Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

ALİMLƏRİN MƏZHƏBLƏR HAQQINDA GÖRÜŞÜ

[ Aktual / 7981 dəfə baxılıb ]   
|
 























Miladın üçüncü minilliyinin astanasında ikən müsəlman cəmiyyətlərində fitnə-fəsadın qopması, İslamın və müsəlmanların mənzərəsinin xoşagəlməz şəklə düşməsi acı həqiqət olsa da, İslam ümmətinin vəhdətinin zəruriliyi keçən əsrlərlə müqayisədə indi daha çox əhəmiyyət kəsb edir.
Müsəlmanların birliyinin zəruri olmasını tələb edən dəlillərə əsasən, İslamın səkkiz məzhəbindən (cəfəri, zeydi, hənəfi, maliki, şafei, hənbəli, zahiri, ibadi) birinə tabe olanların İslam ümmətindən sayılması və ya müsəlman adının onlara şamil olması barədə görəsən İslam alimlərinin fikri necədir? Onların fikrincə, həmin məzhəblərdən birini kafir hesab etmək doğrudurmu? Ümumiyyətlə, İslamın meyarı nədir?
Müxtəlif İslam məzhəblərini təmsil edən müsəlman alimlərə eyni ünvanlı suallarla müraciət edilmişdir.
Şiə alimlərindən sayılan Seyyid Əli Xamneyi, Seyyid Əli Sistani, Məhəmməd Fazil Lənkərani, Seyyid Məhəmməd Hüseyn Fəzlullah, Seyyid Hüseyn Seyyid İsmail Sədr, Şeyx Bəşir Nəcəfi, Seyyid Məhəmməd Səid əl-Həkim, Şeyx Məhəmməd Əli Təsxirinin görüşlərinin xülasəsi:
İlk öncə qeyd edilməsi vacib olan budur ki, İslam məzhəbləri bütövlükdə İslam ümmətini təşkil edir və onlar İslamın onlara verdiyi imtiyazlı hüquqlardan faydalanırlar[1]. İslam məzhəbləri arasında ayrı-seçkilik salmaq Quranın və Peyğəmbərin (Allahın salamı ona və ailəsinə olsun) təlimlərinə ziddir. Bu həmçinin, müsəlmanları zəiflədir, onların düşmənlərinə şərait yaradır, ona görə də səkkiz məzhəb sahiblərini və onların ardıcıllarını kafir hesab etmək doğru deyildir [2].
İslam kəlmeyi-şəhadəti dilə gətirmək və Qurani-Kərimin tələb etdiklərini təsdiq etməkdir. Kim buna riayət edirsə, o müsəlmandır. Müsəlmanlara aid olan hüquqlar ona da aiddir. Alimlərin öz aralarında ixtilaf etdiyi nəzəri məsələlərə gəldikdə isə bu, təkfirə (bir müsəlmanın digər məzhəbdən olan müsəlmanı kafir hesab etməsinə) səbəb ola bilməz. Hesab edirik ki, müsəlmanlar məzhəbindən asılı olmayaraq İslam ümmətinin tərkibinə daxildirlər. Heç bir vəchlə onlardan birini kafir hesab etmək olmaz. Müsəlmanın qanı, malı, namusu toxunulmazdır. Həmçinin, məzhəblər İslamın hüquq məktəbləridir. Onların hər biri ehtiram və təqdirə layiqdir. İxtilaflı məsələlərə gəldikdə isə onları obyektiv şəkildə elmi müzakirələr və danışıqlar kontekstində həll etmək olar[3]. Qurani-Kərim də bizə bunu öyrədir: “Əgər bir iş barəsində mübahisə etsəniz, Allaha və qiyamət gününə inanırsınızsa, onu Allaha və Peyğəmbərə həvalə edin! Bu daha xeyirli və nəticə etibarilə daha yaxşıdır” [4].
Dörd əhli-sünnə məzhəbinin alimlərindən Şeyx Mahmud Şəltut, Cad əl-Həqq Əli Cad əl-Həqq, Məhəmməd Seyyid Tantavi, Əli Cümə, Yusif Qardavi[5], Əhməd Kuftaru[6], Türkiyə Dini İşlər üzrə müşaviri Müzəffər Şahin, Zeydi məzhəbindən İslam tədqiqatlar və araşdırmalar mərkəzinin müdiri İbrahim ibn Məhəmməd əl-Vəzir, İbadi məzhəbindən Oman Sultanlığının Baş müftisi Əhməd ibn Həmd əl-Xəlil və s. müxtəlif məzhəb alimlərinin “İslamın meyarı nədir?” Ayrı-ayrı məzhəbdən olan müsəlmanları kafir hesab etmək doğrudurmu?”-sualı ətrafında görüşlərinin xülasəsi:
Həqiqətən, İslam dini müəyyən məzhəbə tabe olmaq məsələsində kiməsə nəyisə məcbur etməmişdir. Hər bir müsəlmanın doğru şəkildə nəql olunan məzhəblərdən birinə təqlid etmək haqqı vardır. Bir məzhəbdən başqa məzhəbə keçmək də yasaq deyildir.
On iki imamiyyə şiə məzhəbi kimi tanınan cəfəri məzhəbi əhli-sünnənin məzhəblərindən biri kimidir. Ona təqlid etmək olar.
Müsəlmanlar birmənalı olaraq məzhəb təəssübkeşliyindən yaxa qurtarmalıdırlar. Allahın dini və şəriəti hansısa bir məzhəbə sığmamışdır. Məzhəb alimləri müctəhid hesab edilirlər. Dedikləri özlərinin etiraf etdiyi kimi, doğru da ola bilər, yanlış da ola bilər. Hər ikisinin (doğru olanın da, yanlış olanın da) Allah qatında mükafatı vardır[7].
İctihad əhlindən olmayan kəslərin müctəhidlərə (ictihad şərtləri hasil olan kəslərə) təqlid etməsi və onların fətvalarına uyğun hərəkət etməsi vacibdir. Allah-Təala buyurur: “Əgər bilmirsinizsə, zikr əhlindən soruşun!” [8].
Müsəlmanları kafir hesab etmək məsələsinə gəldikdə isə bunun cavabı Allah-Təalanın buyurduğudur: “Sizə müsəlman olduğunu bildirən (salam verən) bir kimsəyə dünya həyatının puç mənfəətinə tamahsılanaraq: “Sən mömin deyilsən!”- deməyin!” [9]. Həmçinin, Peyğəmbər (s) belə buyurmuşdur: “Kimsə kimsəni fasiq (haqq yoldan azmış) və ya kafir (dindən çıxmış) deyərək ittiham etməsin, əgər o adam fasiq və ya kafir deyildirsə, onun özü dönüb fasiq və ya kafir olar” [10].
Hər bir insan, Allahın təkliyinə və Məhəmmədin Onun elçisi olmasına şəhadət verirsə, dində zəruri bilinən məsələlərdən heç birini inkar etmirsə, o kəs müsəlmandır. İslam məzhəblərinə (cəfəri, zeydi, hənəfi, maliki, şafei, hənbəli, ibadi, zahiri) gəldikdə isə onların hamısının “La ilahə illəllah, Muhammədun rəsulullah”- dediyinin şahidi olur və İslamın rüknlərini təsdiq etdiklərini görürük. Onlar arasındakı fikir müxtəlifliyi şəriətin təməl prinsiplərindən sayılmayan ikinci dərəcəli məsələlərə aiddir. Bu baxımdan həmin məzhəblərdən birinə tabe olan və dini ayinlərini o məzhəbə uyğun yerinə yetirən müsəlmandır. Müsəlmanlar Allahın və Peyğəmbərin (s) ümmətə etdiyi tövsiyəsini unutmamalıdırlar. Allah-Təala buyurur: “Dini doğru-dürüst tutun (qoruyub saxlayın), onda ayrılığa düşməyin!” [11] Peyğəmbər (s) isə belə buyurur: “İxtilaf etməyin ki, qəlbləriniz də ixtilaf etsin” [12].
Bu gün müsəlmanların müxtəlif ləqəblərlə-bu sələfidir, bu sufidir, bu sünnidir, bu şiədir, bu əşəridir, bu mötəzilidir, bu zahiridir və s. kimi tanınmasının heç bir dini (Quran və Sünnədə) əsası yoxdur. Çünki onların hamısı bir millətdən-İslam ümmətindəndirlər. İstər bu məzhəblər hüquqi (cəfəri, hənəfi, maliki, şafei, hənbəli, zahiri, zeydi, ibadi), istərsə də əqidə (imamiyyə, əşəri, maturidi, mötəzili, sələfi) məzhəbləri olsun, fərq etməz. Adı çəkilən məzhəblərin hamısı imanın və islamın rüknlərinə iman gətirmiş və dində zəruri bilinən məsələləri qəbul etmişlər.
Əbu Davud Usamə ibn Zeyddən nəql edir: “Peyğəmbər bizi döyüşə göndərmişdi. Əlimizə keçən əsirlərdən birini “La ilahə illəllah” deməsinə baxmayaraq onu vurub öldürdüm. Bu xəbər Peyğəmbərə (s) çatanda, o: “Qiyamət günü “La ilahə illəllah” deyənə nə cavab verəcəksən?” Mən dedim: “Axı o, silahın və ölümün qorxusundan “La ilahə illəllah” sözünü dilinə gətirdi!” Peyğəmbər (s) cavabında mənə belə buyurdu: “Sən onun qəlbindən necə xəbər tutdun ki, o həmin sözü səndən qorxaraq deyib, yoxsa iman gətirərək?! Və təkrar: “Qiyamət günü “La ilahə illəllah” deyənə nə cavab verəcəksən?”-deyə buyurdu. Peyğəmbər (s) bu sözü o qədər təkrar etdi ki, mən özümə İslamı həmin gün qəbul etməyi arzuladım (kaş o hərəkəti edəndə müsəlman olmayaydım)” [13].
Alimlər buyurublar: “Əgər bir nəfər dilinə bir kəlmə gətirərsə, o kəlmənin doxsan doqquz tərəfi (ehtimalı) küfrə yaxın, bir tərəfi (ehtimalı) isə imana yaxındırsa, biz ehtiyat edib onun iman tərəfini qəbul edir, küfr tərəfini isə tərk edirik” .
Biz belə hesab edirik ki, İslamın əsas prinsipləri nöqteyi-nəzərdən məzhəblər arasında heç bir ciddi fikir ayrılığı yoxdur. Lakin izahlar və ehtimal olunan yozumlar onlar arasında fikir müxtəlifliyinin olduğunu göstərir ki, bu da öz növbəsində İslamda fikir plüralizminin təzahürüdür.


[1]http://taghrib.ir/russian/?pgid=63&scid=112&dcid=36773
[2]سيد جلال الدين ميرآقايي.التعددية المذهبية فى الاسلام و أراء العلماء فيها. ص. 99. الناشر. المجمع العالمي للتقريب بين المذاهب الإسلامية. الطبعة الأولى:1428هـ.ق.-2007م
[3] سيد جلال الدين ميرآقايي.التعددية المذهبية فى الاسلام و أراء العلماء فيها. ص. 105. الناشر. المجمع العالمي للتقريب بين المذاهب الإسلامية. الطبعة الأولى:1428هـ.ق.-2007م
[4] Nisa, 59
[5] Misirli alimlərdir
[6] Suriya Ərəb Respublikasının Baş müftisi (vəfatı 2004-cü il)
[7] سيد جلال الدين ميرآقايي.التعددية المذهبية فى الاسلام و أراء العلماء فيها. ص. 119. الناشر. المجمع العالمي للتقريب بين المذاهب الإسلامية. الطبعة الأولى:1428هـ.ق.-2007م
[8] Nəhl, 43
[9] Nisa, 94
[10]http://www.islamweb.net/hadith/hadithsearch.php
[11] Şura, 13
[12]http://www.islamweb.net/newlibrary/display_book.php?idfrom=2034&idto=2035&bk_no=74&ID=898
[13]ابن تيمية، تقي الدين أحمد ابن عبد الحليم. مجموع الفتاوى.المجلد الثالث، ص45. الناشر : دار الوفاء.الطبعة : الثالثة ، 1426 هـ / 2005 م
سيد جلال الدين ميرآقايي.التعددية المذهبية فى الاسلام و أراء العلماء فيها. ص. 182. الناشر. المجمع العالمي للتقريب بين المذاهب الإسلامية. الطبعة الأولى:1428هـ.ق.-2007م


Hazırladı: Məhəmmədəmin / Azerislam.com

Məqalələrimizdən istifadə edərkən istinad vacibdir.
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:17
GÜNƏŞ07:53
ZÖHR [ 4 rükət ]12:35
ƏSR [ 4 rükət ]14:57
MƏĞRİB [ 3 rükət ]17:15
İŞA [ 4 rükət ]18:47
GECƏYARI23:46
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka