Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

MÜVAHHİD MÜSƏLMANIN XÜSUSİYYƏTLƏRİ

[ Aktual / 8529 dəfə baxılıb ]     
|
 
Bu günkü yazımızda müqəddəs kitabımız Qurani-Kərimin müvafiq ayələrindən və Rəsulullah (s.a.s-in) hədislərindən yola çıxaraq sizlərə muvahhid müsəlmanın tərifini verməyə cəhd edəcək və muvahhid müsəlmanın müəyyən xüsusiyyətləri üzərində durmağa çalışacağıq. Mənsubu olduğumuz İslam dinimizin əsası və giriş qapısı olan tövhid və ya şəhadət kəliməsini söyləyərək burada ifadə edilənləri tam mənası ilə dərk edib hər hansı bir tərəddüt etmədən qəbul edənlərə muvahhid müsəlman deyilir. Muvahhid- adından da göründüyü kimi birləyən, birləşdirici olan, birliyini və təkliyini qəbul edən, tövhidi qəbul edən, tövhidə mənsub olan, başqa sözlə əhli-tövhid deməkdir. Muvahhid müsəlman “müşrik” termininin tam əksi və ziddi olaraq, batilin, bidətlərin və xurafatın qarışmadığı saf və sağlam tövhid düşüncəsinə sahib olan insandır.

Muvahhid müsəlman mütləq şəkildə hökm, güc və qüdrət sahibi olan uca yaradıcı Allahın varlığına, birliyinə, ondan başqa ilah, tanrı, məbud olmadığına şəksiz-şübhəsiz bütün qəlbi ilə iman gətirən, Rəsulullah Muhammədin Allahın bəndəsi və son elçisi olduğunu qəbul edən, bu həqiqəti qəbul etməklə bütün varlığı və şəxsiyyətilə İslam dininin haq din olduğuna şahidlik edən insandır. Muvahhid müsəlman tövhid və şəhadət kəlimələrini deyərkən nəyi qəbul etdiyini, nəyi isə rədd etdiyini yaxşı başa düşür, məsuliyyətinin fərqinə varır.

Həqiqi muvahhid müsəlman bunları deyərək seçdiyi və mənsub olduğu dini, həyat tərzini, mədəniyyəti və bunun bütün prinsiplərini qəbul etdiyini ortaya qoyur. Bu şəkildə muvahhid müsəlman tövhid həqiqətini həyat nizamına çevirərək istisnasız olaraq həyatının bütün sahələrində onu yaşamaq, yaşatmaq, tətbiq və təbliğ etmək, həyatı və həyat prinsiplərini bu istiqamətdə qurarkən eyni zamanda saxta ilahları və tanrıları inkar, tərk və rədd edən insandır. Bir başqa sözlə muvahhid müsəlman bütün varlığı ilə özünü Allaha təslim edən, Allahın əxlaqı ilə, Quran əxlaqı ilə əxlaqlanan, Rəsulullahın sünnəsini özünə həyat tərzi edən, Allahın hökmlərini qəbul edib onları həyatlarında tətbiq etməyə qərar verən, bu hökmləri səmimiyyət və ixlasla yaşayan, yaşadan və bu şəkildə kamilliyə çatan insandır.

Eyni zamanda muvahhid müsəlman yaşadığı nümunəvi həyatı ilə dünya və axirət xoşbəxtliyinə çatan, dünya və dünyalığa boyun əyməyərək həyatını Allaha, tövhidə aid dəyərlər üzərində quran və bütün həyatını axirətə görə tənzimləyən, sahib olduğu dünya nemətləri qarşısında bu nemətləri ona verən Allaha həmd və şükr edərək dünya malını axirət tədarükü olaraq istifadə edən insandır. Muvahhid müsəlman Allahın əmri olub Rəsulullah (s. a. s-in) öyrətdiyi namazı xuşu içində qılan, zəkat və sədəqəsini vaxtında və böyük həvəslə verən, malını-mülkünü batil üçün deyil, Haqq yolunda, Allah yolunda xərcləyən-infaq edən, savabını yalnız və yalnız Allahdan istəyərək orucunu tutan, imkanına görə heç olmasa ömründə bir dəfə də olsa məbrur-həcc edərək günahlardan təmizlənən, müsəlmanların yönəldiyi qibləyə üz tutan, müsəlmanların kəsdiyi qurban ətindən yeyən və istisnasız olaraq etdiyi hər bir ibadəti, hərəkət və davranışı Allahın razılığını qazanmaq, savab və mükafata nail olmaq üçün edən insandır.

Muvahhid müsəlman sevdiyini Allah üçün sevən, nifrət etdiyinə də Allah üçün nifrət edən, uca yaradıcısı olan Allahdan çəkinən və yalnız və yalnız ondan qorxan, yalnız və yalnız Allahın hökmlərinə boyun əyən, Allahı, onun elçisi olan Rəsulullah Muhammədi sahib olduğu hər şeydən, canından, malından, valideynindən və övladından çox sevən və Allah ona iman nemətini qismət etdikdən sonra təkrar yenidən küfrə dönməyi, cəhənnəmə üzü üstündə atılmağı daha təhlükəli görən insandır.

Həqiqi muvahhid müsəlman digər müsəlmanların və ümumilikdə bütün insanların əlindən, dilindən və mənsub olduğu digər bütün bədən üzvlərindən əmin olduğu, zərər görmədiyi, yalniz və yalnız xeyir, yaxşılıq və fayda gördüyü, etibarlı və etimad göstərilən insandır. Muvahhid müsəlman valideynlərinə qarşı yaxşı davranan, övladlarına gözəl tərbiyə verən, ailəsinin, qohum-əqrabasının, dost-tanışının qayğısına qalan, böyüklərə hörmət edən, kiçiklərə mərhəmət göstərən, möhtaclara, yetimlərə, kimsəsizlərə, kasıblara, yolda qalmışlara malı və canı ilə gücü yetdiyi qədər sevə-sevə kömək edən, comərd, əliaçıq və fədakardır, qonşusu ac ikən özü tox yatmayan, özü üçün istədiyini hər kəs üçün arzu edən, özünə rəva görməyəni heç kimə rəva görməyən, verdiyi sözü yerinə yetirən, əhdə vəfakarlıq göstərən, üzərinə aldığı vəzifəni böyük məsuliyyətlə- ən gözəl şəkildə və haqqı ilə yerinə yetirən, mükəmməl iş əxlaqına sahib olan, əmanəti əhlinə-layiq olana verən, ədalətli, səxavətli, mötədil, hikmət sahibi, müdrik, heç bir zaman ümüdsüzlüyə qapılmayan, səbrli, təmkinli, mənəvi və maddi-fiziki paklığa, saflığa və təmizliyə sahib olan, bir sözlə bəşəriyyətə həqiqi mənada rəhmət olan insandır.

Muvahhid müsəlman halal ruzi qazanan, ruzisini yalanla deyil doğruluqla əldə edən, qazancında, yediyində, içdiyində və geyim keçimində harama girməyən, yetim malı yeməyən, israf və ifrat şan-şöhrətdən uzaq olan, xalqın malını talamayan, rüşvət almayan və verməyən, heç kimi şantaj və təhdid etməyən, heç kəsin namusuna göz dikməyən-qeyrətinə toxunmayan, heç kimin şərəf və ləyaqətinə söz atmayan-zədə vurmayan, hər növ korrupsiya və monopoliyadan uzaq olan, maddi-mənəvi heç kimin haqqına girməyən, harama baxmayan, zina etməyən, qumar oynamayan, fal, cadu, sehr, kəhanət kimi xurafat və fırıldaqla məşğul olmayan, nalayiq hərəkət və davranışlar etməyən, insanların qəlbini qıran söz danışmayan, incitməyən və incinməyən, küsməyən və küsdürməyən, əmanətə xəyanət etməyən, yalançılıqdan və yalan danışmaqdan uzaq olan, kibr, ənaniyyət, şəxsiyyətpərəstlik, eqoizm, yaltaqlıq və məddahlıq kimi xüsusiyyətləri tərk edən, mərd, güclü, iradəli, əxlaqlı, ədəbli, etikalı, abid, arif, alim, adil, mədəni, möhtərəm və örnək bir şəxsiyyətdir.

Muvahhid müsəlman tanıdığı və tanımadığı hər kəslə gözəl rəftar edən, hər kəsə gözəl söz söyləyən, təbəssümünü insanlardan əsirgəməyən, hər kəslə sülh və barışı arzu edərək salamlaşan, digər müsəlman qardaşının salamını alan, onun dəvətinə -icabət edərək- razılıq verən, müsəlman qardaşının cənazəsində iştirak edən, xəstələndiyi zaman onu ziyarət edən, hər kəsə yemək ikram edən, mehriban, gülərüz, səmimi, ixlaslı və sahib olduğu bu dəyərləri yaşayaraq cəmiyyətin saflaşması və paklaşması üçün çalışan insandır. Hər cür radikallığa, ifrat və təfritə yox deyərək hər kəsə qucaq açan, Qurani-Kərim ayəsinin xüsusilə üzərində durduğu və əmr etdiyi orta yolu, orta mövqeyi və mötədilliyi əsas prinsip halına gətirən muvahhid müsəlman hər növ yalan, qiybət, böhtan, iftira, pis niyyət, suizən, nifaq, fitnə, cahillik, cəhalət və söyüşdən uzaq durar. Muvahhid müsəlman digər müsəlman qardaşına iftira və böhtan ataraq günaha girməz, onun qiybətini edərək onun ölü ətini yeməz, ona qarşı kin bəsləməz, ona paxıllıq və həsəd etməz, namərdcə onun arxasından vurmaz, onu xeyirlə yad edər, onun üçün xeyir-dua edər, onun ayıblarını örtər, günahlarını araşdırmaz, qurcalamaz və yaymaz, yalnış, günah və xatalarını üzünə vurmaz, ona zülm etməz, ona işgəncə verməz, ona əziyyət etməz, onu təhqir etməz, ona xor gözlə baxmaz, onunla lağlağa etməz, onu təkfir də etməz, heç bir dəlili və sübutu olmadan ona nalayiq ifadələrlə müraciət etməz, başqalarının ona zülm etməsinə də razı olmaz.

Həqiqi muvahhid müsəlmana küfr etmək fasiqliq, heç bir dəlil və sübut olmadan onu bu və ya digər firqəyə aid edərək onu bidət əhli, dəlalət əhli, cəhənnəm əhli, yolunu azmış, münafiq, mürtəd, müşrik kimi nalayiq sözlərlə adlandırmaq iftira və böhtandır, muvahhid müsəlmanı öldürmək haram və küfürdür. Muvahhid müsəlmanın digər müsəlmana canı, qanı, malı və namusu haramdır, toxunulmazdır.

Muvahhid müsəlman digər müsəlmanların etiqadını, hürriyyətini, canını, malını və namusunu qoruyaraq bu dəyərlərə hörmətlə yanaşan bir qardaşdır, bacıdır. Muvahhid müsəlman digər muvahhid müsəlmanın yalnız və yalnız qardaşıdır, onun əmanətidir, ona tövhid qardaşlığı gözü ilə baxar.

Muvahhid müsəlman böyük, mötədil və güclü bir ümmət şüuruna sahib olan, ümmət şüuruna zərər verən hər cür düşüncəni, irqçiliyi, insanları təhqir edən hər cür milliyyətçi şovinist düşüncəni, insanlararası sükunət və asayişi pozan hər növ məzhəbçilik təəsübkeşliyini, camaatçılıq təəssübkeşliyini, cərəyan və qrup təəsübkeşliyini, yerlibazlığı, firqəçiliyi, hizbçiliyi və təfriqəni, insanları bölüb parçalayaraq bir-birinə düşmən edən hər növ fikir, düşüncə və hərəkəti rədd edən, insanları düşmənçilik, nifrət, fitnə və nifaqa soxmayan insandır.

Muvahhid müsəlmanın bir sifəti vardır, o iman sifətlidir, iki üzlülük, münafiqliq, yaltaqlıq və mənfəətpərəstlik müvahhid müsəlmana uzaq olan xüsusiyyətlərdir, muvahhid müsəlman ya göründüyü kimi olar, ya da olduğu kimi görünər.

Muvahhid müsəlman yer üzərində fitnə çıxartmaz, fəsada yol verməz, haqsız yerə insanlara, ümumilikdə canlılara və təbiətə zərər verməz, terror və terrorizmlə məşğul olmaz, çünki muvahhid bir müsəlmanın terrorist olması mümkün olmadığı kimi, bir terroristin də muvahhid müsəlman olması mümkün deyildir, imkansızdır. Kim muvahhid müsəlmana terrorist deyirsə terrorist o özüdür, çünki muvahhid müsəlmanın sahib olduğu dəyərlər terroru, terrorizmi, qətliyamları, soyqırımları, günahsız yerə insanların öldürülməsini lənətləyir və pisləyir. Bu mənada muvahhid müsəlman yer üzərində sülh, əminamanlıq və barışın qoruyucusu, carçısı və təminatçısıdır. Muvahhid müsəlman eyni zamanda bir mübarizə və mücadilə insanıdır.

Muvahhid müsəlman onun bütün dəyərlərinə, sahib olduğu milli, dini və ümumi olaraq mənəvi dəyərlərinə edilən təhqir və təcavüzə qarşı hər zaman mübarizə aparan, mücadilə edən, hətta vəziyyətə görə sərt mövqe nümayiş etdirən, gərəkirsə bu dəyərlər uğrunda canından və malından keçən bir mücahid və müsəlləh əsgərdir.

Muvahhid müsəlman insanları tövhiddə birləşdirən, tövhidə aid dəyərlər üzərində qurulan hər kəsin rahat, azad və əminamanlıq içində yaşaya biləcəyi tolerant və ədalətli bir dünya nizamını həyata keçirməyə çalışan, bütün bəşəriyyətə tolerantlıq nümunəsi olan dözümlü, ümmətinə, vətəninə, millətinə, xalqına, ölkəsinə, torpağına, bayrağına xəyanət etməyərək bu dəyərlərə hörmətlə və sədaqətlə yanaşan və bu dəyərləri inkişaf etdirən nümunəvi bir vətəndaşdır.

Muvahhid müsəlman eyni zamanda onun etiqadında olmayan insanların da himayədarı, həyat və etiqadlarının təminatçısıdır.

Muvahhid müsəlmanın bəşəriyyətlə bağlı düşüncəsi bu qədər geniş, bu qədər böyük və bu qədər möhtəşəmdir.

Rəbbimiz bu genişliyi, bu böyüklüyü və bu ehtişamı dərk etməyi və həyatımızda tətbiq etməyi bizlərə qismət etsin. Allah (c. c) bizləri bu dəyərləri haqqı ilə yaşadan və doğru yolda, Allahın yolunda, Quran yolunda, Rəsulullah yolunda, sıratı-mustəqimdə irəliləyən həqiqi əhli-tövhid, həqiqi muvahhid müsəlmanlardan etsin.

Allah Təala həqiqi muvahhid müsəlman kimi yaşayaraq həqiqi muvahhid müsəlman kimi ölməyi bizlərə qismət etsin.
AMİN!

İlahiyyat üzrə fəlsəfə doktoru,
“Elm Yurdu” Sosial Araşdırmalar İctimai Birliyinin Sədri,
Qafqaz Müsəlmanları İdarəsi, Bakı şəhəri
Yasamal rayonu İlahiyyat Məscidinin naib imamı: Elşad MAHMUDOV


Diqqət! Azerislam.com-un materiallarından istifadə edərkən sayta istinad etməyi unutmayın.
|
    
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]05:56
GÜNƏŞ07:29
ZÖHR [ 4 rükət ]12:26
ƏSR [ 4 rükət ]15:01
MƏĞRİB [ 3 rükət ]17:22
İŞA [ 4 rükət ]18:51
GECƏYARI23:39
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka