Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

TƏRBİYƏVİ İMAN

[ Aktual / 5739 dəfə baxılıb ]   
|
 
Günümüzün müsəlmanları, mömin olduqlarını iddia edənlər, yəni biz, islamı qəbul etmişlərin çox ehtiyac duyduğumuz bir şey var. Hamımızın həqiqi bir iman duyğusuna ehtiyacımız var. Saf, pak, sadiq, riyakarlıqdan uzaq, əskiksiz, nöqsansız, içimizi titrədə bilən, “Rəbbim, iman gətirdim” kəlməsini gerçəkdən söyləyə biləcəyimiz bir iman istəyirik. Bundan öncə isə, həqiqi bir tərbiyəvi imana ehtiyacımız var. Hansı iman? Hər birimizin içində müəyyən miqdarda hiss etdiyimiz o iman, bizi doğrultmalı, hərəkət və düşüncələrimizi düzgün etməlidir. Düzgün necə olur ki?! Doğru-dürüst imandan doğan hərəkət və düşüncələr, Qurani Kərimin həyat üçün çəkdiyi çərçivədən kənara çıxmamalıdır.

Çox qəliz olmasın deyə, belə deyək; hamımızın halı acınacaqlıdır. Qəlbimizin dərinliklərində, imanımızın hansı səviyyəsində olmasından narahat olur, şikayət etmək istəyirik. Sadiq bir imanımız olmasını diləyirik. O iman ki, qəlblərimizi dünya sevgisindən, eqoistlik və yalnız özümüzü sevməkdən, həvəslərimiz, şəhvətlərimiz, fani xəyallarımız, anlıq ləzzət alma rəğbətlərimizdən təmizləyəcək. O iman ki, qəlblərimizdə olan pul, mal-dövlət, əşya, alət, maddiyyət sitayişini, bağlılığını silib atacaq, ürəklərimizdə olan nifaqı, dilimizdəki yalançılığı, gözlərimizdəki xəyanəti, dodaqlarımızdakı mənasız lağlağıları yuyacaq. O iman ki, həyatımızdakı ziddiyyətləri yox edə biləcək. Hamımızın nəfsimizi saflaşdırmağa çox ehtiyacımız var. İçimizi sızladan, yandıran, halımızı sarsıdan günahlarımızın içində batırıq. Bunu çox yaxşı bilirik. Amma qəlblərimizi təmizləməliyik, çünki haqq-hesab günü, sağlam və salamat olmayan qəlb sahibi nicat tapa bilməyəcəkdir.

Allah təala bizə haqq yolunu göstərən, Rəbbimizin əmr və göstərişlərini çatdıran, bizi öyrədən və tərbiyə edən, ən əsas da imanımızla bizi təmizləyib, paklaşdıran bir peyğəmbər göndərdi. Onun haqqında da belə buyurdu; “Allah möminlərə lütf etdi. Çünki onların öz içərisindən özlərinə (Allahın) ayələrini oxuyan, onları (pis əməllərdən) təmizləyən, onlara Kitabı (Quranı) və hikməti öyrədən bir peyğəmbər göndərdi. Halbuki bundan əvvəl onlar açıq-aydın zəlalət içərisində idilər.” (Ali İmran, 164).
Rəsulullah (sallallahu aleyhi və səlləm) bu məsuliyyətin və vəzifənin öhdəliyindən lazımınca gəldi. O, elə bir nəsil yetişdirdi, elə bir ümmət tərbiyə etdi ki, belə bir ümməti bəşəriyyət öncə heç görmədi və elə bir ümmət ki, bütün bəşəriyyətə nümunə oldu. Öz imanı, ibadəti, itaətkarlığı, əxlaqı, işləri və yaradıcılığı ilə hamıdan fərqləndi. Öz müəllimindən (Allahın salam və duası olsun Onun üzərinə) dərs alıb, bütün insanlığa müəllim oldu bu ümmət. Onun üçün də bütün insanların bu Rəbbani nəslə, nümunə olan bu ümmətə ehtiyacı vardır. Ümmət vəsf olunduğu vəzifəsini yerinə yetirməsə, məsuliyyətini unutsa başqa insanlara misal ola bilməz. Bu ümməti Rəbbimiz Fəth surəsinin son ayəsində belə vəsf etmişdir; “Muhəmməd Allahın Elçisidir. Onunla birlikdə olanlar (Onun yolunda olan möminlər) kafirlərə qarşı sərt, bir-birinə (öz aralarında) isə mərhəmətlidirlər. Sən onları rüku edən, səcdəyə qapanan, Allahdan lütf və razılıq diləyən görərsən. Onların əlaməti (simaları, əxlaqlı olmaları) sifətlərində olan səcdə izidir (səcdənin, namazın təsirindəndir).
Bu onların Tövratdakı vəsfidir. İncildə isə onlar elə bir əkin kimi vəsf olunurlar ki, bu (əkin) cücərtisini üzə çıxarıb onu qüvvətləndirmiş, o da getdikcə qalınlaşıb gövdəsi üstündə şax duraraq əkinçiləri heyran etmişdir. (Allah möminlərin sayını artırır, özlərini də qüvvətləndirir) ki, kafirləri qəzəbləndirsin (Kafirlər beləliklə öz kinlərinə və hikkələrinə məhkum olurlar). Onlardan iman gətirib yaxşı əməllər edənlərə Allah məğfirət (günahlardan bağışlanma) və böyük mükafat (Cənnət) vəd buyurmuşdur! ”
(Fəth, 26).

Peyğəmbərimiz bu ümmətə imanı yaşamağı, imanın pillələri və dərəcələrini öyrətdi. İmanın ən uca nöqtəsi olan “Lə ilahə illallah”-dan tutmuş, insanlara əziyyət verən bir şeyi yoldan götürməyə qədər. Təmizlik də imandandır dedi Peyğəmbərimiz. Məhz Allahın razılığını qazanmaq üçün həqiqi iman yaşamağı öyrətdi Peyğəmbərimiz və həqiqi yaxşılıq “ehsan” nədirsə, onu da göstərdi bizə. Dedi ki; “Ehsan – Allahı görürsənmiş kimi ibadət etməkdir. Sən Onu görməsən də, O səni görür.”
Qəlbimizin xəstəliklərini, nəfslərimizin eyblərini görməliyik. Nəfsimizin şəhvani hisslərini cilovlamalı, şeytanın haradan soxulduğunu hiss etməliyik. Özümüzü öncədən qorumalıyıq. Qəlbimizin xəstəliklərini isə müalicə etməliyik. Təəssüf ki, bədənlərimizin, əzalarımızın müalicəsi ilə daha çox maraqlanır və önəm veririk. Amma ürəklərimizi məhv edən, həlaka aparan xəstəlikləri sanki heç tanımaq, araşdırmaq da istəmirik. Qəlblərimizin xəstəliklərindən qafil olsaq, onu necə müalicə edəcəyik? Ruhumuz yaralanıb, mənəviyyatımızda bir problem var, qəlbimiz həssas xəstəliklərlə doludur, hansı həkim kömək edəcək bizə?

Dünya dediyimiz öz axarı ilə gedir, sanki bir dəyirmandır. Biz də bu dəyirmanın bir tərəfində onunla fırlanırıq, əzilirik, üyüdülürük, kiçilirik, toz oluruq, yoğrulub hər şeyə qarışırıq, başqa əzilmişlərlə ayrılmaz bir hala düşürük. Sonuda isə bizi oda atıb bişirəndə, odun istisindən ayılırıq, yanıb ayılırıq. Həyatın ağrı-acıları yandırıb bizi oyadır, o zaman isə ya çox gec olur, ya da yanıb kül olsaq da anlamırıq.
Müasir həyat bizi çox çaşdırır, çox azdırır. Amma bu ümmətdən xeyir bərəkət kəsilməyəcək. Bir tərəfdə xeyrə can atan, yaxşılıqlar edən, pisliklərdən uzaq duran və düzgün yol göstərən bir kütlə həmişə olacaqdır.
Bütün bəşəriyyətin bir çıxış yolu var, yalnız bir qurtuluş, bir nicat vardır, o da, Rəbbani bir həyat sürməkdir. Rəbbi unutmamaq, Onu həmişə anmaq, hər bir işdə Onun necə qəbul edəcəyini düşünüb addım atmaq. Rəhmanın bəndələri olmalıyıq, şeytanın əməkdaşları deyil. Şeytan getdiyi yollarda addımını izləyirik. Bilə-bilə ki, düz iş görmürük, yenə də davamiyyəti əldən buraxmırıq. Pula-mala qul olanlarımız var, şöhrətə-ada sitayiş edənlərimiz var, dünya şəhvətlərinə tapınanlarımız var, vərdişlərimizdən qurtula bilməyənlərimiz var, nə qədər əzik və sınıq müsəlmanlarımız var!
Əxlaqımızla, mədəniyyətimizlə, saf qəlbimiz və dürüst əməllərimizlə irəli getməliyik. Nə tərki-dünyanı seçən dərvişliyə, nə aşırı sufiliyə, nə aldadıcı bər-bəzəyə, nə də İslam ruhundan uzaq olan aldadıcı fəlsəfi fikirlərə ehtiyacımız var. Ziddiyyətsiz olan imani bir həyat istəyirik!

Hazırladı: Şahmar Kərimov / Azerislam.com
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:25
GÜNƏŞ07:54
ZÖHR [ 4 rükət ]13:26
ƏSR [ 4 rükət ]16:29
MƏĞRİB [ 3 rükət ]18:57
İŞA [ 4 rükət ]20:22
GECƏYARI00:41
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka