Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

İMAN VƏ ŞİRK [1]

[ Müqəddəs quran / 8024 dəfə baxılıb ]   
|
 
“And olsun zamana ki, insan ziyan içindədir. İman edən, saleh əməl işləyən, haqqı və səbri tövsiyə edənlər istisnadır.” (Əsr surəsinin Məalı)


İman və şirk Quranın ən çox diqqət çəkdiyi iki kəlmədir. Quran, imanımıza şirk qatmamağı əmr edir və şirkin nə demək olduğuna dair bir çox məlumata yer verir, bizə onun incəliklərini anladır. Çünki Quranın göndəriliş məqsədi mömin insan yetişdirməkdir. Buna görə də Qurani Kərim, möminə ziyan verən hər şeydən onu çəkindirir.
Nədir İman?

a) İman kəlməsinin mənası və Qurandakı istifadəsi
Ərəb dilində ə-m-n kökündən törədilən bu kəlmə “nəfsin hüzuru və qorxunun getməsi” mənasına gəlir. Əmn, əmanət və əman kəlmələri də eyni kökdəndir. Əman bəzən insanın hüzurda olduğu halın adı, bəzən də insanın güvəndiyi şeyin adı olur. İnsanın hüzur tapdığı yerə də ərəb dilində mə’mən deyilir. Ə-m-n kökü ilə bağlı olan iki kəlməni araşdırmağa çalışaq: bunlardan biri iman, digəri isə əmanət/əminlikdir.

1. İman
İman kəlməsi lüğətdə “güvən içində olmaq, qorxusuz olmaq” mənasındakı əmn (əman) kökündən törədilib və “inanmaq, güvənmək, qorxunun gedib yerinə güvənin gəlməsi və şəxsən güvənilən şey” kimi mənalarda istifadə edilir. Kəlmənin lüğəti mənasına görə iman kəlməsinin quruluşunda “güvənmək” mənası var. Bu kəlmənin “inanmaq”, “təsdiq etmək” və “boyun əymək” mənaları isə yəqin ki, əsli olan “güvənmək” mənasından yaradılıb.
Termin olaraq isə iman, “Allahdan alıb din adına təbliğ etdiyi zamanlar peyğəmbər(lər)i təsdiq etmək və onlara inanmaq deyə tərif edilir.

İbnul Cəvzi, Quranda 800-dən çox yerdə keçən iman kəlməsinin: dillə iqrar, qəlblə təsdiq və iqrar edilən şeyin doğruluğuna yönəlik daxili hüzuru olmaq üzrə üç ayrı mənada istifadə edildiyini söyləmişdir. Bəzi müfəssirlərimiz isə bu kəlmənin beş mənasının olduğunu söyləyirlər: “təsdiq, salat - dillə iqrar, tövhid, şəri (şəriətə uyğun) iman və namaz”

I. Səri mənada iman
İman kəlməsinin Qurandakı istifadəsinin demək olar ki, çoxu bu mənada, yəni Allahın inanılmasını əmr etdiyi həqiqətləri gizli və açıq şəkildə iqrar etmək mənasında istifadə edilmişdir. Yeri gəlmişkən, “İnanıb yaxşı işlər görənlər də xalqın ən xeyirlisidir” (Beyyinə, 7) “İnanıb yaxşı işlər görənlərə gəlincə imanlarına görə Rəbləri onları, altından ırmaqlar axan nemət cənnətlərinə yerləşdirəcək” (Yunus, 9) şəklindəki ayələrdə keçən amənu ifadəsi “İslamın inanc təlimlərini tam bir təslimiyyətlə, könüldən qəbul edən möminləri” xarakterizə edir.

II. Sadəcə dilin iqrarı
Münafiquun surəsinin üçüncü ayəsində belə buyurulur: (Bu davranışlarının) səbəbi budur: İnandılar, sonra inkar etdilər və buna görə də qəlbləri möhürləndi; həqiqəti anlamırlar.”
Münafiqlərin vəziyyətinin anladıldığı bu surədə onlara nisbət edilən bu inanc, İslamın qəbul etdiyi inanc deyil. Başqa sözlə buradakı iman kəliməsi, “qəlbin təsdiqi olmadan sadəcə dilin iqrarı”ndan ibarətdir.
Kəlmənin Hucurat surəsinin 14-cü ayəsindəki istifadəsi də eyni mənanı ehtiva edir. Bu ayədə, Bədəvilərin inancları haqqında Hz. Peyğəmbərə belə deyilir: “Bədəvi Ərəblər, “inandıq” dedilər. De ki: İnanmadınız; fəqət islama yönəldik deyin. Hələ ki, iman qəlbinizə yerləşməmişdir.”
Bu ayədə keçən ammənna ifadəsi də həqiqi iman deyil, “sadəcə sözdə tələffüz”dən ibarətdir. Belə ki, ayənin sonundakı “hələ ki, iman qəlbinizə yerləşmədi” cümləsi bu inancın, həqiqi mənada bir iman olmadığını açıqca ortaya çıxarır. Bu halda, hər iki ayədəki iman kəlməsi də “qəlbin təsdiqi olmadan sadəcə dildə söylənən sözlərdən ibarət bir iqrar” olub, həqiqi iman deyil.

III. Tövhid
İman kəlməsi bəzi ayələrdə də “tövhid” yəni “tək Allaha iman” anlamında istifadə edilmişdir. “İnandıqdan sonra Allaha qarşı nankorluq edən, - qəlbi imanla (tövhidlə) dolu olduğu halda inkar etməyə məcbur edilənlər istisna olmaqla, - küfrə yönələnlərə Allahdan qəzəb enər...” (Nəhl, 106) “Kim imanı (tövhidi) qəbul etməzsə onun əməli ziyan olmuşdur” (Maidə, 5), “Siz imana (tövhidə) çağrıldınız, lakin inkar etdiniz”. (Mumin, 10)
Bu üç ayədə, iman kəlməsi ilə ifadə edilmək istənilən şey, “islam təliminin əsası olan tövhid inancı”dır. İnancın mənası və edilən əməllərin qəbulu da bu əsas təlimi təsdiq etməkdən asılıdır. Əks halda nə inancın, nə də ki, edilən əməllərin heç bir dəyəri yoxdur.

IV. Şirkə bulaşmış iman.
İman kəlməsi bəzi ayələrdə Məkkə müşriklərinin Allaha iman tərzlərinə istinad edilərək şirklə əlaqələndirilmişdir. Məsələn: “Onların çoxu, yalnız şərik qoşaraq Allaha inanarlar” (Yusuf, 106) ayəsində “Məkkəli müşriklərin şirkə bulaşmış Allah təsəvvürlərinə” diqqət çəkilmişdir.
Bildiyimiz kimi, İslamdan əvvəl Ərəb toplumunda da tək tanrı inancı mövcud idi. Belə ki, “(Rəsulum) de ki: Sizə göydən və yerdən kim ruzi verir? Ya da qulaqlara və gözlərə kim sahib (hakim) olan kimdir? Ölüdən dirini, diridən ölü çıxardan kimdir? (Hər cür) işi kim idarə edir? (Şübhəsiz ki) “Allah” deyəcəklər. De ki: Elə isə (Ona asi olmaqdan) çəkinmirsinizmi?” (Yunus, 31) ayəsində də bu tarixi həqiqətə işarə edilir.
Belə ki, Quranın nüzul dönəminin ərəbləri kainata hakim olan yeganə Allahın varlığına iman etməklə yanaşı, Ona fərqli şəkillərdə şirk qoşurdular. Onların bir qismi “Mələklər Allahın qızlarıdır” (Nəhl, 57; Zuhruf, 19) deyərkən, bir qismi də “Tanrıya yaxınlaşmaq üçün bütlərə tapırıq” (Zumər, 3) deyirdilər. Başqa bir tərəfdən Əhli Kitaba mənsub olan Xristianlar “Məsih Allahın oğludur” deyərkən, Yəhudilərdən bir qismi də “Üzeyirin Allahın oğlu olduğunu” (Tövbə, 30) iddia edirdilər. “Kitabın bir qisminə inanıb, bir qismini inkar edirdilər” (Bəqərə, 85). Beləcə bütün bu qruplar sahib olduqları Allah inancına şirk bulaşdırmışdılar.

V. Salat. (Namaz)
İbnul Cəvzi, “Allah sizin imanınızı əsla zay etməyəcəkdir” (Bəqərə, 143) şəklində ayədə keçən iman kəlməsinin “namaz” mənasında istifadə edildiyini söyləmişdir. Buna görə ayə, Allah (qiblə dəyişdirilmədən öncə) Beyti Məqdisə yönələrək qıldığınız namazlarınızı boşa çıxarmayacaqdır” şəklində bir mənaya gəlir. Ayədəki iman kəlməsinə eyni mənanı verən Mavərdi, bu barədə buları söyləmişdir: “Salat (namaz) niyət, söz və əməli ehtiva etdiyi üçün burada “iman” olaraq adlandırılmışdır. Ayənin eniş səbəbinə gəlincə; qiblə Beyti Məqdisdən Kəbəyə təhvil verilincə müsəlmanlar Hz. Peyğəmbərin yanına gələrək “Daha əvvəl ölən qardaşlarımızın vəziyyəti necə olacaq?” deyə sual verdilər. Bunun üzərinə də bu ayə nazil oldu.” (Mavərdi)

VI. Güvənmək
İman kəlməsi ilə eyni kökdən gələn və Quranda bir çox nümunəsi olan bəzi ifadələr “güvənmək” mənasına gəlir. “Bir-birinizə əmanət verərsinizsə, əmanət verilən şəxs əmanəti sahibinə versin və (bu haqda) Rəbbi olan Allahdan qorxsun” (Bəqərə, 283) Bu ayədəki əminə kəlməsi “güvənmək” deməkdir.
Bundan başqa imanın güvənmək mənasında işlədildiyini təsdiq edən Ysusf, 12 və 64; Nisa, 136; Saff, 10-11; Tövbə ,61; Mumin, 7 –ci ayələrinə də baxa bilərsiniz.
Belə ki, amina, aminə, aminun, aminin, əmn, əmənəh, əmin, çəmən və mə'mun kəlmələri də Quranda daima “güvənmək və ya güvən” mənalarında istifadə edilmişdir.

VII. Güvəndə olmaq
İman kəlməsinin ən diqqət çəkən mənalarından biri də “güvəndə olmaq” şəklindədir. “Oraya (Kəbəyə) girən insan orada özünü güvəndə hiss edər” (Ali İmran, 97) Bundan başqa Hz. İbrahimin duasının da mövzusu olan “Məkkənin güvənilən bir şəhər qılınması” (Bəqərə, 126; İbrahim, 35) şəklindəki arzuda istifadə edilən kəlmə də amin kəlməsidir.

VIII. Güvən vermək
“O, elə bir Allahdır ki, Ondan başqa heç bir tanrı yoxdur. O, mülkün sahibidir, qüsursuzdur, salamatlıq bəxş edən, əmniyyətə qovuşdurandır, qoruyandır, üstündür, istədiyini məcburən etdirməyə qadir, böyüklükdə tayı olmayandır.” (Həşr, 23) Bu ayədə olan mumin kəlməsi, Allahın bir sifətidir və “güvən verən, güvən qaynağı” mənasına gəlir.
“Onları yedirən və bir çox qorxudan əmin qılan bu evin Rəbbin qulluq etsinlər” (Qureyş, 3-4) Buradakı amənə feli də “güvəndə qılmaq, qorumaq” mənasındadır.
Quranda, əmn kökündən gələn kəlmələrin “əmanət, əmniyyət, qorxusuzluq” anlamına gələ biləcəyi bir çox ayəyə rast gəlmək mümkündür. Burada diqqət çəkmək istədiyimiz məqam, imanın sadəcə inanmaqla məhdudlaşmadığı, güvənmək, güvəndə olmaq və güvən vermək mənalarının da olduğudur.



Ardı var.

Mehmet Okuyan
Hazırladı: Xədicə NurƏli
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:17
GÜNƏŞ07:54
ZÖHR [ 4 rükət ]12:35
ƏSR [ 4 rükət ]14:57
MƏĞRİB [ 3 rükət ]17:15
İŞA [ 4 rükət ]18:47
GECƏYARI23:46
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka