmanların yerinə olsaydınız nə edərdiniz? Biz heç bir zaman Həzrəti Muhamməd (s.a.s-in) və ona iman gətirən ilk müsəlmanların yaşadığı çətinliyi, zülmü, işgəncəni və imtahanı yaşamamışıq. Və Allah Təaladan dua edirik ki, Rəbbimiz belə ağır imtahanları bizə və ümumiyyətlə heç kimə yaşatdırmasın. Və onların çəkdiyi əzab-əziyyətlə müqayisə edərsək ki, -bu müqayisə olunmaz- “bizim bir əlimiz yağdadır o biri əlimiz isə balda”. Allahdan arzu, istək, dua və diləyimiz ondan ibarətdir ki, Rəbbim bizlərə bu çətinlikləri və maneələri aşmaqda kömək olsun. Allah Təala bizləri Rəsulullah (s.a.s-in) səhabələri kimi dinimizdə, imanımızda, Allah və Rəsuluna bağlılıqda sabit qədəm etsin. AMİN.
Ey Allahın bəndələri! Həqiqətən, Allah ədalətli olmağı, yaxşılıq etməyi, qohumlara (haqqını) verməyi buyurar, zina etməyi, pis işlər görməyi və zülm etməyi isə qadağan edir. (Allah) sizə düşünüb ibrət alasınız deyə, belə öyüd-nəsihət verir! İndi isə buyurun, iqamə gətirin, namaza qalxın ki, Allah Təala sizə rəhm eləsin, onun rəhməti və bərəkəti üzərinizə olsun.

İlahiyyat üzrə fəlsəfə doktoru, Bakı şəhəri Yasamal rayonu İlahiyyat məscidinin naib imamı, “Elm Yurdu” Sosial Araşdırmalar İctimai Birliyinin Sədri,
Elşad MAHMUDOV
|
    
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]05:55
GÜNƏŞ07:25
ZÖHR [ 4 rükət ]13:34
ƏSR [ 4 rükət ]17:02
MƏĞRİB [ 3 rükət ]19:42
İŞA [ 4 rükət ]21:08
GECƏYARI00:48
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka