Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

ÖRNƏK HƏYATLAR. XUBEYB İbn ADİY əl-ƏNSARİ

[ Islam tarixi / 9002 dəfə baxılıb ]     
|
 
Bu günkü yazımızda sizlərə Rəsulullah (s. a. s-in) bir səhabəsi haqqında danışmaq istəyirik. Qısa ömrünə böyük məna qatan bir səhabə. Elə ömürlər, elə talelər vardır ki, uzun yaşayarlar, çox yaşayarlar, amma Allaha və Allaha aid dəyərlərə bağlı olmadıqları üçün bu uzun ömürləri heç bir şeyi ifadə etməz. Dünya adına da bir şey ifadə etməz, axirət adına da bir şey ifadə etməz. Boş yerə yaşamışlar, həyatlarını puç etmişlərdir. Elə ömürlər, elə talelər vardır ki, ömürləri qısadır, az yaşayarlar, amma Allaha və Allaha aid dəyərlərə bağlı olduqları üçün bu qısa görünən həyatlarına böyük dəyər qazandırar, etdikləri ilə bu qısa ömürlərinə böyük məna qazandırarlar. Dünyaları da xeyirli olar, axirətləri də xeyirli olar. Qısa ömür sürüb həyatına böyük məna qazandıranlardan biri də Rəsulullah (s.a.s-in) səhabəsi Xubeyb İbn Adiy İbn Malik əl-Auvsi əl-Ənsari-dir (r.a). Həyata və ölümə, dünyaya və faniliyə meydan oxuyan bir əbədiyyət yolçusu, edam taxtının fədakar qəhrəmanı Xubeyb İbn Adi əl-Ənsari (r.a). Peyğəmbərimizin hicrət etdiyi Mədinə şəhərinin iki böyük tayfasından biri olan əl-Aus qəbiləsinin nümayəndəsi. Məkkədən Mədinəyə Rəsulullah (s.a.s-lə) birlikdə hicrət edən və Mədinəyə pənah gətirən dindaşlarına qucaq açdığı üçün ənsar adını alan Xubeybin Peyğəmbər (ə-la) hicrətə qədər görüşdüyü qeyd edilsə də əsil təmas Mədinədə hicrət əsnasında və sonrasında olmuşdur. Bu bir iman təması idi, bu bir əqidə təması idi, bu bir eşq, bir fədakarlıq, Allah və Rəsuluna olan məhəbbət və bağlılığın təması idi. Elə bir əlaqə qurulmuşdu ki, heç kim və heç nə onların arasına girə bilməzdi, girməsi imkansız idi. Çünki Xubeyb sağlam imanlı, ürəyi açıq, ruhu və könlü xoş, gözəl vicdanlı, mərd, səmimi və ixlaslı bir insan idi. Rəsulullah (s.a.s-in) şairi Hassan İbn Sabit onu “Ənsarın pak və təmiz şahini” adlandırmışdı. Xubeyb böyük eşq və şövqlə ibadət edərdi. Bir abidin ən gözəl xüsusiyyətlərini özündə cəm etmişdi. Gecələri namaz qılar, gündüzləri oruc tutar və hər zaman onu yaradan aləmlərin Rəbbi Allah Təalaya həmd edərdi. Həzrəti Peyğəmbərə qarşı olan sevgisi və məhəbbəti dillərə dastan idi. Ömrü yetdiyi bütün hadisələrdə Rəsulullah (s.a.s-in) yanında oldu. Böyük Bədr döyüşündə müsəlmanların səfində canla başla, qəhrəmancasına döyüşdü. Digər mücahid müsəlman əsgərlərlə bərabər Bədir qaziləri arasında yer aldı, Əhli-Bədir kimi böyük mövqeyin sahibi oldu. Bu döyüşdə böyük şücaətlə savaşdı, çox İslam düşmənini məğlub etdi, məğlub və qətl etdiyi İslam düşmənləri arasında Məkkəli Qureyş müşriklərinin ən tanınmışları da var idi. Bədir döyüşü bittikdən sonra böyük bir məğlubiyyətlə Məkkəyə qayıdan Məkkəli Qureyş müşrikləri Xubeyb İbn Adiyyin adını unutmadılar, öldürülən qohumlarının intiqamı ilə tutuşub yandılar. Xubeyb İbn Adiyy (r.a) isə Allah və Rəsuluna sədaqətlə həyatını sürdürdü. Böyük Bədir meydan müharibəsindən düz 1 il sonra baş verən Uhud döyüşündə də Rəsulullah (s.a.s-in) yanında olan Xubeyb İbn Adiy (r.a) bu döyüşdə də böyük qəhrəmanlıqlar göstərdi. Uhud döyüşündən sonra meydana gələn bir hadisə Xubeyb İbn Adiyydən intiqam almaq istəyən müşriklərin əlinə böyük fürsət verdi.

Hicri 4-cü il, miladi 625-ci ildə İslam tarixinə ər-Raci vaqiəsi kimi keçmiş bir hadisədə böyük xəyanət nəticəsində Xubeyb İbn Adiy (r.a) əsir edilərək Məkkəyə gətirilər. O, Bədirdə öldürülən atasının intiqamını almaq məqsədilə müşrik Huceyr İbn Əbi İhab ət-Təmimi tərəfindən öldürülmək üçün satın alınar. Məkkədə onu həbs edərlər. Xubeyb İbn Adiy (r.a) əsirlikdə də, ölümə aparılarkən də İslama sədaqəti, Allaha itaəti, Rəsulullaha bağlılığının, səbr və təqvasının ən zirvə nöqtəsini yaşayar. Elə bir səbr, elə bir təqva, elə bir nümunə ki, Allah onu bol-bol mükafatlandırar. Xubeyb İbn Adiyy Məkkədə müşrik Maviyə adlı bir qadının evində həbs edilər. Daha sonrakı dövrdə müsəlman olan Maviyə deyir ki, “Xubeyb mənim evimdə həbs edilmişdi. Mən ondan daha xeyirli bir əsir görmədim. Bir gün növbəti dəfə Xubeybi müşahidə etdiyim zaman onun əlində adam başı boyda böyük bir üzüm salxımının olduğunu və Xubeybin o salxımdan üzüm yediyini gördüm. Maviyə deyir ki, o zaman Məkkədə, hətta Allahın yaratdığı bütün yer üzərində üzümün bir dənəsi var idimi, yox idimi bilmirəm, amma Xubeybin əlində hər gün salxım-salxım üzüm olurdu. Bir başqa rəvayətdə üzüm mövsümünün olmadığı, Məkkədə üzümün tapılmasının imkansız olduğu bir zamanda qandallı Xubeybin salxım-salxım üzüm yediyi qeyd edilir. Maviyə deyir ki, “daha sonraları başa düşdüm ki, əli-qolu zəncirə bağlı olan Xubeybə bu üzümləri Allah ruzi olaraq vermişdi, bu Allahın ona ikramı idi”. Allah sevdiyi qullarına, ona bağlı və itaət edən bəndələrinə hər ruzini verər, hər ikramı edər, Allah hər şeyə qadirdir qardaşlarım, bunda şübhəniz olmasın. Yetər ki, səmimiyyət və ixlasla Allaha bağlı olun.

Maviyə əsirlikdə olan Xubeyb haqqında məlumat verməyə davam edir. Deyir ki, əsirlikdə olan Xubeyb hər gün Qurani-Kərim oxuyur, namazlarını qılır, gecələr ibadətlərinə davam edərdi. Elə bir Quran oxuyardı ki, onun bu Quranlı səsini eşidən qadınlar riqqətə gələr, cuşa gələr, göz yaşlarını tuta bilməz, hönkür-hönkür ağlayardılar. Xubeybə “Ey Xubeyb, hər hansı bir ehtiyacın varmı” deyə soruşduğumda “Xeyir, demişdi! Səndən sadəcə bir istəyim var. Mənə təmiz və şirin su ver, Allahdan başqası adına, bütlər adına kəsilən heyvanların ətindən mənə vermə, bir də məni öldürmək istədikləri zaman mənə bunu xəbər ver, başqa bir şey istəmirəm”. Xubeybin istəyi bundan ibarət idi. Əsirlikdə belə halalına və haramına diqqət edən bir səhabə. Əsirlikdə belə yeməyinə içməyinə diqqət edən bir səhabə. Əsirlikdə belə ibadətinə və təqvasına diqqət edən bir səhabə. Maviyə deyir ki, onun bu halına, hərəkət və davranışına yalnız heyran qalmışdıq. Yenə davam edir Maviyə və deyir: Haram olan aylar çıxıb müşriklərin Xubeybi öldürəcəklərinə qərar verdiklərini Xubeybə bildirdiyim zaman, vallahi Xubeybin bu xəbərə görə heç bir qorxu, heç bir qayğı və heç bir narahatçılıq keçirdiyini görmədim. Öldürüləcəyi gün gəlib çatınca Xubeyb təmizlənmək üçün məndən bir ülgüc istədi. Onun istəyini yerinə yetirmək üçün ögey oğlum Əbu Hüseynə bir ülgüc verdim və ona “al bu ülgücü, bu evdəki adama apar ver” dedim. Uşaq gedincə birdən ayıldım və nə etdiyimin fərqinə vardım. Öz-özümə, “axı mən nə etdim?! And olsun adam bu uşağı öldürməklə intiqamını alacaq” dedim. Hadisə yerinə gəlincə Xubeybin uşağın əlindən ülgücü aldığını və uşağın da Xubeybin qucağında oturduğunu gördüm. Bu səhnə məni son dərəcə qorxutmuşdu, lakin qorxduğumu başa düşən Xubeyb mənə: “Uşağı öldürəcəyimdənmi qorxursan?” dedi. Qorxma! İnşallah mən belə bir şey etmərəm. Haqsız yerə cana qıymaq, haqsız yerə adam öldürmək bizim şan və şərəfimizə yaraşmaz” deyirdi. “Mən sənin oğlunu öldürən kəslərdən deyiləm. Dinimzdə haqsız yerə cana qıymaq bizə halal deyildir.” -- Müsəlman budur qardaşlarım. Harada olursa olsun, hansı şəraitdə olursa olsun o etimad, etibar, sülh və əminamanlıq insanıdır, insanların, hətta düşmənlərinin əlindən və dilindən zərər görmədiyi, etibar gördüyü insandır. Xubeyb bunu həyatının bahasına da olsa sübut edirdi. Allah Təala bizlərə də bu etimad və etibardan qismət etsin.

Maviyə deyir ki, həbsdən çıxarılacağını və ertəsi gün səhər də öldürüləcəyini Xubeybə xəbər verdim. Amma bunu deyərkən belə Xubeybə heyran qaldım. Öldürüləcəyi xəbərini eşidincə onda heç bir dəyişiklik və zərrə qədər kədər hissi görmədim. Müşriklərin Xubeybi öldürmək üçün qərar verdikləri gün gəlincə Xubeybin əlinin-qolunun zəncirini açdılar və onu Məkkənin haram bölgəsi xaricinə, Məkkəyə iki fərsax uzaqlıqda yerləşən Tən*im adlanan yerə apardılar. Qadın, kişi, uşaq, kölə, böyük-kiçik, yaşlı-cavan Məkkənin müşrik xalqının demək olar ki, hamısı edamı seyr etmək üçün buraya yığışmışdı. Xubeyb çox səbirli, təmkinli, sakit və məğrur görünürdü. Müşriklər Tən*imdə bir çuxur qazdılar. Quru və uzun bir ağac gövdəsini o çuxura əkdilkər -- edam taxtı, dar ağacı. Qorxulu bir şey yoxdur. O gün Xubeybi Allaha, axirətə, cənnətə və şəhidliyə aparan vasitə edam taxtı, dar ağacı idi qardaşlarım. Xubeybi edam taxtının yanına apardılar. Xubeyb onu edam taxtına aparanlardan son olaraq “iki rükət namaz qılmaq üçün icazə istədi”. Ona bu icazə verildi. Xubeyb çox uzatmadan böyük bir sükunət və xuşu içində iki rükət namazını qıldıqdan sonra müşriklərə döndü və “Vallahi, əgər mənim haqqımda, ölümdən qorxdu və buna görə də namazını uzatdı düşüncəsində olmasaydınız namazımı uzadardım, uzun bir namaz qılardım, daha çox namaz qılardım” deyərək namaza qarşı olan həssasiyyətini dilə gətirdi. Bu hərəkətilə Xubeyb İbn Adiyy (r.a) qiyamətə qədər edam edilmədən və ya öldürülmədən qabaq iki rükət namaz qılma adətini ilk qoyub gedən şəxs oldu. Şəhidlikdən qabaq qılınan bu namaz imanın ölümə meydan oxumasıdır, bu namaz əbədiyyətin faniyə, haqqın ədalətsizliyə, zülmə meydan oxumasıdır, bu namaz bütün zalımlara “heç bir həqiqi mömini ölümlə qorxuda bilməzsinizin” mesajıdır. Bu namaz bütün kainata heç bir zaman həqiqi mömini Allahından, Rəsulundan, kitabından, dinindən və imanından uzaqlaşdıra bilməzsinizin mesajıdır. İslam tarixində bunun çox nümunələri vardır. İslam dünyasının hər yerində, bütün coğrafiyalarında buna rast gələ bilərsiniz. Son iki-üç əsrdə mənəvi olaraq məhv edə bilmədikləri İslam dünyasını fiziki olaraq məhv edərkən, İslam dünyasını qana bulayanların etdiklərinə baxdığınız zaman buna rast gələ bilərsiniz. Son 100 ildə 80 %-i işğal altında olan müsəlman Azərbaycan torpaqlarında da bunu görə bilərsiniz, 15 Sentyabrda da, 30 Martda da, 20 Yanvarda da, Qarabağda da görə bilərsiniz, Daşaltıdada, Xocalıdada. -- İslam tarixində Xubeyb İbn Adiyy kimi haqsızlığa, işgəncə və zülmə məruz qalan müsəlmanlar öldürülməmişdən əvvəl iki rükət namaz qılmışlar, Rəbblərinin hüzuruna ən son namaz ibadəti ilə getmişlərdir. Əgər bir gün bir kafirin, bir müşrikin və ya bir zalımın edamına məruz qalarsanızsa və imkan olarsa bu dünyadan Rəbbinizin hüzuruna iki rükət namaz qılmadan getməyin qardaşlarım. Bir şəhidin sünnətini bu şəkildə ehya edin.

Xubeyb İbn Adiyy (r.a) daha sonra edam taxtına çıxarıldı. Edam taxtında dua edirdi: Ya Rabbi! Mən burada düşmənin üzündən, sifətindən başqa heç bir üz görə bilmirəm. Ya Rabbi! Rəsuluna elçi olaraq göndəriləcək birini tapa bilmirəm. Ya Rabbi, Rəsulullaha salamımı sən çatdır, Allahım. Əssələmu aleykə Ya Rasuləllah! deyirdi. Ya Rabbi, biz sənin Peyğəmbərinin elçiliyini təbliğ etdik. Sən də bizə edilənləri sabah Rəsuluna çatdır” deyə son dualarını edirdi. Və müşriklərə baxaraq o gün üçün, bu gün üçün və qiyamətə qədər davam edəcək olan hər zaman üçün bu zülm və işgəncə zehniyyəti üçün bəddua edirdi. “Ya Rabbi, bunların hamısının bir-bir canını al, onları həlak eylə, onların heç birini sağ-salamat qoyma Ya Rabbi! deyirdi. Mən də o gün də bu gün də Xubeybin dualarına AMİN deyərək iştirak edirəm və Allah küfrə, şirkə, zülmə və işgəncəyə lənət eləsin! deyirəm.

Hələ müşrik olarkən bu hadisədə iştirak edib daha sonrakı dövrlərdə müsəlman olan insanlar deyir ki, vallahi Xubeyb o gün elə bəddua edirdi ki, onun bədduasından qorxmuşduq, həlak olacağımızı, məhv olacağımızı düşündük, bəzilərimiz oradan qaçdı, bəzilərimiz isə o günün bir müşrik adətinə görə Xubeybin bədduası bizi tutmasın deyə yerə uzandı. Xubeybi dar ağacına qaldırıb möhkəm bağladılar. Bədirdə öldürülən müşriklərin oğlanları, 40 gənc olduğu rəvayət edilir, dar ağacına bağlı olan Xubeybi silahları ilə, qılıncları ilə, nizələri ilə, mizraqları ilə zərbə vurmağa, müdafiəsiz bədəninin ətini deşik-deşik edərək yırtmağa başladılar. Din düşmənlərinin ona etdiklərini, xüsusilə də onun ətini deşərək ona rəva gördükləri işgəncə qarşısında olan Xubeyb böyük mətanət və səbr nümayiş etdirir, məruz qaldığı bu müsibətin və zülmün Allah yolunda olduğunu bilir, buna görə də kəsilən, yırtılan, yarılan üzvlərini gördüyü zaman üzülmürdü. Hər nə qədər bir ara gözləri yaşarmış kimi görünsə də gözlərindən yaş gəlmədiyini və ölümdən qorxmadığını, cəhənnəmin alovunun hərarətindən qorxduğunu, heç bir şəkildə düşmənlərə boyun əyməyəcəyini, səbirsizlik etməyəcəyini, dönüş yerinin ilahi hüzur olacağını dilə gətirirdi və “Mən müsəlman olaraq öldürüldükdən sonra, ölümüm nə şəkildə olursa olsun, fərq etməz deyirdi. Çünki onların hamısı Allah yolundadır.” Allah istəyərsə bu tarımar olan vücuduma feyiz, gözəllik və bərəkət ehsan edər” deyirdi. Müşriklərin zərbələrindən böyük zədə alan Xubeyb İbn Adiyyə son olaraq bir mizraq zərbəsi endirildi. Zərbə o qədər güclü idi ki, sinəsindən girən mizraq Xubeybin çiynindən çıxdı. Vücudundan qan fışqıran və taqətsiz bədəni dar ağacından sallanan Xubeyb İbn Adiyy son nəfəsində “əşhədu ən lə iləhə illəllah və əşhədu ənnə Muhammədən abduhu va rasuluh” kəlmeyi-şəhadətini gətirmək xoşbəxtliyinə nail olaraq bu şəkildə dünyasını dəyişdi. 20 yaşlı bir gənc idi, həyatının ən gözəl çağında idi, bu yaşda şəhidlik mərtəbəsinə ucaldı. Rəbbim bizi onunla bərabər həşr etsin. AMİN!

İslamı cəmi 4 və ya 5 il yaşamışdı. Qısa olan ömrünə böyük məna qazandırmaq budur qardaşlarım. Az yaşayıb çox qazanmaq budur qardaşlarım. Onun evi, eşiyi, ailəsi, bağı, baxçası, tarlası, mal-qarası, villası, bank hesabı, yüz minləri, milyonları, milyardları yox idi. Xubeyb İbn Adi (r.a) dünya və dünyalıq adına heç bir şey qazanmamışdı, maddi olaraq qoyub getdiyi heç bir mirası yox idi. Amma onun mənəviyyatı, ən əsası da imanı və şəhidlik kimi möhtəşəm bir mükafatı var idi. O dünya malı yığmamışdı, o bütün tədarükünü axirət üçün etmişdi. Allah da ona ən uca məqam olan şəhidliyi qismət etmiş və dualarını qəbul etmişdi. Və səhabələr deyir ki, Rəsulullah (s.a.s-lə) Mədinədə oturmuş söhbət edirdik, birdən Allah Rəsulu ayağa qalxdı, qəribə bir hala büründü, vəhy aldığı zamanlardakı vəziyyətə bənzər bir halda idi, üzünü və əllərini qeybə istiqamətləndirərək hərəkətləndirdi və sanki qeybdən xəbər alırcasına, birinin salamını alırcasına bu sözləri deyirdi: Va aleyhissələm! Ona da salam olsun! Va aleykəssələm Ya Xubeyb! Sənə də salam olsun Ey Xubeyb! Allahın salamı sənin üzərinə olsun Ey Xubeyb! Qardaşınız Xubeyb şəhid edildi, buyurdu. O mənim cənnətdə qonşumdur. Allah Xubeybin son duasını da qəbul etmiş, onun edam taxtındakı salamını və vəziyyətini Rəsulullah (s.a.s-ə) çatdırmışdı. Cəbrayıl (ə) Xubeybin şəhidliyinə şahidlik etmiş və onun bu vəziyyətini Rəsulullah (s.a.s-ə) xəbər vermişdi. Həmd olsun Cəbrayılı mələk olaraq göndərən Allah Təalaya. Allahın salamı olsun mələk Cəbrayıla. Allahın salamı olsun onun Rəsuluna. Allahın salamı olsun Xubeyb İbn Adiyyə və digər səhabələrə. Allahın salamı olsun Xubeyb İbn Adiyyin şəxsində bütün şəhidlərimizə. Allahın salamı olsun onların yolunda yürüyənlərə. Allahın salamı olsun bu mübarək cümə günü mənə səbrlə qulaq asan siz dəyərli möminlərə. Allah sizlərdən razı qalsın.

Ey Allahın qulları. Həqiqətən, Allah ədalətli olmağı, yaxşılıq etməyi, qohumlara (haqqını) verməyi, onlara əl tutmağı) buyurar, zina etməyi, pis işlər görməyi və zülm etməyi isə qadağan edir. (Allah) sizə düşünüb ibrət alasınız deyə, belə öyüd-nəsihət verir! İndi isə buyurun, iqamə gətirin və namaza durun ki, Allah Təala sizə rəhm eləsin, onun rəhməti və bərəkəti üzərinizə olsun.

İlahiyyat üzrə fəlsəfə doktoru,
Bakı şəhəri Yasamal rayonu İlahiyyat məscidinin naib imamı,
“Elm Yurdu” Sosial Araşdırmalar İctimai Birliyinin Sədri,
Elşad MAHMUDOV
|
    
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]05:56
GÜNƏŞ07:29
ZÖHR [ 4 rükət ]12:26
ƏSR [ 4 rükət ]15:01
MƏĞRİB [ 3 rükət ]17:22
İŞA [ 4 rükət ]18:51
GECƏYARI23:39
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka