Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

YA QƏRİB OL, YA MÜSAFİR!

[ Aktual / 5372 dəfə baxılıb ]   
|
 

Dünya sevgisi. Nədir dünya sevgisi?
Allaha təvəkkülün qarşısını alan, ən çox maneə törədən məsələ də elə budur. Dünyaya aşiq olmaq, onun bərbəzəyində batmaq, onun zinətləri üçün bütün günü qaçmaq və yalnız dünya şəhvətlərini əldə etmək üçün gecə-gündüz çalışmaq, tər tökmək, səy göstərmək və yorulmağın sonu həlakdır. Rəbbimiz bizi yaratmış və məhz ona görə də bizim içimizdə nələr olduğunu çox yaxşı bilir. Allah Qurani Kərimdə bizim dünyaya olan bağlılığımızı belə ifadə edir: “Qadınların, uşaqların, yığın-yığın qızıl-gümüşün, yaxşı cins atların, mal-qaranın və əkin yerlərinin verdiyi zövqlərə olan istək insanların gözünə gözəl göstərilmişdir. Bunlar, dünya həyatının keçici zövqüdür, gözəl qayıdış yeri isə Allah dərgahındadır” (Ali İmran 14)

Kimin fikri-zikri yalnız dünya olarsa, dünya üçün çalışmağı özünə ən önəmli iş sayarsa və başqa şeyləri düşünməyə çox zaman ayırmaz, ya da önəmli saymazsa, o zaman olan olmuşdur. Nə olmuşdur? Ən böyük hədəfi və məqsədi dünya olmuşdur. Nəinki belə biri olmaq, hətta belə biri ilə yaxınlıq etməkdən Allah bizi qorusun. Rəbbimiz bizi çəkindirirək buyurmuşdur ki: “Sən də Bizim Zikrimizi rədd edib dünya həyatından başqa bir şey istəməyənlərdən üzünü yana çevir!” (Nəcm, 29)

Həmçinin Rəbbimiz Peyğəmbərə xitab edərək bütün Muhamməd ümmətinə buyuraraq vəhy etmişdir ki: “Səhər-axşam Rəbbinin rizasını diləyərək Ona dua edənlərlə (ibadət edənlərlə) birlikdə özünü səbrli apar (nəfsini qoru). Fani dünyanın bər-bəzəyini arzu edib nəzərlərini onlardan (yoxsul möminlərdən) çevirmə. Qəlbini Bizi (Quranı) xatırlamaqdan qafil etdiyimiz, nəfsinin istəklərinə uyan və (hər) işində ifrata varan bir kimsəyə itaət etmə!” (Kəhf,28).
Ona görə də məhz Peyğəmbərimiz (Sallallahu aleyhi və səlləm) belə dua edərdi; “Allahım, müsibətimizi dinimizdə etmə, dünyanı da nə ən böyük məqsədimiz nə də elmimizin qayəsi etmə.”
Dünyanın kölələri heç bir zaman ixlasla Allaha bəndə ola bilməyəcək. Allaha ixlaslı bəndə olmaq Ona tam inanmaq, güvənmək, etibar və təvəkkül etmək deməkdir. İnsan iki tərəfli ola bilməz. Tam Quranın vəsf etdiyi kimi, insan iki qəlblə yaranmamışdır: “Allah bir adamın daxilində iki ürək yaratmamışdır....” (Əhzab, 4). Allaha həqiqi bəndə olmaq üçün Rəbbimizin buyurduğu kimi Ona təvəkkül etmək lazımdır. Bunu da Rəbbimiz Rəsulullaha öyrədərək bütün ümmətinə buyurmuşdur; “...De: “O, mənim Rəbbimdir. Ondan başqa ilah yoxdur. Mən yalnız Ona təvəkkül edir və Ona üz tutub tövbə edirəm” (Rə’ad, 30).

Rəbbimiz bizi dəfələrlə Qurani Kərimdə dünyaya aldanmaqdan çəkindirmişdir: “Ey insanlar! Şübhəsiz ki, Allahın (qiyamət barəsindəki) vədi haqdır. Dünya həyatı sizi aldatmasın. O tovlayan (Şeytan) da sizi tovlayıb yoldan çıxartmasın!” (Fatir, 5)
Hamımız bilirik ki, bu dünya fanidir və ondan əbədi bir xeyir gözləmək doğru deyil. Ağlı olan insan da, dünyaya bağlanmaz, güvənməz və etibar etməz.

Bir gün İmam Əlinin (Allah ondan razı olsun) yanına daxil olan bir qrup onun, sanki dünyanı qarşısına qoyub onunla söhbət etdiyini görmüş və belə dediyini rəvayət etmişdilər: “Əl çək məndən ey dünya! Məndən başqasını get aldat. Səni artıq 3 dəfəlik boşamışam geriyə dönüş yoxdur, sənin ömrün qısa və özün də çox alçaqsan!”
İbn Ömərdən (Allah onların ikisindən də razı olsun) belə rəvayət olunur ki, Rəsulullah buyurmuşdur ki: “Dünya elə ol ki, ya qəribmişsən ya da yol keçirmişsən kimi. Axşama çıxdınsa sabahı gözləmə, sağlamlığından xəstəliyin üçün, həyatından da ölümün üçün bir şeylər götür.”

İnsanların bu dünyada ən əsas problemlərindən də biri, özlərini əbədiyyən yaşayacaqmış kimi hiss etmələridir. Əbədi olmasa da, ölüm onlardan çox uzaqdadır deyə düşünürlər. Ona görə Peyğəmbərimiz İbni Ömərə tövsiyə edərək bu dünyada yolçu kimi olmağı buyurur. O (Allahın salam və duası olsun Onun üzərinə) həmçinin öz xitabını bütün ümmətinə yönləndirir ki, bu dünaya bel bağlamayaq. Bu dünyada qərar verməyək. Qərar veriləcək, qalacaq bir yer varsa o da Axirət həyatıdır. Fironlar dövründə olan bir saleh bəndə öz qövmünü haqqa çağıraraq belə deyirdi; “O mömin adam dedi: “Ey qövmüm! Mənim ardımca gəlin, sizi doğru yola çıxardım! Ey qövmüm! Bu dünya həyatı ancaq fani bir zövqdür, axirət isə qərar tutacağınız yurddur” (Ğafir, 38-39).
Bu dünya yalnız və yalnız qısa müddətli bir həvəsdir, o həvəsdən çəkinə bilməyənlər isə çox acı çəkə bilərlər. İnsan başqasının evində necə narahat qalırsa, başqa ölkədə yersiz, yurdsuz və ya vizasız necə rahatsız olursa dünyada da belə olmalıdır. Gecə bizi gündüzə ötürür, gündüz də gecəyə təslim edir və beləcə ömrümüz yavaş-yavaş bitir. İnsanın bir vətəni varsa, o da Cənnət olmalıdır, dünya deyil.

Hamımız müsafirik, ölüm qatarını gözləyirik. Bir dəfə Fudeyl bin İyad bir kişidən soruşur ki; “neçə yaşın var?” Kişi; “60”. Fudeyl; “Onda 60 ildir ki, Rəbbinə tərəf gedirsən, artıq çatmaq üzrəsən. “Kişi: “Hamımız Allaha məxsusuq və hamımız da Ona dönürük.” Fudeyl: “Dediyinin mənasını bilirsənmi? Kim bilirsə ki, Allahın quludur və Ona dönəcəkdir, bilsin ki, o, Allahın hüzurundadır. Kİm bilirsə ki, Allahın hüzurunda dayanmışdır, bilsin ki, sorğu sual olunacaqdır. O zaman suala cavab hazırlasın.”

Ömrümüz azaldıqca sanki soyuluruq. Soyulub, soyulub bir gün yox olacağıq. Allah rəhmət etsin Həsən əl-Bəsriyə, belə demişdi: “Ey adəm oğlu, həqiqətdə sən günlərdən ibarətsən. Bir gün keçəndə sənin bir hissən keçir gedir. O zaman ki, günlərin bitəcək və sən təmamilə bitəcəksən.”
Sələfimiz və keçmişimiz olan salehlərimiz haqqında oxuyuruq ki, eləsi olub gecə yatanda ailəsilə vidalaşırmış ki, səhərə sağ çıxmağına inanmırdı. Çoxlarının vəsiyyətin həmişə yazılır və yastığının altında hazır olardı. Dünən bizimlə olan bu gün görürsənki yoxdur. Ya da gözünün qarşısında birdən canını tapşırır. Ölüm nədir? Bir anlıq qəlbin atışlarının yavaşıması, sonra birdən dayanmasıdır. Nəfəs daralır, sinə sıxılır, gözlər bərəlir və ruh bədəndən çıxır. Bir keçid xəttidir. Bu dünyadan o biri dünyaya keçiddir. “Heç kəs sabah nə qazanacağını bilə bilməz; heç kəs harada öləcəyini də bilməz. Allah isə, şübhəsiz ki, Biləndir, Xəbərdardır” (Loğman, 34). "Birinizin ölümü çatıb: “Ey Rəbbim! Mənə bir az möhlət versəydin, sədəqə verib salehlərdən olardım! – deməmişdən əvvəl sizə verdiyim ruzidən (Allah yolunda) xərcləyin. Və (bilin ki) Allah əcəli çatan heç kəsə möhlət verməz. Allah sizin nə etdiklərinizdən xəbərdardır!” (Munafiqun, 10-11).

Nə xoş halına həqiqi mömin olanların. O möminləri ki, Rəbbimiz belə vəsf etmişdir; “Möminlər ancaq o kəslərdir ki, Allah anıldığı zaman onların qəlbi qorxuya düşər, Onun ayələri onlara oxunduqda imanları artar, yalnız öz Rəbbinə təvəkkül edər, namaz qılar və Bizim onlara verdiyimiz ruzidən (Allah yolunda) xərcləyərlər. Onlar həqiqi möminlərdir. Onlar üçün Rəbbi yanında dərəcələr, bağışlanma və bolluca ruzi vardır” (Ənfal 2-4). O möminlər ki, Rəbblərinin məqamını uca tutar və ixlasla Rəbblərinə qul olarlar: “Ancaq kim Rəbbinin hüzuruna gələcəyindən qorxmuş və nəfsinə ehtirası yasaq etmişsə. Həqiqətən, onun yurdu Cənnətdir!” (Naziat, 40-41).

Mənbəhttp://qaradawi.net/articles/86-2009-12-12-10-35-10/5516-2012-01-16-14-19-49.html
http://qaradawi.net/component/content/article/4299.html

Hazırladı: Şahmar Kərimov
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:17
GÜNƏŞ07:53
ZÖHR [ 4 rükət ]12:35
ƏSR [ 4 rükət ]14:57
MƏĞRİB [ 3 rükət ]17:15
İŞA [ 4 rükət ]18:47
GECƏYARI23:46
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka