Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

MƏHƏBBƏT

[ Aktual / 7606 dəfə baxılıb ]   
|
 















Eşq əhli daşı tam yerinə oturdub:
Məhəbbətdən Muhamməd oldu hasil,
Məhəbbətsiz Muhamməddən nə hasil?


Çöldə açan bir gül idi o.
Rəngi solmaz, qoxusu tükənməz bir gül.
Sevginin əvəzini ödəyən Yaqub kimi uzaqdakı Yusufu qoxlayan bir ürəklə gözlərini dəyişdirənlər duya bilərdi o gülün qoxusunu.
Eşqi və ağrı-acını ondan öyrəndik.
Yaşamağın və ölməyin, ölmədən öncə ölüb öldükdən sonra yaşamağın sirrini o öyrətdi bizə. Göylərin süfrəsini o, açdı önümüzə. Onun sayəsində tənəzzül buyurdu Allah ürəklərimizə.

...Eşqi ondan öyrəndik: Sevdi, amma sevdaya «qara» bağlamadı. Sevdanın üzünü qara etmədən sevməyi bacarmayanlara «ağ sevda»nı öyrətdi.
Eşqə baxış bucağı verdi. Sadəcə o baxış bucağından baxanlar eşqin sirrinə qovuşdu.
Başqalarının öyrətdiyi eşq sahibini həbs edən bir vurğunluğa dönürdü. Onun öyrətdiyi eşq isə sahibini azad etdi. O eşq cizgisini izləyənlər sevdikcə daha çox azad oldular, azadlaşdıqca sevdilər və sonda həyatı bir qucaq dolusu məhəbbətə çevirdilər. Məhəbbətə, yəni insanın xərclədikcə çoxalan tək sərmayəsinə...

«İman etmədikcə cənnətə girə bilməzsiniz» deyirdi, fəqət daha müdhiş – insanı iliklərinə qədər titrədən başqa bir şey də söyləyirdi: «biri-birinizi sevmədikcə də gerçəkdən iman etmiş sayılmazsınız!» Bu, imanı yetişdirən torpağın sevgi olduğunu ifadə etməkdir. Məhəbbətin ürəkdə sabitləşmiş halı olan iman ancaq sevgi torpağında boy ata bilərdi.
Daha sonra «Mömin sevən və sevilən, dost olan və dostluq qurulandır, sevməyən və sevilməyəndə, dost olmayan və dostluq qurulmayanda xeyir yoxdur!» deyirdi. Sadəcə deməklə işi bitmiş sanmayıb, bu sözü necə həyata keçirməyin ən gözəl örnəklərini verirdi.
Onun sevgisi, canlıları aşıb cansızları da əhatə edirdi. Uhud dağı haqqında deyərdi ki, «Uhud – o bir dağdır, amma o bizi sevər, biz də onu sevərik!»
Dağla sevgisini paylaşan, dağı sevən və dağ tərəfindən sevildiyini fərq edən ürək necə bir ürəkdir?
Bu insanı ürəkdən sarsıdan məhəbbət dərsinin, bizim ağrımayan, sızlamayan, yanmayan, inləməyən, sevməyən, duyğusuz, daşlaşmış və hətta daşdan da qatılaşmış ürəklərimizdə verdiyi əks-səda nədir?
Modern insan anlaya bilərmi bu fərqi?
İçində ürək yerinə daş daşıyan çağdaş insanda necə bir qarşılıq tapar bu davranış?
Şairin:
«Şərqi görməz, qərbi bilməz, görgüdən yox vayəsi,
Bir utanmaz üz, yaşarmaz göz bütün sərmayəsi»
dediyi bədəvidən gələn, geriliyə meylli, var-dövlətlə sınanarkən hərislik kaprizlərinə, yoxsulluqla sınanarkən alçaqlıq komplekslərinə qapılanlar necə anlayar və anladar, necə yaşayar və yaşadarlar bu məhəbbəti – Muhammədi?
Məhəbbəti Muhamməddən öyrənənlər ölməyin sirrini də öyrənmiş oldular.
Məhəbbətin mərkəzi olan könüldən yola çıxaraq anladılar ki, birisinə «alçaq» desən təhqir etmiş olarsan, lakin «alçaqkönüllü» desən, iltifat edərsən. Çünki könül elə bir uca məqamdır ki, ona tuş gələn alçaqlığı belə öz qatına ucaldar.
Kədəri də «Mən hüzünlərin peyğəmbəriyəm!» etirafını edən o mübarək insandan öyrəndik: O insan ki, saçları sevdiklərinin ölümü ilə deyil, Allahla münasibətini zədələməmək uğrunda çapalamaqla ağarmış Uca Öndər, Ulu Rəhbər idi.

Əsrlərin günahını yumaq üçün gecəyarıları axıtdığı gözyaşları yatdığı döşəkcəni isladıb Aişəni yuxudan oyandıracaq qədər sel olub çağlayan Yeriyən Quran idi.
Bu ibrətli kədər deyildimi Hirada öz ruhunu yenidən doğmaq üçün bir sancıya tutulan? Buna insanın olum sancısı da deyə bilərik. O okeanlar misalı müqəddəs sancıdan payına bir damla düşənlər yaşadıqları çağın «ən güclü nüvə mərkəzlərinin» belə yanlarında bir heçə dönən «gül və güc mərkəzi» olurdular!

Çağın Əbu Cəhillərinin onu anlamasını, onu sevməsini heç kim gözləməsin. O deyilmi, atası İbrahim kimi insanlığa şeytanı, şeytanları daşlamağı öyrətdi. Şeytan və dostları da o gülü və onun gül üzlü dostlarını daşlayacaqdır.
Mən modern əbu cəhillərin etdiklərindən daha çox ona ümmət olduğunu söyləyənlərin etdiklərinin onu incitdiyini düşünürəm. Onun mirasına sahib çıxmalı olanlar sadəcə saqqalına və əbasına sahib çıxıb onun tədrisini geri atmaqla onu daha çox üzürlər.

Allahın bizə göndərdiyi Hz. Muhamməd (sonsuz sayda salam, hörmət və məhəbbət olsun ona) tək bir Muhamməd idi. Fəqət ənənələrimiz üzərinə ən az üç Muhamməd ortaya çıxarıldı:
1.Göylərə qaldırılan fövqəlinsan Muhamməd.
2.Araçılıq vasitəsi, poçtalyon rəftarına məruz qalaraq aşağı düşürülən Muhamməd.
3.Quranın tanıtdığı möhtəşəm bir əxlaqa sahib olan örnək Muhamməd.
Bir də muhəddislərin ömrü boyu elə hey danışan, lakin bir iş görməyən Muhammədi, sufilərin ömrü boyunca iç dünyası ilə əlləşib ətraf aləminə arxa çevirən Muhammədi və fəqihlərin işi-gücü Quranı kodlaşdırıb ondan formullar kəşf etməkdə olan Muhammədi də var...

Bu mövzu bitən deyil, lakin indi o İnsanlığın gözəlindən bir təvəqqim var:
«Sənə çox həsrət qaldıq, bizi bu çağa qarşı dik tutan sənin qoxundur...
Yel əssin, Ya Rəsullullah...
Qoxun gəlsin!
»

Hazırladı: Fa`ni / Azerislam.com

Mənbə: M. Islamoğlu "Əfəndim" kitabı
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]05:56
GÜNƏŞ07:29
ZÖHR [ 4 rükət ]13:46
ƏSR [ 4 rükət ]17:18
MƏĞRİB [ 3 rükət ]20:02
İŞA [ 4 rükət ]21:30
GECƏYARI00:59
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka