Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

İSLAMDA AİLƏ

[ Ailə / 11553 dəfə baxılıb ]   
|
 
Ailənin Tərifi
Ailə cəmiyyətin ən kiçik və ən önəmli parçasıdır və sadəcə qarşı cinsə duyulan fiziki bir marağın nəticəsində meydana gələn bir qurum deyil. Maddi qazanclar və maddi ehtiyaclar üstündə də qurula bilməz. Ailə, insan nəslinin davam etməsini təmin etməklə yanaşı həm kişi, həm də qadın, eyni zamanda uşaqların da qarşılıqlı olaraq ruhən və bədəncə yardımlaşdıqları bir bərabərlikdir. Kişi, qadın və uşaqların dostcasına yaşadıqları müqəddəs bir qurumdur.

Bəzilərinə görə ailə ən ehtibarlı limandır. Məsələn Əli Rza Təməlin təbiri ilə desək: "İnsanın həyat dənizinin azğın dalğalarına və güclü fırtınalarına qarşı sığına biləcəyi ən sakit və ən əmin liman ailə yuvasıdır." Çünki bu yuva insanların bədənlə olduğu kimi ruhən də sükuna çatmalarını təmin edən bir məkandır.
Cəmiyyət ailələrdən və ailəni meydana gətirən fərdlərdən meydana gəlir. Buna görə də həm ailə cəmiyyətə təsir edir, həm də cəmiyyət ailəyə. Çünki cəmiyyətin sosial yaşayışı və dəyərləri mütləq mənada ailəyə təsir edir.

Eyni zamanda ailə şəfqətin qaynağı olan yerdir. Belə ki, həyat yoldaşı olacaq qadın və kişiyə "halalım" deyilməsi, ona verilən dəyəri ifadə etdiyi kimi, bunun səbəbini birdirməsi baxımından da çox gözəldir. Çünki insanlar bir-birilərinə Allahın adı anılaraq halal olurlar.
Vida xütbəsində "qadının kişiyə bir əmanəti" olduğu bildirilmişdir. Ucalar ucası Rəbbimizin dəyərli bir əmanəti olmaq qadın üçün çox gözəl bir rütbədir.
Uşaqlar da valideyinə verilən bir əmanətdir. Onları gözəl bir şəkildə tərbiyə etməyə çalışmaq, xeyirli insanlar olaraq yetişdirmək valideyinlərin ortaq vəzfəsidir.

Ailə evliliyin nəticəsidir. İlk öncə kişi və qadın tərəfindən qurulur, get-gedə uşaqlarla zənginləşir. Evlilik; bir kişi ilə ona dinlə halal olan bir qadın arasında ortaq bir həyatı və nəsli təmin etmək məqsədi ilə bağlanmış bir "akt"dır. Bu akt ailənin əsasını, təməlini təşkil edir.
Bir cütün evli hesab edilməsi üçün kəbin vacibdir. Kəbin evliliyi qanuniləşdirir, rəsmiləşdirir. Kəbin kəsilərək qonum-qonşuya, qohum-əqrabaya bu iki nəfərin evləndiyi xəbəri verilir. Cəmiyyətin təməli ailə olduğu kimi, ailənin təməli də evlilikdir. Allahın razı qalacağı bir evlilik.

Ailənin Önəmi və Dəyəri
Ailə insanlığın ən qədim olduğu qədər ən əsas bir qurumudur. Çünki insan yaradılış baxımından tək başına yaşamağa deyil, bir ailə içində yaşamağa meyillidir.

Hz. Adəmin öz cinsindən (insan) bir zövcəyə, bir dosta ehtiyacı duyması yaradılışından gələn duyğu və düşüncələrini paylaşmaq arzusundan qaynaqlanır.

Rəbbimiz Hucurat surəsinin 13-cü ayəsində "Ey insanlar! Biz sizi bir kişi və bir qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq..." buyuraraq insanın tanımağa və bilməyə olan ehtiyacına diqqət çəkir.
Eyni zamanda ailə insanın yaradılışında olan himayə etmək və himayə edilmək duyğularının da təmin edir. Kişi, arvadını və uşaqlarını qoruyub, hər cür təhlükədən mühafizə etməkdən zövq duyar. Qadın isə həyatın hər cür çətinlikləri qarşısında güvənə biləcəyi bir dosta, sevgi və şəfqəti ilə qucaqlayacağı ər və uşaqlara sahib olmaq istəyir.
Evliliyin ən önəmli nəticəsinin biri də nəsli qorumaqdır. İslamın qorunmasını istədiyi beş əmanət var: can, mal, nəsil, din və ağıl. Evlilik sayəsində uşaqlar valideyinlərinin kim olduğunu bilir. Valideyinlər "mənim uşağım" deyərək uşaqlarına sahib çıxarlar. Beləcə cəmiyyət, isti bir yuvada valideyin şəfqəti içində böyüyən uşaqlardan, övladlarına sahib çıxan, onlara şəfqət və məhəbbət verən valideyinlərdən, xülasə mənən sağlam insanlardan meydana gəlir.

Kimsəsiz, sahibsiz uşaqlar mənfi təsirlərə tez düşür, cəmiyyətin daima qanayan yarasına çevrilirlər.
Buna görə də evlilik cəmiyyəti əxlaqi çöküntüdən qoruyur. Zinanın yayğınlaşmasını, insanların namuslarının təhlükəyə düşməsinin qarşısını alır. Evliliyin başqa bir üstünlüyü də valideyinlərin uşaq tərbiyəsində yardımlaşmalarını təmin edir. Bir mömin üçün ona əmanət verilən uşağın doğru yetişdirlməsi çox önəmlidir. Bu vəzifə, ən gözəl şəkildə Allahın rizası nəzərə alınaraq qurulan və davam etdirilən, sevgi, şəfqət, hüzur və anlayışın hakim olduğu isti bir ailə yuvasında icra edilər.

Evliliyin Hökmü
Normal insan üçün evlilik sünnətdir. Yəni Rəsulullah, Allaha daha yaxşı qulluq etmək məqsədi ilə evlənmiş və bizə də eyni şəkildə davranmağı tövsiyə etmişdir. Bu ümumi bir hökümdür. Bundan başqa özəl hökümlər də vardır.
Məsələn, İslam alimləri evlənməsə günaha batmasından qorxulan insanın evlənməsini fərz, evləndiyi zaman həyat yoldaşına mütləq zülm edəcəyi məlum olan kişilərin evlənmələrinin isə haram olduğunu söyləmişdilər.

Evliliyin Məqsədi
Evlilikdə birinci məqsəd ər-arvadın Allahın rizasını qazanmaqda yardımlaşmalarıdır. Çünki onlar bir-birlərinin maddi və mənəvi ehtiyaclarını qarşılayaraq günaha düşmələrinin qarşısını alarlar.

"Onlar sizin üçün bir örtü, siz də onlar üçün bir örtüsünüz" (Bəqərə, 187)
Həqiqətən əlbisənin insan vücuduna ən yaxın olması kimi, ər-arvad da bir-birinə ən yaxın olan insanlardır. Əlbisə insanı isti və soyuqdan qoruduğu kimi onlar da bir-birilərini zina və s. günahlara girməkdən qoruyarlar. Ayə eyni zamanda bir - birinin tamamlayan, qarşılıqlı olaraq eyiblərini, qüsurlarını örtən insanlar olmalarının vacibliyini ifadə edir.
Evliliyin əsas məqsədlərindən biri olan Allahın rizasını qazanmaq üçün güc və sevgi birliyi qurulmasının bir yolu da xeyirli nəsil yetişdirməkdir. Beləcə Yer üzündə müsəlmanların saylarının çoxalması təmin edilir. Valideyinlər Allahın onlara əmanət olaraq verdiyi övladlarını Allahın sevdiyi qul, Həbibinin sevdiyi ümmət olaraq yetişdirməklə vəzifələniblər. Bu vəzifəni yerinə yetirmək üçün ixlasla xərclənən bütün zəhmətlər Allahın rizasına uyğun əməllərdir.
İslamın istədiyi sadəcə müsəlmanın sayının artması deyil, şüurlu müsəlman olmaları baxımından da keyfiyyətin qorunmasını təmin etməkdir. Bu isə ər-arvadın sadəcə uşaqları dünyaya gətirmələri ilə deyil, eyni zamanda o uşaqları təlim və tərbiyə etmək və yetişdirməkdə də yardımlaşmaları ilə mümkün ola bilər.

Müsəlmanın ürəyi kimi isti bir yuvası olmalıdır. Sevgi, hörmət, güvən, fədakarlıq, şəfqət və mərhəmətlə qızınan isti bir yuva. Orada gələcək nəsillər üçün İslami şəxsiyyət qazandırılmağa çalışılır. Eyni zamanda İslam ailəsi ən gözəl bir həyat məktəbidir. Valideyinlər bu məktəbin şəfqətli və mehriban müəllimləri, uşaqlar isə öyrənməyə hazır tələbələridir. Məhs belə xeyirli nəsillər yetişdirilməyə çalışılaraq Allahın rizasına qovuşmağa əzim edilməlidir.
Evlilik eyni zamanda həm ər-arvad arasında, həm də valideyinlər ilə uşaqlar arasında İslamın istədiyi sevgi, şəfqət, mərhəmət, anlayış, səbir, qayğı və s. kimi gözəl əxlaq formalaşdırılarsa bu böyük savabların qazanılmasına vəsilə olar. İnsan Allah üçün öz eqosunu sındıraraq fədakarlığa yönələrək kamilləşir.


Ardı var.

Aysel Zeynəb "Ailə şüuru" kitabından ixtisarla
Hazırladı: Əlif/azerislam.com
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]05:56
GÜNƏŞ07:26
ZÖHR [ 4 rükət ]13:34
ƏSR [ 4 rükət ]17:01
MƏĞRİB [ 3 rükət ]19:40
İŞA [ 4 rükət ]21:06
GECƏYARI00:48
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka