Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

ÜSTÜ BƏZƏKLİ İMAN

[ Aktual / 6584 dəfə baxılıb ]   
|
 
İnsanlardan, təbii ki, mömin və ya müsəlman olduqlarını iddia edən insanlardan bəzilərinin İslamda əhəmiyyət verdiyi məsələlər yalnız və yalnız xarici görünüşdür. Onlar dinlərində ən çox surətə və şəklə önəm verirlər. Görürsən ki, daim ciddiyyət və tələbkarlıqla üzərində durduqları məsələlər uzun saqqal saxlamaq, paltarı (şalvarı) qısaltmaq, misvak istifadə etmək, namazda ayaqları bir-birinə yapışdırmaq, əlləri göbəkdən yuxarı, yəni sinənin üstündə saxlamaq, bir şey içəndə oturmaq, bütün musiqi növlərini haram hesab etmək, qadına niqabı fərz bilmək və sairə.
Söylədiklərimiz “bunları etmək İslamdan deyil, buna önəm verməyə gərək yoxdur” kimi anlaşılmasın. Bunları edənlərin hamısı da bu kateqoriya müsəlmanlara aid deyil. Sadəcə düşüncə tərzləri çox dar çərçivəli müsəlman qardaş və bacılarımız var ki, İslamın yalnız və yalnız xarici görünüşə verdiyi əhəmiyyətdən yapışırlar. Axı sonunda bu məsələlər yalnız şəkil və surətdir, bununla islam və təslimiyyət tamamlanmır. Həm də axı, İslam insanın ruhunu və qəlbini düzəltmirsə, müsəlman olduğunu iddia edən, mömin sifəti qazandığını düşünən insan daxili aləminə də xarici görünüşünə verdiyi qədər önəm vermirsə, məqsədləri həyata keçmiş sayılmaz.

İslam bir əqidədir, cövhəri tövhiddir, yalnız tək olan Allaha tapınmaqdır. İbadətin cövhəri ixlasdır. İnsan və Allahla olan rəftarın, bağlılığın cövhəri sədaqətdir. Əxlaqın cövhərində rəhmət və mərhəmət yatır. Şəriət və hökmün əsası və cövhəri ədalətdir. Hər bir işin cövhəri onu tamamlamaqdır. Ədəb-ərkanın cövhəri o etikanın zövqünü hiss etməkdir. İnsanlarla olan əlaqələrin cövhəri qardaşlıqdır. Mədəniyyət və inkişaf varsa, onun da cövhəri və əsası balansı itirməməkdir.

İbadətini kimə etdiyini tam anlamayan, tapındığı, sitayiş etdiyi, inandığı bir çox ilahilər, qüvvələr varsa, o insanın əqidəsi zaydır. İtaətində ixlası, əlaqələrində səmimilik və sədaqəti, qəlbində mərhəməti, əxlaqını və ədəbini, ədalət və keyfiyyətini, həyatda balansını itirmişsə, o insan İslamının cövhərini itirmişdir. Nə qədər mömin və müsəlman olduğunu iddia etsə də, dar balaqdan, uzun saqqaldan, niqab və sairə kimi şəkillərdən yapışsa belə, İslamının ruhunu zay etmişdir.
Peyğəmbərimizin ( Allahın salam və duası olsun Onun üzərinə ) öyrətdiklərindən də bilirik ki, yalan danışmaq, əmanətə xəyanət etmək, verdiyi sözü tutmamaq, mübahisə edərkən əxlaqsızlıq göstərmək və sairə kimi sifətlər bir müsəlmanda belə varsa, o müsəlmanda münafiqliyin sifətləri yatır. Hətta bütün bu sifətləri toplamışsa insan, o insan namaz qılıb, oruc tutsa – bütün rükunlara əməl etsə belə münafiqdir.

Bəzi müsəlmanların inandıqları bir məsələ də var. Onlar cəhənnəm atəşindən insanı qoruya biləcək imanın, yalnız zehndə oturmasının kifayət olduğunu düşünürlər. Daha sadə dildə desək, axirət günü insanı qurtara biləcək bir “Lə iləhə illəllah” belə yetər. Allahdan başqa ibadətə layiq olan məbud yoxdur, yalnız pak və münəzzəh olan, hər şeyə qadir Odur, Onun sifətləri və adları vardır, müqəddəsdir və sairə kimi məlumatları öyrənib əzbərləməklə məşğul olmuş, həyatını buna həsr edən insanlar vardır. Bəzən ömrünün 10, 15 və ya 20 ilini sərf edir, amma əzbərlədiyi o məlumatların açmasını, məqsədini və anlamını dərk etmirlər. Bu cür əqidə təlimi ruha toxunmursa, qəlbi titrətmirsə, vicdanı oyatmırsa həqiqi bir iman yarada bilərmi?! Quru-quru təkrarlama, əzbərləmə cövhəri sulamırsa, şəkil və surətlə qurulan müsəlmana Qurani Kərim təsir edərmi?!

Bu yol araşdırmaq, oxumaq, anlamaq, dərk etmək, təfəkkür edib hərəkət etmək yoludur. Zahiri şəkillər, qəliblər, surətlər, donlar qurmaq yolu deyil. Rəbbimiz bizə baxıb, araşdırıb, təfəkkür edib anlamağa çalışmağı əmr etməyibmi? “Məgər onlar göylərin və yerin mülkünə (Allahın göylərdəki və yerdəki səltənətinə, qüdrətinə), Allahın yaratmış olduğu hər şeyə, əcəllərinin yaxınlaşması ehtimalına diqqət yetirib düşünmürlərmi? Artıq buna (bu Qurana) inanmadıqdan sonra hansı kəlama inanacaqlar?” (Əraf, 185). “Yerdə (Allaha) tam yəqinliklə inananlar üçün (Onun əzəmət və qüdrətinə, vəhdaniyyətinə dəlalət edən) əlamətlər vardır. Sizin özünüzdə də (dəlillər vardır.) Məgər görmürsünüz?” (Zariyat, 20-21). “Doğrusu, göylərin və yerin xəlq edilməsində, gecə ilə gündüzün bir-birini əvəz etməsində ağıllı adamlar üçün dəlillər vardır.” (Ali İmran, 190).
Sələfi metodologiyası, başqa cür ifadə etsək sələfi alimlərinin əqidə məsələlərində olan fikir və rəyləri tam olaraq Qurani Kərim və Peyğəmbərimizin sünnətinə dayanır. Bu üslubu, yunan fəlsəfəsi, kəlam elmi və sairə bu kimi üslublardan üstün tutmuşlar ki, bu da ən sağlam və ən doğru olanıdır. Tövhidi hər növ şirkdən, riyakarlıq və nifaqdan təmizləyir, insanı insana tapınmaqdan xilas edib, yalnız Allaha bəndə etməklə azad və müstəqil hala gətirir.

Çox təəssüf ki, müasir “sələfi əqidəsi” və ya hərəkatı isə yalnız və yalnız əqidə məsələsinin “sifətlər” bölməsindən yapışıb durub. Halbuki, bu məsələ üzərində əsrlərdir ixtilaf vardır və davam edir. Bu cür ixtilaflı məsələləri tövhidin əsası və cövhəri edib, mübahisələrə çevirmək əsas məqsədlərdən yayındırır insanları. Sanki insanın bu dünyada və axirətdə səadəti, “Rəb”, “Tağut”, “əsma və sifət”ləri əzbərləməkdən asılıdır.
Qurani Kərimə və Peyğəmbərimizin sünnətinə diqqətlə baxsaq tam əmin ola bilərik ki, iman qəlbə və nəfsə nur verməli, ağlı və düşüncəni işıqlandırmalı, zehni açmalı, təfəkkürü genişləndirməli, vicdanı oyaq saxlamalı, duyğuları hərəkətə gətirməli, iradəni doğrultmalı və bir qüvvət olmalıdır. O qüvvət ki, mömini azdırmaz, daim aktiv və fəal saxlar, imanından əmin edər və balansını itirməyə qoymaz.

O iman qüvvəsi həqiqətən möminin qəlbini hidayətə və doğruluğa yönəldər. Onu daim doğru, dürüst işlərə müvəffəq edər, düzgün istiqamətlər seçməyə yön göstərər. “...Hər kəs Allaha iman gətirsə, Allah onun qəlbini haqqa yönəldər...” (Təğabun, 11). “...Kim Allaha möhkəm bağlanarsa, həqiqətən də, doğru yola yönəlmiş olar.” (Ali İmran, 101). “Heç (küfrlə) ölü olub diriltdiyimiz, sonra insanlar arasında gəzmək üçün özünə bir nur (islam dini) verdiyimiz kəs zülmət içində qalıb oradan çıxa bilməyən kimsə kimi ola bilərmi?” (Ənam, 122). Bu, elə həmin o iman qüvvəsi idi ki, İbrahim peyğəmbəri ( Allahın salamı olsun Onun üzərinə ) içindən doğru yola və haqqa yönəltmişdi və hamının ona qarşı durduğu halda belə demişdi; “Mən, həqiqətən, hənif olaraq, (batildən haqqa tapınaraq, dönərək) üzümü göyləri və yeri yaradana çevirdim. Mən (Allaha) şərik qoşanlardan deyiləm!” (Ənam, 79).
Həqiqi iman qüvvəsi olarsa insanın qəlbində, onu titrədər və daim aktiv saxlayar, xeyirxah əməllərə sövq etdirər. Rəbbimiz buyurur ki; “Möminlər yalnız o kəslərdir ki, Allah anıldığı zaman (Onun heybət və əzəmətindən) ürəkləri titrəyər, Allahın ayələri oxunduğu zaman həmin ayələr onların imanlarını daha da artırar, onlar ancaq öz Rəbbinə təvəkkül edər. (Vaxtlı-vaxtında, lazımınca) namaz qılar və verdiyimiz ruzidən (Allah yolunda) sərf edərlər. Onlar həqiqi möminlərdir. Onların öz Rəbbi yanında dərəcələri vardır. Onları (qiyamət günü) bağışlanma və (Cənnətdə) tükənməz (gözəl, minnətsiz) ruzi gözləyir!” (Ənfal, 2-4).

Həqiqi iman hətta insana ən sevdiyini inandığının yolunda fəda etməyə, qurban verməyə hazır edər. Həqiqi iman, inandığının əmridirsə, canını belə verməyə tərəddüd etmədən razı olar. “O, yüyürüb qaçmaq (atasına kömək edə bilmək) çağına çatdıqda (İbrahim) dedi: “Oğlum! Yuxuda gördüm ki, səni qurban kəsirəm. Bax gör (bu barədə) nə fikirləşirsən!” O dedi: “Atacan! Sənə nə əmr olunursa, onu da et. İnşallah, mənim səbrlilərdən olduğumu görəcəksən!”” (Saaffat, 102).
Həqiqi iman insanı balansını itirməyə qoymaz, ədalətli, doğru dürüst addım atmaqda müvəffəq edər. Habil və Qabilin Qurandakı hekayəsindən bu dialoqa bir fikir verin; “Sən məni öldürməkdən ötrü mənə əl qaldırsanda, mən səni öldürmək üçün sənə əl qaldıran deyiləm. Mən aləmlərin Rəbbi olan Allahdan qorxuram.” (Maidə, 28). Yaxud da, Yusuf peyğəmbərin (Allahın salamı olsun onun üzərinə) hekayəsinin Qurani Kərimdə olan bu hissəsinə baxın; “Evində qaldığı qadın onu yoldan çıxartmaq istədi və qapıları bağlayıb: “Yanıma gəl!”– dedi. O isə: “Allah uzaq eləsin! Axı (sənin ərin) mənim ağamdır, mənə yaxşı baxmışdır. Şübhəsiz ki, zalımlar nicat tapmazlar!”– dedi.” (Yusuf, 23). Yusuf peyğəmbər bütün aldanışlara fikir vermədi, hətta ona qarşı olan həbs hədə qorxusuna belə səbrlə yanaşaraq, Rəbbinə üz tutub səmimi qəlbdən Ona dua etdi; “(Yusuf) dedi: “Ey Rəbbim! Mənim üçün zindan bunların məni sövq etdikləri işi görməkdən daha xoşdur. Əgər bu qadınların hiyləsini məndən uzaq etməsən mən onlara meyl edər və cahillərdən olaram”.” (Yusuf, 33).

Həqiqi iman olan qəlbdə sükunət, əmin amanlıq və təmkin olar. Bunu onların qəlbinə Allah təala nazil edər. “Möminlərin imanı üstünə iman artırmaq üçün onların ürəklərinə (Öz dərgahından) arxayınlıq (rahatlıq və mənəvi möhkəmlik) göndərən Odur.” (Fəth, 4). Yaxud bir başqa ayədə Rəbbimiz buyurur ki; “İman gətirdikdən sonra imanlarına zülm qatışdırmayanları əmin-amanlıq gözləyir. Doğru yola yönəlmişlər də məhz onlardır.” (Ənam, 82). İmanı olmayanlar, Allaha nankorluq edənlər isə bu arxayınlıq və qəlbi rahatlıqdan məhrumdurlar. Bunu Rəbbimiz bizə belə bildirmişdir; “Haqqında heç bir dəlil nazil etmədiyi şeyi Allaha şərik qoşduqlarına görə, kafirlərin qəlblərinə qorxu salacağıq. Onların sığınacaqları yer Oddur. Zalımların məskunlaşacağı yer necə də pisdir!” (Ali İmran, 151).
Buna görə də mömin ən möhkəm bir dağ kimi sabitdir. Hər bir məşəqqətin, çətinliyin və əziyyətlərin qarşısında əzilməzdir. Dünya iztiraba düşsə də, hər tərəf dağılsa da, duyğular pozulsa da, istək və hisslər qarışsa da, ağaclar qopsa da, sular axarından çıxsa da, ildırım və şimşəklər qopsa da, dənizin dalğaları səmanı örtsə də mömin yerindən tərpənməz, Rəbbinə təvəkkül edər. “Kim Allaha təvəkkül etsə, (bilsin ki,) Allah Qüdrətlidir, Müdrikdir!” (Ənfal, 49). Onlar inanır və bilir ki, nə baş verəcəksə olmalıdır, yazılan fəlakətdən qaçmaq mümkün deyil. Tədbir görər, hər bir ehtiyatı əldən verməzlər, amma bir şey oldusa ona görə Allaha qarşı üsyan etməzlər. “De: “Allahın bizim üçün yazdığından başqa bizim başımıza heç nə gəlməz. O bizim Himayədarımızdır. Qoy möminlər Allaha təvəkkül etsinlər!”” (Tövbə, 51).

Qurani Kərimin vəsf etdiyi həqiqi iman və bu imanın insanlığa bəxş etdiklərini bir qısa məqalədə yazmaqla əhatə etmək qeyri mümkündür.
Allah bizlərə həqiqi iman nəsib etsin! İman cövhərimizi oxşasın, cövhərimizi doğrultsun, zahirimiz və daxilimiz çox fərqlənməsin, insanların düşündüklərindən daha yaxşı, daha xeyirxah ola bilək, insanların bizim haqqımızda bilmədiklərini də Rəbbimiz bağışlasın!



Yusif əl Qardavi

Hazırladı: Şahmar Kərimov / Azerislam.com
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:28
GÜNƏŞ07:57
ZÖHR [ 4 rükət ]13:26
ƏSR [ 4 rükət ]16:26
MƏĞRİB [ 3 rükət ]18:53
İŞA [ 4 rükət ]20:18
GECƏYARI00:40
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka