Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

SEÇİMİN ÇOXDUR, YOXSA NƏFSİN TOXDUR?

[ Aktual / 6733 dəfə baxılıb ]   
|
 
Ruzini verən Allahdır. Onun adlarından biri də Rəzzaqdır. Amma nədənsə əksər hallarda başqa yollara əl atmaqla, ruzinin məhz oradan gələcəyinə inanırıq. Ruzi verən Odursa, bizdən isə sadəcə doğru-dürüst addım, hərəkət kifayətdir. Çünki ruzimiz artıq ana bətnində olarkən yazılmışdır.
Qurani-Kərimdə ruzi və nemət ilə əlaqədar axtarışlar versək, çox sayda müxtəlif ayələrə rast gələrik. Bunlardan bəzilərini qeyd edib, xatırlamaq faydalı olar.
“Şübhəsiz ki, ruzi verən də, qüvvət sahibi də, yenilməz olan da Allahdır!” (Zariyat, 58)
“Əgər onlar yoxsuldurlarsa, Allah öz lütfü ilə onları dövlətli edər. Allah (lütfü, mərhəmətilə) genişdir, (hər şeyi) biləndir!” (Nur, 32).
“Sizi yaradan, sonra sizə ruzi verən, sonra sizi öldürən, sonra da sizi dirildəcək məhz Allahdır.” (Rum, 40).
“Bu, əlbəttə, Bizim ruzimizdir. O bitməz-tükənməzdir.” (Sad, 54).

Bu kimi və digər detallarla olan ayələr çoxdur. Görürük ki, Rəbbimiz öz lütfü və kərəmi ilə hamıya ruzi verir, onun verdiyi ruzi bitməz, tükənməzdir. Yaratmış və yaratdıqlarının da ruzisini mütləq şəkildə yazmışdır. Yoxsul olanlar belə, Ona tam əminliklə inanmişlarsa, bilməlidirlər ki, onlara yazılan ruzi mütləq şəkildə onlara çatacaqdır, yazılmayıbsa, qismətləri deyilsə, onu heç bir şəkildə əldə edə bilməzlər. Ruzi verən yalnız və yalnız Allahdır. Bəs əgər O, verdiyi ruzini azaldarsa?! “Allah (kimisinin ruzisini) azaldar, (kimisinin ruzisini də) artırar. Siz Ona qaytarılacaqsınız.” (Bəqərə, 245).
Yaxud da verəcəyi ruzini kəssə, verməsə, bəs onda? “Ya da O Öz ruzisini kəssə, sizə kim ruzi verə bilər?” (Mülk, 21).
Tək insanlar deyil, bütün məxluqatın ruzisini Rəbbimiz Öz nəzarəti altında saxlayıb. “Yer üzündə yaşayan elə bir canlı yoxdur ki, Allah onun ruzisini verməsin.” (Hud, 6)

Ona görə də, hər hansı bir işi görsək, yenə də ruzini Allahdan istəməliyik. İbadətimizi, itaətkarlığımızı unutmamalı, Ona olan ehtiyacımızı könüldən qəbul etməli, daim Ona şükr etməliyik. Çünki bütün bunları bizə buyuran və öyrədən Rəbbimizdir. “Ruzini Allahdan diləyin. Ona tapının, Ona şükür edin. Siz (qiyamət günü) Onun hüzuruna qaytarılacaqsınız!” (Ənkəbut, 17).
Bəs Allah hamıya istədiklərini versə sonra qıtlıq yaranmazmı?!
“Elə bir şey yoxdur ki, onun xəzinələri Bizdə olmasın. Biz onu ancaq müəyyən ölçüdə endiririk.” (Hicr, 21).

İmam İbn əl-Qeyyim (Allah ona rəhm etsin!) deyib ki; “Quranın xitabını kim bir az düşünsə, görər ki, Allah təala Malikdir, bütün mülk Onundur və həmd də Ona məxsusdur. ” Allah təala bütün qullarının Onun qarşısında fəqir və möhtac olduqlarını qeyd edir. Onların ehtiyaclarını ödəyə biləcək yalnız Allahdır. Rəbbimiz buyurur; “Ey insanlar! Siz Allaha möhtacsınız. Allah isə Zəngindir, Tərifəlayiqdir.” (Fatir, 15).
Bu qeyd olunan ayə barədə İmam ət-Tabari deyir ki, “Allah təala qeyd edir ki; Ey insanlar Sizin hamınız Ona möhtacsınız, yoxsulsunuz, Ona ibadət edin, Onun razılığını qazanmağa tələsin, O da sizin ehtiyaclarınızı ödəyər və sizi dövlətli edər. ”

Bütün insanlar Allahın mərhəmətinə, rəhmətinə, nemətlərinə möhtacdır. Bizim dualarımızın, ibadətlərimizin, itaətlərimizin heç birinin Ona bir faydası toxunmaz. O isə, böyük kərəm sahibi olmasına baxmayaraq yenə bizə səslənər, bizi Özünə tərəf çağırar, Ondan istəməyi öyrədər. Peyğəmbərimizin bizə bildirdiyi kimi, bütün insanlar və cinlər nə qədər imanlı, təqvalı və xeyirxah olsalar da, bu, Allahın mülkündə bir şey artırmaz. Həmçinin bütün insanlar və cinlər nə qədər ziyankar və günahkar olsalar da, bu, Allahın mülkündən bir şey azaltmaz, əskiltməz.
Mömin bəndə yoxsulluğunu, acizliyini, yalnız Allaha möhtac olduğunu dərk edib, səmimi qəlbdən bunu qəbullanarsa, o heç bir zaman başqa şeylərə özünü möhtac hiss etməz, zillətə düşməz, izzətini itirməz, qüvvəsi azalmaz. Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) buyurub ki; “Zənginlik (ehtiyacsızlıq) seçimin çox olması deyil, nəfsin tox olmasıdır.” Şeyxul İslam İbn əl-Teymiyyə də deyib ki; “Nəfsin zənginliyi insanın rəğbət bəslədiyi şeyə qarşı dürüst və ciddi olması, nəfsin istəklərindən də salamat qalmasıdır.”

Allah təala Qurani Kərimdə buyurur ki; “Qadınlar, uşaqlar, qızıl-gümüş yığınları, yaxşı cins atlar, mal-qara və əkin yerləri kimi nəfsin istədiyi və arzuladığı şeylər insanlara gözəl göstərilmişdir. (Lakin bütün) bunlar dünya həyatının keçici zövqüdür, gözəl dönüş yeri isə Allah yanındadır.” (Ali İmran, 14).
“Var-dövlət və övladlar dünya həyatının bərbəzəyidir. Əbədi qalan yaxşı əməllər isə Rəbbinin dərgahında savab və ümid baxımından daha əfzəldir.” (Kəhf, 46).
Dünya həyatının keçici bir həvəs, oyun oyuncaq, lağ-lağı və dəyərsiz olması bir çox ayələrdə qeyd olunur. Rəsulullah da bizi daim malın, pulun qulu olmaqdan, dünya sevgisindən çəkindirmişdir. Allahın verdiyi ruzini lazımi qədər, ehtiyacı ödəyəcək səviyyədə istifadə etmək, ona tapınmaq, bağlanmaq, onun üçün yaşamaq sonunda məhvə aparar, insanı həlak edər, Axirətdə də qazancsız buraxar. Rəbbimiz bu fani dünyadan asılı olmağımızı istəmir, bizlərə yazığı gəlir, rəhm edir, həmişə möhlət verir ki, bəlkə anlayıb, dərk edib Ona doğru-dürüst yönələrik. Bu dünya qiymətsiz, dəyərsizdir, insan üçün isə daha xeyirli və əbədi olan Axirət həyatı vardır ki, Rəbbimiz bizi o həyatı qazanmaq üçün çağırır. “Onlara söylə: ”Dünyanın ləzzəti və faydası azdır, lakin müttəqilər üçün axirət daha xeyirlidir.” (Nisa, 77).

Dünya malı və ləzzətinin çoxluğu ilə öyünən, daha çox varı olmasına sevinin, özünü ehtiyacsız hiss edən şəxs, dəyərsiz bir şeylə qürrələnir. Fani - əldə qalmayacaq bir şeylə fəxr edir. Hansı ki, bir gün torpağa qoyularkən sahib olduqları başqalarına qalacaq. Bir müddət sonra onu da unudacaqlar.
Peyğəmbərimiz bir dəfə bazardan keçərkən, insanlar yan-yörəsindən keçirdilər, yerdə, ölmüş halda, balaca və qulağında anadan gəlmə eybi olan bir keçi balasını görür. Qulağından tutub qaldırır, sonra deyir; “Kim bunu bir dirhəmə almaq istəyər?” Dedilər ki; “Onu almağa pul vermək istəmərik, həm də nə işimizə yarayacaq ki?!” Sonra dedi ki; “Yaxşı, sizin olmasını istərdinizmi?” Dedilər; “Vallah hələ sağ olsaydı qulağındakına görə ayıb olardı, meyit olduğu halda necə olsun?! ” O da dedi ki; “Sizin üçün bu necə dəyərsizdirsə, Allaha and olsun ki, Allah üçün dünya daha dəyərsizdir.”
Başqa bir hədisində də Rəsulullah buyurmuşdu ki; “Bu dünyanın Allah qatında ağcaqanadın qanadı qədər qiyməti olsaydı, kafirə bir içim su belə verməzdi.”

Bir dəfə Harun ər-Rəşid İbn əs-Səmmaka, mənə bir möizə et demişdi. İbn əs-Səmmak da, onu əlində su içdiyini görüb, - Ya Əmirəl Möminin – dedi. Sözünə davam edərək; “Əgər bu bir içim suyu tapmasaydın, onu əldə etmək üçün bütün mülkünü verərdinmi?” Dedi; “Bəli”. O da; “Ya Əmirəl Möminin, əgər bu suyu içsəydin, sonra da onu çıxara bilməsəydin, onu ixrac etmək üçün bütün mülkünü verərdinmi? Dedi; “Bəli”. İbn əs-Səmmak da; “Bir içim su və sidiyə belə dəyməyən bu mülkün heç bir xeyri yoxdur.”
Yoxsulluq və kasıblıqdan qorxan insan, mala-dövlətə həris olar, imkan olan kimi mal-dövlət yığmağa can atar. Malı mülkü çoxalan kimi də ondan asılı qalar, bu zaman da onu itirməkdən qorxar.

Allah bizə ən zəngin bəndəsinin, Ona qarşı necə möhtac olduğunu, şükr etmə borcu və məsuliyyəti ilə yaşadığını xatırladır ki, bəlkə ibrət alaq. Bu şəxs Süleyman peyğəmbərdir ki, yer üzündə indiyə kimi ona verilən mal-mülk heç kəsə verilməmiş və verilməyəcək də. Çünki bunu səmimi qəlbdə Süleyman peyğəmbər özü istəmiş, Rəbbinə də bu istəklə üz tutub dua etmişdir. “(Süleyman dua edib) dedi: “Ey Rəbbim! Məni bağışla və mənə elə bir mülk (səltənət) ver ki, məndən sonra (o cürəsinə) heç kəs nail ola bilməsin. Həqiqətən, Sən böyük ehsan (kərəm) sahibisən! ” (Sad. 35). Rəbbimiz də Onun duasını qəbul edərək, ona yalnız mal-dövlət, cah-cəlal deyil, elə şeylər verdi ki, onlara heç bir insan oğlu heç bir zaman nail ola bilməz. “Biz küləyi ona ram etdik. Külək onun əmri ilə istədiyi yerə rahatca gedirdi. Həmçinin şeytanlardan olan müxtəlif (nəqşlər vuran) bənnaları, dalğıcları. Eləcə də başqalarını (digər şeytanları) zəncirlənmiş halda (onun ixtiyarına verdik). (Və buyurduq:) “Bu Bizim hədiyyəmizdir! (Bunlardan istədiyinə )versən də, verməsən də (səndən) haqq-hesab tələb olunmayacaqdır”. ” (Sad, 36-39). Bütün bunları Ona bəxş edən Rəbbimiz, hələ Onun üçün Axirətdə də gözəl bir yer hazırlamışdır. “Həqiqətən, o Bizə yaxın olanlardandır və onun üçün gözəl qayıdış yeri hazırlanmışdır.” (Sad, 40).

Ona görə hazırlamışdır ki, Süleyman peyğəmbər Rəbbinə sadiq olan bir bəndə, Ona layiqincə şükr etməyi bacaran, nəfsi tox olan bir şəxs idi. Bütün verilənlərin qarşısında o zərrə qədər belə dünya malına-mülkünə bağlanmamış, onları itirməkdən qorxmamış, bütün verilənlərin Rəbbi tərəfindən bir nemət olduğunu dərk etmişdi. Demişdi ki; ““Bu, Rəbbimin lütfündəndir (mərhəmətindəndir). Məni imtahana çəkməyi üçündür ki, görək (Onun nemətinə) şükür edəcəyəm, yoxsa nankor olacağam!” (Nəml, 40) Hətta şükr etmə məsuliyyətinin ağırlığından Rəbbinə üz tutaraq Ondan layiqincə şükr etmənin yolunu istəmişdi. “Ey Rəbbim! Mənə mənim özümə və ata-anama ehsan buyurduğun nemətə şükür etmək, Sənin razı qalacağın yaxşı iş görmək üçün ilham (qüvvət) ver! Və məni öz mərhəmətinə saleh bəndələrinin zümrəsinə daxil et!”” (Nəml, 19).
Sonunda bir daha qeyd edək ki, Rəbbimizin verdiyi ruzinin halalınca istəyək, ehtiyacımız olan qədər istifadə edək, ehtiyacı və haqqı olanlara bol-bol verək və ruzidir deyə bu dünya malına bağlanıb qalmayaq.
“(Ey insanlar!) Bilin ki, dünya həyatı oyun-oyuncaq, bər-bəzək, bir-birinizin qarşısında öyünmək və mal-dövləti, oğul-uşağı çoxaltmaqdan ibarətdir. Bu elə bir yağışa bənzəyir ki, onun yetişdirdiyi bitki (məhsul) əkinçilərin xoşuna gələr. Sonra o quruyar və sən onun saralıb-solduğunu, daha sonra çör-çöpə döndüyünü görərsən. (Dünya malına aldananları) axirətdə şiddətli əzab, (dünya malına uymayanları isə) Allahdan bağışlanma və razılıq gözləyir. Dünya həyatı aldanışdan (yalandan) başqa bir şey deyildir.” (Hədid, 20).


Şahmar Kərimov / Azerislam.com
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:29
GÜNƏŞ07:58
ZÖHR [ 4 rükət ]13:26
ƏSR [ 4 rükət ]16:25
MƏĞRİB [ 3 rükət ]18:51
İŞA [ 4 rükət ]20:17
GECƏYARI00:40
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka