Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

MÜSƏLMAN KİMİ YAŞAMAQ

[ Aktual / 7294 dəfə baxılıb ]   
|
 
Ağlımız kəsəndən bəri özümüzü “Müsəlman” sayırıq. “Sən müsəlman deyilsən” ifadəsini bir təhqir hesab edirik. Bir çoxlarımız İslamın beş şərtini əzbərdən bilirik. Bəzən “müsəlman olmayanları” qınayır, aşağılayır, düşüncələrimizdə küçümsəyir və sözlərimizlə alçaldırıq. Günahkarların günahlarını elə ağız dolusu müzakirə edir, mühakimələrdən doymuruq ki, sanki kimisə mühakimə etməyə fürsət axtarırıq. Halbuki, heç bir insan başqasının etdiyi günahdan özünü məsum saymamalıdır. O insanın halına və vəziyyətinə düşməyincə, nəyin necə olacağını bir tək Allah bilir. Ona görə də başqalarının düşdüyü günahlardan əlimizdə zəmanət yoxdursa, onların niyə etdiyini dilimizə almamalıyıq. Rəbbimiz, bir-birimizə hörmət naminə aramızda nəlayiq “ləqəblər” qoymamağı əmr edərkən, sadə bir şey kimi kafir, fasiq, zındıq, kosmonavt, turist və sairə kimi ləqəbləri müsəlmanlara elə gözəl yaraşdırırıq ki...

Biri müsəlmanlar və ya islam haqda mənfi tonda danışsa, anti-simpatiya göstərsə ona qarşı hücum çəkməyə və sərt dialoqa girməyə həmişə hazırıq. Amma özümüz əksər hallarda müsəlmanları incidir, əzir və ya əziyyət veririk. Bu azmış kimi bir də oturub bu ümmət üçün bir şeylər çatdırmaq istəyən islam alimləri və ya mütəfəkkirlərinin ətini də yeməkdən həzz alırıq.
Müasir müsəlmanlarda sanki yeni bir etiket formalaşıb. Başqalarını müzakirə edib, onların əməllərinə görə onları ayırmaq, bölmək, fikir və ya əqidə mübahisələri aparmaq.
“Biz müsəlmanıq” deyiriksə, bunu layiqincə göstərməyi bacarmalıyıq. Biri dərzi olduğunu iddia edirsə, ondan bir geyim tikmək tələb olunur, biri sürücüdürsə maşın idarə etmə bacarığını göstərməli və ya biri yazıçıdırsa müəllif olduğu yazılarını görməliyik ki, buna inanaq. Bəs onda biri “müsəlmanam” deyirsə?! Bir də anlamalıyıq ki, “bizim dinimiz” dedikdə İslamı özümüzünkiləşdirməməliyik. İslam dini bütün dünyadakı insanlara xitab edir. İslam bütün insanlaırn sulh və barışıq içində yaşamalarının başqa bir adıdır. “Biz” dediyimiz də, “başqaları” kimi ayırdığımız da İslama sahib olmaqla deyil, İslama tabe olmaqla mükəlləfdirlər. İslam bizə aid deyil, bizim dinimiz deyil, biz İslama aidik.

İslama tabe olduğumuzu iddia ediriksə, təqva sahibi olmalıyıq. Təqva, Allaha daha yaxın olmaqdır. Allaha yaxın olmağımızı yalnız Allah bilər və yalnız Allah ölçər. O yaxınlığın bir rəngi və ya tonu yoxdur. Kimsə özünü başqalarıyla müqayisədə “daha imanlı”, başqası isə “zəif imanlıdır” deyə hesab etməməlidir. Bir də, kimsə özünü daha bilikli və ya elmli saydığına görə, dini biliyi zəif olana “mən irəlidəyəm o geridədir” düşüncəsiylə yanaşmamalıdır. Geyimi, zikri, namazı, orucu, tez-tez məscidə getməsi, Quran oxumasıyla özünü “müttəqi” sayanlar, başqalarına yuxarıdan aşağı baxmamalıdırlar. Çünki Allahla olmaq, Allahı yanına çəkib rütbə qazanaraq başqalarının üzərində istifadə etmək deyil. Allaha yaxın olduğunu sanan bəndə, bunun məsuliyyətindən daha çox titrəməli, azma təhlükəsinin ona daha yaxın olduğunu bilməli və daha ayıq olmalıdır. Daha çox sevildiyini bilərək bu sevgidən məhrum olmaqdan çox qorxmalıdır. Başqalarından əvvəl özünə fikir verər, öz əskik və təqsirlərini saymaqdan başqalarınkinə nəzər yetirməyə vaxt tapmaz, öz eyblərini bildiyindən xəcalət çəkər və başqalarını qınamağa üzü olmaz. Daha az günahkar olan, daha çox günahkar olana niyə düşmən olmalıdır?! Özü də o günaha bata bilməzmi?! Başqasının günahını sadalamaqla özünü niyə təmizə çıxarmalıdır?! Özü günahdan uzaq olduğu üçün qürurlanmaqdansa, Rəbbinə şükr etməlidir. “Mən hicab örtürəm, sən açıq-saçıq geyinirsən” ayrı-seçkiliyi, yaxud “mən namaz qılıram, sən bara-diskoya gedənlərdənsən” fərqliliyi etmək insana nə verir?!

İslam ilk insanla başlayıb. Hər insanla da İslam yenidən başlayar. Peyğəmbərimiz “Sənə haqqıyla şükr edə bilmədik” deyir, bizlər isə İslama tabeçilik borcumuzu unuduruq. Bir də, müsəlman ailədə və ya müsəlman ortamda doğulan şəxslər özlərini heç cür üstün tuta bilməz. İslam miras deyilki, onlara kimlərdənsə qalsın. Allah təala Quranda; “Allah qatında din İslamdır” buyurur. Biz “Allah qatında hansı səviyyədə müsəlmanıq” deyə özümüzü tərəzidə çəkmişikmi? Təəssüf, bəziləri “Allah qatında sadəcə müsəlmanlar məqbuldur, o da bizik” düşüncəsiylə yaşayır. Bizlər də belə anlasaq, ayəni öz istəklərimizə tabe edib, məsuliyyətdən qaçmış sayılarıq.

“Quranı” da “bizimkidir” deyə ayırmamalıyıq. Bu müqəddəs kitab, qiyamətə qədər olan bütün insanlar üçün nazil olunub və hamıya xitab edər. “Bizimkidir” deyərək, Quranı nə özümüzə etiket etməli, nə sırf öz mədəniyyətimizə həbs etməli, nə də nostalji xatirələr kimi Peyğəmbərimizdən qalan bir kitab kimi davranmalıyıq. Quran, yaradıcının bütün insanlığa olan xitabıdır. Vəhy, müsəlmanların tərəfini tutmaz. Əksinə, adını müsəlman qoyanlara, mömin olduqlarını iddia edənlərə xitab edərək sözlərini tutmağa çağırır. Quranda buyurulanları etməyə, Qurana uymağa borcluyuq. İnsanları da Qurana tabe olmağa çağırmalı, Quranımıza uydurmağa çalışmamalıyıq. Həqiqət bizə aid deyil, biz həqiqətə aid olmalıyıq. Həqiqəti dərk edib, anlayıb, insanları tanımalıyıq, insanları müzakirə edərək həqiqət axtarmamılıyıq. “Onlar kitablarını təhrif ediblər” və ya “biz etməməşik, onlar kafirdirlər” düşüncəsiylə əhli-kitabın hamısını kafir listinə əlavə etmək hüququmuz yoxdur. Ümumiyyətlə kiminsə kafir, kiminsə qeyri-kafir olma damğasını vurmaq kimin ixtiyarına verilib ki? Yoxsa Allah kimlərisə “qeyri-kafirlik sertifikasiyası bürosuna” vəkil təyin edibdir?!
“Qeyri müsəlman” saydığımız başqalarının niyə Allahın buyuruqlarını qəbul etməməsinə çox təəccüblənirik. Çox zaman da “niyə namaz qılmır, niyə oruc tutmur, niyə belə geyinir” və sairə kimi gileylər və deyinmələrlə onları qınayırıq. Amma Quranı sanki anlamış və tabe olmuş kimi göstərdiyimiz biz özümüz, heç necə, hərəkət etdiyimizi görürükmü? Namaz qılıb hələ adam ola bilməyənlər, namaz qılmayanlara elə istehzalı və kinayəli yanaşırlar ki, sanki onlara vəhy gəlir və Allah tərəfindən seçilmişlərdir. 3-4 kitab oxuyub Allahın adından elə danışanlar, islam mütəfəkkirlərinə onları tanımadan elə söz atanlar var ki, elə bil elm dəryasının mənbəyi onların filtir sistemindən keçib paylanır.

İnsan kimidir Quran, nə qədər maraq və önəm göstərilərsə, o da insana o qədər önəm verər. Nə qədər ciddiyə alınarsa Quran, o qədər də ciddi və dərindən söyləyər sözlərini. Quranı oxuyub, onunla yol tutmaq, onun nuruyla görməyi nəsib etsin bizə Rəbbimiz. Gözlərimiz kor deyilsə, görmək funksiyasını sağlam yerinə yetirirsə də belə, qaranlıq olarsa heç nə görməz. Rəbbimiz öz nurundan işıq saçsın ki, biz görə bilək. Rəbbimiz bizə haqqı haqq kimi göstərib ona tabe olmağı, batili batil kimi göstərib ona yaxınlaşmamağı nəsib etsin bizə.

Şahmar Kərimov / Аzerislam.com
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:17
GÜNƏŞ07:53
ZÖHR [ 4 rükət ]12:35
ƏSR [ 4 rükət ]14:57
MƏĞRİB [ 3 rükət ]17:15
İŞA [ 4 rükət ]18:47
GECƏYARI23:46
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka