Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

İLAHİ YARDIM

[ Təfəkkür / 11404 dəfə baxılıb ]   
|
 
Allahın yardımına hamımız möhtacıq. Qaçan da Ona yalvarır, qovan da. O isə hamıya yardım edir. Çənnətə tərəf qaçan üçün oranın yolunu asanlaşdırır, yükünü xəfiflədir, gücü çatmayacağı yükü yükləmir.

Cəhənnəmə yol alana da öz istəyi olduğu üçün ora girməyini təmin edir. Necə deyərlər niyyətin hara mənzilin də ora.
Seçimi biz edirik, yardımı O göndərir. Yardımın gəlişi bizim ixlasımıza və Ona nə qədər güvəndiyimizə bağlıdır. Sonuna qədər gözləyə biləcəyikmi?! Yardımı harada tələb edirik? İman etdik, yardım tez yetişsin deyirik və ya yardıma deyil, iman etdiyimizə güvənirik?

Bilirik və anlayırıq ki, ilahi yardım atəş bədənə, bıçaq sümüyə dirənməyənədək gəlməyəcək. “Rəbbim mənimlədir, mənə yol göstərəcək” (Şuara, 62) deyib suya baş vurmayana, su boğaza çatsa belə geri dönmədən irəli getməyənə ilahi yardım olunmayacaq. Çünki geri döndüyün anda əlindəki əsa dənizi yara biləcək gücünü itirir.
Sərvin təpəsinə çıxmadan hörümçəyin yardımına ümid edə bilməyəcəyimizi də bilirik. Bilirik ki, əsanın gücü, hörümçəyin toru ilahi əmrə tabedir. Biz üzərimizə düşəni edib Sərvin təpəsinə çaxacaq, boğazımıza qədər suya girəcək, atəşdə yanmaq üçün könüllü olacaq, ya da ki, "İsmayılımız"ın boğazına özümüz öz əlimizlə bıçaq dirəyəcəyik.
Bunları edə bilməyimiz bizim üçün asanlaşdırılacaq. Çünki onlar yalnız imanın gücü ilə asanlaşa bilərlər. İman insanı atəşə yandırmaq üçün deyil, ən böyük Sevgiliyə qovuşmaq, Onu razı salmaq üçün aparar. İman qəlbdə elə bir sevgi atəşi qalayar ki, dünyanın atəşi onun yanında utandığından sərin və salamat olar. Atəş imanı yandıra bilməyəcəyini anladıqda missiyasını dəyişər. Bundan sonra yalnız inkar edənləri yandırar və özü də əbədi yanan bir cəhənnəmə çevrilər...

İsmayılın boğazına bıçaq dirəmək əmrini aldıqda heç düşünmədən tabe olacağıq. Çünki “Rəbbimizin bizimlə olmasına iman etmişik” “O isə ən gözəl vəkildir.” Bizdən bizim “İsmayıl” istənilirsə deməli daha uca məqama yüksəldilməyimiz istənilir. İbrahimin və İsmayılın təslimiyyəti bizə örnək verilib ki, təslim olmağı bacaraq. İsmayılıqsa, qurban edilməyimiz əmr olunubsa bıçaq sümüyə dayansa belə imandan vaz keçməməliyik. Çünki bilir və anlayırıq ki, bıçaq imanın boğazını üzməyə qadir deyil. Atəş yandıra bilmədiyi kimi o da kəsə bilməz. Bu onların bacaracağı bir iş deyil.

Musanın açdığı yolda yürüyəcəyik. Bilir və anlayırıq ki, bu yol yalnız onun davamçılarının gedə biləcəyi bir yoldur. Fironlar bu yolda yürüyə bilməz, boğularlar. Onlar da Nuhun qövmü kimi suda boğulub, atəşdə yanacaqlar.

P.S. EY iman etdiyini iddia edən! Pislikdən yaxşılığa, küfrdən imana, büt dolu Məkkəndən iman yolu Mədinənə hicrətə niyyət etmirsənsə, Sərvin ətəyində dolaşma, təpəsinə çıx!
Yardım ancaq oradadır...

İman imtahan olunmadan cənnətə girmək mümkün deyil. İman mayak olub yolunu işıqlandıracaq. Bu yol dənizlərdən, dağlardan, atəşlərdən keçir. Lakin bu yolda ölüm yoxdur. Şəhadət var.
Cənnət yolçuları! Şəhidliyiniz mübarək.


RÜZGAR / AZERİSLAM.COM
Məqalələrimizdən istifadə edərkən istinad vacibdir.
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]05:09
GÜNƏŞ06:41
ZÖHR [ 4 rükət ]12:48
ƏSR [ 4 rükət ]16:15
MƏĞRİB [ 3 rükət ]18:55
İŞA [ 4 rükət ]20:21
GECƏYARI00:02
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka