Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

İRADƏ, İNANC VƏ DÜRÜSTLÜK

[ Aktual / 5654 dəfə baxılıb ]   
|
 






























İradə və inanc arasında qalmışam

Allah təala bu dünyanı və dünyada olanların hamısını bir sınaq üçün xəlq edib. Dünyada bütün şərtləri, imkanları və şəraitləri də yaradıb. Zəngini, kasıbı, ziyalısı, axmağı, şərəflisi, namussuzu, vicdanlısı, əxlaqsızı, güclüsü, zəifi və hər çür insanı tapmaq mümkündür bu dünyada. Kiməsə nemət vermişsə və ya əlindən almışsa da belə, Allah təala hər bir kəsi yaşadığı vəziyyətinə görə imtahan edir. Hər kəs öz halına, vəziyyətinə və imkanlarına görə məsuliyyət və cavabdehlik daşıyır.
Özümüzü müsəlman sayırıq deyilmi? Allaha və Onun buyurduqlarına iman gətirmiş hesab edirikmi? O zaman hər birimiz, imkanımız dairəsində ən üstün və ən yüksək bacardığımız qədər iş görməli, nailiyyətlər həyata keçirməliyik. Bir hədəfə yönəlmişiksə, o hədəfin qarşısında onu çəkindirəcək hər bir maneəyə də güc gəlməyi bacarmalıyıq. İçində maneələrə qarşı mübarizə ruhu və yolunda duran fitnələrə uymamaq qüvvəsini həmişə sağlam saxlamalıdır. Bizlərə bu dünyada əmin-amanlıq ola biləcək bir yer yoxdur ki, ora, imanımız üçün rahat bir liman olsun. Yaxud elə bir yer yoxdur ki, orada təqvamız, nəfsimiz və əxlaqımız üçün qorxmadan rahat otura bilək. Hamımız sanki bir yoxuşdayıq, ya zirvəyə qədər tab gətirməliyik, ya da yuvarlanıb düşməliyik. Həm də cazibə qüvvəsi bizi çəkir. Doğru və yanlışın cazibələri arasında dartınaraq qalmışıq. Xeyr və şər kimi iki daşın arasında get-gəldəyik. Əxlaq prinsiplərimizin və ya normativlərimizin birini boş buraxsaq, bizi azğınlıq və pozğunluq okeanına ata biləcək qədər təhlükəlidir. Həyatımızda gələn hər bir saat yeni təhdidlərlə üzləşdirir bizi. Təhdidlərə sinə gərmək üçün isə bizə iki əsas şey lazımdır; Allah təalanın “hidayəti” və “dəstəyi”.


İslam cəmiyyətlərinin hazırki halı

Hər namazın hər rükətində fatihə surəsini oxumaq tələb olunur hər bir müsəlmandan. Bu surə də həmin iki mənanı özündə cəmləşdirir. (1.İyyəkə nəbudu va iyyəkə nəstəin. 2.İhdinəssiratəl mustəqim). “Biz yalnız Sənə ibadət edir və yalnız Səndən kömək diləyirik. Bizi doğru yola yönəlt!”. Bizi doğru yolda sabit et də, deyilə bilərdi. Amma bu yol elə bir yoldur, orada sabit qalmaq qeyri-mümkündür. Ona görə də daima Allahdan dəstək və hidayət istəməliyik. Allah yolunda, yəni doğru-düzgün yolda davam etmək üçün daim mübarizə aparmaq, səy və cəhd göstərmək gərəkdir. Xüsusilə də indi biz elə bir əsrdə yaşayırıq ki, acınacaqlı, qəddar, zalım və çox utandırıcı. Tamahlar, şəhvətlər, ağız sulandırıcı azğınlıqlar sağdan, soldan bizi əyməyə və sındırmağa çalışır. O qədər çoxalıb ki, artıq boğulduğumuzu hiss edirik. İmanımızın belə dəyərini hiss edə bilmirik. Əxlaq prinsiplərimizi sağlam saxlaya bilmə qürurunu duya bilmirik. İslam cəmiyyətlərində bu gün elə şəxsiyyətlər yaşayır ki, gələcək nəsillərə dəhşət dərəcədə pis nümunələr göstərirlər. Bu günümüzdə artıq pis və münkər əməlləri çox hallarda asanlıqla edə bilirik. Bunun qarşılığında heç bir cəza çəkmir və ya cərimə ödəmirik. Əvvəllər edə bilmədiyimiz günahları indi elə rahat edirik ki, artıq normal bir hala çevrilir. Bu hal da içimizdə getdikcə çoxalır. Buna bəhanələr və üzrlü səbəblər tapırıq. Hamı edirsə normaldır, filankəslər edirsə biz niyə çəkinməliyik? Çünki örnək saydığımız insanları da səhv salırıq. Təzyiqlər və sıxışdırmalar altında vicdanımızı rahat etmək məcburiyyətində hiss edirik özümüzü. Azadlıq və demokratiya adı altında da o qədər ismarışlar yeridilib beynimizə ki, fikrimiz və düşüncəmiz başqa cür formalaşıb. Bizim çox şeyə haqqımız var, çox şey əldə edə bilərik, niyə etmərik ki? Qarşımızda niyə məhdudiyyət və çərçivələr yaradırıq? Nəyisə əldə etməyə görə niyə onun üçün icazə və ya rüxsət axtarmalıyıq? Bu kimi ismarıclar bizi yalançı inkişafa və irəliləyişə sövq etdirir. Beləcə müvəffəq ola biləcəyimizi düşünərək yürüyürük.


Doğruluğun, dürüstlüyün sirləri

Allah təala elçisi Muhammədə (Allahın salam və duası Ona, ailəsinə və bütün əshabına olsun) “istiqamət etməyi”, doğru-dürüst olmağı əmr etmiş və belə buyurmuşdur; “(Ya Rəsulum!) Sənə əmr edildiyi kimi, düz (yolda) ol. Səninlə birlikdə iman gətirənlər (tövbə edib ardınca gedənlər) də düz (yolda) olsunlar. (Allahın əmrlərini pozub) həddi aşmayın, çünki O sizin nə etdiklərinizi görəndir!” (Hud, 112).
İbn Abbas demişdir; “Rəsulullaha bu ayədən daha ağır gələn və daha şiddətli olanı nazil olmamışdı.” Ona görə Rəsulullaha səhabələri “Tez qocaldın (yaxud saçın tez ağardı mənasında)” deyəndə belə cavab vermişdi; “Hud surəsinin ayələri (yaxud Hud surəsi və ona bənzər digər surələr) məni qocaltdı.”
İslam şəxsiyyətinin əsasını və dürüstlüyün, doğru yolda olmağın əhəmiyyətini israrla bizlərə çatdırıb peyğəmbərimiz. Doğruluq, düzgünlük bütün dünya işlərində bəyənilir və uğur gətirir. İctimai əlaqələr, beynəlxalq əlaqələr, daxili əlaqələr və bütün işlərdə nizam intizamı qorumaq üçün ən yüksək dəyərləndirilən xüsusiyyət dürüstlükdür.
O qədər insan var ki, müvəffəqiyyət, uğur və nailiyyətlər əldə etmək üçün Allah ona bir deyil, iki deyil, saysız-hesabsız nemət və imkanlar verib. Ancaq azğınlıq və əyrilik onlara qəlblərinin dərinliyinə getməyə, vicdanlarının səsini dinləməyə imkan verməyib. Müsəlman şəxsiyyətin dərinliklərində yaxşılıq və sükunət vardır ki, onu daim xeyr işə həvəsləndirir. Məhz azğınlıq və dürüst olmamaq Allahın verdiyi imkanların səhv istifadəsinə şərait yaradır, beləcə həm şəxsiyyətin, həm də cəmiyyətin inkişafına xələl gətirir. Biri var günah etmək biri də var, günahı gündəlik əxlaq normasına çevirmək. İkinci halda insan artıq hədəfini müəyyənləşdirməkdə də səhv edir, öz dəyərini də anlamır, özünə güvənini də itirir.
İstiqamət, yəni doğruluq və dürüstlük bölünə bilinməyən bir məfhumdur. İnsan azacıq istisna olmaqla ümumən dürüstdür, çox vaxt sadiqdir, yaxud az pulun qarşısında möhkəm, çox mal-dövlətin qarşısında zəifdir kimi məfhumlar qəbul olunmur. Dürüstlük bir bütövdür, nisbi olaraq az ya çox olmur. Ya vardır, ya yoxdur. Bu çox həssas mövzudur. Təbii ki, insan səhv edir, günaha batır, lakin bununla dürüst deyil deyə üzərindən xətt çəkilməməlidir. Sadəcə hər bir insan ürəyində düzgün olmaq istəyi, çalışqanlığı, yanğısı varsa, bunu çox yaxşı bilir.
Bu gün bizim gündəlik əxlaqımızı təmir etməyə çox ehtiyacımız var. Doğru və dürüst olmaq üçün bu gün daha çox çalışmaq, daha çox fədəkarlıq etmək və yorulmaq gərəkdir. Özümüzü içimizdən düzəltməliyik, içimizdə bir ciddiliyin əsasını qurmalıyıq. Ciddiliyimizdə problemlər var. Ciddi ola bilmədiyimizdən çox irəliləyə bilmirik. Dəyişə bilmirik, dəyişməkdən qorxuruq deyə də çox ciddi ola bilmirik. Gözəl əxlaq sahibi və düzgün olmaq üçün əslində çox xüsusiyyətləri dəyişməyə ehtiyac yoxdur. Bir neçə gözəl xüsusiyyətlərə malik olan insan gözəl və dürüst olar. Amma bununla yanaşı o insan pis adətlərindən qurtulmağı da bacarmalıdır. Tez bir zamanda baş verə biləcək bir iş deyil bu, hamımız bilirik. Amma ən azından bir niyyət və ciddilik olmalıdır içimizdə. Ondan sonra da ildə bir-iki dənə pis adətimizə, yaxud alışdığımız günaha, yaxud da təkrarladığımız səhvə son qoyaraq yaşasaq, bir müddət sonra pis adətlərdən qurtulmuş, doğru-dürüst və ciddi bir şəxsiyyət olduğumuzu hiss edərik. Ən az 5 ilin içində insan bu minvalla sadə insanlardan fərqlənərək, yüksək məramlı, dəyərli və seçilmiş bir şəxsiyyət olacaqdır.
Əyriliyimiz, azğınlığımız, etdiyimiz günahların çoxluğundan və təkrarlanmasındandır. O qədər çoxalıb ki, bizim əsasımızı təşkil edən torpağımızı bulandırıb. Torpağımıza qarışıb və içindən nəfsani və ictimai problemlərimizi bitirir. Problemlər kök atmış və diblərini bərkitməyə başlayır. Başımıza gələn çətinliklərimizə və bəlalarımıza diqqətlə nəzər salsaq görərik ki, əksəriyyətini bizim elə özümüzün təkrarladığımız səhvlərin ucbatındandır. Əyrilik və azğınlıq isə, enində sonunda sahibinə bir ziyan vurmalıdır. İnsan düzəlmək istəmədikcə, getdiyi cığır darlaşır, qaranlıqlaşır və sonunda önü tutulur, geriyə isə yolu görə bilmir, zülmətin içində batıb qalır. Bunu isə bəzən çox gec dərk edir.

İstiqamətlə, doğru-dürüst olmağa çalışmaqla biz nəfsimizə kölə olmaqdan azad, mənliyimizi və şəxsiyyətimizi dürüst olmayan istək və arzuların əlindən çəkib götürə, iradəmizi yalançı inkişafın qandallarından qurtara bilərik. Dürüst olmağı bacardıqda daxili iztirablar, stresslər, depressiyalar, sıxıntılar, vicdan əzabından qurtula bilirik. Beləcə içimizdə bir rahatlıq, sükunət və etdiyimizin doğru olduğuna görə arxayınlıq duyğuları oyanar. Bu da sonunda insana elə bir səadət və xoşbətlik hissləri verər ki, nə halda olursa-olsun insanın sevincini və rahatlığını təsvir etmək qeyri-mümkündür. Doğru-dürüst yaşayan insanın xoşbəxtlik və arxayınlıq duyğularını ifadələrlə çatdırmaq çox çətindir.

Bu sürətlə dəyişən modern əsrdə insan cövhərini necə qorusun, qəlbinin nizam-intizamını necə qursun, həyatını dürüstlük uğrunda necə nizamlasın? Bunun üçün bir dəyişmə və hərəkətə keçmə nöqtəsi olmalıdır. O nöqtəni təyin etdiksə, zamanını da müəyyənləşdirmək lazımdır. Zamanını isə gecikdirmək olmaz. Uzatdıqsa, hər an peşman ola bilərik.


Hazırladı: Şahmar Kərimov / Azerislam.com
Mənbə: /www.onislam.net/
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:16
GÜNƏŞ07:53
ZÖHR [ 4 rükət ]12:34
ƏSR [ 4 rükət ]14:57
MƏĞRİB [ 3 rükət ]17:15
İŞA [ 4 rükət ]18:47
GECƏYARI23:45
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka