Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

QURANIN GÜCÜ - TƏRTİL

[ Müqəddəs quran / 5914 dəfə baxılıb ]   
|
 
Qur’anın oxunması, daha doğrusu Qur’anı oxumağın üsulu hər zaman olduğu kimi bu günki müsəlmanlar arasında da aktual məsələdir və böyük əhəmiyyət kəsb edir. Qur’anı necə oxumaq lazımdır sualına elə Qur’an-i Kərimdə cavab tapmaq mümkündür. Allah Təala İslamın, vəhyin ilk günlərində endirdiyi Müzzəmmil surəsinin ilk beş ayəsində belə buyurur:
“Ey örtünüb bürünən (Ey kürəyinə dağlardan ağır yük yüklənən Rəsulum)! Gecənin bir hissəsi xaric qalx. Gecənin yarısında oyaq qal, yaxud bunu (oyaq qalacağın miqdarı) bir az azalt, ya da artır və Qur’anı tərtil ilə oxu. Həqiqətən biz sənə ağır bir söz vəhy edəcəyik” .

Allah, bu ayədə Rəsulundan gecənin müəyyən bir hissəsini oyaq qalaraq Qur’anı tərtil ilə oxumağı əmr edir. İlk öncə tərtil sözünün mənasına bir nəzər salaq. Tərtil ilə oxumaq - yavaş yavaş oxumaq, məqsədi başa düşərək oxumaq mənasına gəlir. Hz. Aişə tərtil ilə oxumağı belə açıqlamışdır: “Sizə qulaq asan birisi oxuduqlarınızın hərflərini aydın bir şəkildə eşidərsə bu oxuduğunuz tərtil ilə oxumaq adlanır”. Əslində Hz. Aişə bu sözləri ilə Qur’anı yavaş-yavaş, diqqətlə, həzm edərək, yəni ayələrin mənaları üzərində təfəkkür edərək oxumağın zəruriliyinə işarə etmişdir. Bu səbəbdəndir ki, səhabələrdən Abdullah b. Məs’ud, yanına gələrək Qur’anın mufassalını, yəni Qaf surəsindən Nas surəsinə qədər olan surələri oxudum deyən bir şəxsi Qur’anı şeir kimi oxuduğuna görə tənqid etmişdir. Deməli, Allah Təala müsəlmanlardan, Qur’anı şeir, hekayə kimi deyil, təfəkkür edərək oxumalarını istəyir. Əgər bunu diqqətə alsaq o zaman ilk günlərdə enən Müzzəmmil surəsinin ilk beş ayəsini oxumaq üçün Hz. Peyğəmbərin gecənin üçdə biri və ya üçdə ikisi qədər uzun bir vaxtda niyə oyaq qaldığını başa düşə bilərik.
Əbu Hüreyrədən rəvayət edilən bir hədisdə belə deyilir: “Bir gün Rəsulullah namaz qıldırırdı. Lakin Bismillah dedikdən sonra heç cür surəni oxuya bilmədi. Hər dəfəsində oxumağa başlamaq istədiyi zaman hıçqıraraq ağlayırdı. Onun iyirmi dəfə belə etdikdən sonra nəhayət “(Hz. İsanın dilindən) Ya Rəbbi, əgər onlara əzab etsən şübhəsiz onlar sənin qullarındır, yox əgər onları bağışlasan şübhəsiz sən izzət və hikmət sahibisən” ayəsini oxudu. Hz. Peyğəmbər bu ayəni oxuduqdan sonra saatlarla təkrar etdi”.
Hz. Peyğəmbərin səhabələri də onun yolundan gedərək Qur’anı bu cür oxumağa cəhd etdilər. Hz. Peyğəmbərin səhabələrinin həyat və fəaliyyətinə bir nəzər salsaq Qur’anın təfəkkür ilə oxunmasına dair çoxlu nümunələrə, misallara rast gələ bilərik. Hz. Peyğəmbərin Məkkədə qurduğu ilk təhsil ocağı olan Daru’l-Ərkamda (Ərkamın evi) yetişən, təshil və tərbiyə alan Mus’ab b. Ümeyr, Sa’d b. Əbi Vaqqas, Ərkam b. Əbi’l-Ərkam kimi ilk mömünlərin həyatı bu örnəklərlə doludur. Məsələn, Hz. Peyğəmbərin hicrətdən öncə müəllim olaraq Mədinəyə göndərdiyi Mus’ab b. Ümeyrin İslamı təbliğ fəaliyyəti nəticəsində yəhudilər istisna olmaqla Mədinədəki qəbilələrin hamısı İslamı qəbul etmişdir. Mus’ab b. Ümeyr Mədinəyə gəldiyi ərəfədə burada Hz. Peyğəmbərə biət edən bir ovuc müsəlmanın yaşamasına baxmayaraq onun on altı aylıq təbliğ fəaliyyəti sayəsində bütün qəbilələrin müsəlman olması əslində Quran-i Kərimin ecazkar qüdrəti sayəsində mümkün olmuşdur. Mədinədəki qəbilə rəislərindən Üseyd b. Xudayr və Sa’d b. Muaz’ın ilk başda sərt etirazlarına baxmayaraq Qur’an oxuyaraq onların İslama girməsinə vəsilə olan Mus`ab, onların dəstəyi ilə digər qəbilələrin də müsəlman olmasına nail olmuşdur. Nəticə olaraq deyə bilərik ki, Mədinə xalqının qəlbini qansız-qadasız bir şəkildə fəth edən Qur’an, həqiqi bir fatehdir. Bundan başqa buradan çıxan nəticə budur ki Qur’anı sadəcə oxuduğumuz zaman deyil, dinlədiyimiz zaman da diqqətlə qulaq asmalı, mənası üzərində təfəkkür etməli, özümüz üçün nəticə çıxartmalıyıq.
Qur`anin tərtil ilə oxunmasına aid Abdullah b. Abbasdan rəvayət edilən bir hədisdə belə deyilir: Biz (yəni səhabələr) əvvəl on ayəni oxumağa başlayardıq, onu (təfəkkür edərək, əzbərləyərək) həyatımıza tətbiq edərdik, ondan sonra digər on ayəyə keçərdik. Mən Bəqərə surəsini səkkiz ilə əzbərlədim”. Burada çox mühüm bir məqama diqqət etməliyik. Belə ki, hər hansı bir şəxs 286 ayədən ibarət olan Bəqərə surəsinin hər gün bir ayəsini əzbərləsə bu 286 gün edər ki, bu da bir ilin üçdə ikisinə bərabərdir. Belə olan halda Abdullah b. Abbasın, Bəqərə surəsini səkkiz ilə əzbərləməsi onun, Qur’anı sadəcə əzbərləmək üçün və ya oxumaq xatirinə deyil təfəkkür etmək, dərs çıxartmaq, ibrət almaq, ilahidən gələnləri həyatında yaşamaq üçün oxuduğuna bir dəlil təşkil edir.


Daha sonra yaşayan əməli saleh müsəlmanların da Qur`anı tərtil ilə, təfəkkür edərək oxuduqlarına şahid oluruq. Məsələn, zahidliyi və təqvası ilə məşhur İslam alimi Hasan-əl Basri (ö. 110/728) bir gün camaata namaz qıldırırmış, Yasin surəsinin “Ayrılın bir tərəfə bu gün, ey günahkarlar!” məalındakı ayəsini oxuduğu zaman canını bir titrəmə almış və Allah deyə nalə qopararaq yerə yıxılmışdı. Daha sonra özünə gələn Hasan-əl Basrinin üç gün bir şey yemədiyi və dayanmadan bu ayəni təkrarladığı rəvayət edilir. Hasan-əl Basri özünün də o günahkarların arasına girə biləcəyini düşünərək bu cür qorxduğu rəvayət edilir. Bu Allaha olan sevgidən, hörmətdən yaranan bir qorxunun təzahürüdür. Bu və bundan öncə sadaladığımız misallardan bizim ibrət alacağımız çox əhəmiyyətli məqamlar var. Belə ki, dilindən Allahın zikri bir an belə düşməyən, Allahın ən sevdiyi qulu Hz. Peyğəmbərin, eləcə də zühd həyatı, təqvası ilə tanınan Hasan-əl Basrinin Allahın ayələrini oxuyarkən saatlarla, günlərlə onun təsiri altından çıxa bilməmələri, bizi bu mövzuda maksimum səviyyədə məsuliyyətli olmağa sövq etməlidir. Ona görə biz də Qur’an surələrini oxuyarkən üzərində təfəkkür etməli, düşünməli, Allahın bizə nə demək istədiyini başa düşməyə çalışmalı və bunu həyatımızın hər sahəsinə tətbiq etməyə cəhd etməliyik.
Burada bir məqamı da qeyd etmək lazımdır ki, Allah ayədə Qur’anı təcvid ilə deyil, tərtil ilə oxumağı əmr edir. Qur’anı təcvid ilə, yəni qayda-qanuna riayət edərək oxumaq zəruri olmaqla yanaşı, Allah Təala, qullarından endirdiyi ayələri tərtil ilə, yəni yavaş yavaş, başa düşərək, təfəkkür edərək oxumalarını istəyir. Deməli tərtil ilə oxumaq Allahın ən üstün tutduğu, ali bir oxuma tərzidir. Ona görə Qur`an ancaq ürəklə, ağılla, idrakla oxunduğu zaman bəşər övladına bir fayda verə bilər. Yəni Qur’anın evdə bir yerdə qalması və ya mənasını başa düşmədən sadəcə üzündən oxunması insana çox da fayda verməz. Ona görə Allah Rəsulu, Furkan surəsində vəhy edildiyi kimi ümmətinin bu problemini dilə gətirərək onları Allaha şikayət edir. Allah Təala ayədə belə buyurur:
“Rəsul (Peyğəmbər) dedi ki, Ya Rəbbim! Ümmətim Qur’anı tərk edilmiş (məhcur) bir şey yerinə qoydular” .

Vəhydə keçən məhcur kəlməsi tərk edilmək, məhrum qalmaq kimi mənalara gəlir. Məhcur- insanın hər hansı bir şeyə sahib olduğu halda onu məqsədinə uyğun bir şəkildə istifadə etmədiyi üçün faydasından məhrum qalması deməkdir. Belə bir şəxsin vəziyyəti su quyusunun üstündə oturmasına baxmayaraq susuzluqdan ölən şəxsin vəziyyətinə bənzəyir. Başqa bir sözlə müsəlmanların bir çoxunun vəziyyətini çəkdiyimiz misaldakı şəxsin aqibəti ilə müqayisə etsək heç də səhv etmiş olmarıq. Bir müsəlmanın Qur`anı dərk edərək oxumaması belə bir vəziyyət ilə müqayisə edilir. Qur’an ayələrnin mahiyyəti üzərində təfəkkür etmədən oxumaq elə Qur’anı tərk etməyə bərabər tutulmuşdur. Hal hazırda, müasir dünyamızda Qur’an-i Kərimin 350-400 dilə tərcümə edilməsinə və bütün bu dillərdə nəşr edilərək dünyanın dörd bir bucağında ən çox oxunan ilahi kitab olmasına, keçmiş əsrlərlə müqayisədə həddindən çox Qur’an hafizinin yetişməsinə baxmayaraq ən az başa düşülən, ən az idrak edilən kitabın yenə Qur’an olmasının təməlində duran ən əhəmiyyətli səbəb elə budur. Ona görə Qur’anı başdan sonra təfəkkür edərək oxumaq imkanına sahib olmayanların heç olmasa namaz surələrini oxuyarkən bunların mənalarını da ağıllarının süzgəcindən keçirmələri, Qur’anı həyatlarında yaşamaları və gündəlik həyatlarına, ətrafları ilə münasibətlərinə əks etdirməli və bu yolla Allahın əmrlərini yerinə yetirmələri insanlığın gələcəyi üçün çox zəruridir. Allah İsra surəsinin 9-cu ayəsində belə buyurur:
“Şübhəsiz ki, bu Qur’an, Allahın mömin qulunu ən doğru yola, hidayət yoluna istiqamətləndirir, gözəl əməllər edən mömünlərə gəlincə isə onlar üçün böyük bir mükafat olduğunu müjdələyir” .

Hazırladı: Bünyamin Sarıoğlu / Azerislam.com


Mövzu ilə əalqəli digər yazılar:
1. QURANIN GÜCÜ-OXU
2. QURANIN GÜCÜ-HİDAYƏT


Diqqət: Məqalələrimizdən istifadə edərkən Azerisıam.com -a istinad vacibdir.
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:23
GÜNƏŞ07:58
ZÖHR [ 4 rükət ]12:52
ƏSR [ 4 rükət ]15:26
MƏĞRİB [ 3 rükət ]17:46
İŞA [ 4 rükət ]19:16
GECƏYARI00:04
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka