Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

HƏZRƏTİ PEYĞƏMBƏRİN TƏDRİS METODU (1)

[ Elm / 9759 dəfə baxılıb ]   
|
 




















İNSAN VƏ ELM

İnsan, varlıq aləmi içərisində seçilmiş, orijinal bir şəxsiyyətdir. Çünki o, “fitri olaraq təmiz”“əhsən-i təqvim” üzrə yaradılmış “kərəmli” bir varlıqdır. Xülasə insan, inkişaf edən, qavraya bilən, öyrənmək və öyrətmək qabiliyyətinə malik olan, eləcə də tərbiyə edilə bilən bir varlıqdır.

İnsanın tərbiyəsi isə insanın yaradılışı - var olması ilə başlayır. Ən böyük mürəbbi yəni, tərbiyə edən Allahdır. Yaradılışı təmiz olan insan, daha sonra çevrə, muxatib olduğu mədəniyyət və aldığı təhsil səviyyəsində doğru və yanlışları öyrənər. Fitrətin təmiz qalması, Yaradıcıdan gələn əmrlər və yol göstərən rəhbərlər sayəsində mümkün olur və bununla da xarici təsirlərin təxribatından xilas ola bilir. Şübhə yoxdur ki, mütləq ədalətli olan Allah insanı öz başına buraxmamış və elçilər sayəsində hüzurlu və xoşbəxt olacağı məqama, hidayətə yönəlməsi üçün yollar göstərmişdir.
Bu baxımdan müqəddəs elçilərin insanları irşad etmək üçün olan tərbiyə üsulları və xüsusi ilə də Həzrəti Məhəmmədin tədris və tərbiyə metodundakı sünnəti, insanları vəhyin prinsipləri ilə yoğurub formalaşdırdığı üsul və üslubu çox önəmlidir. İlk əvvəl onun tərdris fəaliyyətlərini araşdırmaq və ümmətin min dörd yüz illik tərdris metodunun tarix və təcrübəsini öyrənməyə çalışacağıq.

İlk dövrlərin tədris fəaliyyətləri
Şübhə yoxdur ki, Həzrəti Peyğəmbər, əsabını tərbiyə edərkən vəhyi əsas alırdı. İnsanları rahlə-i tədrisindən keçirir və formalaşmaları üçün vəhyin prinsiplərini əsas götürürdü. Nazil olan ayələri ilk iman edənlərə çatdırır və ilk müxatablar bu əmrləri alaraq əzbərləyir və həyatlarına tətbiq edərək çox tez dəyişilirdilər. Yeni nazil olan ayələr əldən-ələ dolaşır, evlər və toplumdan uzaq olan məhəllələr ayələrin danışıldığı, öyrənildiyi məkanlar halına gəlirdi. Həzrəti Peyğəmbər evlərin ən təbii tədris və tərbiyə məkanı olduğunu və uşaqlar üçün praktik yaşam tərzi olması baxımından önəmli olduğunu dərk edərək hər evin xüsusi ilə uşaqlar üçün səmimi bir tədris ocağına çevrilməsini istəmişdir. Onun xanımlarına, uşaqlarına, qohumlarına və eləcə də xidmətçilərinə olan sevgi və qayğısı başqalarına örnək olmuşdur.

Bir müddət sonra Həzrəti Peyğəmbər Ərkam b. Əbi-l Ərkamın evini ilk dəfə olaraq tədris və tərbiyə mərkəzi kimi istifadə etməyə başladı. İlk vəqf edilən bina, ilk kütləvi tərbiyə mərkəzi, ilk cəm ibadət məkanı və müsəlman qərargahı kimi bir çox baxımdan ilk olmaq xüsusiyyəti daşıyan bu ev müsəlmanlar üçün böyük əhəmiyyət kəsb edirdi. Həzrəti Peyğəmbər iman edən ailələri orda qonaq edir, vəhyin prinsiplərini onlara orda öyrədirdi. Qısacası İslamın kompleks halda tədrisi ilk dəfə burada başlamışdır. Rəsulullah olduqca qısa, - təxminən iki il, iki il yarım, - bir müddət ərzində bu evdən istifadə etmişdir. Məkkənin o zamankı vəziyyətini nəzərə alsaq bu evin böyük əhəmiyyəti və həyati dəyəri anlaşılar. Hakim qüvvələr hər bir vasitə ilə İslamın yayılmasının və dəvətin qarşını almağa çalışırdı. Belə bir zamanda Darul-Ərkamın varlığı olduqca əhəmiyyətli idi. İslamın cəmiyyətdə xoş qarşılanması, inkişafı və yayılması ilk və ən əsas fəaliyyəti o dövrlərdə başlanmışdır. Kadr yetişdirməyi önəmli hesab edən Rəsulullah insan seçiminə diqqət yetirir və onları boş buraxmadan vəzifələndirirdi.

Həzrəti Peyğəmbərin tədris metodunun Mədinədə daha da təkmilləşdiyinə şahid oluruq. Bəzi qaynaqlardan öyrəndiyimizə görə Peyğəmbər məscidində, -Peyğəmbər orda olsa da, olmasa da, - tələbələr üçün tədris və tərbiyə qrupları fəaliyyət göstərirdi. Öyrənmək və yaşamaq əzmi möminlərin ortaq idealı halına gəlmişdir. Bu həyəcan və canlılığın meyvələri çox tez bir zamanda özünü göstərdi.
Mədinədəki bu kütləvi tərdris və tərbiyə səfərbərliyi içərisində uşaqların oxuyub, yazmalarına xüsusi ilə önəm verilərək məktəblər açılmışdır. Heç bir maddi qazanc əldə etməyə çalışmayan müəllimlər başqaları üçün nümunə idilər. İlk dövrlərdə müəllimlərə heç bir məvacib verilmir və öyrətdiyinin qarşılığında nə isə tələb etmələri qınanırdı. Belə ki, bir tələbənin verdiyi hədiyyəni aldığı üçün Ubadə B. Samitə qarşı reaksiya çox pis olmuşdur. Lakin daha sonralar uzun mübahisələrin nəticəsində Həzrəti Rəsulullahın dövründə müəllimlərin məvacib almalarına dair bəzi qərarlar alınmışdır.
Həzrəti Peyğəmbərin təlim və tədris barəsindəki önəmli prinsiplərindən biri müsəlmanlığı qəbul edən bölgələrə, - onların gündəlik problemlərini də həll edən, - müəllimlər göndərmək olmuşdur. Məsələn, Cənubi Ərəbistanın beş ayrı bölgəsinə Muaz b. Cəbəl, Xalid b. Said, əl-Muhacir b. Əbi Umeyyə, Ziyad b. Ləbid, Əbu Musa əl-Əşairi; Nəcrana da Amr b. Hazm əl-Hazrıcini göndərmişdir. Bundan başqa Mədinəyə gələn Yəmən heyətinin də, onlara bir müəllim verilməsini tələb etdiklərinə görə Həzrəti Peyğəmbərin onlarla bərabər Əbu Ubeydə b. Cərrahı göndərdiyi məlumdur.
Təhsilin qalıcı olması baxımından yazmaq, qeyd etmək də önəmli idi. Bunu dərk edən Abdullah bin Amr bin əl-As Rəsullullahın sözlərini (hədis) yazmaq üçün ona müraciət edənlərdən birincisidir. Bundan başqa Həzrəti Peyğəmbər hafizələrinin zəifliyindən şikayət edən iki səhabəyə yazmalarını tövsiyə etmiş, hətta müxtəlif vəsilələrlə bəzi önəmli mətnləri şəxsən özü diqtə etmişdir. Beləcə hələ Həzrəti Peyğəmbər dövründə onun sünnətinin bəzi tərəflərini təsbit edən Səmurə b. Cundub, Abdullah b. Abbas, Həzrəti Əli, Cabir b. Abdullah b. Amr b. Məlik kimi şəxslərə aid şəxsi qeydlər və risalələr var idi. Əlbəttə şifahi adəti davam etdirməkdə israr edənlər və yazıya qarşı çıxanlar da olurdu.

Vəhyi anlamaq və İslamın əsas əqidə və prinsiplərini öyrənməkdən başqa Həzrəti Peyğəmbər siyasi zərurətə görə bəzi istedadlı şəxslərin xarici dil öyrənmələrində də israr etmişdir. Həzrəti Zeydin məhz bu məqsədlə farsca, yunanca, ibritcə və həbəşcə öyrəndiyini deyirlər.
Təhsildə ilk qurum Əshabı – Suffədir. Bu, Mədinənin ən yüksək təhsil qurumudur. Həzrəti Peyğəmbər Mədinəyə hicrət etdikdən sonra tikdirdiyi məscidlə yanaşı bir də təhsil-tərbiyə qurumuna ehtiyac olduğunu anlamış və məscidin bir bölümünü bu iş üçün ayırmışdır. Məscidi - Nəbəvinin Şimal divarlarının içə baxan, üstü örtülü və bir az da yerdən yüksəkdə olan qismini xüsusi olaraq təhsil üçün ayırmışdı. Tələbələr orda həm yaşamış, həm də elm öyrənmişdilər. Yataqxana hissəsi dərs otağından daha geniş idi. Burada təhsilə cəlb olunan Mədinənin yerli sakinləri (Ənsar) gündüzləri dərsə gəlir, axşamlar evə dönürdülər. Mütəmadi bir şəkildə təhsilə davam edən bu tələbələr onlara ayrılan məkana “suffə” dediklərindən xalq arasında onlara ya “Əshabı-Süffə”, ya da ki, “Əhl-i Süffə” deyirdilər. Ara – sıra Peyğəmbəri görmək və İslamın əsas təməllərini öyrənmək üçün gələn və qalacaq başqa yeri olmayan müsafirlər də Süffədə qaldıqda və bundan başqa evlənib ev-eşik sahibi olanlar Süffədən ayrıldıqda Əhli-i Suffənin sayı davamlı olaraq dəyişmişdir. Aralarında Talha b. Ubeydullah, Əbu Said əl-Hudri, Əbu Hureyrə, Əbu Zər əl-Qifari, Bilal-i Habəşi, Abdullah b. Ömər, Abdullah b. Məsud, Bəra b. Malik (Allahın rəhməti üzərlərinə olsun) kimi tanınmış səhabələrin də olduğu Suffədə daimi qalanların sayı 70-100 adam arasında dəyişsə də, keçici və daimi orda qalanlardan başqa tələbə sayı bəzən 400 -ə qədər yüksəlirdi. Tələbələr onlar üçün ayrılan bölümü istirahət və dərs öyrənmək üçün, dərs otağı kimi də məsciddən istifadə edirdilər. Müəllimlər başda Həzrəti Peyğəmbər olmaqla, Abdullah b. Məsud, Ubey b. Kab, Muaz b. Cəbəl və Əbu-d Dərda kimi elm sahibi səhabələrdən ibarət idi. Əhli-Suffə nazil olan ayələri və Peyğəmbərimizin hədislərini əzbərləmək baxımından öndər idilər. Mühacirlər bazarda ticarətlə, Ənsar isə bağçalarında əkin biçinlə məşğul olarkən Suffəlilər də bacardıqları qədər Həzrəti peyğəmbərin yanından ayrılmır, başqalarının eşitmədiklərini eşidir, görmədiklərini görürdülər. Işlərinin çoxluğuna görə Rəsulullahla bir yerdə çox ola bilməyən Müsəlmanlar yeni xəbərlərin çoxundan Əhli Suffə vasitəsi ilə xəbərdar olur, yeni məlumatların, elmin çoxunu onlardan öyrənirdilər.
Suffə Əhlinin böyük əksəriyyəti özünü tamamən mənəvi həyata vermiş, gecələri ibadətlə, gündüzləri orucla və elm öyrənməklə keçirirdilər. Beləcə, bir tərəfdən İslamı öyrənir, digər tərəfdən də onu bütün xırdalıqlarına qədər yaşamağa əzm göstərirdilər. Özlərini tamamən elmə verdikləri üçün bəlli bir gəlirləri olmayan Əhli-Suffə içində gücü-qüvvəti olanlar odun kəsmək, su daşımaq kimi işlər görür, mümkün olduqca ehtiyaclarını ödəməyə çalışırdılar. Ehtiyac içində olsalar da iffət və qürurlarına sığışdırıb heç kəsdən heç bir şey istəmirdilər. Bununla yanaşı Həzrəti Peyğəmbər onların madii vəziyyətləri ilə şəxsən məşğul olur, Beytul mala və şəxsən onun özünə gələn malların böyük bir qismini onlara ayırırdı. Səhabələr də Həzrəti Peyğəmbərin təşviqi ilə elm və irfan ocağını dəstəkləyir, bəzən onlardan bir neçəsini evlərində qonaq edirdilər.
Suffə ilk yatılı mədrəsə olmaqla ondan sonra tikilən mədrəsələr üçün bir nümunə idi. Daha sonralar mədrəsələrin məscidlərin yanında tikilməsi də Suffədən öyrənilmişdir. Tamamən yeni bir inancın, vəhyi prinsiplərin, Həzrəti Peyğəmbərin əsas tezislərinin qorunmasında və yeni nəsillərə çatdırılmasında bu intelektual zümrənin rolu böyük olmuşdur. Əsas İslami biliklərin yaşanaraq təmsil edilməsində və bu günə gəlib çatmasında əsas rol oynamış şəxslər məhz bu səhabələrin arasından çıxmışdır. Əshabı-Suffə model bir təhsil ocağı və müsəlmanların ilk mədrəsə və ya Universiteti sayılırdı.


(ardı var)


Hazırladı: Əlif / Azerislam.com
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]04:06
GÜNƏŞ06:10
ZÖHR [ 4 rükət ]13:43
ƏSR [ 4 rükət ]17:43
MƏĞRİB [ 3 rükət ]21:15
İŞA [ 4 rükət ]23:11
GECƏYARI00:40
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka