Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

SƏN EY, NƏFSİM...

[ Aktual / 6508 dəfə baxılıb ]   
|
 
İllərdir məni aldatdın. Həmişə sabaha saxlaya, saxlaya uzun bir ömür kecib getdi. Gecələrim; təəccüdsüz, həyəcansız, gündüzlərim; səmərəsiz, faydasız keçdi. Görəsən sabah, sabah deyə saxladığın sabahlarımı, məchul bir sabahda necə doldura biləcəksən?
Nə vaxt mən azad dünyaya açılmaq istəsəm, böyük dağlar kimi qarşımda durdun. Boş şeylərlə məni aldatdın...
Kim bilir, içlərində nə hədiyyələr olan günləri, ayları və illərin zərfini açmağıma belə icazə vermədin. Hamısı boşa getdi, içlərində nələr saxladığını anlaya bilmədim.
Deyərsənmi, Allah xatirinə sənin yaşayan bir cənazədən nə fərqin var?

Fəth surəsini oxudun, dayandın. Burax səhraları, içində bir tək fəth belə edə bilmədin. Namazla, cənnəti dəyişdirməyə çalışdın. Ayələri bir-bir bir «CD kimi» əzbərlədin amma, tətbiq etdiklərin həmişə adətlərin oldu.
Bir fikir uğruna həyatı keciçi görən peyğəmbərlərin həyatını uzun qış gecələrində, hekayə niyyətiylə oxudun. Amma həyatındakı qışları, heç cür bahara çevirə bilmədin. Çünki, onları anlaya bilmədin.

Başındakı sarıq ağ kəfənin ikən, yastığının altındaki ölümü çox uzaqlarda bildin. Dünyanın oyuncaqlarıyla oyun oynadığın zaman, dünyanın əlində oyuncaq olduğunu başa düşmədin.
Bir adət halına gətirdiyin beş vaxt namazın, eyni səfdə çiyin-çiyinə namaz qıldığın qardaşının qeybətini etməkdən səni qurtara bilmədi. Ürəyinə, gözünə, qulağına əl və ayaqlarına tutdura bilmədiyin orucların, yalnız mədənə əziyyət etdi. Oruc tutduğunu zənn etdin, amma aç qaldığını başa düşmədin.

Başına tac etdiyin hicabın, yalnız saçını gizləyə bildi. Başının içində olanlar çox təəssüf ki, hicabından nəsibini ala bilmədi. Çünki hicabını təqva örtüsüylə birlikdə örtmədin. Gözlərin, ürəyin və duyğuların çılpaq qaldı. Özünü göstərmək üçün güzgünün qarşısında neçə sifətlərə girdin. Süni gülüşlərlə, oğru baxışlarla, başqalarının duyğularını oğurlamaqdan utanmadın. Ruhun əziyyət çəkirdi ancaq sən gülürdün. Alçaldığını və alçaltdıqlarını başa düşmədin.
Kaş ki, başa düşəydin...

Eyni məsciddə, birlikdə namaz qıldığın qardaşının zərurətini, görməməzlikdən gəldin. O, ehtiyacların pəncəsində qıvrılarkən, sən uzaqdan baxdın. O, qışın dondurucu soyuğunu sümüklərində hiss edərkən, sən isti evdə təsbeh çəkirdin. Dünyada cənnət kövsərlərinə bərabər bir ləzzəti, qardaşının ağrılarını azaltma ləzzətini dada bilmədin.
Aldandın... Aldandın...

Bəs hamımız mömindik?
Birimizin iztirabı hamımızın iztirabı idi bəs?
Şərqdə bir möminin ayağına tikan batsa, qərbdəki mömin narahat olacaqdı?
Bir mömin öldüyü zaman səma və ərz onun ölümünə gözyaşı tökərdi?
Mömin yer üzünün zinəti idi,
Möminlər bir bədənin üzvləri kimi idi,
Göz ağrısa bütün bədən, o ağrını, içində hiss edəcəkdi bəs?
Hanı Hz. Əbu Bəkirin təslimiyyəti,
Hz. Ömərin dastanlaşan ədaləti,
Hz. Osmanın dillərdən düşməyən həyası,
Hz. Əlinin Bahrı‐ ümman kimi elmi?
Hanı Abdurrahman kimi zənginlər,
Əbu Zər kimi kasıblar?
Ənsar-Mühacir kimi qardaşlıqda yarışanlar harada, hardadır indi?
Başa düşə bilmədin, Çox təəssüf ki, bunları başa düşə bilmədin.
Artıq başa düş!
…Nə olar başa düş artıq!

Başa düş ki, Cənnət ucuz deyil, cəhənnəm lüzumsuz deyil.
Başa düş ki, Cənnətə gedən yol asfaltla döşənilməyib.
Başa düş ki, əvəzini ödəmədiyin heç bir şeyə sahib ola bilməzsən.
Başa düş ki, dünyanı bizə elə özümüz zindan edirik. Laqeydliklərimiz, eqoizmimiz, səmimiyyətsizliyimiz…
Başa düş ki, Eyyub kimi Səbrli olmadan,
Yusuf kimi illərlə quyu diblərində əziyyət çəkmədən,
Yaqub kimi gözlərini həsrətə qurban etmədən olmaz.
Başa düş ki, İsmayıl kimi bıçaq altına yatmadan,
İbrahim kimi “ya Allah” deyib özünü atəşlərə atmadan,
Nuh kimi, tufanları yara, yara hədəflərə getmədən olmaz.
Başa düş ki, bir ömür boyu gözyaşlarını ümməti üçün anbaan tökən, damla-damla alın təri tökən Həzrəti Məhəmməd kimi alınları tərlətmədən olmaz.
Və bunu çox yaxşı başa düş ki, başqalarının həyata aşiq olduğu qədər ölümə aşiq olunmadan əsla olmaz..
Madəm ölüm tək bir dəfə gələcək, O da niyə Allah üçün olmasın?

Hazırladı: İlkin Kərimov / Azerislam.com
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:16
GÜNƏŞ07:53
ZÖHR [ 4 rükət ]12:34
ƏSR [ 4 rükət ]14:57
MƏĞRİB [ 3 rükət ]17:15
İŞA [ 4 rükət ]18:47
GECƏYARI23:45
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka