Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

DARU’L ƏRKAM [1]

[ Səhabələr / 7962 dəfə baxılıb ]   
|
 
Siyərdən azacıq məlumatı olan hər kəs Rəsulullahın Məkkə həyatında çox önəmli yeri olan "Daru’l Ərkam"dan, yəni Ərkamın İslamın yayılması üçün açdığı evindən xəbərdardır. Lakin çox təəssüflə vurğulamalıyıq ki, bu səhabənin həyatı haqqında olduqca az məlumatımız var.

Ərkam b. Əbi’l – Ərkamın Həyatı
Daru’l Ərkamın sahibi olan böyük səhabə Ərkam b. Əbi’l – Ərkamı tanımaqla biz İslam üçün açılan ilk məktəbi və onun fəaliyyətini daha yaxından tanıyacağıq. Bunu nəzərə alaraq bir neçə sualı cavablandırmağa çalışaq: Ərkam kimdi? Necə müsəlman olub? Necə bir ailəyə mənsubdur? Sosial və ekonomik vəziyyəti necə idi?

Adı: Ərkam b. Əbi’l Ərkam əl – Mahzumi. Atası oğluna görə Əbu Ərkam ləqəbini qazansa da atasının əsl adı Abdumənafdır.
Nəsli: Ərkam ibn Abdulmənaf ibn Əsəd ibn Abdullah ibn Amr ibn Mahzum.
Yəni bəni Mahzum nəslindəndir. Onun nəslinin o günün Məkkəsində və sonra İslam tarixində önəmli yerləri olan şəxsiyyətlərə çox yaxın bağları vardır. Əvvəlcə onu qeyd edək ki, İslamın ən böyük düşmənlərindən olan Vəlid ibn Muğirə ilə Ərkamın atası Abdulmənaf əmiuşağıdır. Vəlidin atası Muğirə ilə Abdulmanafın atası Əsəd doğma qardaşdılar. Başqa bir sözlə daha sonralar müsəlman olub “Allahın qılıncı” ləqəbini alacaq olan Xalid ilə Ərkam əminəvəsidirlər. Daha da maraqlısı odur ki, ümmətin fironu olaraq adlandırılan Əbu Cəhl, ya da əsl adı ilə desək Amr ibn Hişam ibn Muğirə ibn Abdullah da Ərkamın babası Əsədin qardaşıdır. Bundan başqa Bəni Mahzumlular İslam tarixinin böyük şəxsiyyətlərindən biri olan Hz. Ömərin də dayılarıdır.

Bəni Mahzum o gün üçün Qureyişin ən öndə gedən ailələrindən idi. Məkkədə olan qəbilələrin hər biri o gün üçün idarəçilikdə bir vəzifəni icra edirdilər. Məsələn Hz. Əbu Bəkrin qəbiləsi Bəni Teym diyətlərə (öldürülən üçün qan haqqı) və cəzalara baxır, Əbu Sufyanın qəbiləsi Bəni Umeyyə, Ukab; yəni bayraq daşımaqda liderlik edir, Rəsulullahın ailəsi Bəni haşimSikayə ; yəni hacılara su vermək vəzifəsində, Bəni Mahzum ailəsi isə Kubbə; yəni savaşı idarə etmək vəzifəsinə baxırdılar, başqa sözlə ordu komandanı idilər. Yəqin ki, İslamdan öncə Bəni Mahzum ailəsinin bu özəlliyi daşımasınan nəticəsidir ki, daha sonralar məhz onların nəslindən Yərmuq savaşının igidlərindən olan İkrimə, "Allahın qılıncları"ndan olacaq Xalid, evini risalət davası üçün açıb, hər savaşda da Rəslullahın arxasında yer alan Ərkam kimi qəhrəmanlar yetişmişdir.

Ərkamın atası Abdulmənaf əmisinin oğlanları olan Vəlid və Əbu Cəhlə bənzəmir. Onu hələ risalət mesajının ailəmə yayılmasından öncə Hilfu’l – Fudul adlanan igidlər hərakatı içərisində Əfəndimiz (sas) ilə bərabər görürük. Bəzi qaynaqlar onun müsəlman olduğunu və Hz. Əbu Bəkir ilə eyni gündə vəfat etdiyini söyləsələr də, başda İbn Hacər olmaq üzrə bir çox Siyər və Rical qaynaqları bu xəbərlərin bir isim qarştırılmasından qaynaqlandığını irəli sürürlər. Bundan başqa bəzi qaynaqlar isə Hilfu’l – Fudula qatılanın atasının deyil şəxsən Ərkam b. Əbi’l Ərkamın özü olduğunu iddia edirlər. Lakin Ərkamın yaşını nəzərə alsaq belə bir iddianın qəbul edilməsinin qeyri mümkünlüyünü görərik.

Atsının qatıldığı Hilfu’l – Fudul, yəni igidlərin harəkatı nədir? Rəsulullah 20 yaşlarında bir gənc ikən Ficar müharibəsi yeni bitmiş, Məkkə bu savaşın acısını çəkməkdə idi. O günlərdə Yəmənin Zebid qəbiləsinə mənsub bir tacir Məkkənin öndə gələn rəislərindən biri olan As b. Vailə malını satmış, pulu almaq məqamına gəlincə As b. Vail bu pulu ödəməkdən imtina etmişdir. Zavallı yadelli nə qədər etsə də pulunu ala bilməmiş, daha sonra Qubeys dağına çıxaraq başına gələnləri uca bir səslə şer kimi oxuyaraq Qureyişlilərə anlatmışdır. Onun oxuduğu şerləri ilk eşidən Rəsulullahın əmisi Zubeyr olmuşdur. Zubey həmən hərəkətə keçərək Məkkənin liderlərini yaşlı və hörmətli bir tacir olan Abdullah b. Cudanın evində toplamış, hadisəni onlara danışdıqdan sonra, Məkkəyə və Kəbənin sakinlərinə yaraşanın; “Kim olursa olsun zalimə qarşı, kim olursa olsun məzlumun yanında” şüarı üzərində hərəkət etmələrinin vacibliyini anlatmışdır. Orda olanlar Zubeyirin bu təklifini qəbul etmiş və and içərək “Zalıma qarşı, məzlumdan yana” olacaqlarını elan etmişdilər. Orda and içənlərdən biri hələ 20 yaşında olan Hz. Muhəmməd, bir digəri də Ərkamın atası Abdulmənaf idi. Bu and içmədən sonra qurulan bu ərdəmlilər ittifaqı ilk olaraq Yəmənli tacirin pulunu almaq üçün bir heyətlə As. b. Vailin evinə getdilər. As. b. Vail bu heyətin qarşısında bir söz deməyə cəsarət etməyərək Yəmənli tacirin pulunu verməyə məcbur oldu. Qaynaqlardan bu quruluşun buna bənzər başqa hadisələrdə də “zalımın qarşısında, məzlumun yanında” olduqlarını öyrənirik.
Rəsulullah illər sonra bu ittifaqın önəmliliyini yenidən xatırladacaq və bütün Müsəlmanlara “zalımın qarşısında, məzlumun yanında” olmalarının vacibliyini anladaraq belə deyəcəkdir: “Mən İslamiyyət öncəsində Abdullah b. Cudanın evində o anda şahid olmuşdum. Mənim üçün o vadi dolusu qırmızı dəvələrdən daha xeyirlidir. Vallahi! Əgər İslamiyyət dövründə də bir daha çağrılsaydım o evdəki ittifaqa yenidən qatılardım.”

Ərkamın atasını az da olsa tanımış olduq. Bəs onun anası kimdir? Onun anasının kimliyi haqqında da ixtilaflı məlumatlara rast gəlirik. Qaynaqlarımız bu böyük səhabənin anası üçün üç ad söyləyirlər: Tumadır binti Hizyəm, Umeymə binti Abdulharis və Safiyə binti əl – Haris. Qaynaqlarda bu isimlərlə bağlı məlumatlar olduqca azdır. Lakin bəzi qaynaqlar Ərkamın anasının Tumadır binti Hizyəm olduğunu və onun da ya oğlu ilə birlikdə, ya da ondan bir neçə gün öncə iman edərək müsəlman olduğunu söyləyirlər. Ərkamın anası haqqında söylənən bu məlumatı doğru hesab etsək deyə bilərik ki, Ərkam igid bir atanın və salihə bir ananın övladıdır.

Ərkam b. Əbi’l Ərkamın nə zaman doğulduğu tarixi də eyni ilə anasının şəxsiyyəti kimi ixtilaflıdır. Lakin bəzi tarixi sənədləri nəzərə alsaq deyə bilərik ki, o, Miladi 592 – ci ildə doğulub. Yəni Rəsulullahdan 21 yaş kiçikdir. Uşaqlıq və gənclik illərinə aid məlumatımız az olsa da bilirik ki, o soylu – köklü və zəngin bir ailəyə mənsub olub. Buna görə də oxumağı və yazmağı bacarmış, qılınc oynatmağı, üzməyi öyrənmişdi. Deyə bilərik ki, ailəsi tərəfindən çox gözəl tərbiyə edilmişdir.
17-18 yaşlarına gəlincə atası onu evləndirmişdi. Ərkamın həyat yoldaşı haqqında da qaynaqlar ixtilaflı məlumatlar verirlər. Biz İbn Sadın “Tabakat” əsərində verdiyi məlumata əsaslanaraq Ərkamın xanımının Hindi binti Abdullah olduğunu və onların Məryəm və Umeymə adlı iki qızlarının olduğunu söyləyə bilərik. Bu igid xanım Bəni Əsəd qəbiləsindəndir. Təxmini məlumatlara əsaslanaraq deyə bilərik ki, atası Ərkamı evləndirərkən Səfa təpəsinin yanınad böyük bir ev satın alaraq oğluna bağışlayır. Məhz bu ev də Daru’l Ərkam olaraq tarixə düşür.

Ərkamın İman ilə Tanışlığı
Allah Rəsulu onun və insanlığın qədərini dəyişən Qədr gecəsində vəhy aldıqdan sonra evinə dönür və başına gələnləri Xədicəsinə danışır. Risalətə ilk iman edən də elə xanımı Hz. Xədicə olur, daha sonra ev xalqından 10 yaşlı Hz. Əli (ilk iman edən uşaq), və evin köləsi olan 31 yaşlı İbn Zeyd ibn Harisə (ilk iman edən kölə) olur. Daha sonra bu müqəddəs halqaya Əbu Bəkr (ilk iman edən azad kişi) qatılır və ömrünün sonuna qədər də hər işdə öncüllüyünü qoruyub saxlaya bilir. Onun iman etməsi ilə Məkkə hərəkətə gəlir. İman etdiyi gündən sonra özündən sonra demək olar ki, hər gün birinin imana gəlməsinə vəsilə olur. Onun vəsiləsi ilə iman edənlər kimlər idi? Zubeyr b. Avvam, Talha ibn Ubeydullah, Said ibn Zeyd, Əbu Ubeydə ibn Cərrah, Abdurrəhman ibn Avf, Osman b. Mazun, Ubeydə ibn Haris və Əbu Sələmə ibn Abduləsəd, Sad b. Əbi Vaqqas və s. Bu insanların İslama yönəlməsi ilə Məkkənin qaranlıq küçələri işıqlanmağa başladı.

Bu tövhid dinin ən böyük işarəsi namaz idi. İmandan sonra ən böyük həqiqət olan namaz, mömin ürəklərin həyatına işin ən başında girirdi. Bu bir ovuc iman insanı namazlarını qlmaq üçün Kəbəyə gedirdilər. Lakin onların namazlarından narahat olanlar vardır və onlar bütün ciddi - cəhdlə möminlərin ibadətinə mane olmağa çalışırdılar.
O günlərin birində bir neçə müsəlman Kəbəyə namaz qılmağa gəlmişdi. Bu zaman Məkkəli müşriklərlə möminlər arasında münaqişə yaranmış və bu münaqişədə Haris ibn Əbu Halə şəhid olmuşdur. Bu gənc səhabə Hz. Xədicənin oğlu, Rəsulullahın isə oğulluğu idi. O da anası kimi ilk iman edənlərdən idi və İslamın ilk şəhidi olmuşdu. Başqa sözlə Risalət davasının ilk qurbanı əlimizdə olan və bildiyimiz məlumatların əksinə Rəsulullahın evindən çıxmışdır. Biz həmişə Sumeyyə və Yasiri İslamın ilk şəhidləri olaraq bilirdik; lakin daha ciddi araşdırmalar apardıqda Haris ibn Əbu Halənin İslamın ilk şəhidi olduğunu görürük.
İşin başında belə bir hadisənin olması Rəsulullahı çox üzmüşdü. Bundan sonra Kəbədə camaat şəkilində ibadət etməyin imkansızlığını anlamış və möminlərə Kəbədən kənarda namaz qılmalarını əmr etmişdir. Günlərin birində Said ibn Zeyd, Habbab ibn Ərət, Ammar b. Yasir, Abdullah b. Məsud və Sad b. Əbu Vaqqas "Əbu Dub" vadisində camaat namazı qılarkən Əbu Sufyan və Ahnəs ibn Şərikin də içində olduğu bir qrup onları görür və namaz qılan möminləri təhqir edirlər. Onların təhqirlərinə səssiz qarşılıq verən müsəlmanlara qarşı daha da azğınlaşan müşriklər hər necə olursa-olsun müsəlmanları qızışdırmağa çalışırlar. Və birdən necə oldusa Əbu Vaqqas bu təhqirlərə dözməyərək yerdə olan dəvə sümüyünü götürərək orda olan Bəni Teym qəbiləsinə mənsub Abdullah b. Hattal adlı müşriyin başına vuraraq onu yaralayır. Onun başından qan axdığını görən müşriklər geri çəkilməyə başlayınca müsəlmanlar daha da cəsarətlənərək onlara hücum edirlər. Müşriklər canlarını zorla qurtararaq oradan qaçırlar.
Beləcə Sad b. Əbi Vaqqas da İslam adına ilk qan tökən insan olur. Bu hadisədən sonra Rəsulullah daha da narahat olur və sayca çox az olan səhabələrin yetişdirilməsi və saylarının artırılması üçün ev axtarmağa başlayır. Lakin ətrafında olan insanların müsəlman olmasını Məkkədə artıq hamı bilirdi və eləcə də bu səhabələrin çoxu ailələrindən əks reaksiya gördükləri üçün də onların evi Rəsulullah üçün uyğun deyildi. Rəsulullahın belə bir zamanında Firounun sarayında Musaları yetişdirən Allah, o günün Məkkəsinin Fironu olan Əbu Cəhlin qohumu olan Ərkamı Rəsulun yardımına yetişdirir. Sanki bu ümmətin də Musası Ərkam b. Əbi’l – Ərkam olur.

Ərkam yenicə evlənmiş və evinə yerləşmişdir. Bu risalətə dava açan əmilərinin dedikləri ilə kifayətlənməmiş bu işin əsl təbliğçisi Rəsulullahla görüşüb işin əslini öyrənmək istəmişdir. Onun suallarına cavab verən Rəsulullah Quran ayələrini ona oxumuş, risalətin əsl məqsədini anlatmışdır. Rəsulullahı diqqətlə dinləyən və onun söylədiklərini anlamağa çalışan Ərkamın qəlbi İslama isinmişdi. Rəsulullahın həyatını gözləri önünə gətirən Ərkam onun heç bir vaxt yalan danışmadığını, insanların güvənini qazandığını, düşmənliklərinə baxmayaraq müşriklərdən bir çoxunun əmanətlərini hələ də onun evində saxladıqlarını bildiyi üçün belə biri Allah haqqında yalan danışmaz deyərək elə ordaca Rəsulullaha iman etmişdir.

Qaynaqlarıın bəziləri onun 7-ci, bəziləri 12-ci iman edən səhabə olduğunu söyləyirlər. Bizim qənaətimizcə isə Ərkam iman edən 16 – cı səhabədir.
Rəsulullaha iman edən Ərkam onu evinə dəvət etmiş, söhbətlərini evində davam etdirmələrini istəmişdir. Rəsulullah onun dəvətini orda qəbul etməmiş “Sən evinin yolunu tərif et biz sonra gələrik. Sən isə mənim yanımda çox dayanma və iman etdiyini heç kimə söyləmə” deyərək onu evinə yollamışdır. Ərkam Rəsulullahın dediyi kimi etmiş, heç kimə İslamı qəbul etdiyini söyləməmişdir. Evinə gələn Ərkam öyrəndikərini həyat yoldaşı ilə paylaşmış və gənc xanım da iman etmiş, Risalət davasındakı yerini almışdır.
Ertəsi gün Rəsulullah Əbu Bəkrlə Ərkamın evinə getmiş, evin mədrəsə üçün olduqca əlverişli olduğunu görmüşdür. Ev Məkkəyə yaxın, hacıların çox olduğu bir yolun kənarında idi. Planlanan iş üçün Məkkədə ondan gözəl ev olmazdı. Evi çox bəyənən Rəsulullah bunu Ərkama söyləyincə “Bizim evimiz sizin evinizdir ya Rəsulullah. Evim də, mən də, xanımım da sənin xidmətindəyik” deyincə Allah Rəsulu sevindi. Həzrəti Ömərin Müsəlman olacağı 6-cı ilə qədər o ev gözlərdən gizlin olaraq İslam tarixinin ilk məktəbi – Daru’l Ərkam olaraq öz yerini aldı. Rəsulullahın bu evi nə vaxtdan istifadə etməyə başlamasının tarixi də qaynaqlarımızda ixtilafi bir mövzudur. Qaynaqlar fərqli zamanları söyləyirlər. Biz isə əlimizdə olan tarixi faktlara istinad edərək Ərkamın evinin İslamın ilk illərindən istihdam edildiyi qənaətindəyik. Böyük siyər alimimiz Asim Köksal (ö.1998) TDV İslam Ensklopediyasında yazdığı “Daru’l Ərkam” maddəsində bu evin İslamın ilk günlərindən istifadə edildiyini yazır. Bir çox siyər və tarixi qaynaqlarda da bu evin 6 il boyunca Rəsulullah tərəfindən istifadə edildiyi yazılıb.
Hz. Ömərin İslamı qəbul etdiyi ildə bu evin İslam üçün istifadə edildiyi müşriklər tərəfindən öyrənilmiş və Ərkam ailəsinin çətin günləri başlamışdır. 7 il sürən çətin günlərdən sonra gələn “hicrət” əmri ilə Ərkam ailəsi də var-yoxlarını, qohum - əqrabalarını, ev-eşlərini tərk edərək Mədinəyə hicrət etmişdilər. Mədinəyə yerləşdikdən sonra Rəsulullah özünə bir ev tikməmiş, Bəni Zureyk məhəlləsində bir ev, yanında da bir miqdar ərazi satın alaraq Ərkam ailəsinə hədiyyə etmişdir. İslam üçün evini ilk məktəb olaraq açan bu böyük səhabəyə Rəsulullah belə təşəkkür etmişdir. Risalət davasında silinməz bir iz qoyan Ərkam bu davanın ən önəmli şəxsiyyətlərinən biri olmuşdur.


Ardı var.
http://www.azerislam.com/index.php?lngs=aze&cats=1&ids=1980

Muhəmməd Əmin Yıldırım. "Darul Ərkam" kitabından ixtisarla
Hazırladı: Əlif/azərislam.com

Məqalələrdən istifadə edərkən mənbəni göstərin.
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]05:51
GÜNƏŞ07:22
ZÖHR [ 4 rükət ]12:54
ƏSR [ 4 rükət ]15:58
MƏĞRİB [ 3 rükət ]18:26
İŞA [ 4 rükət ]19:52
GECƏYARI00:08
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka