Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

BƏŞƏRİ MÜNASİBƏTLƏR

[ Aktual / 7713 dəfə baxılıb ]   
|
 
Bəşəri münasibətlər deyildikdə ilk olaraq insanlar arasındakı münasibətlər ağla gəlir. İnsan yaradılışından etibarən təkbaşına heç bir şey edə bilməyən bir varlıqdır. Başqasına möhtacdır. Həyatı başqasıyla paylaşır,varlığını isbat etmək üçün mütləq bir başqasına ehtiyac duyur. Daha doğrusu, təkbaşına heç bir şey edə bilməyən insanın başqa bir insanla münasibət qurması da qaçınılmazdır. Bunu həyata keçirmək üçün bəşəri münasibət dediyimiz hal reallaşmalıdır. Bəşəri münasibət qurmağı bacaranlar təkcə insanlarla deyil, eyni zamanda Allahla da münasibət quran kəslərdir. Çünki Quran sözünü Allahla başlayar, insanla qurtarar. İnsanlarla münasibətimiz Allahla münasibətimizdən ayrı deyil. Yaxşı olanlar sadəcə Allaha qarşı deyil, insanlara qarşı da yaxşı davrananlardır. Bəşəri münasibətlər məsələsi bir əxlaq məsələsidir. Çünki birbaşa davranışla əlaqəlidir. Bəşəri münasibəti həyata keçirərkən diqqət etməyimiz gərəkən xüsusları aşağıdakı bəndlərlə xarakterizə etmək mümkündür:

1. İnsanlara dəyər vermək.
Bəşəri münasibətlərdə ilk nəzərə aldığımız məsələ insana dəyər verməkdir. İnsana dəyər vermək deyərkən ona dəyər yükləmək anlaşılmamalıdır, çünki insanı Yaradan ona dəyər verib yaradıb. Bu dəyərləri aşağıdakı kimi sadalamaq olar.
a) Yaradılış olmaqla dəyər qazanıb.
b) Yaradılışlar içində insan olmaqla dəyər qazanıb.
c) İnsanlar arasında mömün olmaqla dəyər qazanıb.
d) Mömünlər arasında qardaşımız olmaqla dəyər qazanıb.
Yəni insan onsuz da dəyərlidir. O zaman insana dəyər vermək deyərkən ona verilmiş olan dəyəri anlamaq nəzərdə tutulmalıdır. İnsana dəyər verməsək ‐ insana verilmiş olan dəyəri bilməsək, bizə dəyər verilməsini gözləməyə haqqımız yoxdur. Başqalarına dəyər verməyənin özünə qarşı dəyər gözləməyi nə qədər qəribə və nə qədər də tez‐tez rastlaşdığımız bir davranışdır.

2. İnsanlara qarşı ölçülü olmaq.
Bəşəri münasibətlərdə bəlkə də ən əsas məsələ ölçülü olmaqdır. Çünki ölçüsüz davranmaq münasibətlərin pozulmasına gətirən ən əsas amildir. Ölçünün pozulması tarazlığın pozulmasıdır. Ona görə sevgidə də, nifrətdə də, yaxınlıqda da, uzaqlıqda da tarazlıq və ölçü əsas şərtdir. Ölçüsüz insanların qurduğu münasibətlər ilk baxışdan gözəl görünsə də, çox keçmədən aşağının da aşağısı olur və təbii ki, nəticədə tarazlıq pozulur.
Münasibətlər iki insanın qəbul etdiyi ölçü ilə başlamalıdır. İki tərəfin daşıya biləcəyi bir ölçüdə davam etdirilməlidir. Çünki gerçək münasibət əslində bir‐birini ürəyində daşımaqdır. Bir‐birini ürəyində daşıyan iki insan bir‐birinin ürəyinə yük olmadığı müddət boyu dəyərli olar. Əgər bir‐birinin ürəyinə yük olmağa başlayarsa, bir ürək yükü sonsuza qədər daşınıla bilməz.
Münasibətlərarası ölçünü qorusaq, qarşımızdakı insan bizim nə edəcəyinizi bilər, edəcəyimiz bir hərəkət ona və onun edəcəyi hərəkət isə bizə təəccüblü gəlməz. Əgər tanıdığımız insan yalnış bir hərəkətlə bizi təəcübləndirirsə, demək, ya biz o insanı tanımırıq, ya da tanıdığımız insan o insan deyil. Çünki tanıyıram dediyimiz insan onu tanıdığımız vaxtdan etibarən bizə yanlış surpriz etməz. Səhvlər, qüsurlar, xətalar edə bilər, amma yalnış surpriz etməz.

3. Hörməti, yəni məsafəni həmişə qoruyun.
Bəli, hörmət məsafədir. Sevdiklərimizlə aramızda mütləq məsafə lazımdır. Hətta özümüzlə belə məsafəli olmalıyıq. Özümüzlə məsafəmiz olmasa, qarşımıza keçib öz səhvlərimizi necə görə bilərik? Necə özümüzü düzəldərik? Özümüzü öz qarşımıza qoya bilməsək səhvlərimizi necə görə bilərik?
Məsafə eyni zamanda hörmət anlamına gəlir. Aradakı məsafələri yıxmaq doğru bir şey deyil. Bir‐birinə ən yaxın münasibətlər ailədə kişi və qadın arasındakı münasibətlərdir. Ana‐oğul, ana‐qız arasındakı münasibətdən daha yaxın münasibətdir. Ancaq kişi və qadın arasında belə məsafə olmalıdır. O məsafə olarsa, kişi bəy, qadın xanım olar. Bəy və xanım münasibətini qurmaq məsafəli davranmaqdır. O məsafənin mənası həm də hörmətdir. Qarşınızdaki insana hörmətlə yanaşdığınız üçün məsafə qoyarsınız. Həyat yoldaşınızın da sirləri ola bilər. Həyat yoldaşınızdır deyə onun hər sirrini bilmək haqqınız yoxdur. Onun şəxsiyyəti ordadır. O üzdən məsafəni qoruyun ki, bir‐biriniz üçün hər zaman bəy və xanım ola biləsiniz. Unutmayaq ki, sevgi məsafəni qaldırmaq deyil, məsafəni ölçüdə saxlamaqdır.

4. Fərqli insanlara səbrli və xoş rəftarlı olmaq bəşəri münasibətlərin əsas ünsürlərindən biridir.
Fərqlilik Allahın lütfüdür. İnsanlar fərqli olmasaydı, onları tanımaq da faydasız olardı. İnsanlar fərqli olduğu üçün onları tanımağa çalışırıq. Yoxsa bir insanı tanımaq kifayət edərdi ki, bütün insanları tanıya bilək. Bütün insanları tanımaq, onlarla dost olmaq, onların xasiyyətlərin bilmək maraqlı olmazdı. Ona görə də fərqlilik Allahın insana verdiyi bir nemətdir və hər insan orijinal ‐ bənzərsizdir. Onun bənzərsizliyini anlamaq üçün şəxsiyyətini kəşf etməliyik. Yəni Allahın onu gözəl bir şəkildə, eyni zamanda tək yaratdığını bilməliyik. Əgər insanı müqayisə etsək, ilk öncə özü ilə müqayisə etməli, tanımaq istəsək, onu özündən tanımağa başlamalıyıq, gedib başqalarından onun haqqında informasiya toplamaqla deyil. Fərqli insanların xasiyyətlərinə səbr nümayiş etdirmək dostluğun şanından, bəşəri münasibətlərin əsas və qaçınılmaz ünsürlərindən biridir. Səbr etmək əsasən bir əxlaq ünsürüdür. Seviriksə, səbr etmək məcburiyyətindəyik.
Sevmək məcburiyyətindəyik? ‐Xeyr!
Hər şeyi sevə bilərikmi? ‐Xeyr!
Hər şeyimizi sevə bilərikmi? ‐Xeyr!
Hər şeyimizi sevsək doğru olarmı? ‐Xeyr!
Əgər bütün bunların cavabı biliriksə, niyə də səbr etməyək. Özümüzə səbr edə biliriksə, qarşımızdaki insana niyə səbr etmirik? Öz qüsurlarımıza səbr ediriksə, qarşımızdakı insanın qüsurlarına niyə səbr etmirik? Bəlkə, bu yolla bunu demək istəyirik: “Mənə və mənim qüsurlarıma səbr etmə.” Həm dostum olsun, deyirik, həm də dostumuzun qüsurlarına səbr etmək istəmirik? Biz səbr etməsək, bəs kim səbr edəcək?
Səbr etmək yük götürməkdir. Dostunun yükünü daşımayanlar düşmənini yük olaraq daşıyarlar. Yükünü daşıdığın tanıdığın biri olsun. Ona görə də dostunuzun qüsuruna baxmayın. Başqasının, hələ‐hələ dostunun qüsuruna baxan yalnış yerə baxır deməkdir.
Qüsuruna baxan ilk öncə bu mesajı vermək istəyir: Qüsuruma bax. Bizim qüsurumuza baxılsa, xoşumuza gəlməz, bəs o zaman dostumuzun qüsuruna baxmaq nə qədər doğru qərardır?‐ deyə düşünmək lazımdır. Əvvəlcə yaxşılıqlarına baxın. Çünki ortaq bir iman dəyərimiz var. Onunla bir yerdə olun. Çünki Allah sizi bir yerdə görmək istəyir. Onun sizi birgə görüb razı qalmasını istəmirsiniz? O zaman qüsuruna baxmayın. Çünki qüsuruna baxanda ayrılırsınız.
Amma bu, qüsurunu görməyin demək deyil. Qüsurunu görsəniz onu öz qüsurunuz kimi görün. Allah ondakı qüsuru mənim özümdəki qüsurları görməyim üçün verdi, deyin. ”Mömün mömünün aynasıdır” hədisini yaşayın və qüsurların düzəlməsi üçün çalışın.

5. Yük olmayıb, yük götürmək.
Yük olanlar sonsuza qədər daşınmazlar. Daşınmalı o qədər yük var ki... Ona görə də yük olmağa deyil, yük almağa çalışmalıyıq. Peyğəmbərimiz bir neçə dəfə səhabələrindən heç kimsənin başqasına bir buyruq buyurmamasına dair söz almışdır. Hətta üstəlik örnək göstərmişdir. ”Dəvənizin üzərində olarkən belə qamçınız yerə düşsə, yanınızdaki adama “Bunu mənə ver” ” deməmək üçün beyət edin demişdir. Amma digər tərəfdən peyğəmbər “insanların ən xeyirlisi insanlara faydalı olandır” söyləmişdir. Yəni bir tərəfdən insanlara faydalı olmağı ən xeyirli olmaq deyərkən, bir tərəfdən də kimsədən bir şey istəməmək, kimsəyə yük olmamaq üçün beyət almışdır.
Ürəyə yük olmamaq lazımdır. Ən ağır yük ürəyə yük olmaqdır. İnsan belində daşıyarsa, beli, ürəyində daşıyarsa ürəyi yorular. Ürək yorğunluğu ən ağır yorğunluqdur.
Ürəyə kimlər yük olur? Həmişə dostundan və dostluğundan əmin olmayan komplekslilər, ürəyə yük olurlar. Həmişə onunla məşğul olmasını istəyənlər ürəyə yük olurlar. Yəni işi‐gücü yoxmuş kimi ancaq mənimlə məşğul olsun demək ürəyə yük olmaqdır. Daha doğrusu böyüməyi istəməmək, həmişə uşaq qalmaqdır.

6. Hüsnü‐ təvəccüh göstərmək bəşəri münasibətlərin əsaslarındandır.
“Özün üçün istədiyini mömün qardaşın üçün də istəmədikcə, kamil mömün ola bilməzsən” deyən peyğəmbəri dinləyin. Bu hüsnü‐ təvəccühün ən gözəl tərifidi. Bəziləri özü pis fikirləşdiyi kimi müxatibinin də pis fikirləşdiyini düşünər və qüsurunu onda görməyə başlayarlar. Yəni hüsnü‐təvəccüh bəsləyənlər 51-ci ehtimaldan deyil, 1-ci ehtimaldan başlayarlar.
Yanımdan kecdi salam vermədi. 1-ci ehtimal ‐ görməmişdir. 51- ci ehtimal ‐ böyüyüb, adam‐filan saymır‐olacaq. 51-ci ehtimaldan danışan adamlar ürəyə yükdü. Onları daşıya bilməzsiniz. Bir dəfə daşıdınız, iki dəfə daşıdınız, onuncu, iyirminci dəfə yenə də bu oyununu oynayarlar. Hüsnü zənn etməzlər. 50 ehtimala nə oldu: görməmişdir, dalğındır, dərdi var, yuxusuzdur, odur‐budur və s. saya bilərsiniz.

7. Özünə qarşı həddindən artıq diqqət gözləməmək bəşəri münasibətlərin şanındandır.
Bu, həm sizi, həm də qarşınızdakini yorar. Ata‐oğul münasibətində belə həddini aşmaq doğru deyil. Çünki bu münasibətin qarşılığını vermək qeyri‐mümkündür. Gözləyişin həddindən artıq olması onun qarşılanmayacağına dəlalət edər. Bu əslində insanın kompleksindən qaynaqlanır. Düşün bir anlıq: Sən kim üçün nə edirsən ki, o da sənin üçün nəsə etsin? Bu, bir xəstəlikdir. Bəşəri münasibətlərdə ən təməl problem budur. Əgər bəşəri münasibərləri doğru qurmaq istəyiriksə, mütləq qarşımızdakı insanın bir bəşər olduğunu unutmamalı və ondan gözlədiklərinin həddinə riayyət etməlisən.

8. Diqqət mərkəzində olmaq istəyənlər və diqqət etməyənlər də buna aiddirlər.
Diqqət mərkəzində olmaq istəyərlər, ancaq diqqət göstərməzlər. Bu, bir eqoistlikdir. İnsanların hamısına eyni diqqəti necə göstərmək olar? Və buna nə səbəb ola bilər? Hamıya eyni diqqət göstərmək ədalətdir bəyəm? 10-15 illik dostuna da, bir ay əvvəl tanış olduğun birinə də eyni münasibəti göstərmək olarmı? Bu diqqətin eyni olması ədalətsizlikdir, haqsızlıqdır. Bu diqqəti gözləmək öz də haqsızlıqdır. Həddini bilməməzlikdir. Onun üçün də diqqət mərkəzində olub diqqət göstərməyənlər bir daha düşünsünlər. Bəşəri münasibətlərdə bu, çox önəmlidi.

9. Kompleksdən qaçmaq bəşəri münasibətlərin əsasıdır.
Komplekslər xəstəlik kimidir. Ancaq bu xəstəlikdən Quranın əxlaqı ilə əxlaqlanaraq qurtulmaq olar. Qurtulmasaq şeytana münbit şərait yaratmış olarıq. Çünki şeytanların ruzisi kapriz və komplekslərdir. Şeytan bunları yeyərək böyüyər. Onun üçün şeytana yemek vermek istəyən kaprizini və kompleksini artırsın.
Kimə kapriz edirsən? O da sənin kimi Allahın quludur. O da belinə bir yük alıb gedir. Hər kəs öz yükünü daşıyarsa, necə də gözəl və tədqirəlayiq olar... Götürə bilirsənsə, sən də yük götür. Kapriz etmə. Bu mənada özümüz özümüzü inşa etməli və komplekslərimizdən qurtulmalıyıq.

10. Şəfqətlə yanaşmaq və ayıbları örtmək bəşəri münasibətlərin əsaslarındandır.
Bəşəri münasibətlərdə ata olan deyil, ana olan qazanar. Kişi olsaq belə ana olmağı bacarmalıyıq.Çünki analar şəfqətlə yanaşmağı daha gözəl bacarırlar. Verəcəksiniz, unudacaqsınız, unutduğunuzu da unudacaqsınız. Xəyanət görsəniz belə, səbir edib təkrar şəfqət göstərmək gücünü tapacaqsınız özünüzdə. Hər şeyə rəğmən peyğəmbərləri düşünün. Əfəndimizi düşünün. Əfəndimiz aləmlərə rəhmət olduğu halda tərbiyə etdiyi adamların içində xəyanət edənlər çıxdı. Vahy katibi seçdiyi adam irtidat etdi dindən çıxdı, Məkkəyə qaçdı və Rəsulullaha iftira etdi. Bu necə ola bilər? Demək ki, ola bilərmiş. Bunun olmasını surpriz saymamaq lazımdır.

11. Mənimsəmək.
Qüsurunu öz qüsuru bilmək bəşəri münasibətlərdəki fəzilətdəndir. Qardaşınızı mənimsəyəcəksiniz. Onu mənimsədikdə onun haqda danışmağa başlayanda başqası kimi danışmazsınız.
Qüsurmu deyirsən? Səndə yoxdurmu? Sən qüsursuzsan ki, qüsursuz dost axtarırsan?
Qüsursuz olduğunu iddia etdikdən sonra özünə qüsursuz bir dost tapa bilərsən. Ona görə də öncə mənimsə. O mənim bir parçamdır, de. Mənimdir, amma qüsuru var, de. Qüsursuz adam var? Mənimsəyəcəksiniz ki, onun qüsurunu öz qüsurunuz biləsiniz. Onun qüsuru mənim qüsurum, onun ayıbı mənim ayıbım biləcəksiniz. Onun ayıbına öz ayıbın kimi üzüləcəksən. Lazım gəlsə, “onun ayıbını öz ayıbım kimi örtəcəm”, “onun ayıbına gecə olacam” deməyi bacar.

12. “İsar” sözünün mənası ərəbcədən tərcümədə “mənim deyil, onun olsun” deməkdir. İslam əxlaqında isar deyilən bu söz bəşəri münasibətlərin əsas nöqtələrindən biridir. Yəni onu öz nəfsini qurban etmək. Əlinizdəki dəyərləri paylaşın. Bəşəri münasibətlərdə münasibətə girdiyiniz insanla paylaşın. Bu da zəkatdır. Özünüzün ərdəmli yaxşı olduğunuzu düşünürsünüzsə, yaxşılarınızdan zəkat verin. Allahın əməyinə hörmət edin. İnsan Allahın əməyidir.

13. Səmimi olmaq güvənmək, masqalı münasibətlərdən çəkinmək bəşəri münasibətlərin şüarındandır.
Səmimiyyət hər şeyin sirridir. Həqiqətən günümüzdə bəşəri münasibətlərin diplomatik münasibətlərə dönmüşdür. İnsanlar bir-biriləri ilə masqalar üzərindən danışırlar, üzləri üzərindən deyil sanki. Onun üçün də bir-birilərinə güvənə bilmirlər. Hətta biri ilə deyil, üç, beş, on, iyirmi masqayla gəzənlər var. Birini çıxardırsan arxasından o biri masqa çıxır. Bir insan masqayla nə qədər yaşaya və eyni zamanda bu qədər rolu necə oynaya bilər? İnsanın maskasız olub olmadığını bilmək üçün ən kəsdirmə yol onun evdəki davranışları ilə çöldəki davranışları arasında fərq olub olmadığını aydınlaşdırmaqdır. Həyat yoldaşına, uşağına davranışı ilə çöldəki insanlara qarşı davranışı arasında nə qədər məsafə varsa, o qədər masqalıdır. Məsafə yoxdursa, masqasızdır. Çünki masqalar güvəni ortadan qaldırır. Güvən olmadan da heç bir şeyi paylaşa bilməzsən. Güvən olmadığı zaman sən ona təslim ola bilmirsən, oda sənə təslim ola bilmir. Bir-birinizə təslim olmayanda da bir-birinizə qardaş ola bilmirsiniz. O zaman olduğunuz yer sizə dar gələr, onun olduğu yerdə siz, sizin olduğunuz yerdə o olmur. Onun üçün də güvən bəşəri münasibətlərdə əsasdır.

14. Salam verəni bezdirməmək lazımdır.
Bəşəri münasibətlərdə bəzi insanlar var ki həqiqətən salam verəcək deyə qorxarsınız. Çünki salam verdyini canindan bezdirər. Onun üçün kaş ki məni görməsə, mümkünsə ən yaxın məsafə yüz metrə olsun deyirik. Ancaq bunu dedirtməmək lazımdır. Sizi görərkən gözü işıqlanmalı, gözü aydınlanmalıdır. Bu da bəşəri münasibətlərdə ölçünü bilmək məsafəni saxlamaqla mümkün olar.

15. Və sonda tez sevib tez də qırılmamalıyıq.
Bəşəri münasibətlərdə tez sevib tez qırılanlarla münasibət qurulmaz. Yaxşı münasibət tanıdıqca sevilən münasibətdir, tanıyana qədər sevilən deyil. Onun üçün də siz də tanıdıqca sevilənlərdən olun. Münasibəti sağlam tutmağın ən böyük ünsürü əmək verməkdir. Bir-birinizə əmək verin. Bir-birinizdə əməyiniz olsun. Hesabları qarışdırın. Qarışdırın ki, bir-birinizi fəda etməyəsiniz. Hirslənəndə rahat çəkib gedə bilməyəsiniz. Sizi saxlayan bir şeylər olsun, qardaşınızda qalsın. Çünki gedə bilməmək sizin lehinizədir. Getsəniz belə, hara gedəcəksiniz?
Ona görə də əmək vermək bəşəri münasibətlərin ən gözəl sirridir. Əmək versəniz tənqid etməkdən çəkinməzsiniz. O da sizin tənqidinizi, dostyana, hətta bir dua kimi qəbul edər. Əmək verməyənlərin tənqidi oxdur.

Rəbbim bəşəri münasibətlərimizi razı olduğu münasibətlərdən etsin!
Rəbbim ümmətin fərdlərini və bütün qardaşlarımızı sağlam münasibət quran bir şəxsiyyət etsin!
Amin!

Hazırladı: Ilkin Kərimov
Mənbə: Mustafa Islamoğlu, Cümə xütbəsi

|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:24
GÜNƏŞ07:53
ZÖHR [ 4 rükət ]13:26
ƏSR [ 4 rükət ]16:30
MƏĞRİB [ 3 rükət ]18:59
İŞA [ 4 rükət ]20:24
GECƏYARI00:41
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka