Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

BİR UDUM NƏFƏS

[ Təfəkkür / 10436 dəfə baxılıb ]   
|
 
Bir mən var, bir də mənim olan.
Mən- Allahın bir ayəsi. Bəzən rəhmət, bəzən qəzəb ayəsi...
Bu dünyaya gəlməsəydim, daha doğrusu yaradılmasaydım yoxluğum hiss olunmayacaq, yerim görünməyəcəkdi. Amma yaradıldım. Varam. Varlığım buna şahiddir. Özüm şahidəm. Tanıyanlar şahiddir.
Var olmaqla varlıqlar arasında yerimi tutdum, özümü tanıtdım, yoxluğumu hiss etdirdim. Yoxluqlarına üzüldüldüklərim də bir zaman var olanlar, varlığından xəbərdar olduqlarım idi.
Olmayanların olması gərəkdiyini hiss etmirik ki, yoxluqlarına üzülək. Olanların bizim olmaması, bizdə olmaması üzür bizi...
Heç bir zaman bilmədiyimiz, görmədiyimiz, təsəvvürümüz olmayan bir şeyi istəmədik. İstədiklərimiz, arzuladıqlarımız bildiklərimiz, tanıdıqlarımız olub.

Aşiq olanda romantik birinə aşiq olmağı istədik.
Sevgimizin əbədi olmasını, dastana çevrilməsini, dillər əzbəri olmasını dilədik. Örnək modelləri düşündük. Məcnunun Leyliyə olan sevdası eşq etalonumuz oldu...

Övladımız olanda tanıdığımız ən gözəl və ən ağıllı birinə bənzəməsini istədik. "Vunderkind" uşaq arzuladıq, özümüz heç bir zaman vunderkind olmasaq da.

Evimizi və ev əşyalarımızı tanışlarımızınkına bənzətdik. "Onda görmüşdüm", "onun var idi", mən də "onunkundan" istəyirəm, dedik... Bizdə olmayanların bizim olmasını istədik... Bizim olanların başqalarının arzusu olduğu ehtimalını isə heç düşünmədik...

Maşın alanda flankəsin maşınına bənzəməsini xəyal etdik. Xəlayımızda ən gözəl və ən bahalı maşınları sürdük...

Bütün istəklərimizi bizdən öncə kiminsə yaşadığı həqiqətlər üzərində qurduq.
Kimsəyə bənzəməyimizi qəbul etməsək də hər zaman kimlərsə bizim üçün etalon oldu. Heç nəyi özümüz üçün etmədik, etdiklərimizin hamısı başqaları üçün idi, başqalarına baxıb etdik. Başqalarını razı salamağa çalışdıq. Bizi qane edənlər başqasını qane etməyincə dəyişdik, dəyişildik, daha doğrusu dəyişdirildik.

Bir “MƏN” var idi. Bir Mən yaradılmışdı. Biz dəyişdik. Bir “O”ya çevirdik. İkinci şəxs üçün dəyişildikcə özümüz öz gözümüzdə üçüncü şəxsə çevrildik...
Bir Adəm idik. İblisin oyununa gəldik.
Başqasına bənzəməyə çalışdıqca özümüzü tükətdik. Başqa birinə çevrildik. MƏNdən Ona dönmək çətin olsa da biz bunu bacardıq.

Bir MƏNİM var idi. Mənim dediklərim, mənim sandıqlarım, mənim olduğuna inandıqlarım. Əlim, ayağım vardı, dilim, qəlbim, düşünən beynim vardı... Bütün bunlar saydıqca bitməyən nemətlər idi...
Bir də nəfəsim var idi. Bütün bunların olduğunu mənə xatırladan, yaşadan, mənə həyat verən... Hər nəfəs aldıqca ciyərlərimə dolan hava mənim varlığıma şəhadət edir, sağlığımı dünyaya hayqırırdı. Udulan bir nəfəs həyatı, yaşamağı, düşünməyi anladırdı. Hər udulan hava həyata insan qazandırırdı...

Doğuldum...
Böyüdüm...
Qocaldım...
Öldüm...


Bir nəfəslə dünyaya gəldim, son nəfəslə dünyadan getdim.
Orada anladım ki, mənə verilənlər sadəcə bir sınaq üçün imiş. Bütün bunların hesabı soruşulacaqmış... Nə etdin onlarla? Harada yaşadın? Harada qocaldın? Harada öldün? Hə, hə hətta bu da soruşulacaq... Harada öldün?!
Əl də, ayaq da, dil də, dodaq da, qəlbdə, hətta nəfəs də... şahid olacaq. Yaşayışıma şahid olduqları kimi, ölümümə də şahid olacaqlar.

Adəm ağaca yaxınlaşdı ayağı günaha batdı, əl uzatdı əli günaha batdı... Bir anlıq nəfəsini dərdi. Nə etdiyini anladı...
Adəm Cənnətdə doğulmuşdu. Yer üzündə öldü. Bir də cənnətə qayıda bilmək üçün bu dünyaya imtahan olunmaq üçün, bütün ağaclardan gen gəzmək üçün göndərilmişdi. Öldü ki, yenidən cənnətə qayıtsın. Yasaqları olan cənnətdən yasaqları olmayan cənnətə gedə bilmək üçün Dünyaya hicrət etmişdi.
Gələrkən yüksüz idi, dönərkən yükdən beli bükülmüşdü...
Onun belini qocalıq bükmədi, yükü onu qocaltdı.
Verəcəyi hesabatlar onun belini bükdü. Dərddən qocaldı Adəmoğlu. Aldıqlarını bir-bir verincə qocalıq qapısını çaldı. Ağaran saçı, tökülən dişi, büzüşən üzü, qırışan əli, taqətsiz dizi daşıdığı yükün ağırlığından xəbər verir.

Yediyi yeməklər halal-haramlığına şahid olacaqdı.
Qazanan əllər halal-haramlığına şəhadət gətirəcəkdi.
Dilini qeybətdən qoruya bilməyən dişləri şahid olacaqdı.
Harama baxan gözü, haramı dinləyən qulağı etiraz edəcəkdi.
Qaşları düyünlənəcək "Biz günaha batmaq istəmirdik, məcbur edildik" deyəcəkdilər.

"Mənim" dediklərimin nə zamansa mənim əleyhimə şahadət verə biləcəklərini düşünərkən onlara yeni nəzərlərlə baxmağa başladım. Mənim dediklərimin girovuna çevrildiyimi anladım. Hər iki dünyada da mən onların girovu idim. Bu dünyada bəzəyərək, düzəyərək, onlara gözəl görünüş verməyə çalışaraq ömrümün yarsını bədənimi süsləməyə çalışmışdım...
Ayaqüstə olanda da, oturanda da, uzananda da Məni zikr edin deyirdi Allah. Mən isə Allahı yalnız boş vaxtlarımda zikr edirdim. Qalan saatlarımı cismimi süsləməklə keçirirdim. Bədən üzvlərimin sünü bəzəyinə ayırdığım saatlar axirət günü mənim əleyhimə ifadə verdilər. "İsraf etdiyim zaman" şahidləri oldu... Deyəcək, müdafiə olunacaq söz tapmadım. Sözüm də əleyhimə şahidlik edənlər arasında idi...
Mənim dediklərim qarşımda dayanaraq məni ittiham etdilər...
Onların girovundan xilas olmaq isə yalnız onlarla savab qazanmaqla mümkün imiş. Heyf ki, gec anladım. Savabım günahımdan az olunca "mənimkilər" mənim olmadı. Mənə qarşı oldular.
Mənim dediklərimin heç biri mənim deyilmiş, mən onların girovu imişəm. Mən onların imişəm.

P.S. "Aldığımız nəfəsi də geri qaytarırıqsa, deməli bu dünyada heç bir şey bizim deyilmiş"...
Amma almağımızla qaytarmağımız arasında da böyük bir fərq var: alarkən o "oksigen" idi, qaytararkən...
Bunu da gec anladım.
Heyf...


RÜZGAR / AZERİSLAM.COM
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:29
GÜNƏŞ07:58
ZÖHR [ 4 rükət ]13:26
ƏSR [ 4 rükət ]16:25
MƏĞRİB [ 3 rükət ]18:51
İŞA [ 4 rükət ]20:17
GECƏYARI00:40
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka