Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

EY İMAN EDƏNLƏR! [Əl-Bəqərə]

[ Müxtəlif / 9375 dəfə baxılıb ]   
|
 


Ey iman etdiyini iddia edənlər! İddianızda səmimisinizsə o zaman…

Bu mesaj hər kəsə deyil, yalnız bu iddianı irəli sürənlərə ünvanlanıb. Quran hər kəsə öz adı ilə müraciət edir.


1. Ey İnsanlar! (Bütün insanlara verilən bir təlimatla)
2. Möminlər (Bu qrupdakı insanların imanını Allah təsdiq edir və cənnət əhlinin onlar olduğunu söyləyir)
3. Ey iman edənlər! (İman etdiyini iddia edən insanlar qrupudur ki, iddialarının isbata ehtiyacı var)
4. Münafiqlər (İmanında problem olanlar)
5. Fasiqlər (Əməlində problem olanlar)
6. Kafirlər (İnkar edənlər)
7. Biz nasarayıq deyənlər (Həzrəti İsanın yardımçıları)
8. Ey bəni İsrail! (Həzrəti Yaqubun nəslindən gələnlər)
9. ...
10. ...

Bu siyahını kifayət qədər uzatmaq və hər biri haqqında uzun – uzadı danışmaq mümkündür. Allah bu insan qruplarını fərqli adlarla çağırmaqla həm onların xüsusiyyətlərini vurğulamış, həm də onlara özəl mesajlar vermişdi.
Məsələn, Bəqərə surəsi 168-də: “Ey insanlar! Yer üzündəki halal və təmiz olan ruzidən istifadə edin, şeytanı təqib etməyin! Çünki o sizin açıq-aşkar düşməninizdir” mesajı ilə bütün insanlıq aləminə müraciət edir, insana yalnız halal və təmiz olandan faydalanmağı təklif edir. Əksini seçməyin Şeytanın yolu olduğunu da xüsusi olaraq vurğulamaqla, bunu bilmirdim, başa düşmədim kimi bəhanələrə yer saxlamır.
Cəmi 3 ayə sonra isə həmin mesajı bir qədər dəyişərək iman edənlərə yönəlir: “Siz ey iman edənlər! Sizə ruzi olaraq bəxş etdiyimiz şeylərin təmiz olanlarından yeyin və Allaha şükür edin; əgər həqiqətən Ona qulluq edirsinizsə.” (Bəqərə; 172)
Gördüyünüz kimi insanlara da, iman edənlərə də yalnız təmizlər təklif olunur. Lakin iman edənlər iman iddialarında həqiqətən səmimidirlərsə o zaman bu ruzilərə bir də ŞÜKÜR borcları var. Bu ruzi ilə Allahın onların üzərilərinə bir məsuliyyət və minnət qoyduğunu dərk edir; yeyəcəklərinə qarşı məsuliyyətli davrandıqları kimi bir də onun şükürünü minnət borcu olaraq qəbul edirlər.
Deməli, iman edənin sıradan bir insandan fərqi bütün nemətin Allahdan gəldiyini dərk etməsində, bunu dərk etdiyi üçün də nemətin və mülkün həqiqi Sahibinə təşəkkür etməsindədir. İman edəni adi insandan ayıran da məhz bu idrakla ŞÜKÜR edə bilməsidir. Onu isə yalnız ixlaslı olanlar bacarır. Bununla da iman etdiyini iddia edənlə, bu iddiasını sübut edən ayrılır.

Qurani Kərimdə cəmi 89 ayə iman edənlərə özəl olaraq müraciət edir. Bu müraciətdə ya nə isə məsləhət verilir, ya da ki, qadağan olunur. Buna görə də iman etdiyini iddia edənlər bu ayələrə qarşı daha diqqətli olmalıdırlar. Mushafdakı ardıcıllıqla onları araşdırmağa çalışaq. əl-Bəqərə surəsində 10 belə müraciət var:

1. “Siz ey iman edənlər! “Sən bizə uy” (Raina) deməyin! “Bizi görüb qoru” (Unzurna) deyin və dinləyin; zira inkar edənləri qorxunc bir əzab gözləyir” (104) Bu mesajı anlamaq üçün Nisa surəsi 46-cı ayəyə müraciət edir və orda öyrənirik ki, Mədinə yəhudiləri Allahın mesajlarını təhrif edir, onları dəyişdirir və kəlmələrlə oynayırdılar. Bu ayədə əslində qadağa raina kəlməsinin birbaşa özünə deyil, bu sözü söyləyərkən gizlədilməyə çalışılan gizli mənaya, davranışa qoyulur. İlk muxatab yəhudilərdir ki, bu kəlmə ilə gizli mənada Rəsulu təhqir etməyə çalışırdılar. İman edənlərə onlar kimi davranmamaq təklif olunur və belə bir davranışdan uzaqlaşdırılır. Allah Rəsulunun şəxsində Allaha iftira atılan bir davranış yasaqlanır. Bizə verilən mesaj: - ey iman etdiyini iddia edənlər əgər imanınızda səmimisinizsə təhrifdən uzaq olun. Yəni Allah adından yalan danışmayın. Ayələrlə oynamayın. Bu yəhudiləşməyə səbəb olan vasitələrdən biridir.

2.“Siz ey iman edənlər! (Allahdan) səbr və salat ilə yardım istəyin. Çünki, Allah səbr edənlərlə bərabərdir.” (153)
“Salat” Qurani Kərimdə 18 mənada işlədilir: namaz, dua, dirəniş, dəstək, yardım, ibadət… “Yəni dirənərək və dik duraraq yardım istəyin. “Səbr insanın nəfsinin dirənişidir. Salatla 3 şey də nəzərdə tutulmuş ola bilər: şəri mənası olan “namaz”, kəlmə mənası olan “dua”, kök mənası olan “dirəniş”… Namaz duanın canlanmasıdır, dua qulun Allaha istinad etməsidir. Salatın törədildiyi əs-sala “bir şeyi dik, ayaqda tutan şey”dir. Oturarkən və ayaq üstə durarkən insanı dik tutan sümüklərə də əs-sala deyilir. Məhz buna görə də Rəsulullah "namaz dinin dirəyidir” deyib. Bu ayəni Bəqərə surəsi 45 və 49-cu ayə ilə bərabər oxusaq alacağımız mesaj: Fironun əli sənin bətninə uzansa da sən Musanı doğacaqsan. Sən sənə düşəni edəcək və yardımı yalnız Allahdan diləyəcəksən.

3. “Siz ey iman edənlər! Sizə verdiyimiz ruzinin halalından yeyin! Əgər Allaha ibadət edirsinizsə, Ona şükür edir!” (172) (bu ayəni bir az əvvəl açıqlamışdıq) – Ruzinin halalından yemək iddianın sübutlarındandır. İnsan mədəsinə girənə qarşı diqqətli olmazsa ruhu kirlənər. Haram yemək imana vurulan zərbədir.

4. “Siz ey iman edənlər! Cinayətə qurban gedənlər haqqında sizə adil qarşılıq fərz qılındı: azad birinin əvəzinə azad, kölənin əvəzinə kölə, qadının əvəzinə qadın...” (178) – Qisas intiqam deyil, əvəzdir. Bu ayə cəzanı əmr etmir, cəzalandırılmada zülmü aradan qaldırır. (Ayə nazil olduğu dövrlərdə cahiliyyə Ərəbistanıında öldürülən şəxsə əvəz üçün düşmən qəbiləsindən istədikləri başqa birini öldürür və beləliklə də daha böyük intiqam alırdılar.)
İslam adam öldürməyi fərdə və ailəyə qarşı işlənmiş bir günah olmaqdan daha çox insanlığa qarşı işlənmiş bir günah olaraq görür. Qəsdən və haqsız yerə adam öldürmək, bütün insanlığa qarşı işlənmiş bir günahdır. Ayənin ardınca gələn bağışlanma mesajı ilə fərz olan cəza deyil ədalətdir. Yəni ədalətin bərpası. Öldürən əvəzində onunla da eyni cür davranıldığını bilərsə öldürməkdən çəkinər. Qisas ədalətli qarşılıq, cəzada tarazlıqdır. Ona görə də bir sonrakı ayə “Qisasda həyat var” deyir. Səndən qisas alındığını dərk etdinsə öldürməkdən qorxacaqsan. Ölümü gözə almadan öldürməyəcəksən.
Ola bilər ki, sən feli qətl törətməkdən çəkinərsən, amma qiyabi bir qətli törədərsən. Necə? Yəni bir insanı – Peyğəmbəri, səhabələri, Allahın saleh qullarını - başqalarının gözündə öldürər, ona şər və böhtan ataraq etmədiyi bir günahda ittiham edərsən. Unutma ki, səndən bunun qisası alınacaq. Bu dünyada olmasa da axirətdə mütləq...
Çünki qisasda həyat var...

5. “Siz ey iman edənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə fərz olduğu kimi, sizə də fərz oldu ki, bəlkə təqvaya qovuşasınız!” (183) Orucluq mədənin deyil ruhun ibadətidir. Aclıq insanın bədənini təmizləyir, oruc isə insanın ruhunu. İman edəndən iddiasının sübutu üçün iradəsi sınanır. Çünki orucu mədə deyil, iman tutur. Bir imanlının mən oruc tuta bilmirəm... deyərək bəhanə uydurması imandakı problemindən qaynaqlanır. Oruc tutmaqda məqsəd təqvaya çatmaqdır. Bu isə ixlasa bağlıdır. Səmimisənsə təqvanı əldə edə bilmək şansın var, əks halda əldə etdiyin aclıq və susuzluqdur.

6. “Siz ey iman edənlər! Hamılıqla İslama (Sülhə, Təslimə) gəlin! Şeytanın yolu ilə getməyin, çünki o sizin acıq düşməninizdi! (208) Şeytanın yolu – Mən Sənin dost doğru yolunda oturacağam... bu yolda olanları azdıracağam, deyərək doğru yolun üzərində olduğunu bizə xatırladır.
Sən də dost doğru yolda ola bilərsən. Amma bu yolda olmaq deyil, bu yolda yürümək lazımdır.
Bu yolda olub başqalarını azdırmaq Şeytanın əməllərini təkrar etməkdir. Şeytan içi nifrətlə dolu olan biridir. İçinə bax. Kimə nifrət edirsən? Səninlə bu yolda yürümək istəyənə, ya Allaha asi olanlara. Əgər sənin davan qardaşınladırsa (möminlər yalnız qardaşdır), o zaman bir düşün!... Dön bir daha ayəni oxu! Bu yolda olanlara bax, yola bax, yoldakılara bax... Və UNUTMA Şeytan da bu yoldadır. Sənə öndən, arxadan, sollardan və sağlardan hücum edir, onun əsas məqsədi səni özünə tabe etmək, bu yolda oturtmaq, yürüməyinə mane olmaqdır. Sən səninlə bu yolu paylaşanlarla savaşsan həm özün yolda qalarsan, həm də mömin qardaşına mane olub onu yolundan edərsən.
"Qardaşlar müsəlman olmasa da müsəlmanlar qardaşdır"
Bunu UNUTMA!!!
Xilas yalnız təslimiyyət yolunda olmaqdadır. Orada olanlarla bərabər bu yolu qət etməkdədir. Fatihədə “biz!” dediklərinlə bərabər olmaqdır.

7. “Siz ey iman edənlər! Bazarlığın, dostluğun və şəfaətin olunmayacağı gün gəlməzdən əvvəl sizə ruzi olaraq bəxş etdiklərimizdən infaq edin! Nankorlar zalımlardır!” (254) – Sizə verilən ruzidə başqasının haqqı var. O sənin ruzin olmaqdan başqa həm də sənin imtahanındır. İmtahanı verməsən sinifdə qalacaqsan. Bu isə ruzinin şükrünü verməyib, ona arxa çevirməkdir. Özünə zülm etmək küfr etməkdir...

8. “Siz ey iman edənlər! İnsanlara göstəriş üçün malını xərcləyən, Allaha və axirət gününə inanmayanlar kimi başa vuraraq və qəlbi qıraraq yardımlarınızı puç etməyin!” (264)
– Allah verdiklərinə görə heç sənə minnət qoyubmu? Sən Ondan daha səxavətlisənmi? Allah nəinki möminə, müttəqiyə hətta kafirə və müşrikə qarşı da səxavətlidir. Sən sənə asi çıxana bir içim su verməkdən imtina edərkən, Onun əmrinə tabe olan Günəşi – işığını, Ayı - nurunu, çayları - suyunu, ağacları - oksigenini... səndən, məndən, başqalarından, kafir dediyin o düşmənlərindən əsirgəmir. Bəlkə şükür edər və hidayət olunarlar deyə onlara qarşı səxavətli olar. Bu Allahın insanlığa böyük bir lütfüdür. Bizə ruzi olaraq verdiklərini də biz Allah adına və məhz Allaha “gözəl bir borc olaraq” (Bəqərə - 245) verməliyik. Başa qaxılan yardım isə Allah adına deyil, göstəriş üçündür.

9. “Siz ey iman edənlər! Qazancınızın təmiz və halal olanından və sizin üçün torpaqda yetişdirdiyimiz şeylərin yaxşılarından əvəz güdmədən xərcləyin! Haram və pis olan şeyləri vermək fikrində olmayın!...” (267) – pis var deyə, o da yaradılıb deyə ondan dadmaqdan çəkinin. Pis yaxşıya dəyər vermək, onun qədrini bilmək üçündür. Pis ondan çəkinə bilmək üçün verilən bir imtahandır. Ola bilsin ki, bəzədilib, sənə gözəl göstərilib. Amma onun pis olduğu haqqında məlumatın olduğunu UNUTMA... Yaxşını və halalı isə paylaş. Birinə bir şey verəcəksinizsə, onun halal, yaxşı və təmiz olmasından əmin olun.

10. “Siz ey iman edənlər! Borc verib, aldıqda onu yazın!...”(282) – Bu Allahın sizə tövsiyəsidir. Borc verildikdə bəlkə unudulmur. Çünki insan öz malına qarşı daha çox diqqətlidir. Amma borc aldıqda başqasının malı olduğuna görə unudula bilər. Yazın. Və yazarkən də şahid tutun. Bu, sizə verilən bir əmrdir. Ayənin davamında bunun “Allah qatında daha adil, isbat edilmək baxımından və şübhəyə qapılmamaq baxımından daha güvənilən” olduğu söylənilir. Əsas məqsəd ədalət və güvənliyin qorunması, şübhənin dəf edilməsidir...

Ey iman edənlər əgər səmimisinizsə, o zaman iddianızı isbat edin!


RÜZGAR / AZERİSLAM. COM
Məqalələrimizdən istifadə edərkən istinad vacibdir.
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:17
GÜNƏŞ07:53
ZÖHR [ 4 rükət ]12:35
ƏSR [ 4 rükət ]14:57
MƏĞRİB [ 3 rükət ]17:15
İŞA [ 4 rükət ]18:47
GECƏYARI23:46
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka