Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

MÜSƏLMAN DEYİLSƏ, ÖLSÜN!?

[ Aktual / 5448 dəfə baxılıb ]   
|
 
Bəzi müsəlmanlarda, qeyri müsəlmanlar haqda müəyyən bir fikir formalaşıbdır. Qeyri müsəlmanlar ya islamı qəbul etməli, ya “cizyə” (vergi) ödəməli, ya da öldürülməlidirlər. Hamımız bu fikirdə olmasaq da, çox təəssüf ki, bəzilərimiz bu düşüncəni normal qəbul edir. Sanki Məhəmməd Peyğəmbərin (Allahın salam və duası olsun Ona) dövründəki təzyiq, savaş və hücumlar zamanında yaşayır. Hansı ki, qeyri müsəlmanı yalnız müdafiə halında və yaxud da şəriət qanununun “qisas” məcəlləsinə görə öldürməyə icazə verilir.

Bu necə düşüncə tərzidir? Yalnız müsəlman ordusu qeyri-müsəlman ordusu ilə üzləşərkən yuxarıdakı qeyd olunan üç qayda keçərlidir. Qalan hallarda isə, qeyri-müsəlmanlarla bir arada, bir vətəndə, bir şəhərdə, bir qəsəbədə, bir evdə yaşamaq, ünsiyyət saxlamaq, əlaqə qurmaq lazımdır. Onlarla yaxınlıq etmək mümkündür deyil, onlarla yaxınlıq etmək vacibdir. Onlar Allah təalanın yaratdığı və yer üzünə xəlifə kimi seçib, təyin edib, göndərdiyi insanlardır. Biz kim oluruq ki, adımız müsəlmandır deyə, qeyri-müsəlmanları öz dəftərimizdən silib ataq?!
Bir keçmişimizə, tariximizə, Peyğəmbərimizin və Onun səhabələrinin dövrünə baxmırıqmı? Başqa ölkələrlə daim əlaqədə olmuşlar, istər ticari, istər iqtisadi, istər ictimai, istərsə də siyasi baxımdan olsun. Qeyri-müsəlmanlarla bir yerdə, bir torpaq üzərində, bir şəhərdə yaşamış, əlaqələr qurmuşlar.

Rəbbimiz Qurani Kərimdə buyurub ki; “Ey insanlar! Biz sizi kişi və qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq.” (Hucurat, 13).
İnsanlar bir-birləri ilə tanış olmalı, ünsiyyət saxlamalı, yaxınlıq etməli, əlaqələr qurmalıdır. Bu əslində bəşəriyyətin əsas prinsiplərindəndir. Gərək olsaydı Rəbbimiz ayəyə “tanış olandan sonra, qeyri müsəlmanları islama çağırın, qəbul etməsələr məhv edin!” deyərdi. Amma Rəbbimiz insanın yox olmasına, məhv və ya həlak edilməsinə, öldürülməsinə necə baxır, heç bilirsinizmi? Buyurur: “...kim bir adamı öldürməyən və ya yer üzündə fəsad törətməyən bir şəxsi öldürərsə, sanki bütün insanları öldürmüşdür.” (Maidə, 32).

Soruşula bilər ki, bəs o zamanki savaşlar və tökülən qanlar hansı adla yazılsın tarixə? Bu suala cavab verməmişdən qabaq tarixi bir hadisəni xatırlatmaq gərəkdir. Məhəmməd Peyğəmbər Mədinə (Yasrib) şəhərinə gedərkən, oraya necə daxil oldu? Kimə təzyiq göstərdi, hansı hücumlar edildi? Necə qarşılandı? Yaxud uzun illərdən, əzab və işgəncədən, təzyiq və hücumlardan sonra müsəlman ordusu Məkkəyə geri dönərkən, oraya necə daxil oldular? Bir kəs belə öldürüldümü? Deməli məqsəd öldürmək olsaydı, Mədinədəki yəhudilər və münafiqlər ilk başdan təmizlənərdilər, o torpaq üzərində saxlanılmazdılar. Həmçinin Məkkənin fəthi zamanı oradakı illər boyu düşmən kəsilmiş, müşrik Qureyş əhli və digərləri həmən məhv edilərdi. Hətta xatırlayın bir zaman Məhəmməd Peyğəmbər Taif şəhərinə, haqqa çağırmaq üçün gedərkən, döyülüb qanlar içində qovulmuşdu. Əllərini açıb dua etsəydi, həmin şəhər iki dağın arasında sıxılıb məhv edilərdi. Amma Peyğəmbərimiz bütün bəşəriyyətə rəhmət olaraq göndərilmişdi, bəşəriyyəti məhv etmək üçün deyil. Yuxarıda qeyd olunan sualın cavabına gəldikdə, qısa olaraq demək olar ki, müsəlmanların savaşlarının əksəriyyəti müdafiə xarakteri daşımışdır. Ya düşməndən gələn hücumu dəf etmək üçün, yaxud da başqa bir ərazidəki insanları islama çağırmağın qarşısını alan zalimləri yox edib, haqqı çatdırmaq naminə olmuşdur.

Bir də müsəlmanlar arasında belə bir məsələ daim müzakirə olunur. Cihad hər bir müsəlmana fərzdirmi, vacibdirmi? O zaman niyə özlərinə sormurlar; “İslam dinini bilməyənlərə çatdırmaq müsəlmana fərzdirmi?”. Bəs islam dinindən, onun gözəlliyindən, əxlaq prinsiplərindən, Allahın kəlamından xəbəri olmayanlara bu haqqı kim çatdıracaqdır? Allah sevgisi, Allaha itaət duyğularından məhrum olanlara kim bildirəcəkdir? Yaxud da, adı müsəlman olub, Allah təalanın kitabından, kəlamından xəbəri olmayanlara haqqı kim xatırladacaqdır? O insanlara daha yaxın yaşayan müsəlman mömin bəndələr bir məsuliyyət daşımırlarmı? Şərt deyil ki, yalnız bütün günü gedib qeyri müsəlmanlara “İslam var, tək din budur, müsəlman ol, şəhadət gətir, namaz qıl!” deyək. Müsəlman elə Peyğəmbərin yaşadığı tərzə uyğun yaşasa, Peyğəmbərin yəhudilər, münafiqlər və müşriklərlə necə rəftar etdiyini özündə tətbiq etsə, qeyri müsəlmanların özündə maraq oyanacaq. Onlar mediadan görüb eşitdikləri, xurafat, cəfəngiyyat və yalan xəbərlərlə gördükləri müsəlman əxlaq arasında ziddiyət anlayacaqlar. Əslində müsəlman necədir və necə olmalıdır dərk edəcəklər.

Rəvayətə görə, Peyğəmbərimiz Məhəmmədi bir dəfə Gavrəs bin əl-Haris adlı şəxs öldürmək istəyir. Ancaq qılıncını çəkərkən, Allahın izniylə Məhəmməd özünü müdafiə edərək, qılıncı onun əlindən alır, amma onu öldürmür. Hər hansı lider olur olsun, onun ətrafındakı bu cür təhlükəli şəxsləri həmişə yox edirlər. Amma peyğəmbərimiz Ona islam dinini anladır və müsəlman olmasını təklif edir. O isə, islamı qəbul etmir, amma söz verir ki, bir daha o gündən sonra Peyğəmbəri öldürmək barədə nə düşünəcək, nə də Peyğəmbərə qarşı olan heç bir savaşda iştirak etməyəcəkdir. O dediyi kimi də hərəkət edir, sözünün üzərində durur. Öldürmək və məhv etmək əsas olsaydı, Peyğəmbərimiz öz dövründə yaşayan, ziyankar, iki üzlü və çox təhlükəli olan münafiqləri öldürtərdi.
Ona görə də, müsəlman bir şəxsə yaraşmaz ki, başqasının ölməsi, məhv olması, sancı və ya əzab çəkməsi onu sevindirsin. Müsəlmanın ürəyi rəhmət, mərhəmət və məhəbbət dolu olmalıdır. Bütün insanları sevməyi və onların xeyir tərəfini tapmağı bacarmalıdır. Ətrafımızda olan müsəlmanlarla gözəl davranmağı, yola getməyi buyurmaqla yanaşı, Rəbbimiz qeyri- müsəlmanlarla da xoş davranmağı buyurub; “Ola bilsin ki, Allah sizinlə ədavət bəslədiyiniz kimsələr arasında dostluq yaratsın. Allah (hər şeyə) Qadirdir. Allah Bağışlayandır, Rəhmlidir. Allah din uğrunda sizinlə vuruşmayan və sizi öz diyarınızdan qovub çıxartmayan kimsələrə yaxşılıq etmənizi və onlarla insafla davranmanızı sizə qadağan etmir. Şübhəsiz ki, Allah insaflı olanları sevir. Allah sizə ancaq sizinlə din uğrunda vuruşan, sizi diyarınızdan qovub çıxardan və çıxarılmanıza kömək edən kimsələrlə dostluq etmənizi qadağan edir. Onlarla dostluq edənlər zalımlardır.” (Mumtəhinə, 7-9). Ayələrin sonuna fikir versəniz, hətta qeyri müsəlmanlarla dostluğu qadağan edən Rəbbimiz, onları öldürün, yurdlarından çıxarın demir.

Rəvayət olunur ki, bir dəfə yəhudilər Peyğəmbərimizin yanına gələrkən, kinləri və nifrətlərindən Ona “Əs-səm aleyke” (Sənə ölüm olsun demişdilər). Hansı ki, “Əs-səlamu aleye” sözünə oxşayır. Dili yastı saxlamaqla, onu gizlədərək demək mümkündür. Amma Peyğəmbər bunu anlamışdı. Bu zaman anamız Aişə (Allah ondan razı olsun) də onların nə dediyini anlamış və hiddətlənərək belə cavab vermişdi; “Ölüm və lənət sizə olsun!”. Rəsulullah isə; “Yavaş, yavaş ay Aişə, Allah təala bütün işlərdə zərifliyi və incəliyi sevir.” Aişə anamız isə; “Eşitmədinmi sənə nə dedilər?” Peyğəmbərimiz; “Mən də cavabında “və sizə də” dedim!”.
Fikir versək Peyğəmbərimiz hətta cavabında belə kinlər və hirslə “sizə” demədi “və sizə də” dedi. Fərq bilirsinizmi nədir? “Sizə” desəydi, yəni ölüm mənə, yox sizə olsun demiş kimi olardı. Amma axı bütün insanlar bir gün öləcəklər. “Və sizə də” demək, yəni mənimlə bərabər ölüm sizə də gələcək cavabını vermişdi. Haqq olan bir şeyi çatdırmışdı.
Ona görə də, hər bir möminin borcudur ki, ətrafında olan insanlarla, dinindən və etiqadından asılı olmayaraq gözəl davransın, haqq olanı etsin! Qeyri müsəlmanlarla isə daha zərif və diqqətli davranmaq lazımdır ki, onlar İslam haqqında olan fikirlərinin yanlış olduğunu qavrasınlar.

Hazırladı: Şahmar Kərimov / Azerislam.com
Mənbə: www.onislam.com

Məqalələrimizdən istifadə edərkən istinad vacibdir.
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:26
GÜNƏŞ07:55
ZÖHR [ 4 rükət ]13:26
ƏSR [ 4 rükət ]16:28
MƏĞRİB [ 3 rükət ]18:56
İŞA [ 4 rükət ]20:21
GECƏYARI00:41
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka