Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

HƏYATIMIZIN ƏSASI TÖVHİD. 1-ci xütbə

[ Aktual / 11370 dəfə baxılıb ]     
|
 
CÜMƏ XÜTBƏSİ

Möhtərəm müsəlmanlar!
Hamınızı səmimi qəlbdən Allahın salamı ilə salamlayıram. Sizləri və bizi bu mübarək gün və mübarək yerdə yenidən görüşdürən uca yaradıcımız olan Allah Təalaya sonsuz həmd, səna və şükrümü bildirir, aləmlərə rəhmət olaraq göndərilən Allahın Rəsulu Muhamməd Mustafaya, onun ailəsinə və əshabına salət və salam edərək xütbəmə başlmaq istəyirəm. Xütbələrimizin və Allah üçün etdiyimiz bütün işlərin xeyirli, faydalı və müvəffəqiyyətli olmasını Allah Təaladan diləyirəm. Allahın rəhməti, bərəkəti, mərhəməti hamımızın üzərinə olsun. AMİN.

Əziz camaat!
Məlum olduğu kimi yer üzərində olan bütün cəmiyyətlərdə bu cəmiyyətlərin həyat nizamını və həyat tərzini dəstəkləyən təməl, əsas və fundamental prinsiplər mövcuddur. Bu təməl, əsas və fundamental prinsiplər bir cəmiyyətin ümumi mənada həyatını və həyat sistemini tənzimləyir, formalaşdırır və idarə edir. Mənsubu olduğumuz son, kamil və mükəmməl dinimiz olan İslam dinində də, İslamın mənsubu olduğu müsəlmanların həyatlarını davam etdirməsi üçün təməl, əsas və fundamental prinsip vardır ki, bu da tövhiddir və İslam əsas prinsipləri etibarilə tövhid dinidir. İslamın təməli, əsası, qaynağı, mənbəyi, özəyi tövhiddir, nazil olma səbəbi, hədəfi və məqsədlərinin ən başda gələni tövhiddir. Tövhid eyni zamanda bütün bəşəriyyətin, bütün kainatın, varlıq adına nə varsa hər bir şeyin əsası, təməli və fundamentidir. Kainat və bəşəriyyat tövhidi tanımaq və həyatını tövhidə görə qurmaq üçün yaradılmışdır. Bu təməl və fundament nə qədər güclü və nə qədər sağlam olarsa dinimiz, imanımız, fiziki, maddi, mənəvi dünyamız və həyatımız bir o qədər güclü və sağlam olar. Çünki İslamda istisnasız olaraq hər bir şey, sosial, siyasi, ictimai, iqtisadi, dini, etiqadi, elmi, texniki, mədəni, etik, əxlaqi və insanla əlaqəli bütün sahələr tövhidə dayanır, tövhidə əsaslanır və bu sahələrlə bağlı normaları, münasibətləri, standartları və ümumi mənada həyatı və həyat sistemini tövhid tənzimləyir, tövhid formalaşdırır və tövhid idarə edir. Buna görə də əgər bu təməl və fundament yalnış, xətalı, səhv, zəif, xəstə prinsiplər və xurafat üzərində qurularsa və olarsa o zaman dinimiz, imanımız, fiziki, maddi və mənəvi həyatımız bir o qədər zəif, sarsıntılı, naxoş olar, dünyamız və axirətimiz də fəlakətə çevrilər.

Elə dini, tarixi və sosial təcrübə də bunu göstərir. Belə ki, bəşər övladı onun fitrətinə qoyulan tövhid anlayışına nə qədər çox yaxın olmuşsa, tövhidə nə qədər çox bağlanmışsa, tövhidi nə zaman doğru anlamış və batili ona qarışdırmamışsa onun həyatı bir o qədər gözəl və hüzur içində keçmişdir. Eyni dini, tarixi və sosial təcrübə yenə onu göstərir ki, bəşəriyyət tövhiddən uzaqlaşdıqca, ona aid dəyərlərə arxasını çevirdikcə həyatı bir o qədər dəyərsiz, bərbad, hüzursuz və bədbəxt olur. Günümüz dünyasının və günümüz insanının yaşadığı maddi və mənəvi böhranların başında da elə bu gəlir. Günümüz dünyası və günümüz insanı əksər hallarda həyatlarını və münasibətlərini tövhidə aid mənəvi dəyərlər üzərində deyil, mənfəət, maddiyat, nəfsani hisslər və şəhvətə aid dəyərlər üzərində qurur. Meydana gələn əksər problemlər və fəlakətlər də elə buradan qaynaqlanır. Təssüflər olsun ki, İslama mənsub olan insanların əksəriyyəti də bu prinsipi özünə rəhbər etmişdir. Deyə bilərik ki, Müsəlmanların əksər problemləri buradan qaynaqlanır. Hər şey mənfəət, maddi qazanc, iqtisadi maraqlar və pul üzərində qurulmağa çalışılır. Dünyada təssüflər olsun ki, mənəvi dəyərlər deyil, iqtisadi və maddi maraqlar hakimdir. Dünya münasibətləri və beynəlxalq əlaqələr mənfəət üzərinə qurulmuşdur. Hərkəsvə hər şey iqtisadi maraqların ətrafında hərəkət edir. Mənəvi maraqlar göz ardı edilir. Həyatımız da belədir. Hər atdığımız addımda, hər gördüyümüz işdə mənfəət və maddi maraq, maddi qazancı fikirləşirik. Səhər yuxudan oyanarkən ilk fikirləşdiyimiz şey bu gün nə qədər çox pul qazanacağam, nə qədər mənfəət əldə edəcəyəm olmalıdır yoxsa bu gün tövhidin əmr etdiyi şəkildə nə qədər çox iş görəcəyəm, Allah rızası üçün nə qədər çalışacağam, nə qədər çox savab qazanacağam və mükafat əldə edəcəyəm olmalıdır? Suala özünüz cavab verin. Nə qədər insan səhər yuxudan oyanarkən mən bu günümü tövhidin mənə əmr etdiyi kimi yaşayacağam prinsipi ilə oyanır?

Münasibətlərimizə nəzər salaq! Dostluq əlaqələri əksər hallarda mənfəət və maddiyyat üzərinə qurulur. Tövhidin əmr etdiyi şəkildə, Allah rızası üçün dostluq əlaqələri quran varmı? Biz tövhidin bizə əmr etdiyi həqiqi dostluğu yaşayaq deyən görəsən nə qədər adam var? Dostluğumuzu pozan da elə maddi maraqlardır. Dünya malına görə, pula görə, maddiyata görə neçə - neçə dostluqlar pozulur, qardaşlıqlar yox edilir, ailələr dağılır, arzular puç olur, uşaqlar ailəsiz qalır. Dünənki dostlar bu gün bir-birinin qiybətini edən, bir-birilə görüşmək arzusunda olmayan insanlara çevrilirlər. Tövhidə bağlı mənəviyyatı bol olan insan heç dostluğa zərər və xələl gətirə bilərmi, heç dostunun qiybətini edərmi? Dünənki şəriklər dünya malını bölə bilmədikləri üçün bu gün bir-birilərilə mübarizə aparırlar. Çünki şərikliklərini Allah rızası üçün qurmamışlardır. Şəxsi mənfəət və pul üzərinə qurmuşlar. Dünənki şərik dostlar bu günkü narazılar məhkəmələrdə haqlarını axtarırlar, tutaq ki tapdınız, bəs Allahın məhkəməsində nə edəcəksiniz? Mənfəət və pul günümüz insanında etibar və güvən böhranına yol açmışdır. Tövhid əmniyyət, güvən və etibarlılığı, etimadı əmr edərəkən, bəşəriyyət gedərək etibarsızlıq, etimadsızlıq, güvənsizlik bataqlığında boğulur. İnsanların əksəriyyəti bir-birinə inanmır. İnsanların əksəriyyəti bir-birinə etibar etmir. Hər kəs bir-birinin dediyinə böyük şübhə ilə baxır, görəsən nə demək istəyir? "Bu dediyindən hansı qazancı, hansı mənfəəti əldə etmək istəyir, bu etdiklərindən nə qədər pul qazanacaq?" düşüncəsində olur. Şübhələr baş alıb gedir. Ailə daxili münasibətlərdə və ailə xarici münasibətlərdə çox tez rast gəldiyimiz bir səhnə var: ər arvadına, ata oğuluna, ana qızına, övlad valideyninə, qohum digər qohumuna, qonşu qonşusuna, dost dostuna, həmkar həmkarına, dindaş dindaşına, vətəndaş vətəndaşa etibar etmir, güvənmir...
Sizcə bu günümüz insanının ən böyük problemi, ən böyük böhranı deyilmi? Sizcə bunun də əsas səbəbi insanların tövhidin etibar, əmniyyət, güvən, ixlas və səmimiyyət prinsiplərindən uzaqlaşması ilə əlaqəli deyilmi?

Qohumluq əlaqələri çox zaman mənfəət və maddiyat üzərinə qurulur. Tövhidin əmr etdiyi şəkildə, Allah rızası üçün qohumluq əlaqəsi quran varmı? Əksər evliliklər və ailələr mənfəət və pul üzərinə qurulur. Biri qaynatanın var dövləti üçün, o birisi qaynananın maddi vəsaiti, digəri qaynının vəzifəsi, bir başqası oğlanın yaraşığı, digəri qızın gözəlliyi üçün evlənir. Evlənərkən ilk sualımız belə mənfəət üzərinə dayanır, Evi varmı? Maşını varmı? İşi gücü nədir, maaşdan əlavə illeqal yollarla gəlir əldə edə bilirmi? Bunu edənlərə də "afərin yaman cəsur adamdır" deyərək tərifləyirik. İlk sualı mənəviyyatı var mı, dəyərlərə sahibdir mi, əxlaqı və etikası necədir? Tövhidə bağlıdırmı? Böyüyə hörmət kiçiyə mərhəmət hissləri varmı? kimi suallar verən nə qədər elçiliklər mövcuddur? Allah üçün bir-birini sevən, Allah üçün ailə quran, Allah üçün əməli saleh övlad yetişdirən, gələcəyin imanlı nəslini, nümunəvi və əxlaqlı vətəndaşını yetişdirmək arzusu və düşüncəsində olan iki gəncə heç rast gəldinizmi? Başlarına müsibət gəldiyi zaman bu da keçər, Allah bizi imtahan edir, səbirli və təmkinli olaq, tövhidin bizdən istədiyi budur, halalımıza və haramlara diqqət edək deyən neçə ailə var? Qonşuluq əlaqələrinə baxaq. Qonşuların bir-birindən nə qədər xəbəri var? Biri ac ikən digəri luks və israf içində tox yatır. Bir başqası da qonşusunun həsəd və paxıllığını çəkir. Digər qonşu bir başqa qonşusunun namus və şərəfinə göz dikir. Zamanımızda qonşu qonşunun nə qədər qayğısına qala bilir? Onun namus və şərəfini nə qədər qoruya bilir? Axı yaxın qonşu uzaq qohumdan daha yaxşı idi, bəs nə oldu? Tövhid bəşəriyyəti sülhə, barışa, mədəniyyətə, əminamanlığa, tolerantlığa çağırır, terroru, insan qətliyamlarını, təbiətin məhv edilməsini qınayır, lənətləyir. Bu gün tövhid adına yer üzərində fitnə və fəsad çıxaranlar, tövhid adına mənəvi və maddi terror hadisələri törədənlər bəşəriyyətə zərər və tövhidə ləkə gətirməkdən başqa bir iş görmürlər. Bəs hanı bizim tövhid əxlaqımız? Tövhid Allahın əxlaqı ilə axlaqlanmağı əmr edir bizə, hanı bizim əxlaqımız, hanı bizim ədəbimiz, ittifaq ədəbimiz və ixtilaf ədəbimiz. Bəzən dindarlığımızda belə mənfəət və maddi qazancın olduğuna rastlayırıq. Pula görə dinlərini dəyişənlər, maddi marağa görə məzhəbçilik edənlər, mənfəətə görə təqiyyə edənlər, məni özünkülərdən zənn edib mənə də görüm baxım etsin deyib xarici görünüşlərini dəyişənlər, "həci" deyə müraciət etsinlər düşüncəsilə həccə gedənlər, Allahın buyurduğunun əksinə olaraq "al bu zəkatı, sədəqəni yalnız mənim cərəyanıma və ya mənim mənsub olduğum camaata ver" deyib zəkatın mənasını yox edənlər, hamıya oruc tutun deyib özləri oruc tutmayanlar, iftar süfrəsində yemək yesin deyə özünü oruclu kimi göstərənlər, batil din və ifrat məzhəb idealogiyası adına vətənlərinə xəyanət edib, torpaqlarını və bayrağını satan “dırnaqarası dindarlar” hansı tövhid anlayışına, düşüncəsinə sahibdirlər? Əqidə əqidə deyib insanları, xalqı, camaatı, dindaşı, vətəndaşı çaşdıranlar, biri o birisinə "müşəbbihə" deyir, bir digəri başqasına "mücəssimə" deyir, bir başqası digərinə "mürciə" fetvası verir, o birisi sən "mötəziləsən" deyir, yox sən "qədəriyyəsən", olmadı "cəbriyyəsən", yox "xəvaricsən", yox "bidətçisən", "kafirsən", "münafiqsən", "fasiqsən", "müşriksən", "cahilsən", "facirsən"... Vallahi köhnə hamam köhnə tas, illərdir dəyişən bir şey yoxdur. Bir addım qabağa iki addım geriyə. İllərdir bir-birimizə başqa yerdə deyil elə bu məscidlərimizdə bu kəlimələrdən başqa bir şey demirik. Müsəlmanlar arasına kim gətirdi bu dırnağarası “geri qalmış din anlayışını". Belə bir ixtilafçı, təfriqəçi, mədəniyyətsiz və etikasız din anlayışını axı kim saldı müsəlmanların arasına? Nə qədər olar? İslam dünyasında əsrlər, yüz illər, min il əvvəl meydana gəlib kökü kəsilmiş əqidə cərəyanlarının adlarını bu gün gündəmə gətirib xalqı, insanları, dindarları çaşdırmağın, azdırmağın nə mənası var axı?
İnsanlara çaşıb ortada qalıblar. O qədər çaışblar ki, o gün biri mənə soruşur ki qardaş mən əqidədə nəyəm, kiməm? Adam özü özündən şübhələnməyə başlayıb. Və bu bir şəxsiyyət böhranıdır. Müsəlman şəxsiyyətinin, kimliyinin, mənliyinin böhranı. Halbuki tövhid geriyə deyil inkişafa, təkamülə, parlaq istiqbala, şəxsiyyətin kamilləşməsinə çağırır bizləri! Bir-birimizi mehriban və səmimi ünsiyyətə, gözəl və mübarək kəlimələrlə adlandırmağa çağırır bizi. Biz isə...

Hörmətli camaat!
Bütün bu əksikliklər tövhidə həqiqi mənada bağlı olmamaqdan irəli gəlir, tövhid anlayışındakı problemlərdən irəli gəlir. Ona görə də dinimizdə və dini həyatımızda ən başda gələn məsələ, mövzu İslamın fundamental prinsipi olan tövhidin doğru anlaşılması, onun doğru yaşanması və eyni zamanda həyatımızda doğru-düzgün rol oynaması və tətbiq edilməsidir. Yaxşı bütün bu saydığımız əksiklikləri və bəşəriyyətin keçirdiyi mənəvi böhranı kim ortadan qaldıracaq? Əlbəttə ki tövhid anlayışı və tövhid əhli! Tövhid anlayışı məlumdur. Bəs tövhid əhli necə, buna hazırdırmı? İnşallah bu saullara cavabı növbəti xutbələrimizdə axtarmağa çalışacağıq. Bu isti və küləkli havada məni səbirlə dinlədiyinizə görə sizlərə təşəkkür edirəm. Danışdıqlarımla kimisə narahat etdimsə haqqını halal etsin! Niyyətimiz düzəltməkdir, qırmaq və sındırmaq deyil. Allah sizlərdən razı qalsın.

DUA: Ya Rəbbi, bizi həqiqi mömin, ixlaslı qullarından et! Hər cür şirkdən uzaqlaşıb Sənə, yalnız Sənə yönəlməyi, istiqamətlənməyi bizə qismət et. Ya Rəbbi, şirkin, gizlisindən və açığından, böyüyündən və kiçiyindən, ağırından və yüngülündən, hər cüründən və hər növündən Sənə sığınırıq, hər cür batildən Sənə sığınırıq. Sən bizi həqiqi əhli-tövhid et.Ya Rəbbi, ölənlərimizə rəhmət və mərhəmət, xəstələrimizə şəfa və səhhət, bəşəriyyətə sülh və əminamanlıq ver. Allahım bizi qoru.

Allahumməğfir ummətə Muhamməd. Mərham, məhfaz, mənsur.


Ey Allahın qulları! Həqiqətən, Allah (insanlara) ədalətli olmağı, yaxşılıq etməyi, qohumlara (haqqını) verməyi (kasıb qohum-əqrabaya şəriətin vacib bildiyi tərzdə əl tutmağı) buyurar, zina etməyi, pis işlər görməyi və zülm etməyi isə qadağan edir. (Allah) sizə düşünüb ibrət alasınız deyə, belə öyüd-nəsihət verir! İndi isə buyurun, iqamə gətirin, namaza qalxın ki, Allah Təala sizə rəhm eləsin, onun rəhməti və bərəkəti üzərinizə olsun.



Elşad MAHMUDOV
İlahiyyat üzrə fəlsəfə doktoru, Sosial Araşdırmalar Mərkəzinin sədri, Bakı şəhəri Yasamal rayonu ilahiyyat məscidinin naib imamı. / Azerislam.com
|
    
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]05:51
GÜNƏŞ07:22
ZÖHR [ 4 rükət ]12:54
ƏSR [ 4 rükət ]15:58
MƏĞRİB [ 3 rükət ]18:26
İŞA [ 4 rükət ]19:52
GECƏYARI00:08
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka