Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

MƏHZƏBLƏR HAQQINDA BEYNƏLXALQ BƏYANAT

[ Aktual / 5664 dəfə baxılıb ]   
|
 
Son vaxtlar beynəlxalq aləmdə baş verən hadisələr açıq-aydın göstərir ki, bu gün dinlərarası və məzhəblərarası ixtilaf və münaqişələri hərbi yolla həll etmək mümkün deyildir. Ona görə də Quran işığında sülh və danışıq, qarşılıqlı anlaşma yolları araşdırılıb aşkar edilməlidir. Qloballaşan dünyada dinc, yanaşı yaşamanın təmin edilməsinə yönəlmiş fəaliyyətin mühüm tərkib hissəsi və şərtlərindən biri də din və ümumbəşəri dəyərlər sahəsində mədəniyyətlərarası dialoqun olmasıdır. Belə bir dialoq dinlərarası və məzhəblərarası münasibətlərin düzgün məcrada cərəyan etməsinə və rəvan inkişafına zəmin yarada bilər.
Qurani-Kərimə müraciət etdiyimiz zaman Allah-Təalanın bir din altında Ona iman gətirənləri sülhə, əmin-amanlığa səslədiyini görürük: “Ey iman gətirənlər! Hamınız bir yerdə sülhə (barışığa) gəlin! Şeytanın yolu ilə getməyin, çünki o sizin açıq düşməninizdir!” (Bəqərə, 208)

Bu baxımdan əqidə və şəriətin təməl prinsiplərində yekdil fikirdə olan müsəlmanların ayrı-ayrı İslam məzhəblərinə bağlanması onların vəhdət və həmrəyliyinə xələl gətirməməlidir. Məzhəblər bütövlükdə İslamı öyrənir və onu yaşamağa çalışır, ona görə də məzhəblərin mövcudluğu kimisə narahat etməməlidir.
İslam alimləri məsələnin ciddiliyini nəzərə alaraq mövzu ətrafında mütəmadi olaraq beynəlxalq səviyyəli konfranslar keçirir, təkfir (bir müsəlmanın digər məzhəbdən olan müsəlmanı kafir hesab etməsi) məsələsinin təhlükəsindən danışır və açıq-aydın bəyanatlarla məzhəbindən asılı olmayaraq hər bir müsəlmanın İslam ümmətinin ayrılmaz bir hissəsi olduğunu vurğulayırlar. Əslində, belə bəyanatların alimlər tərəfindən açıqlanması müsəlmanların vəhdət sıralarını daha da möhkəmləndirir, ayrı-seçkilik amillərini isə zəiflədir.

İordaniya Haşimilər Krallığının 2005-ci ilin iyul ayında paytaxt Əmmanda keçirmiş olduğu Beynəlxalq İslam konfransının bəyanatı buna bariz nümunədir . Həmin beynəlxalq konfransda Dünya Müsəlmanları Alimləri Birliyinin sədri Yusif Qardavinin, müsəlman şiə mərceiyyətinin görkəmli rəhbərlərindən sayılan Seyyid Əli Sistaninin, Əl-Əzhər universitetinin şeyxi Məhəmməd Seyyid Tantavinin İslam məzhəbləri ilə bağlı birgə fətvaları səsləndirilmişdir. Əllidən çox ölkədən iştirak edən iki yüzə yaxın müsəlman aliminin birgə imza atdığı Əmman bəyannaməsi özündə bir çox müddəaları əks etdirir:

1. Aşağıda adı çəkilən məzhəblərdən birinə tabe olan müsəlmandır, onu kafir hesab etmək olmaz. Bunlar: Cəfəri, zeydi, hənəfi, maliki, şafei, hənbəli, ibadi və zahiri adı ilə tanınan məzhəblərdir. Bu məzhəblərdən birinə tabe olan hər bir müsəlmanın qanı, malı, namusu toxunulmazdır .

2. Məzhəbləri bir-birinə bağlayan cəhətlər onları bir-birindən ayıran cəhətlərdən daha çox, həm də daha qüvvətlidir. Bunları aşağıdakı şəkildə qruplaşdırmaq olar:

a) Səkkiz məzhəb (cəfəri, zeydi, hənəfi, maliki, şafei, hənbəli, ibadi və zahiri) sahibləri İslamın təməl prinsiplərində müttəfiqdirlər. Onların hamısı tək olan Allaha iman gətirir, Qurani-Kərimin Allahın kəlamı olmasına inanır, Məhəmməd peyğəmbərin Allahın elçisi və bütün bəşəriyyətə sonuncu peyğəmbər kimi göndərilməsini təsdiqləyir və Kəbəni qibləgah qəbul edirlər.
b) Səkkiz məzhəbin hamısı İslamın kəlmeyi-şəhadət (La ilahə illəllah, Muhammədun rəsulullah), namaz, zəkat, oruc və həcc kimi vacib rüknlərini qəbul edirlər.
c) Səkkiz məzhəbin hamısı imanın əsas rüknlərinə-Allaha, Onun mələklərinə, kitablarına, elçilərinə, qiyamət gününə, qəzavü-qədərinə iman gətirməyi qəbul edirlər.

Bu bəyanatı əziz oxucularımıza təqdim etməkdə məqsədimiz onları İslam dünyasını təmsil edən görkəmli alimlərin fətvası ilə yaxından tanış etmək, məzhəblərarası birliyi və həmrəyliyi qoruyub daha da möhkəmləndirmək, antiislam qüvvələrin ümməti içəridən dağıtmaq planlarını isə alt-üst etməkdir.
Sözümüzü Quranın bir ayəsi ilə tamamlamaq istərdik:
“Hamılıqla Allahın ipinə (dininə, Qurana) möhkəm sarılın və (firqələrə bölünüb bir-birinizdən) ayrılmayın! Allahın sizə verdiyi nemətini xatırlayın ki, siz bir-birinizə düşmən ikən. O sizin qəlblərinizi (islam ilə) birləşdirdi və Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz. Siz oddan olan bir uçurumun kənarında ikən O sizi oradan xilas etdi. Allah Öz ayələrini sizin üçün bu şəkildə aydınlaşdırır ki, haqq yola yönəlmiş olasınız!” (Ali Imran,103)


Hazırladı: Məhəmmədəmin Lənkərani / Azerilsam.com
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:25
GÜNƏŞ07:54
ZÖHR [ 4 rükət ]13:26
ƏSR [ 4 rükət ]16:29
MƏĞRİB [ 3 rükət ]18:57
İŞA [ 4 rükət ]20:22
GECƏYARI00:41
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka