Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

KÖHNƏ FƏTVALAR

[ Aktual / 5497 dəfə baxılıb ]   
|
 

Əsrlərdən qalma fətvaları bu gün niyə tətbiq etməliyik? Müasir dövrümüzə, zamanımıza və halımıza uyğun olan şəkildə niyə fətva vermək olmaz? Niyə keçmişdə baş verən hadisələrlə bağlı fətvalar bu günümüzə uyğun gəlməsə də qəbul etmək məcburiyyətindəyik?
Buna bənzər suallar çox ola bilər. Sual verən insanların əksəriyyəti də bu sualları verməkdə haqlıdırlar. Zaman dəyişir, məkan dəyişir, insan dəyişir, hər şey dəyişir və fətva eyni olaraq niyə diktə olunur? Kimsə düşünməsin ki, qanun qaydanı dəyişməkdən gedir söhbət. Qanun və hökm başqadır, Allah buyurubsa, hikmətilə bütün zamanlara və insanlara şamildir. Amma müəyyən hallar vardır ki, o hallarda insanlara çıxış yolu göstərilirsə, o çıxış yolu yalnız o halda qəbul oluna bilər və ya ona bənzər bir halda.

Məsələni çox qəlizləşdirmədən demək istədiyimiz odur ki, əsrlərdən qalma fiqh kitablarındakı fətvaları birə-bir bu zamanımızın insanlarına uyğunlaşdırmaq şərt deyil. Bir zamanlar saqqalını qırxmış, üzündə tük olmayan insanın şahidliyini qəbul etməzdilər. Bəs bu gün necə, tətbiq edə bilərikmi bunu? Hətta yolda gedərkən əlində yemək yeyən insanın şahidliyini qəbul etməzdilər. O insan “Yüngül”, qeyri ciddi biri kimi qəbul olunardı. Hər şeyi eyni formasıyla nüsxələşdirməyə çalışsaq bu gün məhkəmələrdə nələr baş verər, heç təsəvvür edirsinizmi?!
Peyğəmbərimizin dövründən bilirik ki, peyğəmbər qadınları məscidlərə getməkdən çəkindirmişdi. Xüsusilə də gənc yaşdadırsa, nə fitnə olsun, nə də özü yolunu azmasın deyə, bunların qarşısını almaq üçün heç imkan verməzdilər məscidə camaat namazı qılmağa getsin. Bu gün də eynilə tətbiq edəkmi?! Amma analarımız, bacılarımız, qızlarımız, xanımlarımız bu gün məktəblərə, universitetlərə, xəstəxanalara, mağazalara və sairə kimi ictimai yerlərə gedirlər. Bunu normal qəbul edir, məscidə getmək olmaz deyə məscidlər getməyi qadağan edirik. Hər yer qadına açıq olsun, Allahın evi bağlı olsun, getməsin. Təbii ki, məsələ ancaq müəyyən bir ərazidə yerləşən, yalnız kişilərin toplandığı məsciddən söhbət getmir. Məsələ bütün ölkələrdə yaşayan müsəlmanlarda və qadınlar üçün ayrılmış yeri olan məscidlərdən gedir. Qadınlar axı indi məscidlərə yalnız namaza deyil, söhbətlərə, moizə və mühazirələrə qulaq asmağa da gedə bilərlər. Bir araya gəldikdə qadınlar da bir-birindən xəbərdar olur, əlaqələri güclənir. Başqa dinlərə baxsaq görərik ki, o dinlərdə və əqidələrdə olan qadınlar normal və sərbəst ibadətxanalarına gedə bilirlər. Yalnız İslamda qadına qadağa qoymağa çalışırlar. Mütləq qadın hər camaat namazına ora getməsi şərt deyil. Məsələ qadınları küçələrə buraxıb məscid adıyla çıxarmaq da deyil. Amma cümə və təravih namazlarına qadınların getməsində fayda olmamış olmaz. “Qadının yeri evdir, ailəsidir, uşaqlarının tərbiyəsidir” iddiasıyla indi bu paraqrafı oxuyub qəbul edə bilməyənlər də var. Ailəsinin öhdəlikləri və uşaqlarının tərbiyəsi olan qadınları məscidlərə getməyə məcbur edən yoxdur. Sadəcə məsələyə dar çərçivədən baxaraq hər şeyi bir mənalı qəbul etmək düzgün olmaz.

Bu günümüzə qədər də, ayları təsbit etmək üçün “hilal”-ı mütləq gözlə görməyin vacib və şərt olduğunu bildirən alimlərimiz var. Allah onlardan razı olsun! Amma elm inkişaf edib. Ayın başlanğıcı və sonu, saniyələrə qədər hesablana bilir. Ay hansı vaxtı doğulursa onu da dəqiqləşdirmək mümkündür. Bu günümüzün insanı aya qədər üçün çata bilib və artıq bir çox hesablamaları da asanlıqla bacarır. Yeni ayın başlanmasını da təsbit etmək və hesablamaq yəqin ki o qədər çətin bir məsələ deyil.

İbn Abbasdan rəvayət olunur ki, bir dəfə Ona bir kişi yaxınlaşır və soruşur ki; “Bilərəkdən mömin bir şəxsi öldürənə tövbə varmı?” Dedi; “Xeyr, cəhənnəmlikdir.” O kişi gedəndən sonra İbn Abbasın yanında oturanlar deyir; “Sən bizə belə deməmişdin axı, indi niyə o adama belə dedin ki?” Deyir; “Hesab etdim ki, bu gələn adam çox qəzəblidir, gedib kimisə öldürmək istəyir.” Sonra da deyirlər ki, o məsələni araşdıranda, həqiqətən də gəlib sual verən insanın kimisə öldürmək istədiyini aydınlaşdırmışdılar. Hakim belə olmalıdır, hallardan anlamalı, hiss etməli, düzgün qərar verməyi bacarmalı və hikmətlə danışmalıdır. Bu ümmətin “mürəkkəbi” sayılan İbn Abbas da öz bilik və məharətiylə işin nə yerdə olduğunu anlamışdı. O insan öncədən özünə tövbə edə bilmək hüququnu qazandırmaq, sonra gedib həmin cinayəti işlətmək istəyirdi. Amma təbii ki, olan olmuş, keçən keçmişdən sonra, kor-peşman halda adam öldürmüş, cinayət işləmiş bir insan gəlib o sualı İbn Abbasa versəydi, eyni cavabı verərdimi?!

Eynilə də, Peyğəmbərimizə Ramazan orucu zamanı qadınına yaxınlaşmaq barədə sual verən iki insanı misal gətirmək olar. Biri soruşanda ki, xanımıyla cinsi əlaqəyə girmədən, sadəcə öpüb, qucaqlamaq kimi yaxınlıq edə bilərmi, icazə verməmişdi. Başqa biri gəlib eyni sualı verəndə icazə vermişdi. Səhabələrin marağına səbəb olan bu halı Peyğəmbərimiz, birincisinin çox gənc bir oğlan, ikinci sual verənin isə yaşlı bir insan olduğu kimi izah etmişdir.
Misallar bununla bitmir. Oxuyub araşdırdıqca görmək mümkündür ki, bəzən Peyğəmbərimiz eyni suala müxtəlif cavablar və fətvalar verərdi. Çünki sual verənlərin halları, vəziyyətləri müxtəlif idi. Peyğəmbərimizdən nə qədər hədis rəvayət olunub, Ondan vəsiyyət və ya nəsihət istəyənlər barədə? Biri nəsihət və məsləhət istəyir, ona; “Qəzəblənmə” deyə 3 dəfə təkrar edir. Başqa biri məsləhət istəyir; “De ki, iman gətirdim Allaha. Sonra da doğru-dürüst ol!” Digər biri məsləhət istərkən; “Dilini saxla, çox danışma!” – deyir. Beləcə həyatlarında xoş bir iş görmək üçün Peyğəmbərə müraciət edib, məsləhət almaq istəyən kimsələrə peyğəmbər müxtəlif məsləhətlər verərdi. Hər birinin şəxsiyyətini anlayaraq, problemini aydınlaşdıraraq, xəstəliyini bilərək ən uyğun əlac və ya məsləhət görərdi.
Fətva verəcək alim, hər bir şəxsə düzgün diaqnoz qoymalı, onun halını, vəziyyətini dərindən araşdırmalı, detallarını anlamalı, hiss etməli, tanımalı sonra fətva verməlidir. Şəxsdən şəxsə, zamandan zamana, məkandan məkana, əsrdən əsrə fətva dəyişməlidir. Sosial status, ictimai vəziyyət, siyasi və iqtisadi vəziyyət və sairə kimi onlarla önəmli amillər vardır ki, nəzərə alınmalıdır.
Bu məsələ haqqında mərhum imam və alim sayılan İbn əl-Qeyyim əl-Cevziyyənin “Aləmlərin Rəbbi adından imza atanlar barədə” kitabı vardır. Alim o kitabda bu fiqhi məsələlərə xüsusi olaraq bir fəsil ayırmışdır. Kitabının adını da belə maraqlı seçmişdir. Fətva verənlər sanki Allahın adından danışırlar kimi, vəkil olaraq Onun adından imza atmış hesab olunurlar.
Fətva zamana, məkana və hala görə dəyişməlidir!
Alim İbn əl-Qeyyim həmin kitabında “fətvanın zamana, məkana və hallara görə dəyişməsi” fəslini ayırmış və bu barədə belə qeydlər edib; “Bu fəsil çox möhtəşəm bir fəsildir. Bu məsələdə cahillik edildiyindən şəriətdə çox səhvlər etmişlər. Nəticədə də insanlara çətin və ağır şeylər yükləmişlər. Hətta bəzən mümkün olmayan işlər də buyurmuşlar. Şəriətin isə əsası insanların yaşam tərzinə uyğun, məsləhətli hökmlərin olmasıdır. Şəriət başdan ayağa ədalət, rəhmət, hikmət və uyğunluqdur. Hər bir məsələ ədalətliliyini itirərsə zülmə, rəhmətdən uzaqlaşarsa onun əksinə, uyğunluqdan çıxarsa fəsada, hikmətdən yan keçərsə mənasızlığa aparar. Şəriət insanlar arasında Allahın ədaləti, məxluqatı arasında rəhməti, yer üzündə kölgəsi və Ona aparan hikmətidir. Rəsulullahın sədaqəti də buna açıq-aydın dəlildir. ”
Maliki məzhəbinin banilərindən sayilan alim İmam əl-Qirafinin də bu məsələ ətrafında öz yazıları var. Müəllifi olduğu “İhkam” (Hökm) kitabında O, hökmlərin (yəni fətvaların) nəsillər dəyişməsinə baxmayaraq təkrarlanması icmaya müxaliflik və dində cəhalət sayıldığını bildirmişdir. əl-Qirafi həmçinin müəllifi olduğu “əl-Furuq” (Fərqlər) kitabının 28-ci fərq mövzusunda bu məsələ haqda belə bir qeyd etmişdir; “Fiqh və fətva əhlinin (alimlərinin) hər zaman riayət etmələri gərək olan vacib bir qanun var, zamanların və ölkələrin dəyişməsiylə oranın adət-ənənələrinin dəyişməsini nəzərə almaqdır. Yeni bir adət və ya bilgi ilə rastalaşarsa onu hesaba almalı və ya tanınmazsa da onu hesaba almamalıdır. Ömrün boyu kitablarda sətirlənmiş yazıların üzərində daş kimi dayanmamalısan. Yanına, başqa iqlimdən (başqa ölkədən və ya məntəqədən) biri gəlib səndən fətva istərsə, ona sənin ölkəndə olan adəti xəbər verməməlisən, onun vətənində olan adət (örf) haqda xəbər al, ona uyğun fətva ver və o fətva sənin ölkənin adətinə və kitablarında olana uyğunlaşmağı şərt deyil. Aydın və haqq olan da budur. Nəql olunanların üzərində daş kimi dayanmaq dində zəlalətdir. Həmçinin sələfin və müsəlman alimlərin məqsədlərini anlamamaq və cəhalətdir.”
Hənəfi məzhəbində olan alimlərdə də başqa bir maraqlı xüsusiyyət var. Görürük ki, hənəfi məzhəbində olan ilk alimlərin ictihadi hökmlərini (fətvalarını) sonradan gələn alimlər qəbul etmirlər. Bunu da adətlərin dəyişməsi, həmin zamanda baş verən fəsadlar və cəmiyyətin müxtəlifliyi ilə izah edirlər. Bunda bir qəribəlik yoxdur. Çünki o məzhəbin banisi sayılan Əbu Hənifə özü məhz belə etmişdi.

Saraksi yazır ki; “İmam Əbu Hənifə farsların yeni-yeni islama gəlməsi zamanında, namazda Qurandan oxuyacaqları hissəni fars dilində oxumasına icazə vermişdi. Ərəb dilini tələffüz etməkdə çətinlik çəkdikləri, oxuduqlarını bidət şəklində başqalarına yaymayacaqları və oxunulan ayələrin başqa mənalara yozula bilmədiyi üçün üçün bu cür məsələyə fətva vermişdi. Artıq dilləri ərəb dilinə öyrəşdikdən və sonradan bidətlər və əlavələr yayılmağa başladığı zamanda verdiyi fətvadan geri dönmüşdü.”
Misalları uzun-uzadı gətirmək mümkündür. Amma məsələnin əsas mahiyyəti odur ki, yuxarıda qeyd olunan səbəblərə və zərurətlərə görə fətvalar dəyişə bilər. Çünki əgər qədim fətvalar eynilə gələcəkdə tətbiq olunsa bundan insanlara ziyan da dəyə bilər. Şəriətin isə əsası ziyan deyil, xeyir və mənfəət, məsləhət və uyğunluq, insanların yaşayışını normal davam etdirməkdir.
Günümüzdə əsrimizdə bəzi alimlərin öz əvvəlki fikirlərindən döndüklərinin, yeni fətvalar verdiklərinin şahidiyik. Bu, öz sözündən dönmək kimi deyil, sadəcə həqiqətən zərurətdən yaranan tələbatı anlamaq kimi qəbul olunmalıdır.

Əsrlər boyu Kəbənin, yəni Məscid əl-Həramın içindəki İbrahim məqamı bir yerdə idi. İllər əvvəl həcc ziyarətinə gələn insanların çoxalması ilə yaranan İbrahim Məqamının dəyişməsi məsələsi çıxdı ortaya. İbrahim Məqamı zəvvarların təvafına, onun arxasında namaz qılınmasına maneə və çətinlik törədirdi. Bu bir zərurət olduğundan onun yerinin dəyişdirilməsi də müzakirə obyektinə çevrildi. Təbii ki, şiddətlə dəyişdirilməməsini irəli sürən və həmçinin israrla dəyişdirilməsinin uyğun olduğunu bildirən alimlər var idi. Uzun müddət aparılan araşdırmalar, yazılar, bildirilən mövqelər və rəylərdən sonunda dəyişdirilməsi daha uyğun görüldü. Səbəb kimi də, tıxacın azalması, zəvvarların əzilib ölməməsini qeyd etdilər. Çünki İslam şəriətində, insanların ruhu daha önəmlidir və onlara yüklənə bilməyəcəkləri şeyi yükləmək və əzmək də doğru deyil.

Sonunda qeyd etmək gərəkdir ki, Peyğəmbərimiz həmişə seçim etmək lazım olanda ən asan olanını seçərdi. Özü həmişə tövsiyə edərdi ki, insalara nəyisə öyrətdikdə, təbliğ etdikdə, çatdırdıqda həmişə asanlaşdırın, yüngülləşdirin, çətinləşdirməyin və ağırlaşdırmayın. Çünki Məhəmmədi Rəbbimiz, bütün aləmlərə rəhmət olaraq göndərmişdir, əziyyət və zəhmət olsun deyə deyil.

Hazırladı: Şahmar Kərimov / Azerislam.com
Mənbə: www. Qaradawi.net
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:16
GÜNƏŞ07:53
ZÖHR [ 4 rükət ]12:34
ƏSR [ 4 rükət ]14:57
MƏĞRİB [ 3 rükət ]17:15
İŞA [ 4 rükət ]18:47
GECƏYARI23:45
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka