Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

MƏZHƏBLƏRARASI TƏFRİQƏNİN SƏBƏBLƏRİ

[ Aktual / 6844 dəfə baxılıb ]   
|
 
Hörmətli vəhdətsevər və vəhdət naminə yaşayan müsəlman bacı və qardaşlar! İslam vəhdəti və müsəlmanların həmrəyliyi ilə bağlı fikir və düşüncələrimi siz əzizlərə www.azerislam.com saytı vasitəsilə çatdıraraq Allahın möhkəm ipi olan Qurani-Kərimdən möhkəm yapışmağa dəvət edirəm. Xüsusən də, mübarək Ramazan ayı gəlir. Ramazan-müsəlmanları birləşdirən ən gözəl dəyərlərdən biridir. Allah bizə bu dəyərin qədrini bilənlərdən etsin və onu dəyərli yaşamağı nəsib etsin, amin!

İslamda məzhəblərarası təfriqənin bir çox səbəbləri vardır. Biz bu məqalədə həmin silsilədən bir neçəsini qısa şəkildə qeyd edərək aşağıda onlara aydınlıq gətirəcəyik:

1. Məzhəblərarası tanışlığın lazımi müstəvidə olmaması;
2. Şayiələr və söz-söhbətlər;
3. Məzhəblərarası qarşılıqlı tənələr;
4. Cahiliyyə dövrü adətlərini məzhəb adına yozmaq;
5. Birbaşa ixtilaflı məsələləri qaldırmaq;
6. Siyasi səbəblər və daxili problemlər.


1.Məzhəblərarası tanışlığın lazımi müstəvidə olmaması

Müsəlmanların birliyi qarşısında duran maneələrdən biri də müxtəlif məzhəb nümayəndələrinin bir-birlərini yaxından tanımamasıdır. Seyyid Şərəfəddin toxunduğumuz məsələ ilə bağlı belə deyir: “Əgər məzhəblər bir-birlərini tanısalar mehriban olarlar”. Həqiqətən də, məzhəb mənsubları aid olduqları məktəbləri bir-birlərinə tanıtsalar, fikirlərini paylaşsalar, o zaman, tanışlıq zərurətinin hər bir tərəfə çoxlu fayda verə biləcəyini görəcəklər. Müxtəlif məzhəb nümayəndələrinin bir-birləri haqqında yanlış təsəvvürlərə malik olması onların ortaq məxrəcə gəlmələrinə əngəl törədir.
Kifayət qədər elmi hazırlığı olmayan həm şiə, həm də sünni məzhəbli bir qrup müsəlman qarşı tərəfin fərqli mövqeyi və dəlili ilə tanış olmadan tənqidə başlayırlar. Bu zaman anlaşılmazlıqlar yaranır. Lakin əks tərəfin mövqeyi ilə tanışlıq bəzən bir çox həqiqətləri üzə çıxarır ki, bu da tərəflərarası fərqliliyin təbii qəbul olunması ilə nəticələnə bilir.
Vəhdət hərəkatının bayraqdarlarından olmuş Şeyx Məhəmməd Təqi Qumi yazırdı: “Əgər şiə və sünni məzhəblərinin adının kökünə diqqət yetirsək görərik ki, elə bütün müsəlmanlar şiədirlər, çünki onların hamısı Peyğəmbərin (s) nəslini sevir. Eyni zamanda, həm də hamı sünnidir. Çünki müsəlmanların hamısı Peyğəmbərin (s) sünnəsini izləməyi lazım bilir. Beləliklə, biz hamımız sünni, şiə, Qurani və Məhəmmədiyik”.
Əl-Əzhər Universitetinin şeyxi və Fitva Komissiyasının sədri Şeyx Əbdülməcid Səlim (1882-1954) deyir: “İslamda elə bir məsələ yoxdur ki, məzhəblərin onun ətrafında birləşməsi mümkün sayılmasın və ya onlar arasında anlaşma olmasın”. Həqiqətən də, bir vəhdətsevər kimi mən də bu inancdayam ki, birləşə bilməyəcəyimiz bir məsələ yoxdur.

2. Şayiələr və söz-söhbətlər

Yayılan şayiələr, əsası olmayan dedi-qodular həyatın müxtəlif sahələrində olduğu kimi, məzhəblər arasında da baş verir. Elm əhlinin şayiələrə görə yox, dəqiq və yəqinlik doğuran xəbərlər əsasında hökm və ya rəy söyləmələri lazımdır. Tədqiqatçının hər məzhəbin ona aid mənbələrini araşdırması, qaranlıq qalan və ya məzhəbinə müxalif olan məsələdə həmin o məzhəbin alimləri ilə müzakirə etməsi onu doğru istiqamətə götürə bilər.
İslam xəbərlərin nəql edilməsində doğruluğun araşdırılmasına və bundan əmin olmağa təşviq etmişdir. Allah təala buyurur: “Ey iman gətirənlər! Əgər bir fasiq sizə (pis) bir xəbər gətirsə, dərhal (onun doğruluğunu) yoxlayın, yoxsa bilmədən bir qövmə pislik edər, sonra da etdiyinizə peşman olarsınız!” (əl-Hucurat, 6).
İslam öz mənsublarına məsuliyyətsiz danışmağı, hər şayiə zamanı düşüncəsiz hərəkət etməyi və hər sözü doğru hesab etməyi qadağan etmişdir. Rəsulullah (s) deyib: “İnsanın hər eşitdiyini söyləməsi onun yalançı olması üçün kifayətdir”.
Şayiələrə və istinadsız söz-söhbətlərə münasibət bildirən Məhəmməd Hüseyn Fəzlullah belə deyir: “Müsəlman firqələri arasında ixtilaf və çəkişmələrə səbəb olan, onları vəhdət və düşüncə birliyindən uzaqlaşdıran amillərdən biri də elmi mənbə və qaynaqların araşdırılmasında yol verilən səhv və xətalardır”. Onun fikrincə elmi mənbələrin araşdırılmasında vəhdət amilləri əsas tutulmalı, yersiz çəkişmələrə səbəb olacaq dəlillər isə həssaslıqla müdafiə edilməməlidir”.
Bir çox araşdırmalar göstərir ki, tədqiqatçılar yalnız öz məzhəbinin xeyrinə nəticələnəcək dəlil və sübutları axtarır, digər firqənin batil və zəlalətdə olmasını sübut etməyə çalışırlar. Belə tədqiqat işləri bir çox hallarda firqələr arasında amansız ixtilaflara, ədavətə, birliyin pozulmasına səbəb olur. Bu isə Qurani-Kərimin metod və məntiqinə ziddir. Ona görə də tədqiqatçı tədqiqat apardığı zaman öz niyyətini saflaşdırmalıdır. O, məzhəbinə aid həqiqət hesab etdiyi mövzuları digər məzhəbin nümayəndəsinə qəbul etdirməyə çalışdığı kimi, qarşı tərəfin də həqiqət hesab etdiyi fikir və düşüncəni qəbul etmək ruhuna malik olmalıdır. Belə olduğu təqdirdə məzhəblər arasında sağlam anlaşma nümunəsi formalaşacaq, söylənilən səmimi fikir və mülahizələrin qarşı tərəfdən səmimiyyətlə qəbul edilməsi imkanı yaranacaqdır. Çünki firqə və məzhəblər arasında fikir müxtəlifliyi olduğu kimi, hər məzhəbin öz daxilində də müxtəlif fikir və düşüncələrə malik qruplaşmalar mövcuddur. Bir məzhəb daxilində fikir müxtəlifliyinə malik olan düşüncə sahiblərinin mövcud olması, onların ümumi məzhəb daxilində olan vəhdətinə xələl gətirmir. Çünki bu məzhəbin fərdlərini öz ətrafında birləşdirən ümumi dəyərlər mövcuddur. Bu sözü bir din adı altında birləşmiş müxtəlif məzhəb və təriqətlərə də aid etmək mümkündür. Çünki onları bir-birindən ayıran, fərqləndirən cəhətlər olduğu kimi, bir din altında birləşdirən keyfiyyətlər də çoxdur. Tədqiqatçılar əsasən birlik amillərini hifz edən mənbə və qaynaqları zahirə çıxartmalı, öz məzhəbinin haqq olaraq tanıdığı məsələləri də elmi yol ilə təqdim etməlidirlər.

3. Məzhəblərarası qarşılıqlı tənələr

Müsəlmanların bir qismi onun məzhəbindən olmayan digər məzhəb mənsublarına xoşagəlməz ləqəblər qoymaqla tənə edir və onları qıcıqlandırırlar. Bu isə qarşı tərəfin adekvat addım atmasına səbəb olur. İslam dini buna qarşıdır. Dini ədəbiyyatlarda “ammə”, “xassə”, “rafizi”, “vəhhabi” və s. kimi ləqəblər müsəlman alimlərinin dilindən səslənməkdədir. Lakin Quran işığında bunun hökmünü bilmək istəsək, “Bir-birinizə tənə etməyin (ayıb tutmayın) və bir-birinizi pis ləqəblərlə çağırmayın” ayəsi ilə qarşılaşarıq. “Allah belə insanları bəyənmir” – desək, yanılmarıq. Təəssüflə qeyd etmək lazımdır ki, bəzən bu cür hallara müsəlman alimlərinin kitablarında belə rast gəlinir: “Vəş-şiə”, “Feysəl ət-təfriqə beynəl-İslam vəz-zəndəqə”, “İlzam ən-nəvasib” kimi kitabları göstərmək olar. Bu kitablar İslamın vəhdət ruhundan kənar olmaqla yanaşı, müsəlmanların sırasını daha da parçalayır.

4. Cahiliyyət dövrü adətlərini məzhəb adına yozmaq

Şübhəsiz, müsəlman ölkələrində bir çox adət-ənənələr vardır ki, camaat tərəfindən qorunub saxlanılır. Bəzi adətlərin İslamla əlaqəsi olduğu halda, bəzilərinin isə heç bir əlaqəsi yoxdur. Elə hallar da vardır ki, insanların cahillikləri üzündən adət halına çevrilmişdir. Bir sıra hallar isə siyasi oyunların nəticəsi kimi adət şəklinə salınmış və onlara İslam donu geyindirilmişdir. Həqiqətdə isə İslam bunun əleyhinədir.
Ona görə də vurğulamaq lazımdır ki, hər hansı bir məzhəb mənsubunun yol verdiyi xətalar o məzhəbin ümumilikdə səhv və ya batil olmasını düşünməyə əsas vermir. Əslində, belə düşüncə məntiqsiz və əsassız iddiaların göstəricisidir.

5. Birbaşa ixtilaflı məsələləri qaldırmaq

Bəzi insanlar xasiyyət baxımından mübahisəni, dalaşmağı sevdiyi üçün onların gördükləri iş də ixtilafları körükləyir. Məqsədləri heç də ixtilafları İslam ruhunda və onun xeyrinə başa düşmək deyildir. Onların tək amalı həmrəyliyi pozmaq və vəhdətə xələl gətirməkdir. Belələri məzhəb söhbətinə girişəndə ortaq məsələləri də ixtilafa çevirirlər. Ərəb dilinin qrammatik xüsusiyyətləri səbəbi ilə yaranan bəzi müxtəlif görüşləri də məzhəblərarası ziddiyyətlər üçün istifadə edirlər.

6.Siyasi səbəblər və daxili problemlər

Fikrimizcə, vəhdət ideologiyası qarşısında duran ən mühüm maneə müsəlman dövlətlərinin çoxunda müşahidə olunan təfriqəçi və istismarçı siyasətdir. Təəssüf ki, zaman-zaman bəzi müsəlman liderləri öz siyasi məqsədlərinə nail olmaq üçün nəinki vəhdət ünsürlərini müdafiə və himayə etməmiş, hətta onun kökünü baltalamağa çalışmışlar.
Qəznəvilər dövlətinin hökmdarı Sultan Mahmud Qəznəvi öz imperiyasının sərhədlərini şiə əraziləri hesabına genişləndirməsinə bəraət qazandırmaq üçün vaxtı ilə belə demişdi: “Mən bir rafizi tapmaq və dara çəkmək üçün dünyanı dolaşan barmağam!”
Əmir Teymur da Xorasanda hakim olan Sərbedaranlar dövlətini məhv edib həmin ərazini tutmaq üçün məzhəb amilindən istifadə etmişdi. Teymurləngin fəthlərindən bəhs edən “Mənəm Teymuri-cahangüşa” kitabında buna rast gəlmək olar.
Səfəvilərin Azərbaycanda hakimiyyətə gəlməsindən sonra Bakıda, Şamaxıda və digər ərazilərdə yerli əhalinin zor gücünə şiələşdirməsi siyasəti də İslam tarixinin qara səhifələrindən birini təşkil edir.
Şübhə yoxdur ki, siyasi zəmində şiə-sünni qarşıdurması Səvəfi-Osmanlı müharibələri dövründə özünün ən yüksək nöqtəsinə çatmışdır. Din və məzhəb pərdəsi arxasında aparılan bu müharibələrin əsas məqsədi torpaq ələ keçirmək və siyasi hegemonluq əldə etmək olub.

Ümumiyyətlə, yuxarıda qeyd olunan tarixi-siyasi hadisələr və cinayətlər İslam tarixinə yazılmış qara səhifələrdir. Ürəkağrıdıcı olduğundan bu kimi hadisələrin təfsilatı ilə verilməməsi tədqiqat işinin vəhdət və həmrəylik ruhuna zidd hesab edildiyinə görədir. Ona görə də, İslam oyanışı və müsəlmanların birliyi üçün atılması mümkün olan addımları nəzərdən keçirmək, fikrimizcə, daha məqsədəuyğun sayılır.
XX əsrin böyük şiə alimlərindən sayılan Məhəmməd Hüseyn Kaşif əl-Ğita (h. 1294, m. 1877) dünyanın siyasi vəziyyətini nəzərə alaraq aşağıdakı məzmunlu fitva ilə çıxış etmişdi: “İslam məzhəbləri arasında aparılan elmi diskussiyalar öz-özlüyündə şəri nöqteyi-nəzərdən haram deyildir. Amma hər tərəfdən düşmən təzyiqləri ilə əhatə olunduğumuz indiki şəraitdə vəhdətimizi pozan hər hansı bir mübahisə qəti surətdə haramdır”.
XX əsrdə məzhəblər arasında dostluq və qardaşlıq yaratmaq uğrunda yorulmadan mübarizə aparmış iki alimin fəaliyyəti xüsusilə qeyd edilməlidir. Bu alimlərin biri mərhum Seyyid Şərəfəddin Amulidir (vəfatı – h. 1381, m. 1961). O, sünni aləminin böyük şəxsiyyətləri ilə mütəmadi olaraq yazışır, cəfəri məzhəbi barədə onlarda yaranmış mənfi fikirləri dəyişdirməyə çalışırdı. Seyyid Şərəfəddinlə uzun yazışmalardan sonra əl-Əzhər universitetinin (Misir) o vaxtkı rektoru Şeyx Əbdülməcid Səlim Bişri (vəfatı – h. 1374, m. 1954) demişdi: “Mən təəssübkeş və zalım şəxslərin töhmətlərinə uyaraq şiələr haqqında yanlış təsəvvürdə idim. Çox şükür olsun ki, Allah bizim birləşməyimiz üçün şərait yaratdı, mən sizin bələdçiliyiniz altında elm çırağınızın nurundan bəhrələndim. Bunun üçün aləmlərin Rəbbi olan Allaha həmd edirəm”.
Bu istiqamətdə geniş fəaliyyət göstərmiş ikinci şəxsiyyət İraq müsəlmanlarının İslam azadlıq hərəkatının lideri şəhid Ayətullah əl-Üzma Seyyid Məhəmməd Baqir Sədr (h. 1353, m. 1934) idi. O, İraqın həm şiə, həm də sünni məzhəbli müsəlmanlarının qüvvəsini eyni bir məcraya yönəltmək yolunda mübarizə aparırdı. Şəhid Sədrin aşağıdakı sözləri onun islam vəhdəti barəsində sağlam dünya görüşünə malik olduğunu açıq göstərir: “Mən bütün ömrümü şiə ilə sünninin qardaşlığı yolunda sərf etmişəm. Onların vəhdətinə səbəb olan hər fikri, hər əqidəni müdafiə və himayə etmişəm. Mən şiənin qardaşı və övladı olduğum kimi, əhli-sünnənin də qardaşı və övladıyam” .
İslam vəhdəti ideologiyasından danışarkən Seyyid Cəmaləddin Əsədabadi barəsində söz açmamaq mümkün deyildir. Bütün ömrünü çətinliklər məngənəsində və sürgünlərdə keçirmiş Seyyid Cəmaləddin Əsədabadi (1838-1897), heç şübhəsiz, vəhdət hərəkatının yeni dalğasının banilərindən sayılır. Bu böyük şəxsiyyətin fəaliyyəti Qərbin islam əleyhdarı qüvvələrinin müsəlman ölkələrindəki nüfuzuna ağır zərbə vururdu. Seyyid Cəmaləddin Misirdə yaşadığı dövrdə (1871-79) azadlıq və istiqlal yolunu tutmuş “Hizbül-vətən” partiyasını yaradır. Qısa müddət ərzində bu partiya ingilislərin Misirdəki nüfuzunu xeyli aşağı salır. İngiltərənin ticarət və iqtisadiyyatı Misirdə ziyana uğrayır. Bu dövlətin 80 nəfər nüfuzlu iş adamı Misirdən çıxıb getməli olur, ingilis şirkətlərinin çoxu müflis olaraq bağlanır. İngiltərənin Misirdəki dövlət nümayəndəsi Lord Krumer öz vətəninin dövlət başçılarına ünvanladığı məktubda yazırdı: “Müsəlman ziyalıları tərəfindən heç bir qanun pozuntusu və səhv görünmür. Burada heç kimi müqəssir saymaq olmaz. Amma diqqətinizə çatdırıram ki, əgər “Hizbül-vətən” bir il də fəaliyyət göstərsə və onun başçısı, Qərbi və Mərkəzi Asiyanın, Şərqi və Şimali Afrikanın müasir lideri Seyyid Cəmaləddin Əsədabadi Misirdə asudə qalsa, Böyük Britaniyanın Afrika qitəsindəki ticarət və siyasəti tamamilə məhv olacaq və hətta Avropanın hegemonluğundan əsər-əlamət qalmayacaq”.
Seyyid Cəmaləddin Parisdə “Ürvətül-vüsqa” qəzetini nəşr etdirərkən ingilislər bu qəzetin müsəlman ölkələrinə gətirilməsinə hər vasitə ilə mane olmağa çalışırdılar. Hətta Hindistanda elan edilmişdi ki, hər kimdə bu qəzetin nüsxəsi tapılsa, 25 lirə (200 funt-sterlinq) məbləğində cərimə ediləcəkdir.
Bütün bu tarixi faktları nəzərə alsaq görərik ki, tarix boyu müxtəlif qüvvələr müsəlman ümmətinin birliyinə hər yolla mane olmağa çalışmışlar. Sirr deyil ki, güc yalnız birlikdədir. Ona görə də, hər bir müsəlman təəssübkeşlikdən və təfriqələrdən qaçmalı, müsəlman ümmətinin vəhdətini qüvvətləndirmək üçün əlindən gələni etməlidir.
Bura qədər söylənilənlərdən bir daha aydın olur ki, cəhalət və şəxsi məqsədlər olan yerdə bu cür təfriqə halları din və ya məzhəb adından baş verir. Halbuki Quran açıq-aydın ayələrlə müsəlmanları birliyə çağırır: “(Ya Peyğəmbər!) Allah “Dini doğru-dürüst tutun (qoruyub saxlayın), onda ayrılığa düşməyin!” – deyə Nuha tövsiyə etdiyini, sənə vəhy buyurduğunu, İbrahimə, Musaya və İsaya tövsiyə etdiyini dində sizin üçün də qanuni etdi” (əş-Şura, 13).
Allah bizi sözdə və əməldə vəhdət naminə dinini yaşayanlardan qərar versin, amin!



Məhəmmədəmin RƏHİM / Azərislam.com
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:17
GÜNƏŞ07:53
ZÖHR [ 4 rükət ]12:35
ƏSR [ 4 rükət ]14:57
MƏĞRİB [ 3 rükət ]17:15
İŞA [ 4 rükət ]18:47
GECƏYARI23:46
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka