Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

KAİNATIN SÜNNƏTLƏRİ

[ Sünnə / 8728 dəfə baxılıb ]   
|
 


















Təbiətin qanunu deyəndə, təbiətin özü üçün və kainata görə qoyduğu qanunlar deyə düşünməməliyik. Uşaq vaxtından “Təbiətin qanunu” ifadəsini eşidirik. Çünki o zamanlar bizə “Allahın yaradan” olduğunu çatdırmaq istəməmələri səbəbindən Yaradıcını bu cür ifadə etmişdilər. Ancaq yer üzü, kainat və varlıq yaranandan Allahın yaratdığı kainatda müəyyən etdiyi qanun-qaydalar var. Allah-təala bu qanun-qaydaya Öz kitabında “sünnətullah” adı verib. “Sünnətullah” Allahın sünnəti, yəni Allahın yolu, Onun təyinatı, seçdiyi çərçivə və hüdudlardır. Kainatda baş verən hər bir şey Onun təyin etdiyi qaydalardan kənara çıxmır.
Allahın kainatda və təbiətdə qoyduğu qanunlar bizim üçün bir rəhmətdir. Həyatımızdakı bir çox prosesləri elə bir nizamda yaradıb ki, bizim onu axtarıb tapmağımız, dərk etməyimiz və sonra da istifadə etməyimiz asan olsun. Odun alışması prosesi, yaxud yerin cazibə qüvvəsi, yaxud suyun tərkibi və axması və sairə kimi bir çox bizim fizika qanunuyla əsaslandırdığımız sünnətlər həyatımızın inkişafı üçündür. Bütün bunlar insan oğlu üçün mövcuddur. Ona görə də Allah-Təala bizə Qurani Kərimdə bir neçə ayələrində yer üzündə gəzib baxmağımızı, araşdırmağımızı, dərk etməyimizi buyurmuşdur. Ənkabut surəsinin 19, 20-ci ayələrində Rəbbimiz buyurur; “Məgər onlar Allahın yaradılmışları əvvəlcə necə xəlq etdiyini, sonra da onları yenidən təkrarladığını görmürlərmi? Həqiqətən, bu, Allah üçün asandır. De: “Yer üzünü gəzib dolaşın və (Allahın) məxluqatı ilk dəfə necə yaratdığına baxın. Sonra Allah ölüləri dirildəcəkdir. Allah hər şeyə qadirdir.”
Keçmişdə hər şey necə baş vermişsə şahidi olmamışıq və gələcəkdə də bütün hadisələr necə baş verəcəksə hamısının şahidi ola bilməyəcəyik. İstər zamanla olsun, istərsə də məkanla olsun, hər şeyi görə bilmədiyimizlə məhdudlaşırıq. Amma yer üzündəki qanunların və nizam-intizamın necə həyata keçdiyini bilməklə bizim hadisələr haqqında təsəvvürlərimiz yaranır. O təsəvvürlərə əsasən də biz öyrənir və bilirik. Rəbbimiz də məhz bu üsuldan istifadə etməyi tövsiyə edib insanlara; ”Sizdən öncə də neçə-neçə (ilahi) qanunlar olub keçmişdi. Odur ki, yer üzündə gəzib dolaşın və görün (haqqı) yalan sayanların aqibəti necə olmuşdur.” (Ali İmran, 137).
Buna görə də insan məkan məhbusluğuna girməməlidir, azad hərəkət etməli, hər yerdə gəzib, dolaşıb Allahın yer üzündəki ayələrini görməlidir. Bunun üçün can atmalı, səy göstərməlidir. Bir zamanlar bu ümmət, bütün ümmətlər, millətlər və xalqlar arasında ən öndə gedərdi. İndi isə millətlərin quyruğunda belə özünə yer edə bilmir. Tarixdə baş verənləri diqqətlə araşdırmaq lazım, inkişafın və irəliləyişin əsas səbəblərini müəyyənləşdirib, onları bir daha həyata keçirmək lazımdır. Keçmişimizi oxumadan, aydınlaşdırmadan, tariximizi dərk etmədən bir çox hadisələri anlaya bilməyəcəyik.
Hal-hazırda qərb ölkələrində gələcəklə bağlı araşdırmalar aparılır, planlar qurulur, illərə bölünür, təsnif olunur və s. Onlar hətta “gələcək elmi” – deyə bir elmin əsasını da qoymuşlar. Onlar gələcək zamanı 1 il, 5 il, 10 il, 50 il, 50 ildən sonra və sairə kimi hissələrə bölərək yaxın və uzaq gələcəyin dəyişik hadisələrini öyrənir və proqnozlaşdırırlar. Onlar maddi və texnoloji dəyişiklikləri planlaya, qura və həyata keçirə bilərlər. Amma təbii ki, düşündüklərinə əsasən ki, insanın gələcək həyatını yalnız onun elmi və biliyi formalaşdırır, yanlışdır. Sanki insanların yaşayış tərzi yalnız elmə bağlıdır. Rəbbimizin buyuruqlarını nəzərə almadıqları üçün gələcəkdə təəssüflənib peşman olacaqları qaçınılmazdır.
Din bir uydurmadı, din bir tiryəkdir, din gərəksizdir və sairə kimi fikirlərlə yaşayan ideoloqlar, öz və digərlərinin həyatını məhv edirlər. Din, varlığı yaradan Allahın qoyduğu qayda-qanundur. Yer üzündə baş verən hadisələrin də dinlə bağlılığı mütləq vardır. Keçmişə baxsaq, xalqaların, millətlərin məhvi, həlak olması, başlarına gələn hadisələr onların elminin az olmasından, yaxud inkişafın zəifliyindən, yaxud innovasiya və yaradıcılığın yoxluğundan asılı deyildi, məhz Allahın buyurduğu kimi yaşamaq istəmədiklərindən idi. Allah insanı yer üzündə xəlifə kimi yaratmış və həyat tərzini, məqsədini müəyyənlişdirmişsə, artıq əmrə itaətsizlik etmək mütləq onu bir gün həlak edəcəkdir.
Bu o demək deyil ki, müsəlman olan, yəni Allaha təslimiyyət göstərmiş və Onun əmirlərinə tabe olan şəxs qarşısına və gələcəyinə baxmamalı, öyrənməməli, inkişaf etməməlidir. İnsan doğulandan yalnız irəliləmək, qabağa getmək, inkişaf etmək üçün yaşayır. Ən ali məqsədi də, gələcəyi, yəni onun Axirət həyatıdır. Axirət həyatı bir gələcəkdir. O gələcəyini insan özü müəyyənləşdirir, qurur və onun üçün yaşayır. Necə? Bu sual təbiidir. Əlbəttə ki, əməlləri, hərəkətləri, ifadə etdikləri ilə. Təbii ki, eyni zamanda bu dünya həyatında da öz keçici həyatını qurur. Heç kim üçün Allah təala əvəzsiz və ya hərəkətsiz bir şey edən və ya dəyişən deyil. Dilimizdə bir atalar sözü var; “Səndən hərəkət, məndən bərəkət”. Bəli, hərəkət etmək lazımdır ki, Allahın yer üzündə qoyduğu təbiətin qanunları işimizə yarasın. Rəbbimiz buyurur ki Qurani Kərimdə; “Həqiqətən də, insanlar nəfslərində olanı dəyişmədikcə, Allah da onlarda olanı dəyişməz.” (Rad, 11). Deməli halımızın dəyişməsi üçün, bizim dəyişməmiz, dəyişiklik etməmiz gərəkdir. Dəyişiklik etmək üçün də hərəkət etmək, fəaliyyət (aktivlik) göstərmək lazımdır.
Peyğəmbərimiz Muhamməddən (Allahın salam və duası olsun Onun üzərinə) bizlərə çatan rəvayətə görə, gələcəkdə insanlar çox qəribə, keçmişdə rastlaşmadıqları xəstəliklərə məruz qalacaqlar. Bu da onların arasında çirkin və pozğun əməllərin yayılmasının nəticəsi olacaqdır. Peyğəmbərimiz 14 əsr əvvəl haradan bilirdi ki, bu zamanlarda QİÇS və onun kimi qəribə xəstəliklər olacaq? Təbii ki, O, təfsilatını bilmirdi. Sadəcə Allahın yer üzündə qoyduğu qanunlara bələd idi. Bir səbəb varsa, onun nəticəsi də müəyyən formada olmalıdır.
Xorasan fəth olunanda xəlifə olan Ömər bin əl-Xəttaba (Allah ondan razı olsun) “Qalula”-nın (məntəqə və ya şəhər adı ola bilər) qənimətləri gətirilir. Daş-qaşları, qır-qızıl, yaqut, gümüş və sairə kimi nemətləri görür və ağlayır. Əbdur-Rəhman bin Auf (Allah ondan razı olsun) deyir ki; “Nədir səni ağladan ey Əmirəl-Möminin? İndiki şükr etmək zamanıdır.” Ömər də cavabında; “Vallah məni ağladan o deyil, Allaha and olsun ki, Allah hansı xalqa bütün bunları veribsə, onların içində həsəd və kin artmağa başlayıb. Həsəd də aparmağa başladısa insanlar, Allahın həlakına mütləq məruz qalacaqlar.”
Niyə Allahın sünnətlərini, yəni yer üzündə qoyduğu qayda-qanunu dərk etməli, öyrənməliyik?
Necəki insanlar fizika, kimya, cazibə qüvvəsi və sairə kimi qanunları öyrənərək, onları öz istehsal etdikləri hər şeydə istifadə edir və faydalanırlar, eləcə də həyatın, təbiətin, bəşəriyyətin, varlığın və hər şeyin bir gedişat qanunu olduğunu qəbul etməlidirlər. Qəbul etməklə yanaşı, həmçinin bacardıqları qədər onu dərk etməli, gələcəkdə hansı hadisələr olacağını təxmin etməli və ona görə hərəkət etməlidirlər.
Həmçinin gələcəyi öyrənmək gələcəyi dəyişmək anlamına gəlməməlidir. Gələcəyi bilərək müsəlman şəxs ona özünü uyğunlaşdırmağı, qəfil şəkildə dəyişikliklərlə üzləşib həyatdan qırılmamağı öyrənməlidir. Təbiətin qanunlarının sərt və dəyişilməz olduğunu bilsək də, bunlar bizi hərəkət etməkdən saxlamır. Təəssüf ki, çoxlarımız keçmiş və gələcəklə problemlər yaşayırıq.
Bəzilərimiz keçmişində batıb qalmış, indi zamanında çox qəribsəmiş, özünə yer tapa bilmir, keçmişini düşünmək belə istəmir.
Bəzilərimiz elə indiki zamanda yaşayır, “nə var indi var, nə edə bildimsə etdim və bitdi” deyə düşünür. Keçmişə baxıb nəyin necə başladığını bilmək istəmir, ya da heç ağlına da gəlmir. Ona görə də çox şeylərin səbəb və nəticələrindən də qafildir. Belə insanlar boşluq içində yaşayırlar. Çərçivə alınmış dairəvi bir boşluq içində fırlanırlar.
Bəzilərimiz kainatın ağır qanunlarını, sərtlik və məşəqqətlərini görüb, başqa şeyə baxmaq istəmir. Başqa imkanları, açıq qapıları görə bilmir. Hərəkət etməkdən, bir şeyləri dəyişdirməkdən çəkinir. Ona görə də həmişə zamandan, məkandan, hadisələrdən, dünyadan, olanlardan və narazı olduğu hər şeydən şikayətlənir.
Bəzilərimiz də qızılgül röyalarında yatıb qalmışdır. O qədər ümidlər və röyalar içində yaşayır ki, tərpənmək istəmir ki, hər şey məhv olar. Niyə məhv olar? Axı o heç nə etməyib hələ. Sadəcə xəyallardadır. Xəyallarını həqiqətə çevirmək üçün isə, nələrisə həyata keçirməli, bunun üçün də qalxıb bir iş görməlidir.
Bəs onda biz nə etməliyik?

- Keçmişimizi unutmamalı, tariximizi yaxşı öyrənməliyik. Əsasən tarixi hadisələri diqqətlə incələyib indiki zamanda eyni səhvi buraxmamaq üçün ibrət almağı bacaraq. Eyni zamanda tarixi hadisələri səbəb götürərək gələcəyə də düzgün hazırlaşmalıyıq.

- Sadəcə öyrənərək, dərs alaraq düzgün hərəkət etməyi qərarlaşdırmaq deyil, müsəlman insan doğru-dürüst planlaşdırılmış bir yol çəkməlidir özünə.

- Övladlarımızı və nəsilləri elə öyrətmək və tərbiyə etmək lazımdır ki, keçmişə göz yummamaqla bərabər, keçmişdən qalan xurafatlara da önəm verməsin. Həmçinin gələcəyini sağlam qursun.

- Allahın təbiətdə, kainatda olan qanunlarına həmişə hazır olmaq gərəkdir.

- Hər hansı bir araşdırma, gələcəyi öyrənmək, gələcək planları və layihələri qurulacaqsa, burada mütləq Allahın sünnətlərinə əsaslanmaq lazımdır. Xüsusilə də Qurani Kərimi oxuyaraq Rəbbimizin bizə həyatımızı necə inşa etməyi göstərdiyi məqamları diqqətlə incələyib, onlara riayət etməliyik.

Hazırladı: Şahmar Kərimov / Azerislam.com
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]04:22
GÜNƏŞ06:17
ZÖHR [ 4 rükət ]13:38
ƏSR [ 4 rükət ]17:35
MƏĞRİB [ 3 rükət ]20:57
İŞA [ 4 rükət ]22:46
GECƏYARI00:39
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka