Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

49:6.COM

[ Aktual / 9297 dəfə baxılıb ]   
|
 
“Ey iman edənlər! Fasiq sizə bir xəbər gətirsə onu həmən araşdırın” [Hucurat, 6]



Bir zamanlar fasiq olan sadəcə insanlar idi. İndi fasiqliyi daha geniş ərazilərə daşımışlar; artıq, qəzet və jurnallar, televiziya və internet "fasiq"lik edir... Kim nəyi, nə cür istəyirsə insanlara elə də çatdırır: düzü əyri, əyrini düz göstərir.Yalana elə doğru donu geyindirilir ki, xəbəri uyduran özü belə, uydurduğunun doğruluğuna inanır. Media, çox şeyə qadirdir. Belə ki, bəzən haqlı olan bir ziyalını "Xalq düşməni!" elan edilərək qətl etdirir, haqsız olanları da "Haqqın qoruyucusu!" adı ilə "xalqın sevimlisi" elan etməyə yardım edir.

"Mən hansı bir insana bənzədim ki, Lenini?" şeri ilə böyüyən bizim nəsil Lenin düşmən elan edilincə böyük bir üzüntü yaşadı. Asan məsələ deyildi: "Baba"sız qalmışdıq...
Uzun zaman məsumluğuna inandığımız birinın düşmənimiz olduğunu görmüşdük. Tarix yanlış təbliğ olunmuş, qatil qəhrəman elan edilmişdi... Biz düşmənə "baba" demiş, onu həqiqi xilaskar sanmışdıq. Bir zamanlar onu bizə sevdirən mediya, indi bizdə ona qarşı nifrət hissi oyandırmışdı. Dəyişən biz deyildik. Dəyişən təbliğ olunan dəyərlər idi...

Bəli, kütləvi informasiya vasitələri istədikləri zaman birini qəhrəman da edə bilir, qatil də. Bu onun "işidir." Bizim işimiz isə bizə verilən xəbəri araşdırmaqdır. Biz aldığımız xəbəri yoxlamaqla mükəlləfik. Sabah onlar yalan söylədi, onlar bizi azdırdı... kimi bəhanələr uydura bilməyəcəyik. Çünki əməlimizə görə hesab verəcəyik. Çünki ağlımızı işlətmədiyimiz üçün cəzalanacağıq.

Kimin nəyi necə təqdim etməsi önəmli deyil. Bizim nəyi necə qəbul etməyimiz önəmlidir. Biz öz əməllərimizdən sorumluyuq.
Hər şeyi kor təbii qəbul etdirməyə çalışan media bu işdə artıq professionallaşıb: Reklam və antireklam.

Əgər siz küçədə bir iti öldürsəniz "heyvan haqları qoruma vakfı" sizi məhkəməyə verər, itin haqqını tələb edər. Yox əgər iti öldürmədən öncə efirə çıxıb "bu it quduzdur, onu məhv etmək lazımdır" desəniz, onu öldürdüyünüz üçün sizə mükafat verər, adınıza qəhrəman deyərlər. Nəticədə ikisi də heyvan qətlidir: amma onu kütləyə necə təbliğ etməyinizdən asılı olaraq sizə münasibət dəyişir. Ya qatil olursunuz, ya qəhrəman.

Firoun da elə etməmişdirmi? Allaha dəvət etməyə gələn, məzlumları zalımın zülmündən xilas etmək üçün göndərilən elçiləri yalanlamış və qövmünü o elçilərin əleyhinə qaldırmaq üçün onları "antireklam" etmişdir: "Bu ikisi [Musa və Harun] sizi sehirləri ilə yurdunuzdan çıxartmaq istəyir və sizin yaratdığınız ideal həyat tərzinə zərər vermək istəyir...!" [Taha, 63]
İnsanları kölələşdirmiş, qatil əlləri yəhudi qadınlarının rəhminə [bətin] qədər uzanmışdı. Bir yuxusuna qarşılıq olaraq doğulan oğlan uşaqlarını öldürür və Musanın gətirdiyi mesaja qarşı çıxır, "sizi ideal həyatınızdan uzaqlaşdırmaq istəyir" deyərək insanları azdırırdı. Özü üçün yaratdığı ideal həyat tərzini pozmamaq üçün min hiyləyə əl atırdı. Onu düşündürən başqalarının həyatı deyil, özünün firavanlığı idi... Yaşadığı firavanlıq onu Firounlaşdırmışdı.

Sehrlə insanların gözünün boyayan Firoun rahat yaşayışından uzaqlaşdırılmamaq üçün yalan söyləyirdi: "O sehiri ilə sizi ölkənizdən çıxartmaq istəyir..." [Suara, 35]
Düməninizin nədən qorxduğunu bilmək istəyirsinizsə onun sizi nə ilə qorxutduğuna baxın. Firoun sehirbazlarla qorxudur. Çünki sehirbazlar onun mediasıdır. Olmayanları varmış kimi göstərə bilən yeganə böyük qüvvədirlər. İnsanların gözlərini boyayıb illüziya göstərirlər. Və beləcə böyük bir qövmü bir tək Firouna tabe etdirə bilirlər. Sehirbazlar Musanın gətirdiyi haqqa təslim olunca isə Firounun gücü bitir. Artıq kimsənin gözünü boyaya bilmir.
Sizi yurdunuzdan çıxartmaq istəyir dediyi Musanı və ona tabe olanları yurdlarından çıxatdırmağa çalışır... Bacarmayacağını bilsə də, - çünki öz gücünə bələd idi, - bunu etməyə cəhd edir...

Bu gün başqa ölkələri işğal edənlər də belə etmir, belə söyləmirlərmi? "Orada nüvə silahı istehsal olunur. Dünya təhlükədədir. Biz bütün insanlığı qorumaq adına onlarla mübarizə aparırıq..." Bəli, bunları söyləyənlər nüvə silahına illər öncə sahib olmuş, onu ilk istehsal etmiş olanlardır. Başqalarının torpağına təcavüz etmək adına yalan söyləyən fasiqlərdir.

Elə ona görə də Allah: "bir fasiq xəbər gətirdiyində onu yoxlayın" deyir. Çünki fasiqin gətirdiyi xəbərlə əməl olunmaz. Fasiq, əməli naqis olan insandır ki, təfəkkürü yanlışdır. Yanlış ağılla doğru əməl işləmək mümkün deyil. Ona görə onun xəbərinə [nəbə] güvənilməz. Ayədə keçən "nəbə" kəlməsi önəmli xəbər deməkdir. Yəni xəbər gətirənin deyil, xəbəri alanın həyatını ilə bağlı olan önəmli xəbər. Xəbər alanı maraqlandıran xəbər...

Fasiq, sizinlə və ya sizin dostlarınızla üz-üzə mübarizə apara bilməz. Buna cəsarəti çatmaz, imanı yetməz. Ona görə də xəbər uydurar... Dostlarınız haqqında, yaxınlarınız haqqında... Onları sizə düşmən kimi göstərər. Aranızı vurar...

Bu gün fasiqlərin ən böyük silahı televiziyadır, kütləvi informasiya vasitələridir.
Televiziya həyatımıza elə girib ki, artıq biz həyatda deyil kanalların proqram siyahısında yaşayırıq. "Varlılar da ağlayır"la başlayan dizi alışqanlığımız "Qurdlar vadisi", "Böyük yalan", "Yarpaq tökümü", "Aşkı məmnu", "Kuzey Güney", "İntiqam"la davam edir. Hələ də başqalarının böyük yalanlarına ağlayırıq. Öz böyük həqiqətimizi isə görmürük. Nə verir bu dizilər bizə: "iki qardaşın bir qıza aşıq olmasının, iki bacının bir kişini sevməsinin əxlaq norması olduğunu aşılayır... Əxlaqsızlığın əxlaq normaları pozulan bu filmlərdə siqaretin təhlükəli olduğu mesajını əlində silah tutanlar verir. Siqaretdən daha təhlükəli olan silah hər kəsin evində, hər kəsin cibində, hər kəsin ağlındadır.
Onların yalan həyatına baxıb öz doğru həyatımızdan uzaqlaşırıq. Dizilər arası reklamlarda nələr var? İçki, zina, lüks həyat, bahalı evlər, maşınlar... Onları ala bilməsək də, - çünki halal qazancla onların heç birinə sahib olmaq mümkün deyil, - ən azından görürük. Gördüyümüz üçün "xəyalımız genişlənir, fantaziyamız artır". Xəyallar qururuq. Sonra o xəyallarla uyuyuruq.

Daha nə var?! "Evlilik" proqramları. Kütləvi zinakarlığa təşviq. Hər kəs çıxıb özünü reklam (biabr) edir. Evlənir, boşanır və bunun çox "normal" olduğu bizlərə təlqin edilir. Zina artıq açıq satışa çıxarılıb.
Başqa?! Ümid sadəcə bizədir. Allaha deyil, bizə güvənin... Biz problemlərinizi həll edəcəyik. O proqramlardan sonra Azərbaycanda normal ailələrin olduğuna şübhə etməyə başladım. Hamıda bir qəriblik var. Ata qızına sahib çıxmır, ər arvadına, oğul anasına... Biz buyuqmu? Hardan tapırlar bu qədər anormal ailə fərdlərini. Ayıbına kor olub evində oturmaqdansa efirə çıxırlar. Niyə? Kimə lazımdır bütün bunlar?... Bütün bunlar mütləq kimlərəsə lazımdır. O kimlərsə buna pul xərcləyir, zaman xərcləyir, reklam edirlər...

Fasiqin gətirdiyi xəbəri hamı qulaq şəkləyib dinlərkən Allah Rəsulunun gətirdiyi xəbər qulaqardı edilir. Mayaların "qiyamət xəbərini" reklam edən media nədənsə "Allahın xəbəri"ni çatdırmaqda maraqlı deyil. Bir ay boyunca efirləri zəbt edən "maya" xəbərləri kiminsə çörəyinə yağ idi.

Beləcə hər şeyi adiləşdirib, hər şeyi bəsitləşdirmişik. Hər şeyi "bir günə" məhkum etmişik. Şəhadəti "20 Yanvar"a, sevgini "14 fevral"a, anaların bayramını "8 mart"a... Sadəcə bir gün... Anırıq, sevirik, sevindiririk. Sonra unuduruq. Çünki daha önəmli "xəbərlər" var. Kuzey Cemreni alacaqmı? Derin atasının qisasını alıb xoşbəxt olacaqmı? Rüzgar Derinin kim olduğunu biləcəkmi?...
Bütün bunlarla məşğul olan beynimiz Allahın "OXU!" əmrini də sadəcə qiraət et olaraq anlayır.
Oxumanın anlamaq, anlamanın isə yaşamaq olduğunu unuduruq... Çünki bu əmri bizə media belə "təbliğ" edib.


P.S. 1. Unutmayaq:
Ölüm var! "Hər canlı ölümü mütləq dadacaq..."
Hesab var! "Hər kəs nə etdiyini görəcək..."
Axirət var! "Allahın hüzuruna toplanacaqsınız..."
Yenidən diriliş var! "Barmaq ucuna qədər yenidən yaratmağa qadirik..."
Cəhənnəm var! "Kafirlərə əsla yardım edilməz..."

P.S. 2."Əgər diqqətli olmasanız media pis insanları sizə sevdirər, yaxşı insanlardan isə nifrət etdirər." [Malkom X.]

Rüzgar Kəskin/azerislam.com
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]05:56
GÜNƏŞ07:26
ZÖHR [ 4 rükət ]13:34
ƏSR [ 4 rükət ]17:01
MƏĞRİB [ 3 rükət ]19:40
İŞA [ 4 rükət ]21:06
GECƏYARI00:48
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka