Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

NƏDİR FƏRQİMİZ?

[ Aktual / 6119 dəfə baxılıb ]   
|
 
Çoxlarımız Qurandakı bu ayəni bilirik; “Siz insanlar üçün üzə çıxarılmış ən xeyirli ümmətsiniz...”. Ya tez-tez eşidirik, ya da oxuyanda rast gəlirik. Bu ayədə Rəbbimiz Məhəmməd (Allahın səlat və səlamı Onun üzərinə olsun) ümməti haqqında və bu ümmətin öncəki ümmətlərlə bir fərqi haqqında danışır. Bəzilərimiz bu ayədəki “ən xeyirli” ifadəsini “ən yaxşı” kimi də anlayırıq. Ayədə isə Rəbbimiz aydın şəkildə “xeyirli” sözünü qeyd edir. Bu ümmətin ən xeyirli olması nədən asılıdır? Səbəb və mahiyyəti də məhz həmin ayədə qeyd olunur. “Siz insanlar üçün üzə çıxarılmış ən xeyirli ümmətsiniz. Siz yaxşı (məlum) işlər görməyi əmr edir, pis (qəbul olunmayan) əməlləri qadağan edir və Allaha iman gətirirsiniz.” (Ali İmran, 110).

Bəli, bu ayəni oxumaqla biz ümmətlər arasında ən yaxşı, ən əfzəl, ən doğru, ən ali olmağımızı düşünməməliyik. Başqa ümmətlər bizim kimi iman gətirə bilməmişlərmi? Yoxsa başqa ümmətlərdə yaxşılığa çağıran, pisliklərdən çəkindirən insanlarmı yox idi? Yoxsa bizlər daha ağıllı sayılırıq? Ayədə qeyd olunan “xeyirli” sözü, Məhəmməd ümmətinin başqaları üçün xeyirli, faydalı, mənfəətli olmasını bildirir. Əgər bu ümmət başqalarına heç bir xeyir çatdıra bilmirsə, başqalarına nə faydası, nə də mənfəəti toxunmursa, ayədə qeyd olunan imtiyaz üzərilərindən düşər. Peyğəmbərimiz buyurmuşdu ki; “Allah, Mələkləri, Səmalar və iki yerin əhli, hətta dəliyində olan qarışqa və balıq belə, insanlara xeyir öyrədənə (xeyir müəlliminə) dua edərlər.”

Qeyd olunan ayədən bir neçə ayə əvvələ qayıtsaq, Rəbbimizin belə buyurduğunu görərik; “Qoy sizin içərinizdən xeyrə çağıran, yaxşı işlər görməyi buyuran və pis əməlləri qadağan edən bir camaat çıxsın.” (Ali İmran, 104). Bizə məlumdur ki, yaxşı işlərə çağırmaq və pis əməllərdən çəkindirmək hər bir müsəlman şəxsə fərzdir, vacibdir. Ümmət içindən müəyyən şəxlər, müəyyən bir camaat bu işlə məşğul olarsa, qalanlarının üzərindən fərz götürülmüş olar. Amma, əgər heç kim bu işə əhəmiyyət verməzsə və yaxud kifayət qədər bu işə önəm verilməzsə, o zaman ümmətin hər bir fərdi məsuliyyət daşıyacaqdır. Ya bacarıb etmədiyinə görə, yaxud da bacaranlara dəstək olmadığına, onları yönləndirmədiyinə və ya heç cəhd göstərmək istəmədiyinə görə.
Yaxşılığa əmr etmək və pisliklərdən çəkindirmək yalnız Məhəmməd ümmətinə xas olan bir iş deyil. Rəbbimiz elə qeyd olunan 110-cu ayədən sonra buyurur ki; “Onların hamısı eyni deyil. Kitab əhli içərisində düzgün (sabitqədəm) bir camaat vardır ki, onlar gecə vaxtları səcdə edərək Allahın ayələrini oxuyurlar. Onlar Allaha, axirət gününə inanır, (insanlara) yaxşı işlər görməyi əmr edir, (onları) pis əməllərdən çəkindirir və xeyirli işlər görməyə tələsirlər. Onlar əməlisaleh şəxslərdəndirlər.” (Ali İmran, 113-114).

Əvvəldəki ayəyə bir daha qayıdaq və məzmunundakı sözlərə diqqət yetirək. Ayədə “lin-nəsi” sözü keçir ki, bu da, Məhəmməd ümmətinin bütün insanlar üçün seçildiyini bildirir, yalnız müsəlmanlar üçün deyil. Həm də “lin-nəsi” sözündəki “li” ön qoşması “üçün” olduğunu bildirir. Bu ümmət və daşıdığı risalət qiyamət gününə qədər, bütün zamana, məkana və bütün bəşəriyyətə xeyir vermək iqtidarındadır. Məhz xeyirli bir ümmət olması imtiyazını qazanıbdır Məhəmməd ümməti.
Ayədə keçən “xeyir işlərə çağırmaq” məsələsinə gəldikdə isə, ayədə “məruf” sözü keçir ki, “məruf” da ərəb dilində “örf”, yəni hamıya məlum olan, sağlam ağlın qəbul etdiyi, bütün insanların tanıdığı və şəriətə zidd olmayan bir şeydir. Yəni, cəmiyyətə məlum, bəlli olan bütün yaxşı işlər, qanun-qaydalar, adət-ənənələr də “məruf” sözünə aiddir. “Münkər” sözü isə, “inkar” olunan, cəmiyyətin və sağlam ağlın qəbul etmədiyi bir şeydir.
Təəssüf ki, bu ayəni tətbiq etmək istəyən bəzi müsəlmanlar yanlışlıqla, ayədə yalnız dini əmrlərin nəzərdə tutulduğunu düşünür. Ona görə də, yalnız namaz qılmağı, oruc tutmağı, bidət əməllərdən çəkinməyi və sair kimi şəriət hökmlərini təbliğ edir. Halbuki, cəmiyyətdə insanlar arasında ədəbə, əxlaqa, mədəniyyətə, gözəl işlərə çağırmaq, insanların işlərinə yardım etmək, əlaqələrin qurulmasına və möhkəmlənməsinə səy göstərmək və sairə kimi yüzlərlə xeyirli işlər vardır.
Amma “məruf” sözünə əsasən əməl edərək, cəmiyyətə məlum, bəlli olan bütün işləri və ya adətləri qəbul etmək və o işlərə çağırmaq şərt deyil. Çünki bəzən cəmiyyət səhv bir şeyi də adət kimi və ya onu normal qəbul edir. Məsələn, Lut qövmü, özlərindən əvvəl heç kimə bəlli olmayan, çirkin və pozğun işlərlə məşğul olurdular. Sağlam ağlın, fitrətin və normal insan psixologiyasının qəbul etmədiyi, kişilərin bir-birlərilə cinsi əlaqəyə girməsi o cəmiyyətdə normal qəbul olunurdu. Yaxud da, Mədyan tayfasının alış-verişdə çəkini azaltması, cəmiyyət içində bir adət halını almış, normal qəbul olunan bir iş idi. Bunun kimi həmçinin, narkomaniya, pozğunluq, şərab aludəliyi və sairə kimi pis əməllər cəmiyyət içində normal qəbul olunursa, “məruf” sayılmaz. Əksinə pis əməllər olduğu üçün, o əməllərlə daim mübarizə aparılmalıdır. Müsəlmanları isə məhz bu xüsusda fərqləndirən cəhət, onların imanlarıdır. Allaha iman gətirdikləri üçün, Allaha tabe olduqları üçün, xeyiri şərdən ayıra bilir və doğru yol tuturlar. Məhz həmin ayənin sonunda Rəbbimiz onların iman gətirməsini də şərt olaraq qeyd edir. “Siz insanlar üçün üzə çıxarılmış ən xeyirli ümmətsiniz. Siz yaxşı işlər görməyi əmr edir, pis əməlləri qadağan edir və Allaha iman gətirirsiniz.”


Şahmar Kərimov / Azerislam.com
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:17
GÜNƏŞ07:53
ZÖHR [ 4 rükət ]12:35
ƏSR [ 4 rükət ]14:57
MƏĞRİB [ 3 rükət ]17:15
İŞA [ 4 rükət ]18:47
GECƏYARI23:46
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka