Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

TÖVHİDİN DAŞIYICILARI, FƏDAKAR SƏHABƏ NƏSLİ

[ Islam tarixi / 7826 dəfə baxılıb ]     
|
 
-Lə iləhə illəllah- həqiqəti Allah Təalanın bütün peyğəmbərlərinə bildirdiyi, onlardan da bu həqiqəti insanlara çatdırmalarını istədiyi və peyğəmbərlərə vəzifə olaraq verdiyi çox mühüm bir hadisə və həyati bir məsələdir. Son olaraq tövhid həqiqəti İslamın son peyğəmbəri olan Hz. Muhamməd (s. a. s-ə) Məkkədəki Hira mağarasında ilahi vəhy yolu ilə nazil olmağa başlamışdır. Rəsulullah (s. a. s) “iqra-oxu” əmri ilə aldığı ilahi vəhyi insanlara çatdırarkən qarşısındakı ən böyük əngəllərdən və maneələrdən birinin mənəviyyatsızlıq və bunun da məntiqi nəticəsi olan mədəniyyətsizlik olduğunu görmüşdür.
Rəsulullah (s.a.s) həyatının sonuna qədər mənəviyyatsızlıqla mübarizə aparmış, mənəviyyatsızlığın fəsadlarını ortadan qaldırmağa çalışmış, İlahi vəhy Qurani-Kərimin əmr və qadağalarını özünə rəhbər tutaraq dedikləri, etdikləri və həyata keçirdikləri ilə bu mübarizədə böyük müvəffəqiyyət əldə etmişdir. Və Qurani-Kərimin mənəviyyata, inanca, əqidəyə və mədəniyyətə verdiyi böyük dəyəri özünə rəhbər edən Rəsulullah (s. a. s) öz həyatı boyu tövhid mədəniyyətinin daşıyıcılarının iman, elm, irfan, əxlaq və əməllə təchiz olmalarının zərurətini bəyan edərək bu mövzuda əsas prinsipləri ortaya qoydu.
Bu prinsiplərlə o, eyni zamanda cahanşümül, köhnəlməyən və hər zaman gənc, dinamik və qiyamətə qədər davam edəcək olan yeganə bir mədəniyyətin, İslam mədəniyyətinin təməllərini atdı, onun əsaslarını ortaya qoydu. İlahi vəhy, Allahın əmrləri və Rəsulullah (s.a.s-in) həyatının müasirləri olan, Rəsulullah (s.a.s-in) hər tərəfli yetişdirdiyi səhabə nəsli də (r. anhum) eyni niyyət və düşüncəyə əsaslanaraq tövhid mədəniyyətinin ən əsas və mühüm daşıyıcıları oldular. Hər biri öz sahəsində, hər biri öz bacarıq, qabiliyyət, istedad və fədakarlığına görə tövhidi yaşadı, yaşatdı, təbliğ etdi və hətta bəzən imkansızı belə bacararaq İslamı kainatın ən ucqar yerlərinə qədər apararaq tövhidin daşıyıcıları oldular. Hz. Xədicə, Aişə, Fatimə, Əsma, Safiyyə, Ummu Sələmə (Allah onlardan qazı qalsın) və bunların timsalında əsri səadətin digər səhabə qadınları, bir müsəlman, bir mömin qadının həyatının tövhidə bağlılığının canlı nümunələri oldular və qiyamətə qədər müsəlman qadın şəxsiyyətinə örnəklik təşkil etdilər.

Hz. Əbu Bəkir-sidq və sədaqət nümunəsi, Hz. Ömər-ədalət və şücaət nümunəsi, Hz. Osman-həya və əxlaq nümunəsi, Hz. Əli-elm və təqva nümunəsi, Bilali-Həbəşi-işgəncələrə qarşı səbr nümunəsi, Xabbab İbn Ərat əzab-əziyyətə qarşı dirəniş nümunəsi, Abdullah İbn Məsud ən çətin zamanda Quran ayələrinin ən uca səslə hərkəsə çatdırılmasının nümunəsi, Həmzə İbn Abdulmuttalib və Abdullah İbn Cahş Allah yolunda döyüş meydanında vuruşan mücahid nümunəsi, Yasir, Sümeyyə, Xubeyb İbn Adiy, Zeyd İbn Dəsinnə, Asim İbn Sabitlər isə-hansı şəraitdə olursa olsun tövhiddən vaz keçməyənlər üçün şəhidlik nümunəsi oldular (r.anhum əcməin). Əbu Zərr əl-Ğifari ilk müsəlman olmanın keyfiyyətini, həyacanını və çətinliyini yaşadı. Musab İbn Umeyr, Sad İbn Muaz, Useyd İbn Hudayr, Əsad İbn Zurara kimi mübarək səhabələr (r.anhum) müsəlman dəvətçilər və təbliğçilər üçün ixlaslı, səmimi və nümunəvi müəllimlər oldular.

Abdurrahman İbn Auf kimi varlı səhabələr Allah yolunda halal ticarətin, qazancın və infaqın, Əbu Ubeydə İbn əl-Cərrah kimi səhabələr isə İslamda etibar, əmniyyət və etimadın mükəmməl nümunələri oldular. Cəfəri-Tayyar ən kritik anlarda tövhidin təbliğ və təmsil edilmə diplomatiyasının əsaslarını, Muaz İbn Cəbəl isə İslamda müctəhid səhabə olma şərəfinə nail olaraq ictihadın təməl prinsiplərini ortaya qoydu. Adını burada qeyd etməymiz imkansız olan və inşallah gələcək xütbələrimizdə haqqlarında məlumat vercəyimiz sayı on minlərə yüz minlərə çatan səhabələr (r. anhum) böyük fədakarlıqlar edərək Allah və Rəsulunun razılığnı qazandılar. O dövrün insanları arasında Allah və Rəsulunun qəzəbini qazanan başqa qrup insanlar da oldu. Əbu Ləhəblər, Əbu Cəhllər, Umeyyə İbn Xaləflər, Vəlid İbn Muğiralar, Şeybə İbn Rabialar, Uqbə İbn Əbu Muaytlar, Ubeyy İbn Xələflər kimi öz nəfslərinə, kibrlərinə tabe olaraq İslama qarşı aldıqları cəbhə, Rəsulullah (s. a. s-ə) düşmənçilikləri və müsəlmanlara etdikləri zülmlərlə Nəmrudlar və Firavunlar dərəcəsinə çatan müşrik, zalım və cahillər isə bu sahənin liderləri və öndərləri olaraq qiyamətə qədər lənət edilən şəxslərə nümunə oldular, küfrün, şirkin, zülmün, ədalətsizliyin simvollarına çevrildilər. Bunlar da belə pis nümunələrə çevrildilər.

Məkkədə iman, etiqad, din və vicdan hürriyyətlərini azad şəkildə yaşaya bilməyən müsəlmanlar Mədinəyə etdikləri hicrətlə insan haqlarını təminat altına aldıılar və muhacir əxlaqının ən bariz nümunələrini təşkil etdilər. Mədinəli ənsar isə tövhidə qucaq açan, ona sahib çıxan və böyük fədakarlıqlar göstərərək onu müdafiə edənlər üçün ən böyük nümunələr oldular. Rəsulullah (s. a.s-in) hicrət sonrası Mədinədə apardığı reformlar, tövhidin yayılması üçün həyata keçirdiyi tədbirlər, qurduğu dövlət və buna bağlı olaraq fəaliyyət göstərən qurum və strukturlar daha sonrakı dövrlərdə müsəlmanlar üçün bu və bənzəri məsələlərdə gözəl bir nümunə oldu. Məkkənin fəth edilməsi ilə hər kəs tövhidlə tanış olma imkanını əldə etdi və İslam Ərəbistan yarımadası xaricinə yayılmağa başladı. Bu yayılma prossesində ilk Raşidi xəlifələr dövrü böyük əhəmiyyət kəsb edir. Xüsusilə qeyd etmək lazımdır ki, Allahın dininin yayılmasında və ucaldılmasında, İslam fəthlərinin müvəffəqiyyətlə nəticələnməsində ilk raşidi xəlifələr dövründə tövhidin sərkərdələri böyük rol oynadılar.

Tövhid, Zeyd İbn Harisə, Abdullah İbn Ravaha, Usamə İbn Zeyd, Xalid İbn Vəlid, Əbu Ubeydə İbn əl-Cərrah, İkrimə İbn Əbu Cəhil, Amr İbn əl-As, Muğira İbn Şubə, Musənna İbn Harisə, Kakaa İbn Amr, Sad İbn Əbi Vaqqas, Numan İbn Muqarrin, Huzeyfə b. əl-Yəman (r.-anhum) kimi adını burada qeyd etməyimiz mümkün olmayan on minlərlə, yüz minlərlə sərkərdə, əsgər yetişdirdi və bu sərkərdələr böyük fədakarlıqlarla, canları bahasına tövhidin fəth bayrağını dünyanın müxtəlif regionlarına asdılar. Təəssüflər olsun ki, dünya tarixi və bəşər övladı Sezar, Napoleon kimi, Mussolini, Hitler, Stalin kimi işqaılçı, mənəviyyatsız və psixopat terror və qətliyam sərkərdələrinin adını böyük fəxr hissi ilə tarix kitablarına və dərsliklərə salaraq beyinləri zəhərləyir, amma adlarını yuxarıda qeyd etdiyimiz mənəviyyat sərkərdələrinin, mübarək səhabələrin, heç birinin adını xatırlamır, xatırlatmır və ya xatırlamaq istəmir. Bu mübarəklərdən hansının adını övladlarımız və ya helə biz özümüz biliri ki? Bu mübarəklərdən hansının həyat hekayəsini özümüzə rəhbər etmişik ki? Bu mübarəklərdən hansılarının adları bizim tarix kitablarımızda qeyd olunur? Təəssüflər olsun ki, Sovet dövründən qalmış zehniyyətə dayanaraq bu mübarək sərkərdə və səhabələr əksər tarix kitablarında, dərsliklərdə işğalçı və qəsbkar kimi qələmə verilir. Son dövrlərdə də müəyyən xarici qüvvələr tərəfindən terrorist kimi dünya ictimaiyyətinə təqdim edilmişdir. Halbu ki, onlar müsəlmanların şərəfli əcdadları, müsəlmanlara örnəklik təşkil edəcək mübarək insanlardır.

Onlar Allahın razı olduğu insanlar sırasında yer aldılar. Onlar Qurani-Kərimin tərif siyahısında yer aldılar. Onlar Rəsulullah (s.a.s-in) razılıq siyahısında yer aldılar. Onlar iman, təqva, ədəb, əxlaq və fədakarlıqları ilə tarixin şanlı səhifələrində və möminlərin qəlblərində yer aldılar. Bəs biz, görəsən biz kimin kitabında, kimin siyahısında, kimin səhifəsində, kimin qəlbində yer almışıq və ya alacağıq? Haradan gəlirik və haraya gedəcəyik, daha doğrusu haraya girəcəyik? Allah Təala axırımızı xeyirli eyləsin! Ey Allahın qulları! Həqiqətən, Allah ədalətli olmağı, yaxşılıq etməyi, qohumlara (haqqını) verməyi buyurar, zina etməyi, pis işlər görməyi və zülm etməyi isə qadağan edir. (Allah) sizə düşünüb ibrət alasınız deyə, belə öyüd-nəsihət verir! İndi isə buyurun, iqamə gətirin, namaza qalxın ki, Allah Təala sizə rəhm eləsin, onun rəhməti və bərəkəti üzərinizə olsun.

İlahiyyat üzrə fəlsəfə doktoru, Bakı şəhəri Yasamal rayonu, İlahiyyat məscidinin naib imamı, “Elm Yurdu” Sosial Araşdırmalar İctimai Birliyinin Sədri,
Elşad MAHMUDOV.
|
    
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]05:56
GÜNƏŞ07:29
ZÖHR [ 4 rükət ]12:26
ƏSR [ 4 rükət ]15:01
MƏĞRİB [ 3 rükət ]17:22
İŞA [ 4 rükət ]18:51
GECƏYARI23:39
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka