Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

İNSAN NƏDİR?!

[ Aktual / 10044 dəfə baxılıb ]   
|
 





















“Biz, Adəm oğullarını hörmətli etdik, onları quruda və dənizdə (minik üstündə) daşıdıq, onlara pak ruzilər verdik və onları yaratdıqlarımızın çoxundan xeyli üstün etdik.” (İsra, 70)
İnsana maddiyyat kimi baxanların gözündə o, bir ovuc torpaqdır. Torpaqdan yaranıb, torpağın üstündə gəzər, torpaqdan qidalanar və sonunda torpağa da qayıdar.
İnsan bir parça ətdən, sümükdən, qandan, əzalardan, sinir sistemindən və digər orqanlardan ibarətdir. Bunlarin hamısını isə hüceyrələr təşkil edir. Ağıl və düşüncə beyinin ifraz etdiyi müəyyən maddələrin hesabına yaranır. Necə ki, bədənin daxili orqanları müxtəlif ifrazatlar edir, beləcə də beyin maddə ifraz edir. Onun başqa varlıqlarla müqayisədə heç bir üstünlüyü və ya əhəmiyyəti yoxdur. Yer üzündə mövcud olan çox sayda canlılardan biri də odur. Bəlkə də ya həşəratlardan, ya sürünənlərdən, ya meymunlardan, ya da hər hansı bir heyvan növlərindən biridir. Sadəcə fərqi ondadır ki, inkişaf edir və dəyişir.

Yaşadığı Yer isə bir planetdir. Milyonlarla fərqli həcmlərdə olan planet və ulduzlardan bir balaca planet də yer planetidir. Bu planetin üzərində insan milyon illərlə yaşayır, dəyişir, inkişaf edir. Özü isə bütün qalaktika ilə müqayisədə zərrə qədər bir şey də deyil.
İnsana maddi baxımdan qiymət verən insanların gözündə insanın qiyməti bundan artıq deyildir. Sadəcə danışan heyvan kimi bir şeydir.

Yaxşı bəs bu insanın nə qiyməti, nə dəyəri var? Nə üçün yaradılmışdır? Maddiyyatçılar insanın qiymətini də çıxara bilmişlər. Bunu hesablamağı bacaran alimlərdən birinin hesabına görə orta çəkili bir insanın bədənindən istifadə edə bilsək, maddələrə ayırsaq təxminən bunları əldə etmək olar; 7 ədəd sabun düzəltmək üçün piy, 7 ədəd karandaş üçün karbon, fosfor, bir ədəd dərman üçün maqnezium duzu, balaca bir mismar düzəltmək üçün dəmir, kibrit, su və digər maddələr.
Sekulyar məntiqi müdafiə edən alimlər insanı heyvandan çox da fərqləndirmirlər. Onlara görə, insanın həyatdakı məqsədi, hədəfi və qayəsi, hər hansı digər bir heyvan hətta həşəratların məqsədi kimidir: “sadəcə öz istəklərini həyata keçirməkdən qeyri heç bir şey”. Bir insan dünyasını dəyişməklə nə dəyişir ki? Günəş və Ay nə itirir?
Məhz bu cür fikirlər irəli sürən maddiyyatçı alimlərin sayı çoxdur. Darvin və ya Freyd deyəcəksiniz? Elə onların da nəzəriyyələrinin dərinliklərini araşdırdıqda bundan geri qalmır.

Bəs onda insanın “ruh”-u harada qaldı?
Allaha iman gətirənlərin gözündə insan kimdir?
İnsan möminlərin gözündə Allahın yaratdığı kəramətli və izzətli bir məxluqdur. Rəbbi üçün də insan əziz və hörmətlidir. Rəbbi onu ən gözəl şəkildə və surətdə xəlq etdi, Öz ruhundan ona üfürdü və mələkləri ona səcdə etdirdi. Onu elm və iradə ilə fərqləndirib yüksəltdi. Onu Yer üzünün xəlifəsi olaraq seçdi. Hər şeyi onun ixtiyarına buraxıb Yer üzünə göndərdi. Yerdə göydə nə varsa, hər şeyi onun xidməti üçün asanlaşdırdı, Öz nemətlərindən bol-bol verdi ona. Onu isə Rəbbi Özü üçün seçdi.
Bəzi rəvayətlərdə gəlir ki, Rəbbimiz bəndələrinə belə müraciət etmişdir; “Ey Adəm oğlu, səni özüm üçün yaratdım. Bütün hər şeyi də sənin üçün yaratmışam. Mənim sənin üzərində olan haqqım odur ki, sənin üçün yaratdıqlarımla məşğul olub, nə üçün yarandığını unutmayasan. Ey Adəm oğlu , səni özüm üçün yaratmışam, oynayıb əylənmə. Ruzinə də Özüm kəfiləm, özünü çox yorma. Ey Adəm oğlu, Məni istə, həmən tapacaqsan. Məni tapdınsa, hər şeyi tapmışsan. Məni itirdinsə, hər şeyi itirmisən. Mən sənə hər şeydən sevimliyəm. ”

Bəli, razılaşmaq olar ki, insan bütün bu kainatla müqayisədə, bir zərrə qədər də görünən bir şey deyil. Amma ruhu və mənəviyyatı ilə o insan, kainatın ən dəyərlisidir. İnsanın elə ruhundan savayı nədir ki, ona dəyər kəsb etdirən?
Bir şairin dediyi kimi;
Əlac sənin özündədir görmürsən,
Xəstəliklərin səndəndir bilmirsən.
Mikrob qədər kiçik sandın özünü,
Cümlə-aləm daxilində deyilmi?!


İnsanın yerdəki həyatı, həqiqətən də Yer planetinin ömrüylə müqayisədə səhradakı qumların bir zərrəsi kimidir. Amma möminlər iman edirlər ki, insanın ömrü Yer üzündəki ölümüylə bitmir. Yer üzü də, sadəcə bir dayanacaqdır və o əbədiyyata doğru addımlayır. O əbədiyyatda ki, onlara Rəbləri möminlərə belə xitab edəcəkdir; “Sizə salam olsun! Xoş sizin halınıza! Əbədi qalmaq üçün buraya daxil olun!” (Zumər, 73).
İnsan üzərinə götürdüyü məsuliyyətlə bütün məxluqatdan fərqləndi. “Biz əmanəti göylərə, yerə və dağlara təklif etdik. Onlar onu daşımaqdan (qorxub) imtina etdilər. Lakin insan onu boynuna götürdü. Doğrudan da, o, zalım və cahildir.” (Əhzab, 72). Amma ayənin sonunda bir də Rəbbimiz o insanın zalimca və cahilcə bu əmanətə xəyanət edəcəyini də qeyd etmişdir. Hamı bu əmanətin haqqını verməyəcək, layiqincə ona önəm verməyəcəkdir.

Allah insanı xəlifə seçib, onu fərqləndirib və böyük bir məsuliyyəti öhdəsinə verməklə onu tərk etməmişdir. Məsuliyyətin öhdəsindən gələ bilməsi üçün bütün Yer üzünü və yerdə, göydə nə varsa hər şeyi onun ixtiyarına buraxmışdır. “Göyləri və yeri yaradan, göydən yağmur endirən, o yağmurla sizin üçün ruzi olaraq (cürbəcür) meyvələr yetişdirən, əmri ilə dənizdə üzmək (yüklərinizi bir yerdən başqa yerə daşımaq) üçün gəmiləri sizə (sizin mənafeyinizə) tabe və çayları sizə ram edən Allahdır! (Daim öz hədəqəsində, özləri üçün müəyyən olunmuş yerdə) seyr edən Günəşi və Ayı, həmçinin gecəni və gündüzü sizin ixtiyarınıza verən Odur. (Allah) sizə istədiyiniz şeylərin hamısından vermişdir. Əgər Allahın nemətlərini sayacaq olsanız, sayıb qurtara bilməzsiniz. Həqiqətən, insan çox zalım, həm də çox nankordur. (O, Allahdan başqasına tapınmaqla özünə zülm edər, Onun lütfünü, mərhəmətini danmaqla küfrani-nemət olar).” (İbrahim, 32-34). Bunun kimi ayələr Qurani Kərimdə çoxdur. Hamısında Rəbbimiz yeri, göyü və içində olanları insan üçün yaradıb, insanın ixtiyarına buraxdığını buyurur. Hətta bütün bunlardan sonra insanı iman gətirməyə, Allaha inanaraq yaşamağa məcbur etməmişdir. Öz ixtiyarına və öz seçiminə buraxaraq demişdir ki; “...Kim istəyir inansın, kim də istəyir inanmasın (kafir olsun)...” (Kəhf, 29). İnsan inanmamaqla, Allaha heç bir zərər də toxundura bilməz. Nə etsə özünə edir; “Yaxşılıq da etsəniz, özünüzə etmiş olursunuz, pislik də!” (İsra, 7).

Allah insanı elə ucaltmış, ona elə dəyər vermişdir ki, ona nə qədər yaxın olduğunu, vasitəsiz hər zaman Özünə yaxınlaşa biləcəyini, hər yerdə, hər an istədiyini bildirmə imkanı vermişdir. “(Ya Rəsulum!) Bəndələrim Məni səndən soruşduqda söylə ki, Mən (onlara) yaxınam. Dua edib Məni çağıranın duasını qəbul edərəm.” (Bəqərə, 186). Həmçinin Rəbbimiz insanın məkanından asılı olmayaraq Onun dilədiyini qəbul edəcəyini bildirmişdir; “Şərq də, Qərb də Allahındır: hansı tərəfə yönəlsəniz (üz tutsanız) Allah oradadır.” (Bəqərə, 115). Insan tam olaraq Rəbbinə güvənməlidir ki, Rəbbi onu çox yaxşı anlayır və hamıdan da ona yaxındır; “And olsun ki, insanı Biz yaratdıq və nəfsinin ona nə vəsvəsə etdiyini də Biz bilirik. Biz ona şah damarından da yaxınıq! (İnsanın adi hərəkətlərindən tutmuş ürəyindən keçən ən gizli hisslər, duyğular belə Allaha məlumdur!)” (Qaf, 16)


Hazırladı: Şahmar Kərimov / Azerislam.com

Mənbə: www.qaradawi.net
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:24
GÜNƏŞ07:53
ZÖHR [ 4 rükət ]13:26
ƏSR [ 4 rükət ]16:30
MƏĞRİB [ 3 rükət ]18:59
İŞA [ 4 rükət ]20:24
GECƏYARI00:41
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka